Neftin qiyməti 50 dollardan aşağı enəcəkmi? - TƏHLİL

Neftin qiyməti 50 dollardan aşağı enəcəkmi? - TƏHLİL
  04 Aprel 2017    Oxunub:2834
Neftin dünya bazar qiymətlərinə təzyiqlər yenə getdikcə artır. Bir müddətdir, qiymətlər sabitləşmiş vəziyyətdə idi. Buna səbəb isə, keçən ilin noyabrın 30-u tarixdə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən Vyana görüşündə hasilatı azaltmaq haqda qərarın qəbul edilməsi olmuşdu.

Belə ki, təşkilata daxil ölkələr gündəlik hasilatı bu ilin yanvarın 1-dən etibarən, 6 ay müddətinədək 1,2 milyon barel, yəni 32,5 milyon barelədək azaltmaq haqda qərar qəbul etdilər. Bu da kartel üzrə 2008-ci ildən bəri, ilk belə yekdil qərar oldu. Yəni, düz, nə az və nə çox – 8 ildən sonra...

Təşkilatın ən nəhəng hasilatçı ölkəsi olan Səudiyyə Ərəbistanı bu zaman daha çox - sutkada hətta, 486 min barel həcmində azaltmaq haqda öhdəlik götürməyə də razılaşdı ki, bu da başadüşülən idi. Belə ki, Ər-Riyad neftin dünya bazar qiymətlərinin 2014-cü ilin iyun ayından sonra nəhayət, sabitləşməsində əslində, daha çox maraqlı sayılırdı.

Xatırladım ki, OPEC-in sözügedən qərarına karteldən kənar ölkələr də qoşuldular. Onlar da sutkada ümumən təqribən 600 min barel həcmində, o cümlədən, Rusiya da 300 min barel civarında olmaqla hasilatı azaltmaq qərarına gəldilər.

Vyana görüşündə bu cür qərar qəbul olunmasa idi, neft bu ilin əvvəlində 30 ABŞ dolları və bəlkə bundan da aşağı səviyyədə idi. Odur ki, bazarda dərhal sabitləşmə elementləri görünməyə başladı. Ancaq məsələ bunda idi ki, mövzuya dair açıqlamalarımızda və təhlillərimizdə də izah etdiyimiz kimi, bunda elə Amerika özü də maraqlı idi. Yəni, qiymətin sabitləşməsi məsələsində ABŞ özü də təsir göstərirdi...

O səbəbdən ki, ABŞ-da şist sənayesi tam iflas olmuş və oturmuş vəziyyətdə idi. Üstəlik, Amerikanın mərkəzi bankı FES baza faiz dərəcəsini artırmağa hazırlaşırdı ki, söhbət, sözügedən qurumun 2016-cı ilin dekabr və bu ilin mart iclaslarından gedirdi. Xatırladım ki, hər ikisində faiz dərəcəsi artırıldı... Bu isə dolları bahalaşdıracağından neftin qiymətinin ucuzlaşmasına əlavə dəstək demək olacaq idi.

Odur ki, sözün qısası, OPEC-in hətta Vyanada məlum qərarı qəbul edəcəyi haqda söhbət ortaya çıxan gündən belə neftin 1 barelinin qiyməti 50 dolların üstünə çıxdı.

Hazırda isə başqa bir problem ortaya çıxıb. Qiymətlərin artması 4-5 ay deyil ki, artıq ABŞ-da şist sənayesi dirçəlib. Yəni, sözügedən ölkədə işlək quyuların sayı az qala gündən-günə, başqa sözlə desəm, hər həftə artır. Artıq, 11-ci həftədir eyni tendensiya müşahidə edilir.

Odur ki, bazarlara artıq həcmdə neft çıxarılmaqdadır. Belə ki, bir tərəfdən OPEC və onun tərəfdaşları bazarlardan artıq neft həcmini azaltmaq yolunu tutublar, digər tərəfdənsə ABŞ-da şist hasilatının dirçəlməsi ilə əlaqədar, bazara günü-gündən əlavə həcmdə neft çıxarılması nəticəsində yaranan kəsir bərpa olunmaqdadır.

