Türkiyə XİN Almaniyaya xəbərdarlıq etdi

   Türkiyə XİN Almaniyaya xəbərdarlıq etdi
  27 Mart 2024    Oxunub:725
Türkiyə Xarici İşlər Nazirliyi ölkənin Hannoverdəki Baş Konsulluğuna hücumla əlaqədar Almaniyanın səlahiyyətli orqanlarına Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıdıqlarını xatırladıb.
“Martın 26-na keçən gecə PKK terror təşkilatının tərəfdarları Türkiyənin Hannoverdəki Baş Konsulluğunun girişinə hücum ediblər. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxladıq və onlara vətəndaşlarımızın və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinə cavabdeh olduqlarını və Avropadakı türk icmasına qarşı təxribatlara yol verilə bilməyəcəyini xatırlatdıq”, - XİN-in bəyanatında deyilir.

Departament qeyd edib ki, PKK terror təşkilatı Avropadakı türk icmasına qarşı fəaliyyətini gücləndirir:

“Biz maraqlı dövlətlərin terror təşkilatı tərəfdarlarının hərəkətlərinə sıfır dözümlülük nümayiş etdirəcəyini və günahkarları ən qısa zamanda məsuliyyətə cəlb edəcəklərini gözləyirik”.
Türkiyə mətbuatının yazdığına görə, Hannoverdə bir qrup PKK tərəfdarı bu təşkilata dəstək yürüşü keçirib. 12 iştirakçı Baş Konsulluğa gələrək binanın girişindəki pəncərələri sındırmağa cəhd ediblər.

Qeyd edək ki, Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults terror təşkilatı PKK tərəfdarlarının Hannoverdə törətdiyi təxribatla əlaqədar martın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti