Əyyaş kişiylə ofisant qadının hekayəsi

Əyyaş kişiylə ofisant qadının hekayəsi
  13 Avqust 2013    Oxunub:14114
Əsəd Qaraqaplan

(Sınıq-salxaq talelər silsiləsindən)

Hazırda qaldığım məhəlləni həm də niyə sevdiyimi açıqlayım sizə. Demək bu gecəqondular öz sakitliyindən əlavə, həm də maraqlı, yeraltı insan taleləri üçün də münbit şəraitə malikdir. Burda – bu dar küçələrdə və balaca otaqlarda hər cür insan, hər cür insan taleyi görmək olar. Yəni Bakının - ümumilikdə Azərbaycanın əsl simasını. Hər yerin, hər bölgənin...
Son günlər az da olsa yuxumu qaydasına salıb, gecələr yatmağa başlamışam. Artıq gecələr səhərə qədər oyaq qalıb, başımı internetdə və içməklə qatmıram. Üstəlik darıxıb, sıxılmaqdan qurtulmağın tək yolu da yatmaqdı bu həyatda.

Bir tərəfdən də həyatın bu qədər darıxdırıcı, sıxıcı olduğu bu vaxtlar... Adam durduğu yerdə havalanır vallah. Hər şey var, amma əslində heç nə yoxdu...
Nə isə. Sizə bugün səhər tezdən burada, elə öz həyətimizdə baş verən bir hadisəni danışmaq istəyirəm...

Demək, səhər tezdəndir, bir də gördüm 3 gün olar qonşu otaqda kirayə qalan qadınla kişinin evindən tappıltı gəlir. Düzü, elə bildim ki, durub sabah-sabah sevişməklə məşğuldular ki, evi qatıblar bir-birinə və divan-döşəmə baxmırlar. Bizə nə var ee, harda, necə gəldi ola bilərik...

Sonra baxdım ki, yox, bu, nəsə sevişməyə-filana bənzəmir, nəsə başqa bir şeydi. Qapını açdım ki, çölə baxım, ancaq yenə aydın bir şey duymaq mümkün olmadı. Adam xoflanır da, deyirsən bəlkə kiməsə nəsə olub…
Sonra qapını bağlayıb girdim otağa...

Bir neçə dəqiqədən sonra gördüm ki, qadın otaqdan çıxıb gəldi ev yiyəsinin qapısını döydü və onu çağırmağa başladı. Ev yiyəsi qadın da çıxdı, nəsə həyətdə aydın eşidə bilmədiyim xırda bir söz-söhbət oldu və tez də araya sakitlik çökdü...
Mən də artıq oyandığıma və ara sakitşədiyinə görə çaydanı götürüb doldurmaq üçün çölə çıxdım… bir stəkan çay içim sabah-sabah...

Çölə çıxanda gördüm ev yiyəsi qadın öz otağının qapısının ağzında sakitcə oturub, mən çaydanı doldurub geri - otağa qayıdanda qadınla salamlaşdım və o da salamı alandan sonra gördüm təəssüflə başını yelləyir. Bəlkə bu hərəkətiylə sözlü adama oxşamasaydı, heç nə soruşmayacaqdım da. Bunu belə görəndə nə olduğunu soruşdum, o da təzə danışmağa başlamışdı ki, həmin kirayədə qalan qadın da gəlib çıxdı... Və bundan sonra hər şey mənə tam aydın oldu, bir neçə insan taleyinin də şahidi oldum.

