Erməni separatçıların həbs müddəti uzadılıb - YENİLƏNİB

   Erməni separatçıların həbs müddəti uzadılıb -  YENİLƏNİB
  15 May 2024    Oxunub:1404
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

* * *

17:01
Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.
AzVision.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

İstintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

AzVision.az


Teqlər: separatçılar   həbs  





Xəbər lenti