Niyə ABŞ 20 yanvara münasibət bildirməmişdi – TƏHLİL

Niyə ABŞ 20 yanvara münasibət bildirməmişdi – TƏHLİL
  20 Yanvar 2017    Oxunub:7651
İndiyə qədər davam edən siyasətin kökləri haradan gəlir...

Bir neçə il əvvəl “Kremldə xəyanət. Qorbaçovun Amerikalılarla gizli sövdələşmələrinin protokolları” (`Измена в Кремле. Протоколы тайных соглашений Горбачева c американцами`. M., 2011) adlı kitab nəşr edilib.

Müəlliflər iki məşhur Amerikalıdır: Maykl Beşloss – Amerika tarixçisi və politoloqudur. İkinci müəllifi - Stroub Telbotu isə Bakıda da yaxşı tanıyırlar. 20 ildən çox “Taym” jurnalında işləyib, sonralar ABŞ Dövlət katibinin xüsusi məsləhətçisi olub, 1994-2001-ci illərdə Dövlət katibinin müavini vəzifəsində çalışıb, bir neçə dəfə Bakıda rəsmi səfərdə olub. Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı adam sayılır.

Qorbaçovun gizli sövdələşmələri

“Kremldə xəyanət”in müəllifləri 1989-cu ildən başlayaraq SSRİ-nin dağılma prosesini az qala günbəgün izləyiblər, o illərdə sovet-Amerika danışıqlarının iştirakçısı olublar. Kitabda həm də 90-cı ilin yanvarında Litvada vəziyyətin gərginləşməsindən söhbət açılır, M.Qorbaçovun Vilnüsə səfərindən bəhs edilir. Sonra müəlliflər yazır: “Qorbaçov Vilnüsdən Moskvaya qayıtmağa macal tapmamış onun üstünə yeni, daha ağır bəla düşdü – Qafqaz. Ermənistan və Azərbaycan mərkəzi sovet hökuməti ilə, eyni zamanda öz aralarında münaqişəyə girdilər. Onillər boyu erməni və Azərbaycan millətçiliyi Moskvanın dəmir yumruğu ilə saxlanılırdı. İndi hər iki respublikanın vətəndaşları uzun müddət susandan sonra cəsarətə gəlib litvalılar kimi gur səslə müstəqillik istədiklərini bəyan etdilər...”

Söhbət1990-cı ilin yanvar günlərindən gedir. Amma müəlliflər qanlı 20 yanvar gecəsini çox soyuqqanlı, özü də yanlış təsvir edirlər: “Yanvarın 20-də səhərə yaxın ordu hissələri və Daxili İşlər Nazirliyinin qoşunları tüfəng və avtomatlarla silahlanmış mitinq iştirakçıları ilə atışmaya başlayaraq şəhərə hücum etdilər...
Televiziya ilə çıxış edən sovet rəhbəri ordunun güc tətbiq etməsinə haqq qazandırdı...”

Bu tarixi biz bilirik. Amma sovet qoşunlarının dinc əhalini qırdığı həmin gecə Amerika siyasətçiləri üçün, görünür, belə təqdim olunub – “tüfəng və avtomatlarla silahlanmış mitinq iştirakçıları...”

Bunu da başa düşmək olar. O vaxt onlara belə məlumat veriblər...
Amma anlaşılmayan başqa şeydir. Sən demə, həmin qanlı yanvar günlərində Birləşmiş Ştatların rəhbərliyində bir narahatlıq da yaşanıb. Təəssüf ki, Bakıda dinc əhalinin qətlə yetirilməsi ilə əlaqədar yox...

“Kremldə xəyanət”dən: “Buş və Beyker çox ciddi narahatlıq keçirirdilər ki, sovet rəhbəri hakimiyyəti çox saxlaya bilməyəcək”.

Deməli, 20 Yanvar qırğınından sonra Birləşmiş Ştatların siyasi elitası sovet rəhbərliyinin belə qırğından sonra duruş gətirəcəyinə inanmayıblar. Amma Qorbaçov duruş gətirib, özü də Amerikanların köməyi ilə...

