Allahsızlığın Azərbaycana gəlişi – ARAŞDIRMA, FOTOLAR

  11 Sentyabr 2013    Oxunub : 7628
Allahsızlığın Azərbaycana gəlişi – ARAŞDIRMA, FOTOLAR
Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmində Mirpaşanın məscidə it bağlaması səhnəsindən sonra Bəxtiyarla olan dialoqu yəqin ki, xatırlayırsınız.
Bəxtiyarın məntiqinə görə: Əhali savadlandıqca məscidlər tədricən özləri bağlanacaq, mollalar və axundlar isə öz-özünə tarix səhnəsindən silinəcəklər.
Mirpaşanın məntiqinə görə: Mollalar da, axundlar da yeni qurulan cəmiyyətin qatı düşmənləridir. Onların hamısını fiziki cəhətdən məhv etmək, məscidləri isə dağıtmaq lazımdır.


Sovet hakimiyyətinin ilk 10 ili bu iki məntiq arasında gedən kəskin mübarizə ilə yadda qaldı. Sonunda isə birincilər - bəxtiyarlar, ikincilərə - mirpaşalara məğlub oldu. Azərbaycan tarixinə nəzər salsaq, burada birincilər nərimanovlar, ikincilər isə bağırovlar idi.

Azərbaycan Sovet hakimiyyətinin ilk illərində hökumət orqanları, xüsusilə də hökumətin başçısı Nəriman Nərimanov dindarların hüquqlarının pozulmasına qarşı çıxır, dinə loyal münasibət göstərməyə çağırırdı. Nərimanovun dinə bu münasibəti Azərbaycan hökumətinin 1920-ci ilin mayında qəbul etdiyi dekretdə də öz əksini tapmışdı.

N.Nərimanov, B.Talıblı, S.Ağamalıoğlu və başqaları mətbuatda xüsusi məqalələrlə çıxış edərək, dindarların dini hisslərinin hər hansı formada təhqir olunmasını tənqid edir, mövhumatçılıqla mübarizədə özünü doğrultmayan tələsikliyə, məcburiyyətə yol verməməyi məsləhət görürdülər. Hökumət dini bayram günlərində - “Qurban bayramı”, “Orucluq bayramı”, katolik və yəhudi pasxa günlərində, “Blaqoveşşeniye” günlərində müxtəlif dinə mənsub adamları işdən azad edirdi. Novruz bayramı günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilirdi.

1922-ci ilin martında Rusiya K(b)P MK-ya məktubunda K. V. Çiçerin N.Nərimanovun 1918-ci ilin dekabrında Həştərxanda kilsənin dövlətdən ayrılması haqqında dekretin nəşri ilə əlaqədar dindarlara müraciətini dindar müsəlmanlara taktiki yanaşma nümunəsi kimi səciyyələndirmişdi. Çiçerin Leninə məktubunda yazmışdı: “Nərimanov... Şərqdə təşviqatçılara olduqca qiymətli göstərişlər vermişdi... Onun mollalar qarşısındakı nitqi müsəlman camaatına nəzakətlə yanaşmağın nümunəsidir”.

Ancaq bu proses uzun sürmədi. 1922-ci ildə Rusiyada din əleyhinə başlayan proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Bu illərdə Moskvada “Allahsız” (“Безбожник”) adlı qəzet nəşr olunmağa başladı. Qısa müddət ərzində qəzetin geniş oxucu və müxbir şəbəkəsi formalaşdı. Qəzetin yaradılmasının təşəbbüskarı və baş redaktoru Yemelyan Yaroslavskiydi (Yemelyan Yaroslavski Miney İzrailoviç Qubelmanın inqilabçı təxəllüsü idi -müəllif). 1923-cü il sentyabrın 12-də Moskva şəhərində Din Əleyhinə Komissiyanın növbəti iclasında “kənddə din əleyhinə təbliğatın formaları və üsulları” məsələsi müzakirə olunarkən Yaroslavski “mübariz allahsızlar” dərnəklərinin təşkili ideyasını irəli sürdü. Həmin ilin oktyabr ayının 7-də isə bu təklif “Allahsız” qəzetində rəsmi olaraq elan edildi.

Hakimiyyət bu ideyanı dəstəklədi və 1924-cü il avqust ayının 27-də Moskva şəhərində “Allahsız” qəzetinin Dostları Cəmiyyətinin birinci təsis yığıncağı çağırıldı. Yuxarıların dəstəyi ilə Cəmiyyət hər tərəfli inkişaf edib böyüdü.

Bundan ruhlanan Yaroslavski 1924-cü ilin noyabrında partiyanın Mərkəzi Komitəsinə yazılı müraciət göndərdi və bu müraciətdə din əleyhinə mübarizə aparacaq tam yetkin bir təşkilatın yaradılması üçün qərar layihəsini təqdim etdi. Mərkəzi Komitə bu ideyanı da dəstəklədi və 1925-ci ilin aprelində “Allahsız” qəzetinin Dostları Cəmiyyətinin I qurultayında “Allahsızlar İttifaqı” adlanan vahid təşkilatın yaradılması qərara alındı.

