`Domsovet`in 20 illik tikintisində gizlənən müəmmalar – Araşdırma+Arxiv sənədləri

`Domsovet`in 20 illik tikintisində gizlənən müəmmalar – Araşdırma+Arxiv sənədləri
  15 Fevral 2017    Oxunub:39033
Müsəllim Həsənov
AzVision.az üçün

Bakının mərkəzində yerləşən məşhur Hökumət evinin qapı və pəncərələrini qırmızı rəngdə təsəvvür edirsinizmi? Belə bir dövr olub.
Sovet hökumətinin süqutundan az qala 30 il keçməsinə baxmayaraq, bu binaya niyə çox adam indi də “Domsovet” deyir? Səbəbi var.


Hökumət evinin tikintisi ilə əlaqədar müəmmalara arxiv sənədləri əsasında aydınlıq gətirmək istəyirik. O sənədlər əsasında ki, uzun illər üzərində məlum və məşhur bir tabu olub...

Tamamilə məxfi

Hətta Hökumət evinin tikintisinə başlamaq barədə qəbul edilmiş qərar da məhz belə bir qrif altında saxlanılıb:

Tamamilə məxfi
Protokol № 3
11 fevral 1932-ci il.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi bürosunun iclası

…6. Bakı şəhərində Hökumət evinin tikilməsi haqqında
Bakı şəhərində Hökumət evinin tikilməsi ilə əlaqədar əsas məsələlərin işlənməsi üçün xüsusi komissiyanın təsdiq eüdilməsinə dair Xalq Komissarları Şurasının təklifi bəyənilsin.

Komissiyanın qərarı Mərkəzi Komitənin təsdiqinə verilsin.


Bu qərar qəbul edilir, xüsusi komissiya yaradılır və ay yarım sonra Xalq Komissarları Şurası Hökumət evinin layihələşdirilməsi üzərində işə başlayır. Burada yerləşdirilməsi nəzərdə tutulan komissarlıqlardan əməkdaşların ümumi sayı və lazım olan iş otaqlarının sahəsi barədə məlumat təqdim olunması xahiş edilir.



Bəs Hökumət evi Bakının harasında tikilə bilər?

Bu sualın cavabı da xüsusi müzakirəyə çıxarılır. 1932-ci ilin 7 sentyabrında keçirilən müzakirələr zamanı ən münasib ərazi kimi iki ünvan göstərilir: Pyotr meydanı və “Azlestrest”in (yəqin Azərbaycan dilində adı “Azərbaycan meşəçilik tresti” olub) mebel fabrikinin yerləşdiyi meydan.

“Azlestrest”in mebel fabrikinin yerləşdiyi meydan” deyəndə o vaxtkı Bakının hansı ərazisinin nəzərdə tutulduğunu söyləmək çətindir. Amma digər ünvan – Pyotr meydanı indiki İstiqlal muzeyinin (keçmiş Lenin muzeyi) yerləşdiyi ərazi olub.

Hələ çar Rusiyası dövründən I Pyotrun şərəfinə “Petrovskaya ploşad” adlanan bu meydanın adı ötən əsrin 50-ci illərinə qədər dəyişdiriməyib. O vaxta qədər Bakıda bütün təntənəli parad və nümayişlər burada – “Petrov meydanı”nda keçirilib.



Komissiyanın qərarında ikinci bənd kimi Hökumət evində yerləşdiriləcək idarə və nazirliklərin adı da sadalanır: Xalq Komissarları Şurası, Dövlət Plan Komitəsi, Torpaq Komissarlığı, Maarif Komissarlığı və s. Cəmi 8 təşkilat.

Və daha bir mühüm bənd: “Hökumət evinin tikintisi Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Texniki şöbəsinə həvalə edilsin. Şöbə on gün müddətində Hökumət evinin tikintisi üçün müsabiqə layihəsini komissiyaya təqdim etsin”.

Dövlət Siyasi İdarəsi 30-cu illərdə sonralar “KQB” adlanacaq nazirliyin funksiyasını yerinə yetirirdi. Deməli, Hökumət evinin tikintisi barədə qərarın “Tamamilə məxfi” sözləri ilə qriflənməsi təsadüfi deyilmiş...

Amma uzun müzakirələrdən sonra Hökumət evi üçün təklif edilən hər iki ünvandan imtina edilir və binanı indiki yerində tikmək qərara alınır.

1933-cü ilin dekabrında Xalq Komissarları Şurasının qərarı ilə tikintinin maliyyə məsələsi də həll edilir: “Aznefttorq”a təklif edilsin ki, 1933-cü ildə əldə olunmuş gəlirlərdən 2 milyon rubl ayırıb Hökumət evinin fonduna köçürsün.

Hökumət evi yox, Sovetlər Sarayı

1934-cü il mayın 8-də Xalq Komissarları Şurası binanın tikintisi ilə əlaqədar daha bir qərar qəbul edir: “Respublika hökumət orqanlarının səmərəli yerləşdirilməsi məqsədilə və respublika qurultaylarının keçirilməsi üçün müvafiq zalları olan hökumət evinin - “Sovetlər Sarayı”nın tikilməsi məqsədəuyğun sayılsın”.