“Kremldə xəyanət”dən görünür ki, o illərdə ABŞ prezidenti C.Buş və digər rəhbər vəzifəli amerikalılar Qorbaçovun hakimiyyətdən uzaqlaşdırılması perspektivindən çox narahat olublar. Onlar SSRİ-nin dağılmasını səbrsizliklə gözləyiblər, lakin bu prosesin təbii yolla, yavaş-yavaş baş verməsini istəyiblər. Ona görə də Bakıda qan tökülməsinə əhəmiyyət vermədən Qorbaçovu müdafiə etməkdə, onun duruş gətirməsinə yardımçı olmaqda davam ediblər...

Bu da Amerika siyasətidir – anladığımız və bəzən anlaya bilmədiyimiz siyasət...

İkili standart: Pribaltika və Azərbaycan

Təxminən bir il sonra – 1991-ci ilin yanvarında oxşar vəziyyət Vilnüsdə də yaranacaq və orda da qan töküləcəkdi. Amma onda Amerika rəhbərliyi Bakıda olduğu kimi susmayacaqdı. Elə həmin gecə Vilnüsdə qan tökülməsi barədə məlumat Vaşinqtona çatdırılcaq və Dövlət Departamentində, Mərkəzi Kəşfiyyat İdarəsində bu məsələyə dair müzakirələr başlanacaq, prezident Buş bəyanat verəcəkdi.

Ən maraqlısı isə bu olacaqdı: “Çərşənbə axşamı, yanvarın 22-də Skoukroft (Corc Buşun milli təhlükəsizlik üzrə müşaviri –M.H.) Ağ evdəki kabinetində Amerika pribaltlarının kiçik nümayəndə heyətini qəbul etdi. Gözlənildiyi kimi, onlar Vilnüsdə və Riqadakı qanlı hadisələrə ABŞ-ın mülayim rəsmi rəy bildirməsindən dəhşətə gəlmişdilər”.

Bu parça da “Kremldə xəyanət”dən götürülüb.
Deməli, Amerikalılar bu etirazı gözləyirmiş...

Bakıda baş verən qırğına isə, ümumiyətlə, Ağ evdən nə sərt, nə də mülayim münasibət bildirilmişdi. Onda bu susqunluğa etiraz məqsədilə Vaşinqtonda bir qapı da döyülməmişdi. Kim döyəcəkdi o qapıları?

“Kremldə xəyanət”də o da qeyd olunur ki, Bakıda yanvar qırğınından təxminən 4 ay sonra – 1990-cı ilin mayında M.Qorbaçovun ABŞ-a səfəri başlayır. Və Vaşinqtonda SSRİ prezidenti etiraz nümayişi ilə qarşılanır. Etiraz mitinqində qaldırılan plakatlardan : “Qorbaçovu müdafiə edirik”, “Litvadan çıxın”, “Ermənilərə hücumdan əl çəkin”...

Yenə də Azərbaycanı və Azərbaycan adını xatırladan heç nə yoxdur. Müəlliflər isə şüarlara belə şərh verirlər: “Bu ziddiyyətli şüarlar göstərirdi ki, Amerika cəmiyyətində SSRİ-yə münasibətdə bir-birinə zidd qüvvələr var: Qorbaçovun siyasətini müdafiə edənlərlə, Amerika pribaltları və Amerika erməniləri kimi etnik qruplar da var idi ki, onlar sovet liderinə öz əzizlərini sıxışdıran adam kimi baxırdılar...”

O vaxt Amerika cəmiyyətində azərbaycanlıların sıxışdırılmasına görə narahatlıq keçirən qüvvə yox idi...

Buş-Qorbaçov görüşünün təfərrüatlarından bəhs edən müəlliflər bir incəliyə də toxunublar: İmzalanacaq sənədlər içərisində ticarət müqaviləsinin olmadığını görən sovet nümayəndələri narahat olur və bildirilər ki, bu sənəd sovetlər üçün çox vacibdir. Amerika tərəf deyir: “Əgər siz Litvada vəziyyəti dəyişməsəniz bizim belə bir müqaviləni Konqresə təqdim etməyimiz çətin olacaq...”
Azərbaycanda vəziyyəti dəyişməyi Amerikadan kim tələb edə bilərdi?

