Balığın iyləndiyi yer və iki əbədi sualın cavabı

Balığın iyləndiyi yer və iki əbədi sualın cavabı
  02 Noyabr 2016    Oxunub:14722
Vüsal Məmmədov

Əsrlərdir ki, Qoca Şərqi iki sual düşündürür: 1) Əvvəl toyuq olub, yoxsa yumurta; və 2) Cəmiyyətmi sistemi formalaşdırır, yoxsa sistem cəmiyyəti? Əlbəttə, əslində Qoca Şərqi heç nə düşündürüb-eləmir, bunu sadəcə, yazının girişi janrın tələblərinə uyğun olsun deyə, yazdım. Qoca Şərq düşünən olsaydı, bu günlərə qalmazdı ki...


Bu əbədi suallardan birincisinin cavabı artıq tapılıb: paleontologiya elmi bizə deyir ki, toyuqla yumurtanın birincilik uğrunda əsrlərdir davam edən amansız mübarizəsində tam və qəti qələbə yumurtaya məxsusdur. Hələ Yer kürəsində quşların izi-tozu olmayanda, sürünənlər və suda-quruda yaşayanlar nəsil artırmağın mexanizmi kimi yumurta qoymaqdan istifadə edirdilər. İkinci sual isə açıq qalmaqda davam edir və bütün açıq qalan şeylər kimi ciddi müzakirələrə səbəb olur.

Real və virtual çayxanalarda (yəni sosial şəbəkədə) kütləvi rəyə qulaq versən, belə məlum olur ki, ölkədəki bütün pis və əyri işlərin 2 səbəbi var: “sistem” və “məmurlar”. Vəssalam, qalan hamı mələkdir, gözəl və məsum insanlardırlar. Xalqımız bu iddiadadır ki, özü yaxşıdır, amma içində olduğu Matrisa pis. Təxminən bu şəkildə: Əbdülhəsən müəllim çox gözəl insandır, amma nəyə görəsə, icra hakimiyyətinin maliyyə şöbəsinə düzələndən sonra korlandı; Qızbəs xanımın da qısa ətəyində namaz qılmaq olardı, di gəl ki, müəllimə olandan sonra valideyndən pul almaq üçün uşağın qiymətini kəsir. Nə oldu bunlara? Demək, günah Əbdülhəsən müəllimlə Qızbəs xanımda yox, icra hakimiyyətində və məktəbdədir ki, onları bu cür korladı.

Yəni kəsə yolla desəm, xalqımız əmindir ki, özü çox yaxşıdır, di gəl, bir dəstə pis məmur və onların yaratdığı sistem hər şeyin xarabını çıxarır. Soruşun və görəcəksiniz ki, orta hesabla hamı bu fikirdədir. Amma pardon, bəs o məmurlar haradan yetişib gəliblər? İstər-istəməz məşhur lətifədəki sual yada düşür: əgər bütün qızlar gözəl, şirin və sevimlidirlərsə, bu qədər ifritə arvad haradan ortaya çıxır? Yəni bütün insanlar yaxşı və düzgündürlərsə, bu pis və əyri məmurları hansı xalq yetişdirir?

Bəri başdan deyim ki, məqsədim qətiyyən məmurları müdafiə etmək deyil. Zay məmurların üzündən mən də az əziyyət çəkməmişəm. Problem bundan xeyli böyükdür: nə qədər ki, cəmiyyət “bu məmurlar” deyib, məsuliyyət daşını yad bostana atmaqdan vaz keçməyəcək, öz eyiblərini görməyəcək, heç vaxt heç nə düzələsi deyil.

Azərbaycanda nə qədər məmur var? 29 min? Lap yaxşı. Tutaq ki, onun hamısı pisdir. Əlbəttə, belə ola bilməz və deyil də - mən özüm xeyli ləyaqətli, şərəfli məmur tanıyıram. Amma hesabın sadəliyi üçün onlardan üzr istəyib, belə götürək ki, ölkədə 29 min pis məmur var.

Mənim əzizlərim, əgər 9.8 milyonluq xalqın yerdə qalan 9 milyon 771 mini vicdanlı, dürüst, məsuliyyətli, xeyirxah olsa, 29 min “pis məmur” dəryada damla kimi bir şeydir, onlar ictimai iqlim yarada, heç nəyə təsir edə bilməzlər. Heç kimin demək istəmədiyi dəhşət burada üzə çıxır. Məsələ ondadır ki, yerdə qalan 9 milyon 771 minlik xalq o 29 minlik məmur ordusundan heç nədə yaxşı deyil, bəzən hətta daha pisdir. Başa düşürəm, indi hamı məni söyür, amma kimsə bunu deməlidir.

Həmin o 29 min məmur bura başqa ölkədən gəlməyib, klonlaşdırma nəticəsində də yaradılmayıb. Onlar bu xalqın övladlarıdırlar; onlar adi həyatda kiminsə atası, qardaşı, əri, əmisi oğlu, yeznəsinin bacanağıdırlar; onlar bu xalqın düşəncəsini, şüurunu özlərinə hopdurub, indi çalışdıqları məqamlara daşıyıblar. Onlar hər necədirlərsə, bu xalqın məhsuludurlar. İşə bunu etiraf etməkdən başlamaq lazımdır.

