Suriyanın vurulması nəyə yol aça bilər? – TƏHLİL

Suriyanın vurulması nəyə yol  aça bilər? – TƏHLİL
  04 Sentyabr 2013    Oxunub:2185
Getdikcə bəlli olur ki, Suriyanın vurulması perspektivi elə də uzaqda deyil, ona günlər qalır. Əgər fors-major nəsə baş verməsə, bu, qaçılmazdır. Baxın, əslində bir ölkəyə hava zərbəsi endirilməsinin özü fors-major sayılmalı olduğu halda, biz deyirik ki, “fors-major nəsə baş verməsə, Suriya vurulacaq”. Nə edək, indiki reallıq belədir.

Düzdür, Çin və Rusiya kimi iki böyük dövlət buna qarşı çıxır. Fəqət Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyəndə ki, ölkəsi Suriyaya görə kiminləsə savaşmaq fikrində deyil, bəlli olur ki, edilən xəbərdarlıq boşunadır. Yəni Suriyanın vurulması yolverilməz yox, yolveriləndir.

İndi dünyada hamı oturub Amerikanın Suriyanı necə vuracağını gözləyir. Hələ ötən həftənin əvvəlində Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Çak Heyql BBC agentliyinə verdiyi müsahibədə amerikalı hərbçilərin Suriyaya müdaxiləyə hazır olduğunu və yalnız prezident Barak Obamanın əmrini gözlədiklərini bildirmişdi. Bu bəyanatdan sonra Birləşmiş Ştatlar Aralıq dənizinin Suriya sahillərində öz hərbi iştirakını gücləndirməyə başlayıb. Hazırda burada göyərtəsində yüzlərlə raket olan 4 amerika hərbi gəmisi var. Rəsmi Dəməşq isə hava hücumundan müdafiə sistemini tam hazır vəziyyətə gətirib.

Əzələ nümayişi ilə yanaşı Vaşinqton və onun müttəfiqləri hərbi müdaxilənin beynəlxalq hüquq çərçivələrində rəsmiləşdirilməsi istiqamətində də cəhdlər edirlər. Rəsmi Londonun BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müzakirəsinə çıxardığı və hərbi müdaxiləni nəzərdə tutan Qətnamə yenə də Moskva və Pekin tərəfindən rədd edilib. Yeri gəlmişkən, bu, artıq üçüncü dəfədir ki, Rusiya və Çin rəsmi Dəməşqə qarşı hərbi sanksiyalara qadağa qoyurlar.

Lakin, Vaşinqton və onun müttəfiqləri bu müstəvidə Moskva və Pekinlə ortaq məxrəcə gəlmək üçün müzakirələri davam etdirəcəklərini vurğulayırlar. Fransa prezidenti Fransua Olland isə bunsuz da hərbi müdaxilənin olacağını bildirib.

Amma ABŞ-ın özündə keçirilən sorğular göstərir ki, əhalinin 60%-dən çoxu bunun əleyhinədir. Nyu-Yorkda isə hətta etiraz aksiyaları da keçirilib. Digər tərəfədən respublikaçı konqressmenlər bunun əleyhinə çıxırlar. Hərbi müdaxilədə israr edən Böyük Britaniyanın baş naziri Devid Kemeronun təklifləri öz növbəsində ölkə parlamentində çoxluğun dəstəyini almayıb. Almaniya və İtaliya kimi nüfuzlu dövlətlər də daxil olmaqla NATO blokunun 12 üzvü belə bir addıma qarşı çıxıb. Dinc əhaliyə qarşı kimyəvi silahın Suriya hökumətinin tətbiq etdiyini şübhə altına almayan NATO-nun Baş Katibi Rasmussen isə istənilən halda Şimali Atlantika alyansının hərbi əməliyyatylarda iştirak etməyəcəyini vurğulayıb.

Maraqlıdır ki, ötən həftə Amerika ordusunun baş qərargah rəisi Martin Dempsi belə bir fikir səsləndirmişdi: Bəşər Əsəd kimi ona qarşı çıxan qüvvələr də hazırda Amerikanın marağına tam cavab verən siyasət yeritmək fikrinda olmadıqlarından, ölkəsi qarşıduran tərəflərdən hansısa birinə həlledici üstünlük qazanması üçün dəstək verməyəcək. Yəni Suriyaya hərbi müdaxilə olmayacaq. Amma olmaq üzrədir axı! Bəs nə baş verdi? Doğrudanmı, buna səbəb avqustun 21-də Dəməşqin yaxınlığında kimyəvi silahdan istifadə olunmasıdır? Və doğrudanmı bunu Bəşər Əsəd rejimi edib? Edibsə, niyə edib?

Bəlkə qarşıduran tərəflərdən hansı birisə artıq Amerikanın maraqlarına tam cavab verən siyasət yeritməyə başlayıb? Xeyr. Paradoksal səslənəcək, elə məhz dəyişmədiyinə görə də, Amerika Suriyanı havadan vurmaq qərarına gəlib. Söhbət burada genişmiqyaslı əməliyyatdan yox, Bəşər Əsəd rejiminin yetərincə zəiflədilməsinə yönəlmiş hava zərbələrindən gedir. Belədə savaş bir az da uzanacaq. Amerikanın maraqlarına cavab verməyən qüvvələrdən heç biri qarşıdakını tam əzib sıradan çıxarmaq gücündə olmayacaq. Amma bir-birlərini qarşılıqlı zəiflədəcək, ölkələrini isə daha da xarabazarlığa çevirəcəklər. Bu isə sonda yəqin Suriyanın parçalanmasına aparıb çıxaracaq.

Açığını deyək ki, region ölkələrini də ən çox narahat edən Bəşər Əsədin devrilməsi yox, Suriyanın parçalanmasıdır. Çünki Suriyanın parçalanması bölgə üçün böyük gesosiyasi sarsıntılar vəd edir. Və belə görünür ki, bu, sadəcə, Yaxın Şərqin deyil, ona yaxın bölgələrin də xəritəsinin dəyişməsinə aparıb çıxaracaq. Türkiyə sadəcə hava zərbələri endirməklə kifayətlənməyib, Əsəd rejimi üzərində həlledici qələbə qazanılanadək əməliyyatı davam etdirməyə səsləyir. Əks təqdirdə Suriyanın parçalanmasının qaçılmaz olacağını və bunun doğuracağı təhlükəni rəsmi Ankara da yaxşı anlayır. Onu da yaxşı anlayır ki, payızda dünya kürdləri İraq Kürdüstanına elə belə toplaşmırlar və bu təkcə onların öz təşəbbüsləri deyil.

Sahil İsgəndərov


Teqlər:





Xəbər lenti