"Yeni müharibə Pribaltikadan başlaya bilər" - Latviyalı deputat (MÜSAHİBƏ+VİDEO)

 "Yeni müharibə Pribaltikadan başlaya bilər" -  Latviyalı deputat (MÜSAHİBƏ+VİDEO)
  05 İyul 2021    Oxunub:4946
Latviya Rusları Birliyinin Riqa Şəhər Şurasındakı fraksiyasının sədri Miroslav Mitrofanov Qara dənizdəki Rusiya və Britaniya donanmaları arasında qarşıdurmanın detalları, üçüncü dünya müharibəsi ehtimalı, Amerika-Çin gərginliyi, Azərbaycan-Latviya əməkdaşlığı barədə fikirlərini açıqlayıb.
Mitrofanov Azvision.az-ın rus redaksiyasına müsahibəsində deyib ki, Britaniyanın “Defender” esminesinin Qara dənizdə peyda olması qısqanclığın təzahürüdür - amma Putinə deyil, Baydenə münasibətdə. “İngilislər, ilk növbədə, amerikalıların onlarla birlikdə Rusiya ilə gərginliyi azaltmaq yönündə böyük addımlar atmasına çalışırdılar. Bu, məsələnin birinci tərəfidir. İkinci məqam isə Rusiya rəhbərliyini onlarla danışıqlara məcbur etmək istəmələridir. Ancaq bu hədəflərdən heç birinə nail olunmadı”,- Riqa Şəhər Şurasının deputatı bildirib.

Həmsöhbətimiz yeni dünya müharibəsinin baş verməsi ehtimalını da istisna etmir: “Hazırda dünyadakı vəziyyət sülhün təmin edilməsi baxımından əlverişsizdir. Son 30-40 il ərzində durum indiki qədər pis olmayıb. Bunun səbəbi Almaniyanın hərbiləşdirilməsi deyil, Avropa İttifaqının üzvü olan Şərqi Avropa ölkələri - Polşa və Baltikyanı dövlətlərin davranışıdır. İlk növbədə Litvanın. Polşa-Litva ittifaqını Rusiyaya qarşı öz iddiaları olan İsveç fəal şəkildə dəstəkləyir”.


Ekspert hesab edir ki, Çinin maraqları siyasi və ya hərbi deyil, daha çox iqtisadi müstəvidədir. Ölkələrinin iqtisadi potensialının böyüməsi sayəsində çinlilər regional və ya qlobal müharibə nəticəsində əldə edilə bilənləri onsuz da alacaqlar: "Amerikalılar Çin məsələsində nədən ehtiyat etmək və nədən qorxmaq lazım olduğunu tam aydın təsəvvür etmirlər".

Mitrofanov ABŞ Senatının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarın özlərini Birləşmiş Ştatların yaxın müttəfiqi hesab edən ölkələrdə konyunkturanı dəyişdirdiyini söyləyib. Onun fikrincə, Latviya və digər Şərqi Avropa ölkələri bu addımı zatən atacaqdılar. "Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin dinamik inkişafına baxmayaraq, bir çox Latviya siyasətçilərinin şəxsi və siyasi rəğbətləri Ermənistanın tərəfində idi. Ancaq başa düşməliyik ki, Latviya parlamentinin qondarma "erməni soyqırımı"nı tanınması Azərbaycanla Latviya arasında və ya Latviya ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişafını dayandırmayacaq. İqtisadiyyatın inkişafı iqtisadi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini diqtə edəcək", - deputat deyib.

Azvision.az


Teqlər: Müsahibə   Latviya  





Xəbər lenti