Boşanmaların əsas səbəbləri açıqlandı

  Boşanmaların əsas səbəbləri açıqlandı
  15 May 2024    Oxunub:2431
Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda qeyd olunub.

İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasındakı artıma baxmayaraq, ailə münasibətlərinin insanlar üçün əhəmiyyəti ilə əlaqəlidir.

Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 33,8%-i, kişilərin 20,6%-i belə cavab verib. Bu, zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir.

Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib.

Narkomaniya və alkoqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb. Şəhər əhalisi arasında narkomaniya və alkoqolozmi, ailədaxili şiddəti boşanmanı legitimləşdirən hal kimi göstərənlər daha çoxdur. Kənd yerlərindən olan respondentlər arasında xarakter uyğunsuzluğu və digər qohumların ailəyə müdaxiləsini seçənlər o biri qruplara nisbətən üstünlük təşkil edir. Ailəni hər bir halda qoruyub saxlamaq lazımdır deyənlər də, daha çox kənd tipli yaşayış yerlərindən olan respondentlər arasındadır.

Bundan başqa, keçirilən sorğu nəticəsində ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması (53,9%) göstərilib. Bu, Azərbaycan ailəsinin övlad mərkəzçiliyinin təzahürü hesab oluna bilər. Bu yanaşmaya görə, ailədə uşaqların tələbatları, onların fiziki, emosional inkişafı ön plana çəkilir, ailədəki digər məsələlər, hətta ər-arvad münasibətlərindəki narazılıqlar ikinci dərəcəli yer tutur. Qeyd edək ki, kişi respondentlərin 48,7%-i, qadınların isə 59,0%-i bu cavabı seçiblər.

AzVision.az



Teqlər:





Xəbər lenti