Həmin qərarla “Sovetlər Sarayı”nın tikintisinə rəhbərlik etmək üçün hökumət komissiyası yaradılır. Qeyd olunur ki, komissiyanın qərarları bütün idarə və müəssisələr üçün hökumət tapşırığı kimi məcburi hesab edilir.
Bu, yeni tikintiyə dövlətin nə qədər ciddi əhəmiyyət verdiyinin göstəricisidir.

Bundan başqa “Sovetlər Sarayı” və onun ətrafının layihələşdirilməsinə SSRİ-nin ən böyük mütəxəssislərini cəlb etməklə ümumittifaq müsabiqəsinin elan olunması” tapşırılır. Tikinti işlərinin 1935-ci ildə başlanılması və onun 1937-ci ilin əvvəllərində başa çatdırılması da qərara alınır.

Görünür, bu gün də işlədilən “Domsovet” sözü məhz həmin qərardan sonra beyinlərə hopub. “Dvorets sovetov”, “Dom sovetov” kimi...
Bəs niyə Hökumət evi yox, “Sovetlər Sarayı” ?

Məsələ burasındadır ki, ilk vaxtlar, sadəcə, nazirlik və hökumət idarələrinin yerləşdirilməsi nəzərdə tutulan bina təyinatı üzrə Hökumət evi adlanırdı. Lakin artıq 30-cu illərin ortalarında fikir dəyişir. Respublika əhəmiyyətli iri siyasi tədbirlərin – qurultay, sessiya və toplantıların da gələcəkdə bu binada keçirilməsi qərara alınır. Tanınmış memar Elbəy Qasımzadənin sözlərinə görə, bu məqsədlə indiki Hökumət evinin həyətində böyük iclas zalının tikilməsi də nəzərdə tutulurmuş...

Bütövlükdə binanın əzəmətli olmasına isə xüsusi diqqət ayrılır. Elbəy Qasımzadənin qənaətinə görə, bu, Stalinin tələbi idi! “Dahi rəhbər”in fikrincə, sovet dövründə yaradılan memarlıq abidələri SSRİ-nin əzəmətini nümayiş etdirməli idi. 30-cu illərdə artıq Moskvada SSRİ Ali Sovetinin sessiyalarını keçirmək üçün belə bir sarayın tikintisi başlanmışdı. Maraqlıdır ki, həmin bina da “Dvorets Sovetov” adlanırdı. Binanın hündürlüyü 420 metr nəzərdə tutulmuşdu. Məqsəd dünyanın ən hündür (381 metr) binası olan 103 mərtəbəli “Empire State Building”dən hündür bina tikmək idi.
Doğrudur, bu binanın özülü qoyulsa da, sonralar müharibənin başlaması ilə əlaqədar planlar dəyişib və bu ideya reallaşmayıb. Amma həmin 30-cu illərdə monumental arxitekturaya xüsusi diqqət yetirilib...



Başıbəlalı layihə

Tikintinin layihələndirilməsi üzrə elan olunan müsabiqədə Azərbaycan, Gürcüstan və Rusiya memarları iştirak edir. Əsəmət və monumentallıqla yanaşı, milli memarlıq ənənələrinə diqqət yetirilməsi də müsabiqənin əsas şərtlərindən idi.

Müsabiqəyə təqdim olunan layihələrdə hər qrup öz fərdi yaradıcılıq potensialını ortaya qoyur, hər memar öz şəxsi baxışını əks etdirir. Məsələn, Elbəy Qasımzadənin dediyinə görə, bakılı memar Konstantin Sençixin müsabiqəyə təqdim etdiyi layihədə klassik Avropa üslubuna üstünlük vermişdi. Milli elementlər olmadığı üçün layihə heç müsabiqəyə buraxılmamışdı. Digər layihələrdə isə Azərbaycan milli memarlıq ənənələrindən bu və ya digər dərəcədə istifadə edilmişdi...

Beləliklə, müsabiqə başa çatır və əslən Leninqraddan olan memarlar - Lev Rudnev və Vladimir Muntsun hazırladıqları layihə qalib elan olunur. Deyilənə görə, münsiflər heyəti bu layihəni bəyənsə də, “yerli milli memarlıq formalarının azlığı” irad kimi bildirilir. Lakin sonralar tikintinin uzanması və maliyyə problemləri ilə əlaqədar üzərində müəyyən dəyişikliklər edilən layihə milli memarlıq elementləri ilə zənginləşdirilir.

Layihənin ilkin variantında bu bina 2 min nəfərlik iclas zalı da daxil olmaqla çoxsaylı adi xidmət otaqlarından ibarət ictimai-inzibati bina kimi nəzərdə tutulurdu. Sonralar iclas zalı maliyyə çatışmazlığı səbəbindən layihədən çıxarılır, bina isə özünün ictimai əhəmiyyətini bir qədər itirir.

