Harvardda Xərçəng ovu: Azərbaycanlı gənc alimin böyük hədəfi var – MÜSAHİBƏ

Harvardda Xərçəng ovu: Azərbaycanlı gənc alimin böyük hədəfi var – MÜSAHİBƏ
  09 Mart 2017    Oxunub:20281
Ayaz Nəcəfov “Harvard Medical School”da araşdırmalar aparan azərbaycanlı bioloqdur. Bakı şəhərində anadan olub, 33 yaşı var. Hazırda xərçəng hüceyrələrinin yeni kəşf edilmiş ölüm mexanizmlərı üzərində araşdırmalar aparır. Məqsədi xərçəng hüceyrələrinin kimyəvi terapiyalara qarşı müqavimət mexanizmlərini başa düşmək və buna molekulyar çarələr tapmaqdır.

-Atam ixtisasca molekulyar genetik, anam isə bioloqdur. İki kiçik qardaş və bacıdan ibarət nənə-babalı bir mühitdə böyümüşəm. Onların müdrikliyi mənə çox təsir edib. Uşaqlığımdan atamın laboratoriyasında oynayaraq və evdə biologiya elmi üzrə olan çoxlu kitablardan ilham alaraq, atam kimi molekulyar biologiya ilə məşğul olmağa qərar vermişəm.

-Təhsiliniz barədə məlumat verin. Hansı universitetləri bitirmisiniz, kimlərdən təhsil almısınız? Sizə kimlər dəstək olub?

- 20 saylı məktəbdən sonra Baki Özəl Türk Liseyində təhsil almışam. Liseydəki biologiya müəllimlərim məni bu elmə həvəsləndirib və olimpiadalarda iştirak etməyimə kömək göstəriblər. Əvvəlcə rayon, ölkə, sonra da dünya biologiya olimpiadalarında qızıl və bürünc medallar qazandım. Bu olimpiadalara hazırlıq universitet illərim üçün möhkəm fundament oldu. Təhsilimi İstanbul şəhərindəki Boğaziçi Universitetinin Molekulyar Biologiya və Genetika fakultəsində davam etdirdim.

- Necə oldu ki, Amerikaya getdiniz, hazırda orada hansı işlərlə məşğulsunuz?

- Doktoranturadan sonrakı postdok adlı araşdırma mərhələsini dünyanin ən yaxşi universitetlərində davam etdirmək lazim idi. Harvard və buradakı laboratoriyalar seçimi məntiqli gəldi. Hazırda xərçəng hüceyrələrinin yeni kəşf edilmiş ölüm mexanizmləri üzərində araşdırmalar aparıram.



- Azərbaycana tez-tezmi gəlirsiniz?

- İstədiyim qədər tez-tez gələ bilmirəm. Təxminən 2-3 ildən bir gələ bilirəm.

- Elmi fəaliyyətinizlə bağlı danışın...

- Doktoranturamı Birləşmiş Krallığın “Medical Research Council”un Şotlandiyadakı “University of Dundee” bölümündə bitirmişəm. Burada biokimya və hüceyrə biologiyası sahələrində çalışmalarımı Prof. Dario Alessinin laboratoriyasında aparmışam. Xərçəng hüceyrələrinin çoxalması üçün vacib olan molekulyar mexanizmləri və onların kimyəvi vasitələrlə dayandırılması yollarını araşdırmışam.

(Müsahibimizin elmi məqalələrini BURADAN oxuya bilərsiniz)

Doktoranturadan sonrakı postdok çalışmalarımı Birləşmiş Ştatların Boston şəhərindəki “Harvard Medical School”dakı, Prof. Junying Yuanın laboratoriyasında 4 ildir ki, davam etdirirəm. Xərçəng hüceyrələrinin yeni kəşf edilmiş ölüm mexanizmlərı üzərində araşdırmalar aparırıq. Məqsədimiz, xərçəng hüceyrələrinin kimyəvi terapiyalara qarşı müqavimət mexanizmlərını başa düşmək və buna molekulyar çarələr tapmaqdır.

(Müsahibimizin yazdığı KİTAB)

- Sizin sahə üzrə Azərbaycanda vəziyyət necədir?

- Azərbaycanda uzun müddətdir yaşamadığım üçün buradakı təhsil sistemilə bağlı çox məlumatlı deyiləm. Lakin, ölkəmizdən çıxan elmi məqalələrin sayının və keyfiyyətinin artımını görmək çox gözəl olardı. Hazırda kimyaçılarımız bioloqlarımızdan daha məhsuldar görünürlər. Buradakı problemlərdən biri biologiya araşdırmalarına kimyadan daha cox sərmayənin lazım olmasıdır. Digəri isə “beyin axını”dır. Bunu azaltmaq üçün institutlarin açılması və inkişaf etdirilməsi ölkənin gələcəyinə çox böyük təsir göstərər.



- Yaxşı mütəxəssis olmaq üçün xarici ölkədə təhsil almaq mütləqdirmi?

- Bu, şərt deyil. Amma xaricdən savad, təlim və təcrübə axınına hər ölkənin daim ehtiyacı var.

- Gələcək planlarınız, hədəfiniz nədir?

- Bundan sonrakı planım “Assistant Professor” (dosent) mərhələsinə qalxmaq və öz laboratoriyamı açmaqdır. Bunun üçün də yüksək təsirli elmi kəşflər etməli və keyfiyyətli məqalələr yazmalıyam.

- Cəmiyyətdə böyük mübahisələrə səbəb olan Təkamül Təlimini necə xarakterizə edərdiniz?

- Təkamülü sadəcə bir elmi nəzəriyyə kimi təqdim etdikdən sonra problem yoxdur. Elmdə bir çox isbat edilməmiş nəzəriyyələr var. Əsas odur ki, isbatı və ya təkzibi heç bir şey dəyişdirməyəcək nəzəriyyədən ötrü inancımızı, vaxtımızı, dostlarımızı, özümüzü itirməyək. Hər şeydə olduğu kimi, elmdə də nəzəriyyəyə inanmaq və ya inanmamaq olar. Bu, hər kəsin öz işidir.

- Fəaliyyət göstərdiyiniz mühitdə Azərbaycana qarşı münasibət necədir?

-Azərbaycanı tanıyan az insan var. Amma Amerikada onsuz da orta hesabla coğrafiya təhsili çox güclü deyil. “Eurovision”, “Formula-1” və digər təbirlər daha cox tanınmağımıza səbəb olub. Tanıyanlar arasında isə münasibət yaxşıdır.

- Gənclərə nə deyərdiniz?

-Gündəlik fəaliyyət olaraq, diqqətlə və analitik mütaliəni sevmək lazımdır. Məqsədimiz mükəmməllik olmalıdır. Azərbaycanın və azərbaycanlıların potensialı düşündüyümüzdən daha yüksəkdir. Daim hərəkət etməliyik. Başlamaq işin yarısıdır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: #Elm   #Müsahibə   #Biologiya  





Xəbər lenti