Azərbaycan üçün qırmızı işıq

1991-ci ilin martında SSRİ-nin saxlanılması məqsədilə referendum keçirilir. “Kremldə xəyanət”də bu barədə deyilir: “Estonya, Latviya, Litva, Moldaviya, Ermənistan və Gürcüstan referendumu boykot etdiklərini bildiriblər”.



Referendum ərəfəsində Moskvaya, M.Qorbaçovla görüçə gələn C.Beyker sovet siyasi elitasının digər nümayəndələri ilə də görüşmək qərarına gəlir. Və Moskvadakı Amerika səfirliyində şam yeməyi təşkil edilir. Görüşə kimlər dəvət edilir? Moskva və Lininqradın merləri – Popov və Sobçak, iqtisadçı Stanislav Şatalin, Gürcüstan lideri Zviad Qamsaxurdia, Qırğıstan və Ermənistanın baş nazirləri və Qazaxstan prezidenti Nursultan Nazarbayev...

Bu tədbirdə də Azərbaycan təmsil olunmur...
Dəvət ediblər, iştirak etməyə cəsarət etməmişik – pis haldır.
Əgər yada salıb dəvət etməyiblərsə – lap pis!

Əvəzində Azərbaycan Amerikanların yadına 1992-ci ilin payızında düşüb. Oktyabrın 24-də ABŞ Konqresi Pribaltika respublikaları istisna olmaqla, - onlar artıq, demək olar ki, SSRİ-dən çıxmışdılar, - SSRİ-nin bütün respublikalarına (Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan) demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan “Azadlığı Müdafiə Aktı”nı qəbul edir. Həmin gün Konqres Azərbaycanı da yaddan çıxarmır. Amma başqa kontekstdə. “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş qəbul olunur və həmin düzəliş Azərbaycana hər hansı iqtisadi yardımı qadağan edir. Ona görə ki, guya Azərbaycan “Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücündən istifadə edir”...

Bir dəlinin 92-ci ildə quyuya atdığı bu daşı uzun illər neçə ağıllı çıxara bilmir...
Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyada təmsil olunduğunu görən oğul Corc Buş 907-ci maddənin fəaliyyətinin müvəqqəti dayandırılmasına razılıq verir. Və 2002-ci ilin yanvarından “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin qüvvəsi dayandırılır...

Madelin Olbrayt nədən narazı idi?

Amerikanın sonrakı prezidentləri olan B.Klintonun və oğul C.Buşun memuarlarında Azərbaycanda baş verən hadisələr xatırlanmır. Dağlıq Qarabağ probleminə də toxunulmur. Amma B.Klintonun vaxtında Dövlət katibi vəzifəsində çalışan Madelin Olbrayt bu məsələlərdən bəhs edib. Xanım Dövlət katibibinin “Madam Secretary – Albrights memoir” kitabından:

“Azərbaycan və Ermənistan qədim torpaqlar, tarixinə və mədəniyyətinə görə fərqlənən qonşulardır. Əsasən xristianların yaşadığı Ermənistan birinci dünya müharibəsi dövründə və ondan əvvəl Türkiyə tərəfindən göstərilən təzyiqin ağrı-acısını unutmur. Azərbaycan əhalisinin əksəriyyəti isə türk mənşəlidir. Əvvəllər Ermənistan ərazisi olmuş Dağlıq Qarabağı Azərbaycanın tərkibinə daxil etmək Stalinin oyunlarından biridir. Soyuq müharibə qurtaran kimi döyüş başlayıb. Ermənilər tezliklə Dağlıq Qarabağa nəzarəti ələ keçiriblər və ora Ermənistandan dəhliz açıblar.

Mən regiona səfərim zamanı vasitəçi kimi səylərimizi Dağlıq Qarabağın statusuna dair qətnamə qəbul olunmasına yönəltməyə çalışdım. Təəssüf ki, bu təşəbbüs mənim hökumətdə olduğum illər ərzində uğur qazanmadı. Hər dəfə biz məsələnin həllinə yaxınlaşanda gah bu, gah da digər tərəf böhrana səbəb olurdu”.

Həqiqətən də xanım Olbrayt Dövlət katibi vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin çözülməsində fəal görünürdü.

