Niyə söyürük? - ELMİ CAVAB

Niyə söyürük? - ELMİ CAVAB
  10 İyul 2013    Oxunub:7577
Xoşbəxt olanda belə söyüş söyürük.
Sevgi, sədaqət, nifrət, qəzəb, əsəb insana məxsus olan hisslərdir. İnsanların müxtəlifliyi kimi, hisslərini ifadə etmək bacarığı da fərqli olur. Məsələn biri əsəbiləşən zaman özünə qapanmaqla, sakit tərzdə əsəblərini cilovlamağa çalışır ki, bunun da nəticəsində çox zaman özü ziyan çəkir, digəri isə qışqırıb-bağırmaq, sındırıb-dağıtmaqla və bununla bəzən ətrafındakıları incitməklə daxilindəki aqressiyadan xilas olmağa çalışır.

İkinci halda çox vaxt insanın əl atdığı vasitələrdən biri də təhqir və ağıza yaraşmayan söyüşlərdir. Bəs görəsən nalayiq ifadələr səsləndirməklə neqativ enerjidən qurtulmaq mümkündürmü? Ümumiyyətlə hansı tip insanlar əsəbi halda bu üsuldan istifadə edir?

Buna cavab tapmaq üçün ilk növbədə psixoloqa müraciət etdik. Psixoloq Narınc Rüstəmova AzVision.az-a açıqlamasında bildirdi ki, söyüşə meylli olan insanlar adətən özünəinamı az olanlardır :

“İnsan aqressiv, hətta çox xoşbəxt olarkən söyüşdən istifadə edir. Bu zaman insanın özünə nəzarəti azalır. Təsəvvür edin ki, güləndə bəzən qeyri-iradi olaraq möhkəmdən gülürük, hətta gözlərimiz yaşarır.

Ümumiyyətlə, iradəcə zəif insanlar söyüşə daha çox meylli olurlar. Böyüklərə bu adəti tərgitmək elə də asan deyil. Məsələn, 25 yaşında bir oğlan üçün söyüşü tərgitmək, 5 yaşında uşaqdan daha çətindir. Əsəbi halda neqativ hissləri başqa səmtə yönəldə biləcək başqa üsul tapmaq lazımdır”.

Psixoloq deyir ki, bunun üçün ailə tərbiyəsi olduqca vacibdir : “Ailə kiçik bir modeldir. Uşağın tərbiyəsində ailənin rolu əvəzedilməzdir. Söyüş söyən ailələri araşdırsaq , görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir. Ailə başçılarının söyüşə meylliliyi uşaqda da özünü göstərir və bu, zəncirvari olaraq, davam edir. Bizim cəmiyyətdə söyüş etik qaydalara zidd olaraq qiymətləndirilir. Bu baxımdan bəzən insanlar cəmiyyət içində söyüş söyməsələr də, evdə kifayət qədər bu üsula müraciət edrlər, hətta uşaqlarını da buna sövq edirlər

Lakin nəzərə almaq lazımdır ki , uşaqları söyüşə meylləndirmək uşağın psixoloji inkişafına mənfi təsir göstərir . Bu gün bizim valideynlər uşağa söyüş öyrədir ki, əmini söy, dayını söy və bundan zövq alırlar. Uşaq isə özünə tənqidi yanaşa bilmədiyinə görə söyüşü cəmiyyət arasında istifadə edir. Bu da birbaşa olaraq, ətrafdakıların qınağına səbəb olur və təbii ki, digər valideynlər öz uşaqlarını belə bir uşaqdan uzaqlaşdırmağa çalışırlar. Bunun da nəticəsində uşağın sosiallaşması zəifləyir, dostları azalır, onu söyüş söydüyünə görə ələ salırlar.

Kişilər söyüşə daha çox meyllidirlər. Xüsusən də, intim söyüşlərə. Bəzən cəmiyyət arasında özünü tanıtmaqda çətinlik çəkənlər söyüşdən daha çox istifadə edir. Bu proses şüraltı gedir.

“Əgər sizin yanınızda biri möhkəmdən söyüş söyərsə, avtomatik olaraq, o tərəfə baxacaqsınız. Bu hərəkətlə, söyüş söyən şəxs özünü kompensassiya edir”.
Qəribədir ki, insanlar xoşbəxt olanda vulqar sözlərdən daha çox istifadə edirlər. Endoksin dediyilən bir maddə var ki, bu maddə beynimizdə ifraz olunanda, eyforiya halına düşürük. Bu zaman insanın özünə nəzarəti azalır. Şüuraltı düşüncələr özünü biruzə verməyə başlayır. Bu, əsəbi və ya çox xoşbəxt olarkən üzə çıxır:

“Bu hal bəzən irsi xarakter də daşıyır, məsələn mənim anam güləndə, xoşbəxt olanda söyüşdən istifadə edibsə, mən də elə edəcəm, çünki model olaraq, anamı görmüsşəm. Və ya əksinə, evdə, ətrafımdakı insanlar arasında söyüş istifadə olunmursa, istənilən halda söyüşdən istifadə etməyəcəm”-deyə psixoloq qeyd etdi.

Hər halda, nə qədər çıxılmaz vəziyyətdə olsaq da, fikrimizi ifadə edərkən nalayiq sözlərdən çəkinməliyik. Ən azından ona görə ki, belə sözlər ətrafdakıların bizi yanlış anlamasına və nəticədə hörmətsiz münasibətinə səbəb ola bilər. Hörmətsiz biri olamağı isə heç kim istəməz...

Nihadə Eyyubova
AzVİsion.az



Teqlər:  





Xəbər lenti