Nəhayət, 1935-ci ilin mayında Xalq Komissarları Şurası qərara alır ki, “Sovetlər Sarayı”nın özülü avqustun 15-də qoyulsun və bu, Azərbaycanın sovetləşməsinin 15-cü ildönümünə həsr edilsin”. Həmin ilin dekabrında isə tikintinin, yəni yeni binanın adı da dəyişdirilir. Bu barədə Xalq Komissarları Şurası yeni qərar qəbul edir: “...Bakı şəhərində “Sovetlər Sarayının tikintisi” sözləri “Azərbaycan SSR-in Hökumət evi” sözləri ilə əvəz edilsin”.
Bununla da yeni tikilən bina indiki adını alır.

Tikinti xərcləri azaldılsın!

1935-ci il dekabrın 14-də ölkə rəbəri İosif Stalin tikinti məsələlərinə həsr edilmiş müşavirə keçirir. Müşavirə haqqında qəzetlərdə dərc olunan hesabatın adını oxumaq kifayətdir: “Tikintinin ucuzlaçdırılması – 1936-cı ilə dair tikinti proqramının əsas həlqəsidir”.
Bu, artıq “partiya tapşırığı” idi – tikintilər ucuz başa gəlməli idi...



Tikinti işlərinə sovet dövlətinin bu münasibəti nəinki 1936-cı il, həm də 1937-ci il üçün proqrama çevrilir və Azərbaycanda Hökumət evinin tikintisinə də tətbiq olunur. 1937-ci il dekabrın 23-də məsələ Azərbaycan SSR Xalq Komissarları Şurası sədrinin yanında müzakirə olunur. Həmin müşavirənin stenoqrafik hesabatı Dövlət Arxivində saxlanılır.

Bu sənəddən görünür ki, tikinti işlərini 12 milyon rubla başa çatdırmağın mümkünsüzlüyünü anlayan mütəxəssislər binanın hündürlüyünü 3 mərtəbə azaltmağı təklif edir. Bu halda binanın memarlıq forması və proporsiyası pozulsa belə...

Müzakirədən fraqmentlər:

Dövlət Plan Komitəsi Tikinti bölməsinin baş mühəndisi Moroxovets: “Hündürlüyü 60 metr olan bu bina monumental binadır. Əgər siz onun hündürlüyünü azaltsanız, onda bina epoxal görünüşünü itirəcək. Əgər gələcəkdə istəsəniz ki, əlavə mərtəbələr artırasınız, bu da çox baha başa gələcək”.

Baş mühəndis təklif edir ki, binanın xarici görünüşünə toxunulmasın, içəridə görülən işlərdə qənaət edilsin. Məsələn, döşəmə parket yox, adi taxta olsun, qapılar bahalı ağacdan yox, adi şam ağacından hazırlansın və s. Müəyyən vaxtdan sonra bunları dəyişmək mümkündür.

O, layihə xərclərinin birdən-birə 35 milyon rubldan 12 milyon rubla endirilməsinə etiraz edir: “12 milyon rubl utopik rəqəmdir... Bizim qarşımızda vəzifə qoyulub ki, bina tikək, amma bu binanı 12 milyona necə tikmək barədə heç yerdə bir kəlmə yazılmır... Nə hündürlüyü üç mərtəbə endirmək, nə də altı mərtəbə azaltmaq kömək edəcək. Kifir bir bina alınacaq...”



Baş mühəndis bildirir ki, layihə müəlliflərini çağırıb demək lazımdır ki, layihədə dəyişiklik etsinlər. Lakin o, bunun da çıxış yolu olmadığını xatırladır: “Əgər 12 milyon söhbəti qüvvədə qalırsa, professor Rudnevi çağırıb soruşmaq lazımdır ki, binanın 12 milyona başa gəlməsi üçün nə edə bilər. Mən əminəm, o deyəcək ki, bina üçün başqa meydan tapmaq lazımdır, çünki bu meydan kiçik bina üçün çox böyükdür”.

Müzakirələrdə başqa təkliflər də səslənir. İclasa sədrlik edən Dövlət Plan Komitəsinin sədr müavini İslamzadə xatırlatmalı olur: “Bağırov yoldaş 12 milyon rəqəmi əsasında konkret praktik təkliflər verməyi tələb edir”.

Buna baxmayaraq, gərgin müzkakirələrdən sonra qərara alınır ki, Moskvada SSRİ Nazirlər Sovetinin sədri Molotovla danışıqlar aparılsın ki, tikintiyə ayrılan vəsaitin artırılmasına kömək etsin.

Məlumat üçün bildirək ki, müzakirələrin getdiyi 1937-ci ildə Hökumət evinin hələ cəmi 2 mərtəbəsi tikilmiş və ya ümumi işlərin cəmi 16 faizi yerinə yetirilmişdi...

Bu binanın tikintisində işləyən alman hərbi əsirləri Mircəfər Bağırova nədən şikayət etmişdilər?
Alman dəqiqliyi məsələsi...
Və daha hansı müəmmalar...

(Ardı BURADA )



Teqlər:  





Xəbər lenti