Makronun “narahatlıq” hiyləsi

   Makronun    “narahatlıq”    hiyləsi
  09 May 2024    Oxunub:3800
Fransa prezidenti Emmanuel Makron insan hüquqlarının məhdudlaşdırılmasından narahat olduğunu bildirib. Amma mütəmadi şəkildə müxtəlif ölkələrdə insan haqlarının pozulması barədə əsassız ittihamlar irəli sürən Makron bu dəfə Fransanın özündə bu müstəvidə “problem”in mövcud olduğunu etiraf edib.
Maraqların doğurduğu “narahatlıq”

Fransanın məşhur “La Tribune” qəzetinə müsahibəsində Emmanuel Makron ardıcıl prezidentlik müddətinin iki dəfə ilə məhdudlaşdırılmasını seçicilərin hüquqlarının pozulması kimi dəyərləndirib. Açıqlamasını özünün üçüncü müddətə namizədlik iddiası olmadığını vurğulayan Makron, ölkə Konstitusiyasına dəyişiklik etmək istəmədiyini qeyd edib.


“Lakin biz qanuna qadağalar daxil edəndə müəyyən mənada seçicilərin suveren azadlığının bir hissəsini əllərindən alırıq”, - Fransa prezidenti deyib.

Artıq iki dəfə ardıcıl (2017 və 2022-ci illərdə) surətdə prezident seçilmiş Makronun ikinci prezidentliyi dövründə bir neçə dəfə bu məsələni qabartması onun bu vəzifəyə üçüncü dəfə iddialı olmadığı barədə bəyanatının səmimiyyətini şübhə altına alır.

Rəsmi Parisin bir çox hallarda bəzi ölkələrdə ardıcıl şəkildə iki dəfədən artıq prezident seçilən şəxslərin legitimliyini tanımaması və ümumiyyətlə bunun demokratik prinsiplərlə uzlaşmadığını iddia etməsindən sonra Fransada indi bu normanın insan haqlarının məhdudlaşdırılması kimi qələmə verilməsi ən azı təəccüb doğurur.

Bu baxımdan, Makronun guya vətəndaşların seçici hüquqlarınun pozulması barədə bəyanatı (əslində isə prezidentlik iddiası) onun siyasi möhtəkirliklə məşğul olduğuna dəlalət edir.


Əvvəlcə güzgüyə baxmaq lazımdır

Sözügedən kontekstdə, ilk növbədə Emmanuel Makronun ona etimad göstərmiş fransızların hüquqlarını necə qoruduğuna nəzər salmaq yerinə düşür.

Makron hökumətinin insanların maddi rifahını birbaşa zərbə altına qoyan iqtisadi islahatlar siyasəti 2018-ci ilin oktyabrından 2023-cü ilin yanvar ayının əvvəllərinədək müəyyən fasilələrlə “sarı jiletlilər” adlı izdihamlı etiraz aksiyalarına səbəb oldu. Hüquq mühafizə orqanlarının hərəkat iştirakçılarına divan tutması nəticəsində bir neçə yüz insan öldürüldü, minlərlə adam xəsarət aldı və həbsxanalara salındı.


Belə antihumanist siyasətin “bəhrə”si özünü çox gözlətmədi. Makronun “İntibah” partiyası 2022-ci ilin yayında keçirilən parlament seçkilərində malik olduğu 289 mandatdan 44-nü itirdi. Bu bir sıra qanunların qəbulu üçün zəruri olan mütləq çoxluğun əldən verilməsi demək idi. 2021-ci ildə isə regionlarda keçirilən yerli seçkilərdə Makronun partiyası departament şuralarında 10%-dən az səs topladı.

Hakim partiyanı və onun lideri olan Makronu ən ciddi sınaq isə bu ilin iyununda Avropa Parlamentinə seçkilərdə gözləyir. Əksər ekspertlərin fikrincə, Makronun mərkəzçi alyansı isflasa uğrayacaq ki, bu da onun siyasi karyerasında ən böyük məğlubiyyət olacaq.

Təsadüfi deyil ki, bir sıra analitiklər Emmanuel Makronun ölkəni sosial-siyasi qarşıdurma həddinə çatdırdığını vurğulayırlar. Bu isə Makronun üçüncü dəfə prezidentlik iddiasının cəmiyyətdə dəstəklənəcəyinə şübhə yaradır.

Evin çölündə vəziyyət içindən də bərbaddır

Ölkə daxilində etirazlarla üzləşən Makron beynəlxalq müstəvidə öz nüfuzunu gücləndirmək üçün bütün regionlarda yaşanan hadisələrə, xüsusilə də münaqişələrin “tənzimlənməsi” ptoseslərinə müdaxilə etməyə cəhdlər göstərir. Lakin bu “fəallıq” yalnız onun şəxsi iflası ilə yox, bütövlükdə Fransanın qlobal miqyasda geosiyasi baxımdan müflisləşməsi ilə nəticələnib.

Bunun ən bariz nümunəsi əsrlər boyu Fransanın əsas geosiyasi nüfuz məkanı sayılan Şimali Afrikadan qovulmasıdır. Fransa hərbi kontingentinin bir-birinin ardınca Malidən, Burkina-Fasodan, Nigerdən və Çaddan çıxarılması Makron hakimiyyətinin yalnız geosiyasi yox, həm də iqtisadi məğlubiyyətidir. Belə ki, Niger Fransanın Atom Elektrik stansiyaları (AES) üçün hava və su kimi lazım olan uranın Parisə satışını dayandırdı. O cümlədən Nigerdən qızıl alışında da Parisin əli boşa çıxarıldı.