ABŞ-ın Azərbaycandakı indiki səfiri Riçard Morninqstar əvvəllər bu ölkənin Avrasiyada enerji məsələləri üzrə xüsüsi nümayəndəsi kimi çalışdığı vaxt jurnalistlərlə söhbətində M.Olbraytın bu sahədə xidmətlərini xatırlatmışdı: “Bizim Dağlıq Qarabağa fikir vermədiyimizi söyləyənlər yüz faiz yanılırlar. Biz buna böyük əhəmiyyət veririk. Bu cür fikirlərdən belə çıxır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Amerikanın günahıdır. Sanki bizim sehirli qüvvəmiz var ki, bu son dərəcə çətin problemdə Azərbaycan və Ermənistanı bir araya gətirə bilək. Xatırlayıram ki, 1990-cı illərdə o zamankı dövlət katibi Madelin Olbrayt prezident Heydər Əliyevlə Robert Koçaryanı bir otaqda 12 saat saxlayaraq onların fikir ayrılıqlarını çözməsinə çalışırdı. Bu məsələ indiki administrasiyada bir çoxlarını məşğul saxlayır. Lakin problemin asan həlli yoxdur. Ümid edirəm ki, bu münaqişə yaxın gələcəkdə həll oluna biləcək”.

Cənab Morninqstar səfir də oldu, amma bu münaqişə hələ də həll edilməyib. Amerikanın da daxil olduğu Minsk qrupunun həmsədrləri uzun illərdir ki, səyahətdədir. Nəticə isə yoxdur. Və belə çıxır ki, olmayacaq. Çünki Z.Bzejinski demişdi ki, “mən bu sahədə bir az optimist olsam da, yaxın zamanlarda hər hansı böyük irəliləyiş gözləmirəm”.

Təəssüf ki, Bzejinski yenə də haqlıdır...

Bu sözləri Bzejinski 2010-cu ilin payızında demişdi və təəssüf ki, məşhur politoloqun bu proqnozu da həmişəki kimi həqiqət oldu...
Səbəbi isə çox sadədir...
Amerika Birləşmiş Ştatlarında... erməni lobbisi güclüdür.
Bizim məntiqimizə görə bu, gülünc arqumentdir.
Amma təəssüf ki, bizim məntiqimiz heç də həmişə reallığı əks etdirmir. Amerikada başqa cür düşünürlər.

Mən Vaşinqtonda olanda Zbiqnev Bzejinski erməni lobbisinin ABŞ-ın siyasətinə güclü təsir etdiyini gizlətməmişdi...
Orta Şərq Siyasəti Şurasının eksperti, politoloq Mark Kətz isə o vaxt bu həqiqəti səmimi etiraf etmişdi: “Azərbaycan üçün ürək açmayan məqam kimi onu göstərmək olar ki, Amerikada çox böyük erməni diasporu var. Azərbaycanlılar isə burada o qədər də çox deyillər. Bütün bunlar Amerikanın və Amerikanların Qafqazla bağlı fikirlərinə təsir edən məqamlardır”.

1999-cu il yanvarın 9-da ulu öndər Heydər Əliyev ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissinceri qəbul edir və jurnalistlərlə görüşdə Dövlət katibinə belə bir sual ünvanlanır: Amerika niyə Ermənistana Azərbaycandan beş-altı dəfə çox yardım edir?
Kissencerin cavabı: “Bu, çox yaxşı sualdır və cavabı da sadədir. Cavab da ondan ibarətdir ki, Birləşmiş Ştatlardakı ermənilərin sayı azərbaycanlıların sayından daha artıqdır və onların konqresə təsir göstərmək gücü daha çoxdur”.

Və bir də…

Yenə də Vaşinqtondakı tanınmış politoloqlarla bir neçə il əvvəlki söhbətləri xatırlayıram. Onda həmin politoloqlardan biri demişdi: “Mən sizə müsahibə verməyə hazıram, bir şərtlə ki, siz məndən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir cümləsini istəməyəsinz”.

Sonra da yavaşca əlavə eləmişdi ki, “hələ mənim görüləsi işlərim, layihələrim var. Bu işlərdə özümə problem yaratmaq istəmirəm”.
Bu da Amerika...

Müsəllim Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti