Saytlar bu xəbəri necə yazardılar...– GÜL(MƏ)MƏLİ

Saytlar bu xəbəri necə yazardılar...– GÜL(MƏ)MƏLİ
  22 Fevral 2013    Oxunub:3131
Hər bir jurnalist bilir ki, əsas olan fakt deyl, faktın necə təqdim olunmasıdır. Amma oxucu bunu bilmir axı.
Oxucu başlığa aldanır. Və başlığın izinə düşüb gedir. Ona görə də, oxucunu izə salmaq üçün media orqanları hər yola əl atırlar. Xüsusilə də başlıq seçəndə.

Biz AzVision.az-ın redaksiyasında belə qərara gəldik ki, saytlarımızın başlıq siyasətini bir neçə konkret misalın əsasında açıb göstərək. Bunun üçün də üç simvolik məsəl seçərək, göstərməyə çalışdıq ki, hansı sayt ona necə başlıq qoyardı.
Həmkarlarımızın, dostlarımızın yumor hissinə çox-çox güvənirik və əminik ki, bu dostluq şarjından heç kim cırnamayacaq.


Birinci xəbər: İt gəldi, örkən apardı


“Qafqazinfo” - Örkəni bu it apardı – FOTOSESSİYA
(Fotosessiyada itin bütün gəlmiş-keçmiş fotoları olacaq, bircə örkəni aparması fotosundan başqa)

“Publika.az” LAYİHƏ: İTİNDƏN DANIŞ - Örkəni aparan it xüsusi olaraq “Publika”ya hürdü

“Gün.az” – Örkəni aparan iti kimlər açıb buraxmışdı və bunun arxasında hansı məqsəd dayana bilər?

“AzNews.az” - Rövşən Lənkəranskinin iti örkəni qapıb, “sxodka”ya qaçırdı – ŞOK!-EKSKLÜZİV!

“Azadlıq” - Hakim partiyanın xüsusi öyrədilmiş iti müxalifətin örkənini apardı

“Azxəbər” - Seksi it örkəni belə apardı

“Yeni Müsavat” - MÜDHİŞ YEYİNTİ: Milyonlar dəyərində örkən necə aparıldı? – ARAŞDIRMA

“Azərtac” - İt MDB-də analoqu olmayan örkəni aparmışdır

“Modern.az” - Aparılan örkənin sahibi: “İti tanımırdım”- MÜSAHİBƏ

“Milli.az” FACİƏ: İtin örkəni aparması Bakıda bir ailəni bədbəxt etdi

“Kulis.az” – “Hürmə, canım fikirlidir, aparma, örkən kirlidir” – YENİ ŞEİR



İkinci xəbər: Qız qızıla dönübdür, yox xəbəri oğlanların



“Qafqazinfo” - Bu qız qızıla dönüb – FOTOSESSİYA
(Fotosessiyada qızın bütün gəlmiş-keçmiş fotoları olacaq, bircə qızıla dönməsi fotosundan başqa)


“Publika.az” LAYİHƏ: EV QIZI- Qızıla dönən qız bakirə deyilmiş

“Gün.az” – Qızıla dönən qızlar hansı gənclər təşkilatının üzvləridirlər?

“AzNews.az” - Qızıla dönən qızların Ded Xasanla nə əlaqəsi var imiş? – ŞOK!-EKSKLÜZİV!

“Azadlıq” - İqtidarın sosial siyasəti nəticəsində qızlar qarıyıb qızıla dönür

“Azxəbər” - Qızların harası qızıla dönüb?- Oğlanlar baxmasın!- VİDEO

“Yeni Müsavat” – Qızıla dönmüş qızlar hansı məmumurun villasındadır?

“Azərtac” – Azərbaycan qızları milli adət-ənənəmizə uyğun olaraq qızıla dönmüşdürlər

“Modern.az” – Qızıla dönmüş qızlardan hansı oğlanların xəbəri yoxdur? – SİYAHI

“Milli.az” – Qızıla dönmüş qızlar daha bir ailəni dağırtdılar

“Kulis.az” – Polis qorxusuyla qarımaq – HƏYAT HEKAYƏSİ


Üçüncü xəbər: Qaş düzəltdiyi yerdə göz çıxardı


“Qafqazinfo” - Bu qaşı düzəltdiyi yerdə bu gözü çıxardı – FOTOSESSİYA
(Fotosessiyada dünya ulduzlarının göz və qaşlarının şəkilləri olacaq)

“Publika.az” LAYİHƏ: GÖZÜM DÜŞÜR- Düzəldilən qaşın ilginc tarixçəsi

“Gün.az” – Dünən Bakıda qaş düzəldilən yerdə vurulub göz çıxarılıb

“AzNews.az” - Qaşı düzəldən Rəsul Quliyev imiş – EKSKLÜZİV

“Azadlıq” - İqtidarın qaşdüzəldənləri vurub göz çıxarıbılar

“Azxəbər”- Məktəbli qızlar tualetdə qaşını alırmış – VİDEO

“Yeni Müsavat” – Göz çıxaranlara İsa Qəmbərdən sərt cavab

“Azərtac” – Yeni tikilən xəstəxanada çıxmış göz uğurla bərpa edilmişdir

“Modern.az” – Göz çıxaran şəxs kimdir? – BİOQRAFİYA

“Milli.az” – Bakıda müdhiş qaş faciəsi yaşandı, bir göz çıxdı, biri xəsarət aldı

“Kulis.az” – Düzələn qaşlar, çıxan gözlər və onların arasındakı mistk bağlılıq



Vüsal Məmmədov
Sevinc Fədai
Leyla Əliyeva



Teqlər:  





Xəbər lenti