Qara şahmat taxtası – TƏHLİL
Afrika ilə bağlı məsələlərdə ən maraqlı məqam isə Fransanın qovulduğu ölkələrdə Rusiyanın möhkəmlənməyə başlamasıdır. Bunu Vladimir Putinin şəxsən Emmanuel Makrondan aldığı qisas kimi də qiymətləndirmək olar. Belə ki, Rusiya ilə müharibədə Kiyevə dəstək üçün Ukrayna ərazisinə NATO qüvvələrinin göndərilməsi təkilfini inadkarlıqla gündəmdə saxlayan Makron 2022-ci ilin fevralında Vladimir Putinlə apardığı məxfi danışıqlara jurnalistlərin qulaq asmasına da icazə verib. Məhz onun bu hərəkətindən sonra Vladimir Putin Makronun zənglərinə məhəl qoymamağa başladı.

Emmanuel Makronun Qərb ölkələrinin hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı təklifi isə NATO-nun və Avropa İttifaqının əksər üzvləri tərəfindən böyük narazılıqla qarşılanıb. Alyans üzvləri həm də Makrona 2019-cu ilin noyabrında qurumun dxilində koordinasiyanın tamamailə itdiyi barədə bəyanatını və bunu “beyin ölümü” kimi qiymətlənditməsini bağışlamırlar.

ABŞ, Böyük Britaniya və Avstraliyanın 2021-ci ildə yaratdıqları AUKUS müdafiə alyansı isə Makronun imicinə həm Fransa daxilində, həm də qlobal miqyasda sarsıdıcı zərbə endirdi. Bu ittifaqın təsis olunması nəticəsində Paris Avstraliya ilə 56 milyard avroluq müqavilədən məhrum oldu. 2016-cı ildə bağlanmış həmin sazişə əsasən Fransanın “Naval Group” konserni Avstraliya üçün “Barracuda” tipli 12 sualtı qayıq inşa etməli idi ki, bu da Fransanın hərbi gəmi istehsalçılarının 2040-cı ilə qədər işlə təmin olunmasına imkan verirdi.

Lakin AUKUS-un təsisatından sonra Avstraliya tərəfindən həmin sifarişin ABŞ-yə ötürülməsi Parislə Vaşinqton və Kanberra arasında böyük qalmaqala səbəb oldu. Makronun bu məsələdə “cəsarəti” bir neçə “qeyzli” bəyanatdan və Fransanın ABŞ-dakı və Avstraliyadakı səfirlərinin məsləhətləşmələr üçün Parisə çağırılmasından o yana keçmədi. Onun BMT-də Co Baydenlə görüşündən bir həftə sonra isə Fransa səfiri Vaşinqtona qayıtdı. Beləliklə də, Emmanuel Makrona Qərb dünyasında onun əsl yeri göstərildi.

Məhz bu reallıqlara istinad edən ekspertlər Makronun siyasəti nəticəsində Fransanın düşmənlərin əhatəsinə alındığını vurğulayırlar. Bunun əsas səbəbi isə Fransa preizdentinin hərdəmxəyallığı, zidiyyətli addımları və analitik düşüncə sahibi olmamasıdır. Mövcud dözülməz vəziyyəti düzəltmək üçün diplomatik kursun dəyişdirilməsinin vacibliyi vurğulanır. Bunun öhdəsindən isə yalnız Makrondan fərqli dünya görüşünə malik yeni prezident və onun peşəkar komandası gələ bilər.


Makronun üçüncü müddətində maraqlı olanlar

Rotşildlər ailəsinin Avropadakı bank strukturunda fəaliyyətə başlayan, sonra isə elə Rotşildlərin ssenarisi və dəstəyi əsasında Fransanın prezidenti kreslosuna əyləşdirilən Emmanuel Makronun Vaşinqtonun razılığı olmadan belə bəyanatlar səsləndirməsi inandırıcı deyil. Yeri gəlmişkən, Rotşildlər Makronla sıx əlaqələrinin olduğunu inkar etmirlər.


Belədə, onun Fransada prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının məhdudlaşdırılması barədə bəyanatı da ilk baxışdan göründüyü qədər sıradan açqılama deyil. Başqa sözlə desək, Vaşinqton və Qərbdəki bəzi dairələr Emmanuel Makronun üzərinə götürdüyü öhdəlikləri hələ tam şəkildə yerinə yetirmədiyini düşünürlər.

Bu xüsusən də, Moskva ilə mübarizədə Makronun ön plana çıxarılmasında özünü qabarıq şəkildə biruzə verir. Almaniya kansleri Olaf Şoltsun Moskvaya münasibətdə ehtiyatlı davranışları Makronun döyüşkən ritorikası ilə müqayisədə qorxaqlıq təsiri bağışlayır. Belə fürsətdən istifadə edən Makron və onun havadarları Rusiyaya qarşı mübarizənin hərarətini yüksək səviyyədə saxlamaqla yanaşı, çoxəsrlik Fransa-Almaniya rəqabətində Berlinin məğlubiyyətini də rəsmiləşdirməyə çalışırlar.

Təsadüfi deyil ki, Avropa Xarici Əlaqələr Şurasının (ECFR) direktoru Mark Leonard yeni geosiyasi, iqtisadi və iqlim qeyri-sabitliyi dövründə Avropanın üzləşdiyi bütün problemlərin əsasında liderlik böhranının dayandığını və Avropa İttifaqını bu böhranın məngənəsindən yalnız Fransa prezidenti Emmanuel Makronun qopara biləcəyini iddia edir.

Bu isə bir daha sübut edir ki, Makronun ardıcıl prezident seçkilərinin sayı ilə bağlı dedikləri heç də təsadüf olmayıb, müəyyən qüvvələrin onu 2027-ci ildə də Fransanın rəhbəri kreslosunda saxlamaq planının anonsudur.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   prezidentlik  





Xəbər lenti