Rusiyada generalın həbsi ehtirasları coşdurdu

   Rusiyada generalın həbsi    ehtirasları coşdurdu
  22 May 2024    Oxunub:636
Dünən Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun qvardiya ordusunun keçmiş komandanı, general-mayor İvan Popovun böyük məbləğdə fırıldaqçılıqda günahlandırılaraq həbs edilməsi Rusiya ordusunda və cəmiyyətində geniş rezonans doğurub.
AzVision.az xəbər verir ki, general-mayor İvan Popovun həbsi təsdiqləndikdən sonra bir çox vətənpərvər kanallar və hərbi müxbirlər ittihamların ədalətli olduğunu şübhə altına alıblar.
Ümumrusiya Dövlət Tele-Radio şirkətinin hərbi müxbiri Aleksandr Sladkov öz telegram-kanalında Popovun oğru yox, vicdanlı əsgər olduğunu bildirib.

“Vəziyyəti pisləşdirməmək üçün söyüş söyməyəcəyəm və qınamayacağam. Ancaq bir şeyi bilirəm: İvan düşmənin əks-hücumunu dəf edən, düşmənin faciəsi və şiddəti ağlasığmaz dərəcədə olan əks-hücumunu dəf edən qüvvələrin başında dayanırdı. Mən general Popovu xidməti sırada görmək istərdim. Axmaq insanlara yalanları və itkiləri bağışlayırlar, digərlərinə isə, düşünürəm ki, həqiqəti bağışlamaq olar”, - Sladkov vurğulayıb.

Digər hərbi şərhçi və bloger Yuri Podolyaka isə bu xəbərdən hələ də şokda olduğunu açıqlayıb.

- Bu baş verərsə, ölkə üçün biabırçılıq olacaq. Həbs edilən Popov “çoxzolaqlı əla müdafiə xətti” qurdu və sonra 2023-cü ilin yayında rus ordusunu xilas etdi”, - Podolyaka sosial şəbəkədə paylaşdığı postda yazıb.

Xatırladaq ki, general-mayor İvan Popov 2023-cü ilin iyulunda Ukraynada döyüşən orduda tədarük və rotasiya olmamasından şikayət etdiyi növbəti hesabatdan sonra xidmətdən uzaqlaşdırılıb. Onda bir çox məlumatlı mənbələr məhz bu hesabata görə Popovun Müdafiə naziri Sergeüyu Şoyqunu qəzəbinə gəldiyini iddia edirdilər.
Generalın anası da oğlunun həbsini onun həqiqəti söyləməsinə qisas aktı kimi qiymətləndirir.

- O qədər əsgər onun müdafiəsinə qalxdı, o qədər adam insanlara qayğısına görə ona təşəkkür etdi ki. Amma indi onun hansısa korrupsiyada əli olduğunu iddia edirlər? Buna kim inanacaq? Sübut haradadır? Oğlum tənqidi açıqlamalar verdiyinə görə peşman olub. Çünki Ukraynadan sonra 58-ci ordudan çıxarılaraq 4 ay müddətinə Suriyaya göndərildi. Sonra onu qərargaha çağırdılar. O, hansısa təklifin olunacağını düşünürdü, amma oğluma “Rusiyada sənə yer yoxdur” deyərək orduda xidmət müqaviləsini yeniləmədilər”, - generalın anası “V1.ru” portalına müsahibəsində deyib.

Dünən iki ay müddətinə həbs olunan İvan Popov 58-ci ordunun komandanı vəzifəsini tutarkən humanitar yardımı satmaqda şübhəli bilinir.

Rusiyanın “Tsarqrad” internet-telekanalının məlumatına görə, general-mayorun müdafiəsi artıq Popovun həbsi ilə bağlı apellyasiya şikayəti verib. Onun vəkili Sergey Buynovski Popovun günahını etiraf etmədiyini bildirib. Bundan başqa, vəkil sabiq komandana qarşı hələlik ittiham irəli sürülmədiyini də deyib.

Son vaxtlar Rusiyanın Müdafiə nazirliyində korrupsiya hallarının aşkarlanması ilə bağlı açılan cinayət işləri və hərbi əməliyyatlarda iştirak etmiş 58-ci ordunun keçmiş komandanı, general-mayor İvan Popovun həbsinin etirazla qarşılanması indən sonra hələ çox sirlərin faş olacağından xəbər verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Popov   həbs  





Xəbər lenti