Neft bazarı üzrə ekspertlər də qeyd edirlər ki, ümumiyyətlə, Amerikada həm yeni işlək neft quyularının sayının günü-gündən artması ilə bağlı, həm də fəaliyyəti bu və ya digər səbəbdən müvəqqəti olaraq dayandırılmış quyular da işə düşdüyü təqdirdə, bazara ABŞ tərəfindən əlavə olaraq gündə 300 min barel məhsul çıxarıla bilər ki, bu da qiymətlərin bahalaşması prosesini istər-istəməz dayandırmaqla nəticələnəcək.

Yeri gəlmişkən, Azərbaycan OPEC-ə üzv deyil. Lakin keçən ilin dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə sırasında ölkəmiz də ümumi hasilatın sutkada 600 min barel azaldılması haqda sazişə imza atıb. Odur ki, həmin sazişə uyğun olaraq bu ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına hesabat təqdim edilib. Hesabatdakı məlumata əsasən, cari ilin mart ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 733,3 min barel olub ki, bunun 693,3 min barelini xam neft, 40,0 min barelini kondensat təşkil edib. Gündəlik 596,0 min barel xam neft, 40,0 min barrel kondensat, 23,0 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə də, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 600 min barel azaltmaq haqda razılaşması çərçivəsində Azərbaycan da hasilatı sutkada 35 min barrel endirməklə bağlı öhdəliyini yerinə yetirib.

Sual yaranır ki, bəs, qiymətlər yenidən 50 dolların altına düşə bilərmi?

Məsələ bundadır ki, OPEC-in rəhbərliyi xam neft ehtiyatlarının guya azalmağa başladığını və hasilatın azaldılması qərarının bazarı tarazlaşdırdığını deyib. Məlumdur ki, strateji neft ehtiyatlarının həcminə görə ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və İspaniya ilk beşlikdə gedirlər. Bunlardan təkcə birincidə, yəni Amerikada ehtiyatların həcmi bazara ən operativ səviyyədə təsir göstərmək iqtidarındadır. Üstəgəl, ABŞ-da hazır xammal şəklində neft ehtiyatlarının azalması özü də, dəyişkən bir prosesdir.

Digər bir məsələ isə Liviya ilə bağlıdır. Belə ki, orada hasilatın vəziyyəti bərpası bazara dərhal təsir göstərir. Çünki Liviya neft üzrə ən zəngin təbii ehtiyatlara malik Afrika ölkəsidir. Və bu ölkə OPEC-in sazişindən azad sayılır.

Ona görə də çıxış yolu yalnız, iki seçimdən birinə qalır. Ya Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC ölkələri və o cümlədən ona daxil olmayan neft hasilatçıları iyun ayında Vyana razılaşmasını dayandırmaqla onun vaxtını uzatmalı deyillər. Və yaxud da ki, sözügedən razılaşmanın 6 ay vaxtı tamam olduqdan sonra müddət yenə uzadılmaqla bazarda təklifin azaldılması prosesi davam etdirilməlidir.

Birinci əlverişli deyil, ona görə ki, Amerikada şist hasilatının genişlənməsi qarşısını almaq üçün neftin dünya bazar qiymətləri gərək, 30 dolların altına düşsün və uzun müddət həmin səviyyədə qalsın. O zaman da iri neft hasilatçısı olan ölkələr ABŞ ilə müqasidə lap, çox itirməli olacaqlar. Həm iqtisadi, həm də siyasi...

İkincisi isə müqayisədə daha məqsədəuyğundu o mənada ki, OPEC-in keçən ilin noyabrın 30-dakı Vyana qərarı bazarlarda hər halda artıq neft təklifi həcmini əməlli-başlı azaldıb.

Odur ki, sözügedən qərarın müddəti uzadılırsa, bu, qiymətlərin əlverişli səviyyədə qalması ilə nətəcələnəcək və ABŞ-da şist sənayesi nə qədər inkişaf etməkdə olsa da belə, qiymətlər 50 dolların altına düşməyəcək. Heç olmasa, cari ilin axırınadək. Bu isə, bütün neft hasilatçısı olan ölkələr üçün hazırda olduqca, vacib məqamdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Neft   #Proqnoz   #Təhlil   #İqtisadiyyat  





Xəbər lenti