Nikolov: "Cənub Qaz Dəhlizi bütün Aİ ölkələri üçün əhəmiyyətlidir"

      Nikolov:    "Cənub Qaz Dəhlizi bütün Aİ ölkələri üçün əhəmiyyətlidir"
  05 Fevral 2022    Oxunub:1129
"Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı münasibətlər olub. İnanıram ki, bu münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək".
AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Aleksandr Nikolov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkələrimiz arasında tranzit sahəsində bir sıra məsələlər müzakirə olunmalıdır.

“Bakıda Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və bu tədbirə bizi dəvət edən energetika naziri Pərviz Şahbazova minnətdarıq. Energetika naziri ilə görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi apardıq. Bütün görüşlər məhsuldar keçdi və biz nazirlə gələcəkdə görəcəyimiz işləri müzakirə etdik. Həmçinin görüş zamanı mən “yaşıl enerji”yə keçid və bərpa olunan enerji sahəsi ilə bağlı mümkün layihələrin Bolqarıstan dövləti tərəfindən nəzərdən keçiriləcəyini bildirdim”, - deyə Aleksandr Nikolov vurğulayıb.

A.Nikolov qeyd edib ki, hazırda Cənub Qaz Dəhlizi daha da genişlənir: “Biz Avropa dövlətlərindən olan tərəfdaşlarımızla birgə inanırıq ki, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması məsələlərində Cənub Qaz Dəhlizi layihəsi təkcə cənub-şərqi Avropa regionu üçün deyil, həmçinin bütün Avropa İttifaqı ölkələri üçün çox əhəmiyyətlidir. Bundan əlavə Bolqarıstan və Serbiya arasında interkonnektorun tikintisi layihəsi ilə bağlı yeni imkanlar axtarışındayıq”.

Azərbaycanın Avropa İttifaqı (Aİ) səviyyəsindəki bu əməkdaşlığının getdikcə daha da inkişaf edəcəyini deyən bolqarıstanlı nazir diqqətə çatdırıb ki, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliverin və Aİ-nin energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun Bakıda keçirilən bu mötəbər tədbirdə iştirakı da bunu bir daha sübut edir.

AzVision.az



Teqlər: Bolqarıstan   Nazir  





Xəbər lenti