How do you, fil? – Trampın `fil gedişləri` olacaqmı – TƏHLİL

How do you, fil? – Trampın `fil gedişləri` olacaqmı – TƏHLİL
  12 Noyabr 2016    Oxunub:12034
Dünyanın neçə aydır davam edən ən böyük və ən bahalı siyasi şousu bu həftə gözlənilməz nəticə ilə başa çatdı – Donald Tramp Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçildi.

Niyə gözlənilməz? Çünki keçirilən bütün sorğular Hillari Klintonun Trampdan ən azı 2-3 faiz qabaqda olduğunu göstərirdi. Namizədlər arasındakı hər 3 debatdan Klintonun qalib çıxdığı iddia olunurdu. Xanım Klintonun özü qələbəsinə o dərəcədə əmin idi ki, artıq onu qeyd etmək üçün Hudzon çayının üzərində atəşfəşanlıq da sifariş vermişdi. Amma məlum oldu ki, çayı tullanmamış “hopp” demək lazım deyilmiş.

Nə baş verdi? Necə oldu ki, debatlarda Klinton qalib gəldi, sorğularda Klinton üstün oldu, sonda isə qutudan Tramp çıxdı?

İki variantdan biridir: ya ABŞ-ın ənənəvi sistem mediası sayılan media tamamilə obyektivliyini itirib və açıq-aşkar Klintonun marağına uyğun xəbərləri yayırdı, ya da bu ölkədəki ictimai rəyi öyrənmə institutlarının metodları tamamilə könhəlib və cəmiyyətin nəbzini düzgün tuta bilmirlər. Bu iki variantdan birincisi daha realdır.

Baxmayaraq ki, Hillari Klinton təbliğata Trampdan iki dəfədən çox pul xərcləmişdi, böyük media resursları vardı, hətta Hollivud ulduzlarını belə öz kampaniyasına cəlb etmişdi, peşəkar PR komandasının köməyi ilə özünün müdrik və təcrübəli dövlət adamı obrazını yaratmışdı, iki məqamı nəzərə ala bilməməyi onun məğlubiyyətinə səbəb oldu. Bunlardan birincisi ideoloji istiqamətdəki boşluq idi. Klintonın seçki qərərgahı 6 dəfə şüarını dəyişdi və sonda o qədər də təsirli olmayan “Birlikdə güclüyük” variantının üzərində dayandı. Bu, əvvəla xanım namizədin seçiciyə ünvanlanan aydın mesajının olmaması demək idi. Klinton onlara ideologiyasını yox, özünü təklif edirdi: Yəni mən dövlət işlərini, dünya siyasətini yaxşı bilən təcrübəli isteblişment adamıyam, məni seçin! Fəqət məhz siyasi isteblişmentin siması kimi göründüyü üçün də seçicilərin rəğbətini itirdi.

Trampın “Amerikanın əvvəlki böyüklüyünü özünə qaytaraq!” şüarı isə daha təsirli idi. Bu, sülh göyərçini kimi görünməyə çalışan və nisyə Nobel mükafatı alan Obamanın dişsiz xarici siyasətindən, daxildə isə səhiyyə və təhsil proqramlarının bataqlıqda qalmasından bezən, ABŞ-ın dünyada daha iddialı göründüyü dövr üçün darıxan, tibbi sığortasının hələ də olmamasından narahatlıq keçirən yetkin nəsil seçiciləri özünə cəlb etdi. Ona görə də, yaşı 45-dən yuxarı olanların 53 faizi Trampa səs verib. Onlar isə gənclərdən fərqli olaraq, seçkiyə dahya məsuliyyətlə yanaşan və səsvermədə aktiv olan nəsildir.

Kiçik şəhər, qəsəbə və kəndlərin əhalisinin 62 faizinin Trampa səs verməyi göstərirdi ki, onun iqtisadi proqramı sadə amerikalı üçün daha cəlbedicidir. Respublikaçı namizəd açıq deyirdi ki, seçilsə, Şimalı Amerikadakı azad ticarət zonasından – NAFTA-dan imtina edəcək, bu isə kiçik sahibkarlığın inkişafı, dolayısı ilə əyalətlərdə, qəsəbə və kəndlərdə yaşayanlar üçün iş yerləri deməkdir.



Klintonun ikinci səhvi isə taktiki xarakterli idi – belə ki, o, əhəmiyyətli olmayan ştatların üzərində çox dayandı, onları öz tərəfinə çəkmək üçün xeyli resurs sərf etdi. Nəticədə Trampdan daha çox seçici səsi toplasa da, ABŞ-ın seçki sisteminin mexanizminə görə, məğlub oldu. Yada salaq ki, vaxtilə digər respublikaçı namizəd Corc Buş da demokrat Albert Qordan az səs topladığı halda, qalib gəlmişdi. Demək, demokratlar bu dərsdən nəticə çıxara bilməyib və eyni səhvi təkrar ediblər.

Beləliklə, indi dünyanın bir nömrəli fövqəldövlətinin yeni və qalmaqallı prezidenti var. Ondan nə gözləmək olar? Ağ Evə “at gedişi” ilə gələn respublikaçı namizəd orada “fil gedişləri” edəcəkmi?

Təbii ki, bizim üçün ilk növbədə Donald Trampın dövründə ABŞ-ın yürüdəcəyi xarici siyasət maraq doğurur. Xüsusilə də o siyasətin dolayısı ilə Azərbaycana toxuna biləcək tərəfləri: Yəni ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Türkiyə münasibətləri. Nəzərə alsaq ki, Amerika həm də ATƏT-in Minsk qrupunun həmsədridir, bu 3 xəttdə baş verən dəyişikliklər Qarabağ münaqişəsinin həllinə də təsir edə bilər.

Ehtimal etmək olar ki, ABŞ-İran münasibətlərinin yenidən gərginləşəcək. Donald Tramp, ümumiyyətlə, onun təmsil etdiyi respublikaçılar İranla sərt davranılmasını istəyirlər və sanksiyaların ləğvinin əleyhinədirlər. Hətta ola da bilər ki, İran-ABŞ münasibətləri yenidən Corc Buşun vaxtındakı vəziyyətinə qədər gərginləşsin.

Rusiya ilə münasibətlər isə yəqin ki, sabit olmayacaq - gah gərginləşəcək, gah da yumşalacaq. Trampın kursunda Moskvanı həm razı salan, həm də ciddi qıcıqlandıran məqamlara rast gələcəyik. Məsələn, ABŞ-ın yeni prezidentinin NATO-ya mənfi münasibəti Moskvanı məmnun edə bilər, Yaxın Şərqdəki xətti isə əksinə.

Eyni zamanda, Trampın yürüdəcəyi nisbətən aqressiv xarici siyasətin neftin qiymətini bahalaşdırması mümkündür. İran və Yaxın Şərq diplomatik xəttlərindəki gərginlik istər-istəməz buna xidmət edəcək. Dollara gəlincə, idxalın azalmasını istəyən və sərbəst ticarət zonalarına qarşı çıxan Trampın dövründə, ola bilər ki, dolların kursu bir qədər zəifləsin.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti