Pambıqçılığın görünməyən xeyri – Təhlil

Pambıqçılığın görünməyən xeyri – Təhlil
  03 Aprel 2017    Oxunub:5898
Dövlət başçımız tərəfindən bugünlərdə ölkədə pambıqçılığın inkişafına dair Saatlıda keçirilən respublika müşavirəsindən sonra aqrar sektorun tərəqqisində bilavasitə bu sahənin də prioritet seçilməsinə “ağız büzənlər” üçün bir növ təkrar müzakirə mövzusu yaranıb. “Pambıqçılıq yaxşı gəlir mənbəyi deyil və kəndlidə bu sahəyə maraq yaratmaq olduqca çətindir” deyənlər, indi də müşavirədə bu il 270 min ton həcmində məhsul əldə olunacağı haqda proqnozu sual altına alırlar.

Bəs, əslində vəziyyət necədir?

Bəllidir ki, bu, ikinci respublika müşavirəsi idi. Əvvəlki Sabirabadda keçirilmişdi. Prezident İlham Əliyev müşavirədə bildirdi ki, 2015-ci il bizim müasir tariximizdə pambıqçılıqda demək olar, ən pis il olmuşdu və 18 min hektardan cəmi 35 min ton pambıq tədarük etmişdik. Bu əslində, nə deməkdir?

Məsələ ondadır ki, keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində ölkəmizdə 800-900 min ton pambıq tədarük olunub. 2015-ci ildə isə il bu rəqəm, təkrar edirəm, güc-bəla ilə 35 min ton təşkil etdi. Nəyə görə? Çünki bu sahə sonrakı illərdə diqqətdən kənar qaldı: əkin sahələri azaldı, kəndlilər pambıqçılıqdan uzaqlaşdı... Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə strukturda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə isə 22 faiz təşkil edirdisə, 2015-də il cəmi 1,2 faiz olub. Ona görə də həmin ildə cəmi 35 min məhsul götürmək mümkün oldu.

Keçən ilsə bu sahəyə diqqət bərpa olundu. Dövlət başçısı da qeyd etmişkən, 2016-cı ildə qısa müddət ərzində, - hərçənd, bir qədər vaxt itirilsə də, - bütün güclər səfərbər edildi və böyük dönüş yaradıldı. Belə ki, texnikalar alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Və nəticədə 51 min hektar sahədə pambıq əkildi ki, 90 min tona yaxın məhsul götürüldü. 2015-ci illə müqayisədə 3 dəfə çox...

Bu, nəyi göstərir?! Təbii ki, qarşıya konkret məqsəd qoyulanda, hər şeyə nail olmaq mümkündür.



Rəqəmlərə diqqət yetirsək, 2015-ci ildə cəmi 18 min 700 hektar sahə əkilmişdisə, keçən il 52 min hektar, bu il isə 138 min hektar sahəyə pambıq toxumu səpiləcəyi deyilir ki, bu da az qala, 3 dəfəyə çox sahədə deməkdir. Əlbəttə ki, 2016-cı ildə 2015-dəki ilə müqayisədə 3 dəfə çox – 90 min tona yaxın məhsul götürülmüşdürsə, bu il 140 min hektara yaxın sahədən 270 min ton məhsul əldə ediləcəyi real plan görünür. Hesab edirəm ki, məhsuldarlığı artırmaq burada əsas şərtlərdən birini təşkil etməlidir və edəcək də.

Məsələyə “qulp qoşanların” ikinci arqumentləri isə ondan ibarətdir ki, ümumiyyətlə, pambıq istehsalını artırmağa və bu qədər sahədə genişləndirməyə dəymir...

Birincisi, pambıq elə bir növ kənd təsərrüfatı məhsuludur ki, onun üçün bazar axtarmağa qətiyyən ehtiyac yoxdur. Əvvəlki şərhlərimdə və açıqlamalarımda da qeyd etmişəm ki, artıq, xeyli müddətdir iqtisadiyyatımızda prioritet sahələr sırasında sənaye ilə kənd təsərrüfatı birinci hesab olunur. Kənd təsərrüfatında isə bilavasitə keçmiş ənənələri bərpa etmək tələb olunur. Buraya pambıqçılıq, tütünçülük, baramaçılıq və sair daxildir. Çünki, adlarını çəkdiyim kənd təsərrüfatı məhsulları üzrə düşüb, “qapı-qapı" bazar axtarmağa heç bir ehtiyac yoxdur. Bunlar hamısı ixracyönümlü məhsullardır. Prezident də çıxışında bildirdi ki, pambığın və mahlıcın satışı üçün bazarlar aramaq lazım gəlmir və bu, olduqca böyük üstünlük sayılır.

İkincisi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Təkcə bir faktı qeyd edim ki, hər hektarda orta hesabla minimum 1-2 nəfər çalışsa, pambıqçılığın bərpası və inkişafı sayəsində istər-istəməz ən azı məşğulluq artacaq. Keçən il bu işə 10 minlərlə insan cəlb edildi. Bu il daha çox olacaq. Nəzərə alsaq ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora aid ərazilərdə məskunlaşıb, əlavə izahata ehtiyac qalmır.

Və ən nəhayət, bəli, düzdür ki, istər pambıqçılıq olsun, istərsə də ayrı kənd təsərrüfatı məhsulu, sahibkara diqtə etmək olmaz, ona şərait yaratmaq lazımdır. Belə ki, sahibkar özü məqsədəuyğun bildiyi işlə məşğul olmalıdır. Məsələ isə ondadır ki, hazırda dövlət özü, bu sahəni diqqətə götürüb. Belə ki, dövlət başçısı hələ keçən il qeyd etdi ki, pambıqçılığın inkişafını bundan sonra biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də, çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır.

Lakin dövlət və hökumət tənzimləyici orqandır. O, yalnız dəstək göstərə bilər və göstərir də. Bu, müxtəlif istiqamətlərdə həyata keçirilir. Güzəştli kreditlər verilir, müvafiq qiymət siyasəti yürüdülür, stimullaşdırıcı tədbirlər həyata keçirilir və sair. Pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərclənib. Bu il də keçən il olduğu kimi Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Kompleks tədbirlər görülür. Ölkəyə minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn idxal edilmişdi, bu il isə 200-dən çox müasir kombayn sifariş edildiyi deyilir.



Yeri gəlmişkən, 2016-cı ildən birinci növ pambığın bir tonu üzrə satınalma qiyməti 500 manat, ikinci növ üzrə 470 manat, üçüncü növ üzrə 440 manat, dördüncü üzrə isə 400 manat edilib. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 410 manat, 390 manat, 370 və 350 manat idi.

Dünya bazarlarında 1 ton pambıq lifinin qiyməti təqribən 1500-1600 ABŞ dollarından yuxarı təşkil edir. Dövlət sahibkara pul da verir, yol da açır. Sözügedən sahədə dünya bazarlarındakı qiymətlərlə bağlı tədarükçü şirkətlər ilə emal müəssisələri daha çox gəlir götürəcəklər. Odur ki, gəlirlərin bölüşdürülməsində istehsalçı, emalçı və dövlət əlaqələri - münasibətləri düzgün təşkil olunması vacibdir.

Sözün qısası, işlər əgər düzgün qurularsa, pambıqçılığın görünməyən xeyiri əslində, daha çoxdur. Hesab edirəm ki, tezliklə bilavasitə bunun şahidi ola biləcəyik.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Pambıqçılıq   #İqtisadiyyat   #Təhlil  





Xəbər lenti