Əgər siz, məsələn, Puloğlan müəllimin vəzifəyə gələndən sonra “sistemin təsiri ilə” rüşvətxor olduğunu düşünürsünüzsə, ciddi yanılırsınız; əslində o, vəzifədə olmayanda da rüşvətxor idi, amma özü də daxil olmaqla, bunu heç kim bilmirdi, bu sadə səbəbə görə ki, rüşvət almaq şansı yox idi. Adam həmişə “...Bu böyük şansı qaçırmazdım, mən olsaydım” mahnısını zümzümə edə-edə vəzifəyə gələcəyi günü gözləyirdi. Və buyur, gələn kimi əsl mahiyyəti üzə çıxır. Bu mahiyyəti isə ona yaşadığı cəmiyyət yükləmişdi.

(Bu, bir qədər sizin inandığınız dinin günah və cəza anlayışına da oxşayır. Qiyamət günü Səmraya deyəcəklər ki, sən mini və dekolte geyinməklə böyük günah işlətmisən, buyur qır qazanına. Dindar bir qəsəbədə böyümüş çadralı Fatiməyə isə bunu deməyəcəklər. Halbuki, Səmradakı imkan Fatimədə olsa, ətəyi daha qısa, dekoltesi daha dərin olardı).

Tam səmimi deyim ki, adi insanların kütləsinə baxanda məmur ordusu hələ xeyli humanist, vicdanlı və mülayimdir. Ən sadə insanlar bir-birini imkanları daxilində elə əzir, elə aldadır, elə alçaldırlar ki, bütün “pis” məmurların bunların yanında bircə qanadları çatışmır. Cəmiyyətdə hamı bir-birinin üzərində olmayan hökmranlığını göstərməyə çalışır. Sanki hamının psixoloji özgüvən kompleksi var və bu problemini çözmək üçün səni qapazaltı eləmək hüququna sahibdir.

Normalda, məsələn, avtobus sürücüsü xidmət etməlidir, amma özünü bir maşın sərnişinin ağası kimi aparır; həkim elə davranır ki, sanki sən ona can borclu imişsən, indi borcunu hansısa yolla ödəməlisən; mühafizəçi o qədər yuxarıdan danışır ki, sanki sənin boynuna xalta salıb, ucunu onun əlinə veriblər... Hamı total şəkildə bir-birini aldadır: alverçi tərəzidə və malda, həkim diaqnozda və müalicədə, müəllim dərsdə və qiymətdə, usta işdə və materialda... Hamı, hər yerdə, hər işdə...

İnsanlar şikayətlənirlər ki, “məmurlar bizi eşitmir”. Mən hər axşam “Əhmədli” stansiyasından “Xəzər” tərəfə gedən avtobusda eyni qovğanın şahidi oluram. Bir maşın adam “A kişi, sür!!!” deyə-deyə emosiyaların yalvarışdan qəzəbə qədər bütün spektrini yaşayırlar, kişi isə bunları kardan valına da almır. İnanın, həmin bir avtobus adamın nəqliyyat nazirinə öz sözünü keçirmək şansı daha çoxdur, nəinki avtobus sürücüsünə.

Yaxşı, bunlar ki, məmur deyillər. Bunlar - xalqdır. Amma hərəsi öz məqamında özünü ən idbar məmur kimi aparır. Hansısa mifik sistemin-filanın təsiri olmadan. Bunlar “Dəvənin qanadı olsaydı...” misalındakı nakam qanadsız dəvələrdir. Bu cür insanların toplumundan ibarət xalqın yetişdirdiyi məmurlar ola biləcəyindən qat-qat yaxşıdır, inanın mənə. Niyə? Sistemə görə. Azərbaycanda dövlətçilik sistemi xalqın ictimai və siyasi şüur səviyyəsindən daha mükəmməl, daha üstündür. Əks halda hüquqi və ictimai şüurun bu səviyyəsindəki cəmiyyətin yetişdirdiyi məmur ordusu qat-qat pis ola bilərdi.

Fərz edək ki, doğrudan da hamını “pis” olmağa məcbur edən bir sistem mövcuddur. Axı istənilən sistemi aşağıdan da islah etmək mümkündür. Sadəcə, “aşağı”lar bunda maraqlı deyillər. Cəmiyyət özünü maarifləndirmək, inkişaf və islah etdirmək istəmir. Çünki asan yol var: “Bu məmurlar”, “Bu sistem” deyə-deyə ölkənin taleyi üçün daşıdığımız ictimai məsuliyyəti öz üzərimizdən atmaq. Sən özün məsuliyyətsiz, vizdansız, heç nəyə yaramayan, heç kimi düşünməyən (vətən)daş ol, amma iddia et ki, hər şeyi korlayan “bu məmurlar” ilə “bu sistem”dir.

Tez-tez sitat gətirilən “Balıq başdan iylənər” məsəli ondan xəbər verir ki, bizdə tarixən ictimai düşüncə belə olub. Bizim üçün dövlət – sanki haradasa kənarda, əlahiddə mövcud olan bir quruluşdur, bizdən ibarət olan orqanizm deyil; fərdlər özlərini və digər fərdləri dövlətin elementi kimi dərk edə bilmirlər – problem bundadır.

Ona görə də, işə bu həqiqətin etirafından başlamaq lazımdır: “Sistem” dediyin o nəsnə sənsən, mənəm, bizik, bizim qohumlardır, dost-tanışlardır... Başqası deyil. Nemo nostrum non peccat*.

---------------------------------
* Heç birimiz günahsız deyilik


Teqlər:  





Xəbər lenti