Demək, bu kişi, deyilənə görə (elə üzündən də bilinirdi), əyyaşın biridir və ailəsini də atıb, orda-burda başını qatmaqla məşğuldur. Qadın özü deyir ki, guya ailəsini də buna görə atıb və düşüb arxasınca. Sonra da bura gəlib çıxıblar…
Bu qadın da 28 yaşında, boşanmış bir qadındır və nə az, nə çox, tam 4 uşaq anasıdı - 3 qız, 1 oğlan…

Bakı kəndlərinin birindən olan bu qızı, demək 13 yaşında qohumlarından istəmədiyi bir oğlanla (özü belə deyir) nişanlayıblar, sonra bu da 14 yaşında Lerik rayonundan olan bir oğlana qoşulub-qaçıb. Dediyinə görə, 8 il ailəli olandan sonra boşanıb…
Elə əvvəldən də müxtəlif kafelərdə ofisant işləyib, indi də Xırdalanda bir kafedə işləyir.

Dediyinə görə, ayrılandan sonra müxtəlif kişilərlə yaşayıb, el dilində desək, saxlayıblar bunu. Sonra da bu evli kişiyə rast gəlib və onunla bir müddət yaşayıb. Əyyaşdığına görə ondan nə qədər qaçıb-uzaqlaşmaq istəsə də, oğlanın qardaşı bundan xahiş-minnətlə ona dönməyini, ona köməklik etməyini xahiş edib, bu da mərhəmət göstərib yenə də ona qayıdıb.

Dediyi kimi, kişi də buna görə ailəsini atıb və elə əyyaşlıqla məşğul ola-ola bunun arxasınca düşüb.
Qadının dediyinə görə, bununla münasibəti qıra-qıra bir neçə kişiylə də yaşayıb və axırıncı dəfə də biriylə elə buna görə - bunun hərəkətlərinə görə ayrılmaq zorunda qalıb...

Demək, üç gün bundan qabaq bu kişi gəlib həyətdəki boş otağı kirayələyib, pulunu hissə-hissə ödəyəcəyini deyərək, bir başqa kişiylə qalacağını da bildirib. Sonra bu qadınla gələndə ev yiyəsi təccüblənsə də (özü elə deyir), day bu kişinin boynuna qoya bilməyib ki, sən qadın yox, kişi demişdin və qadına da yazığı gəlib deyə evə buraxıb...

İndi də bu haqq-hesabdan – kişinin yenə içməsi və qadınla səhərə kimi mübahisə edib dalaşmasından və o qadının gəlib ev yiyəsini oyatmasından sonra ev yiyəsi qadın da kişini evdən qovub gəlib orda oturmuşdu - onu gördüyüm yerdə.
Beləcə, o kirayənişin qadın da gəldi, mən də onlara çay sözdüm, içə-içə bu söhbətləri elədik.

Yeri gəlmişkən, ev yiyəsi qadın da həmən-həmən bu qadın kimi bir taleyə sahibdir. Sadəcə bir fərq var ki, bunun öz evi var. Bir də evinə gələn - onu saxlayan - yaşadığı bir cavan oğlan. Bu oğlan da nişanlıdır və bu ayın 19-u toyudur. Bu söhbətdə ev yiyəsi qadının da ürəyi açıldı, təxminən 1-2 saat boyu, hamı ürəyini açıb tökdü bu səmimi ortamda...

Sadə görünsə də, mənimçün bunlar qəribə insan taleləridir. Ən azı bunlar Bakının - ümumilikdə Azərbaycanın insan obrazlarını çox real canlandırır insanın gözündə...

Hə. Bugün səhər belə bir mənzərənin şahidi oldum və elə isti-isti də yazmağa qərar verdim. Və bunu yaza-yaza həyatın nədən bu qədər darıxdırıcı, sıxıcı olduğunu da düşünməyə başladım. Bircə şey mənə aydın oldu ki, yəqin bizlər bu qədər sınıq-salxaq talelər (elə öz taleyimiz kimi) arasında yaşadığımıza görə bu qədər olmuşuq və həyatımız da bir az da çəkilməz olub. Yəni biz təkcə öz həyatımızın yox, başqa həyatların da ağırlığını daşıyırıq və bu da artıq bizim taleyimizə çevrilib...


Teqlər:  





Xəbər lenti