İşığın və qazın qiyməti niyə artırıldı: Bundan qaçmaq mümkün idimi? – TƏHLİL

İşığın və qazın qiyməti niyə artırıldı: Bundan qaçmaq mümkün idimi? – TƏHLİL
  29 Noyabr 2016    Oxunub:6152
Qazın və işığın qiymətlərinin artırılmasına dair Tarif Şurasının son qərarına birmənalı münasibət yoxdur. Əslində, narazı olan tərəf də haqlıdır, qiymətlərin artırılmasını əsaslandıran tərəf də... Lakin burada məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır.

Əvvəla, təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi ki, bu da 1 m3-ə 10 qəpik demək idi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. Belə ki, 2016-cı il 14 iyul tarixində Tarif Şurasının növbəti iclasında “Azərişıq” ilə “Azərenerji” ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edildi ki, həmin qərara görə, 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq - 2007-ci ilin yanvarından 6 qəpik təyin edilmişdi.

İkincisi, aradan keçən müddət ərzində ölkədə elə bir sahə olmayıb ki, qiymət artımı baş verməsin. Ən azı manatın dollar qarşısında 2 dəfə devalvasiyaya uğradığı faktını nəzərə almalıyıq. Keçən il - 2015-ci il ərzində Mərkəzi Bank tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi. Gələn ayın 21-də 2-ci devalvasiyanın 1 ili tamam olacaq. Qeyd edim ki, devalvasiyalardan əvvəlki dövrlə - 1$=0,78 qəpik olan vaxtla müqayisədə manat dollar qarşısında 120%-dən çox ucuzlaşıb...

Yəni, demək istədiyim budur ki, hər şey dəyişir, bahalaşır və qiymətlər artır. Bizlər istəyirik ki, bəzi istiqamətlərdə bu, özünü göstərməsin - baş verməsin. Bu isə mümkün deyil.

Təbii ki, sözügedən sahələrdə çatışmayan cəhətlər hədsizdir. Böyük israfçılıq mövcuddur. Lakin bunlar da tədricən, istər-istəməz həllini tapmalıdır və tapacaq. Ümumiyyətlə, bəli, qiymətlərin artırılması üçün Tarif Şurasına müraciət edən qurumların hər birinin fəaliyyətində və idarə olnmasında ciddi nöqsanlar var. Əgər, söhbət konkret olaraq itkilərdən gedirsə, bunu ilk növbədə həmin qurumların özlərində axtarmaq lazımdır.

Əhali tərəfindən son illər enerjidaşıyıcılarının istifadəsinə görə ödənişlər yüksək səviyyədədir. Nə "Azərişıq" və nə "Azəriqaz" iddia edə bilməzlər ki, əhalidən yığımların səviyyəsi 90%-dən az təşkil edir. Ancaq bu, tamam başqa söhbətdir ki, əhalidən toplanan vəsait sözügedən qurumlarda investisiya xərclərinə kifayət edir, ya yox...

Məsələ bundadır ki, ölkədə bütün növ enerji daşıyıcılarının istehsalı ilə məşğul olan sahələr bu gün dövlət inhisarındadır. Və dövlət tərəfindən bu sahələrə hər il külli miqdarda vəsait sərf olunur. Yəni, bunu da nəzərə almaq lazımdır. Və iş ondadır ki, elə bütün problemləri yaradan da məhz budur. Belə ki, dövlət vəsait qoyur, amma bunun səmərəsini görmür. Odur ki, sonda istər-istəməz bir neçə ildən bir bu cür qiymət artımına getməli olur. Bu isə avtomotik olaraq əhalidə narazılıq yaradır.

Cari ilin yanvarın 1-nə təkcə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcunun məbləği 799 milyon 795,9 min manat təşkil edirdi ki, bu da dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə mövcud borclarının 68,2%-i demək idi. Bundan 2 il öncə isə adı çəkilən qurumun SOCAR-ın tərkibində olan “Azəriqaz”a yarım milyard manat borcu var idi. Ona görə də, bütün şərhlərimdə “Azərenerji”nin təcili olaraq satılmasını təklif edirəm həmişə...

Və yaxud, keçən ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə “Azərişıq” ASC yaradıldı. “Azərenerji” tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq”a ötürülməklə, onun balansındakı istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan bütün əmlak və avadanlıqlar yeni quruma verildi. Ancaq bu islahatın davamı olmalıdır. Ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda özəlləşdirilmə aparılmalıdır.

Yeri gəlmişkən, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Bu gün Azərbaycanda istehlak olunan enerji resurslarını 50%-dək azaltmaq mümkündür. Bunun çox hissəsini istehsal xərclərini azaltmaqla əldə etmək olar.

Ancaq bizdə məsələyə çox vaxt başqa cür yanaşılır. Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir və artırılır. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq lazımdır. Hələ yaxşı ki, bizdə enerjidaşıyıcıların qiymətləri dövlət tərəfindən tənzimlənir.

Ona görə də Tarif Şurası bu dəfə qiymət artımlarına diferensiallaşdırılmış şəkildə yanaşmağa məcbur oldu. Bu, ölkəmizdə neçə illərdən bəridir, həyata keçirilən ümumi qiymət siyasətində ilk belə haldır. Yəni, indiyədək demək olar ki, heç bir sahədə və istiqamətdə qiymətlərdə differensiallaşdırma tədbiq olunmamışdı.

Hesab edirəm, buna indiki şəraitdə böyük ehtiyac var idi. Çünki əhalinin ölkənin istehlak bazarında son qiymət artımları, inflyasiya, manatın kəskin ucuzlaşması tendensiyaları ilə əlaqədar sosial-iqtisadi vəziyyəti - real gəlirləri xeyli dərəcədə azalmış və zəifləmiş vəziyyətdədir. Nəzərə alsaq ki, qazın tarifi təqribən, 2 dəfə, işiğınki isə 1,6 dəfə artırılıb, bunun hamı üçün eyni dərəcədə tədbiq olunması vətəndaşların aztəminatlı təbəqəsi üçün onların sosial-iqtisadi durumu baxımdan, böyük fəsadlar yarada bilərdi. Və nəticədə yığım faizi özü belə aşağı düşəcəkdi.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti