Xəzər quruyur: Nələr ola bilər və nə etməliyik - VİDEOKAST

// Dənizin çəkilməsi sahilyanı ölkələri yeni çağırışlarla üzləşdirir

  Xəzər quruyur:  Nələr ola bilər və nə etməliyik -  VİDEOKAST
  27 Yanvar 2022    Oxunub:14415
Minilliklər boyu insanların məhz çayların və su hövzələrinin ətrfaında məskunlaşması müasir sivilizasiyaların formalaşmasını şərtləndirib. Buna görə də su hövzələrinin ekoloji vəziyyəti və üzləşdikləri problemlərin həlli bütün dövrlərdə ən aktual məsələlər sırasında yer tutur. Bu baxımdan, planetin ən unikal qapalı su hövzələrindən olan Xəzər dənizində hazırda suyun səviyyəsinin enməsi nəticəsində yaranan ekoloji problemlər və bunun ətraf ölkələrin iqtisadiyyatına göstərə biləcəyi neqativ təsirlər geniş müzakirə mövzusudur.
Hələ orta əsrlərdə səyyahların məlumatlarında Xəzərdə suyun səviyyəsində müşahidə olunan tərəddüdlər barədə fikirlər qeydə alınıb. Bununla bağlı elmi səviyyədə statistik məlumatlar isə 1829-1937-ci illərdən toplanmağa başlayıb. Həmin vaxtdan bəri Xəzərdə suyun səviyyəsində 3 dəfə qalxmalar və enmələr müşahidə olunub. Hesablamalara görə, son 500 ildə dənizin ən aşağı səviyyədə olması 1977-ci ildə qeydə alınıb.


2005-ci ildən bəri Xəzərdə suyun səviyyəsinin 1,5 metr enməsi nəticəsində bəzi yerlərdə dəniz mövcud sərhədlərdən 1 km, bəzi yerlərdə isə bir neçə yüz metr uzaqlaşıb. Bu amilin mövsümi xarakter daşıdığını deyən bəzi alimlər prosesin təxminən 2050-ci ilə qədər davam edəcəyini və enmə səviyyəsinin 2,5 metr olacağını bildirirlər.

Xəzərdə suyun səviyyəsinin enməsi bundan əvvəl 1977-1994-cü illərdə baş vermişdi. 1977-ci ildə dənizin səviyyəsi indikindən 1 metr aşağı idi. Lakin 1977-1995-ci illərdə yenidən 2,5 metr artaraq, əvvəlki səviyyəsini bərpa etdi. 2005-ci ildən başlayaraq, yenidən tədricən azalma başladı. Bir sıra mütəxəssislər budəfəki enmənin daha acınacaqlı olacağını, suyun səviyyəsinin yaxın 75 ildə 5-6 metrə qədər enəcəyini və Şimali Xəzərin tamamilə quruyacağını iddia edirlər. Alman və holland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunan məqaləsində isə müxtəlif ssenarilərə görə, bu əsrin sonuna qədər Xəzərdə suyun səviyyəsinin 9-18 metr aşağı düşəcəyi bildirilir.


Bəzi fərziyyələrə əsasən, Xəzərdə suyun səviyyəsindəki tərəddüdlər bu qapalı su hövzəsinin yeraltı axınlar vasitəsilə Aral dənizi ilə əlaqəli olması ilə bağlıdır. Bu ehtimala görə, suyun bu və ya əks tərəfə axması nəticəsində Xəzər və Aral dənzilərində suyun səviyyəsi tərs mütənasib şəkildə artır və yaxud da azalır. Lakin bu bölgədə dərin süxurların xarakterini araşdıran geoloqlar belə fərizyyələrin elmi əsasının olmadığını bildirirlər.

BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov Xəzərdə suyun səviyyəsindəki tərəddüdlərin əsas 3 amillə şərtləndiyini və bu dəyişkənliyin yalnız 1,5-3 metr arasında baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, “Xəzərin səviyyəsinin tərəddüdündə 3 amil üst-üstə düşür və məhz onlar dənizin qalxıb-düşməsinə təsir edirlər. Bunlar Günəşin fəallığı, Yerin səthində gedən texnogen və Xəzərdə baş verən tektonik proseslər, bir də insanın antropogen təsiri, sahil ərazilərin mənimsənilməsidir.

Professorun sözlərinə görə, hər üç amilin neqativ təsirinin minimuma endirilməsi üçün mövcud resursların, xüsusilə də su ehtiyatlarının səmərəli istifadəsində ən müasir texnologiyaların tətbiqi və onların monitorinqinin aparılması çox vacibdir. Eyni zamanda, proqnozların və hesablamaların dəqiqliyi böyük əhəmiyyət daşısa da, təbii prosesləri saxlamaq mümkün olmayacaq. "Proqnozlar və hesablamalar ümumilikdə fərziyyələrdir ki, burada da səhvlər mümkündür. Sadəcə, biz ümumi qanunauyğunluğu bilərək, ona uyğun fəaliyyətimizi qurmalıyıq. Yəni son 180 il ərzində aparılan hesablamalar əsasında biz müəyyən etmişik ki, suyun enib-qalxma səviyyəsi 3 metr təşkil edir",- Çingiz İsmayılov bildirib.


Azərbaycanlı alim Xəzərin ekoloji durumuna bu qapalı su hövzəsinə tökülən çaylara axıdılan çirkab sularının da neqativ təsirini xatırladıb. Bu kontekstdə daha böyük problem Xəzərə tökülən suyun təxminən 80%-ni təmin edən Volqa çayının çirkləndirilməsi ilə bağlıdır. Volqa çayı üzərində Rusiyada əhalisinin sayı bir miyondan çox olan 8 şəhərin və yüzlərlə sənaye müəssisələrinin yerləşməsi problemi yaradan əsas amillər sırasındadır. Bu baxımdan, Kür çayı Xəzərə axan suların cəmi 5-6%-ni təmin etsə də, ona birləşən Araz çayının qolu olan Oxçuçaya son 2-3 onillikdə Ermənistanın dağ-mədən şirkətlərinin axıtdığı çirkablar da öz neqativ təsirini göstərib. Problemə diqqət çəkən professor Çingiz İsmayılov təhlükənin yalnız dağ-mədən şirkətlərinin çirkabları ilə bağlı olmadığını da deyib.
- Ermənistan hələ ötən əsrin 80-cil illərinin ortalarından məqsədyönlü şəkildə Oxçuçaya molibden müəssisələrinin tullantılarını atıdrdı. Burada qurunt suları vasitəsilə də çirkablar axıdılır. İşğaldan azad edilmiş torpaqlarda radioktiv tullantıların basdırılması təhlükəsi də mövcuddur. Bu məqsədyönlü tullantıların atılması Araz çayının ekoloji vəziyyətinə təsir edir, bu çay isə Kürə birləşərək, Xəzərə tökülür,- azərbaycanlı alim qeyd edib.

Bütün bu problemlər Xəzərin unikal bioresurslarına ciddi ziyan vurur ki, bu müstəvidə də ən qiymətli balıq növü sayılan nərəkimilər heç də müstəsna əhəmiyyət daşıyan yeganə bioresurs deyil. “Xəzər suitinin məskunlaşdığı yeganə qapalı su hövzəsidir. Buraya tökülən çoxsaylı çaylar kimi Xəzərdə 150 balıq növü var. Təsərrüfat əhəmiyyətinə görə Xəzərdə nərəkimilərdən daha dəyərli olan resurs kilkə balığıdır. Çünki kilkədən istehsal edilən balıq unundan quşçuluq fermalarında istifadə olunur. Xəzərin orta hissəsinin ümumi istifadədə qalmasının əsas səbəblərindən biri məhz kilkə ehtiyatları məsələsidir.

Sözsüz ki, Xəzərdə suyun səviyyəsindəki tərəddüdlər ətraf ölkələrin iqtisadiyyatına neqativ təsirlər göstərir. Məsələn, 1977-1995-ci illərdə dənizin səviyyəsinin 2,5 metr artması nəticəsində yalnız Azərbaycanda 50 min hektar ərazi su altında qaldı və ölkə büdcəsinə 2 miyard dollar həcmində ziyan dəydi. Ümumilikdə isə sahildəki əraziləri suyun basması nəticəsində cəmi 5 il ərzində Xəzəryanı ölkələr 10 milyard dollar itirdilər. İndi isə suyun səviyyəsinin enməsi sahildə yaradılmış infrastruktura, habelə Xəzərdə fəaliyyət göstərən limanların (Ələt, Ənzəli, Aktau, Həştərxan, Türkmənbaşı və s.) işinə ciddi əngəllər törətməklə onların cəlbediciliyini azaldır. Çünki belə vəziyyət həmin limanlara yaxınlaşa biləcək gəmilərin ölçülərinin də kiçilməsinə səbəb olur. Başqa sözlə desək, oturacaqları daha dərin sulara hesablanmış böyük tonnajlı gəmilər limanlara yan ala bilməyəcəklər. Bu baxımdan, yaranacaq problemləri neytrallaşdırmaq üçün Xəzəryanı ölkələrin səyləri birləşdirmələri günün ən vacib vəzifələri sırasındadır. Yalnız bu halda yüklərin daşınmasını sifariş edən şirkətlər alternativ yollar axtarmaycaqlar.


- Bu problemlərin həlli Xəzəryanı ölkələrin öz liman təsərrüfatını mövcud vəziyyətə uyğun şəkildə qurmasından asılı olacaq. Əgər liman təsərrüfatı bu vəziyyətə uyğun çevik proqram həyata keçirsə, sifarişçi problem hiss etməyəcək. Əgər bu edilməsə, təbii ki, sifarişçilər digər limanlar axtaracaqlar. Bu vəziyyət yalnız limanların işinə yox, həmçinin turizm sahəsinə də təsir göstərəcək. Belə ki, çimərliklərin sahəsi dəyişəcək və çimərlik dənizdən xeyli uzaqlaşacaq, elə istirahət mərkəzləri də belə problemlərlə üzləşəcəklər. Buna görə də çevik sistem qurulmalı və bu addım birtərəfli qaydada yox, bütün Xəzəryanı ölkələr tərəfindən atılmalıdır,- azərbaycanlı alim qeyd edib.

Hesablamalara görə, Xəzərdə suyun səviyyəsinin optimal dərəcədə yüksək qalmasından təminən 80 milyon insan faydalana bilər. Bu baxımdan, səviyyələri xeyli aşağı enmiş Aral və Ölü dənizlərindən fərqli olaraq, Xəzərin əhəmiyyəti daha böyükdür. Belə ki, Xəzərdə suyun səviyyəsinin enməsi sahilyanı ölkələrlə bərabər, habelə İraqın, Türkiyənin və Suriyanın da iqtisadiyyatlarına mənfi təsirini gösərəcək. Çünki qış küləkləri Xəzərin rütubətini bu ölkələrdən axan çayların hövzələrinə gətirir. Xəzərdə suyun səviyyəsinin enməsi bu buxarlanmanın miqdarını azaldacaq ki, nəticədə də Yaxın Şərqdə içməli su ehtiyatlarında qıtlıq yaranacaq.


Xəzərin səviyyəsinin enməsinin qarşısının alınmasında ən önəmli rolu Rusiyanın oynaya biləcəyi vurğulanır. Bunun üçün Volqa çayının və Xəzər dənizinin yaxınlığından axaraq, Rusiyanın Volqoqrad vilayətindəki Tsimlyan su anbarını dolduran Don çayının imkanlarından istifadə edilə bilər. Amma iqlimin istiləşməsi fonunda bunu etmək çətin ki, mükün olsun. Digər və daha böyük miqyaslı alternativ variant isə Azov və Xəzər dənizlərini birləşdirəcək 700 kilometrlik yeraltı və ya yerüstü su kəmərinin çəkilməsidir. Bu kəmər vasitəsilə açıq su hövzəsi olan Azov dənizindən qapalı su hövzəsi olan Xəzər dənizinə su axını təmin edilə bilər ki, bu da Xəzərin dünya okeanına çıxışı deməkdir.

Lakin ciddi maliyyə xərcləri tələb edən layihələrin reallaşmasına qədər ən azı Xəzəryanı dövlətlərin bu unikal qapalı söz hövzəsinin ekoloji problemlərinin həlli yönündə birgə səylərinin gücləndirilməsi tələb olunur. Alimlərin fikrincə, bu problemin aradan qaldırılması yönündə Xəzəryanı ölkələrin ayrı-ayrılıqda apardığı monitorinqlər və atdıqları addımlar lazımi effekti vermir.

- Xəzərin statusu barədə sənəddən qabaq ilk olaraq onun ekologiyası ilə bağlı sənəd imzalanıb. Bütün dövlətlər bunu imzalayıb və hamı ekoloji problemlərin olması ilə razılaşıb. Amma daimi monitorinq aparılması üçün xüsusi qrup yaradılmalıdır. Yoxsa hər dövlət öz hesabatında yazır ki, "hər şey əladır, sadəcə, xırda bir problem var". Əslində isə vəziyyət çox acınacaqlıdır. Buna görə də Xəzəryanı ölkələrin hamısının təmsil olunduğu maliyyə və hüquqi əsasları olan bir qrup yaradılmalıdır və onlara ayda bir dəfə hansısa Xəzəryanı ölkənin sahilində monitorinq aparmaq səlahiyyəti verilməlidir, - professor Çingiz İsmayılov təklif edib.

Professor Çingiz İsmayılov Xəzərin üzləşdiyi problemlərin həlli məsələsində nikbin olduğunu və gələcəyə böyük ümidlə baxdığını bildirib. O, təbiətin bizə bəxş etdiyi bu incinin qorunmasında hamımızın məsuliyyət daşıdığımızı söyləyib.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Xəzər   suyunsəviyyəsi  





Xəbər lenti