İttifaqın əsas şüarları “Allahsızlıqdan Kommunizmə” və “Dinlə mübarizə sosializm uğrunda mübarizədir” idi. Elə həmin ildən başlayaraq SSRİ Allahsizlar İttifaqının Mərkəzi Şurasının orqanı olan “Din əleyhdarı” (“Антирелигиозник”) aylıq elmi-metodiki jurnal çap olunmağa başladı.

1924-cü ilin yanvarında Azərbaycan K(b)P Siyasi Bürosu "Din əleyhinə komissiya" yaratdı. 1925-ci ildən isə Azərbaycanda da “Allahsızlar İttifaqı”nın özəkləri yaradılmağa başladı. Ancaq burada işlər Rusiyadakı kimi geniş miqyas ala bilmirdi. Belə vəziyyət isə nə Moskvanı, nə də Respublika rəhbərliyini qane eləmirdi.
1928-ci ilin oktyabrında Azərbaycan K(b)P Bakı Şəhər Komitəsi plenumunda MK katibi Y. Qasımov çıxış edərək demişdi: «Bakı ruhaniləri o qədər həyasızlaşmışlar ki, internatı olan ruhani məktəbi açmağa cürət etmişlər».

Bundan sonra ibadət tikililərinin dindarlardan alınması üzrə irimiqyaslı kampaniya başlandı. 1928-ci ilin dekabrında AK(b)P MK Rəyasət heyətinin iclasında «Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş məscidlər haqqında» məsələyə baxıldı, bir sıra məscidlərin mədəni-maarif müəssisələri kimi kəndlilərə verilməsi bəyənildi. Müxtəlif idarələrə «...məscidlərdən «minbərləri» və kilsələrdən «xaçları» çıxarmaq, ağartmaq və içərinin hissə-hissə təchizatına başlamaq» üçün əmr verildi. Bütün İttifaqda olduğu kimi, Azərbaycanda da məscid, kilsə və sinaqoqların kütləvi bağlanmasına, din xadimlərinin təqib olunmasına başlandı. Quran zərərli bir kitab kimi qadağan edildi. Azərbaycan qəzalarında elə bir məscid qalmadı ki, ya dağıdılmasın, ya da anbara, kluba, kitabxanaya çevrilməsin. Təkcə 1929-cu ildə Azərbaycan qəzalarında 120 məscid binası zəbt edilib məktəb üçün istifadəyə verilmişdi.

Kollektivləşmə bolşeviklər üçün bütövlükdə din əleyhinə mübarizənin gücləndirilməsi kimi başa düşülürdü. 1929-cu ilin fevralında bütün partiya təşkilatlarına ÜK(b)P MK katibi L. Kaqanoviçin imzasıyla “Din əleyhinə mübarizə işlərinin gücləndirilməsi tədbirləri haqqında” adlı tam məxfi sirkulyar göndərildi. Artıq dinlə mübarizə sinfi-siyasi mübarizəyə bərabərləşdirilirdi. Daha dəqiq ifadə eləməli olsaq bu din üzərinə hücumun yeni mərhələsinin başlanğıcı idi.

1929-cu il aprelin 8-də SSRİ hökumətinin “Dini təşkilatlar haqqında” fərmanından dərhal sonra Azərbaycan K(b)P 1929-cu il aprel plenumunda dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni müzakirə etdi. Plenumun qərarında deyilirdi: “Allahsızlar İttifaqının işi gücləndirilsin. Azərbaycan dilində din əleyhinə müntəzəm işi qaydaya salmaq və genişləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyətçi, kolxozçu, komsomolçu və başqalarından ibarət cəmiyyət özəkləri təşkil etmək lazımdır”.

Plenumun qərarında “Molla Nəsrəddin” jurnalı haqqında xüsusi danışılırdı. “Allahsizlar İttifaqı”nın Azərbaycan dilində ayrıca nəşrinin olmamasını nəzərə alaraq, əhali arasında populyar olan “Molla Nəsrəddin” jurnalının adını dəyişdirib “Allahsız” adıyla İttifaqın orqanına çevirmək nəzərdə tutulurdu. Qərarda deyilirdi:” “Molla Nəsrəddin” jurnalı din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil edilsin...” “...Molla Nəsrəddin” jurnalı din əlyehinə və məişət xarakterli jurnal kimi yenidən qurulsun”.

Əslində bu təklif o zaman Azərbaycanda “Allahsızlar İttifaqı”nın sədri olan İ.Dubinskinin təkidi ilə qəbul olunmuşdu. Dubinskinin məqsədinin arxasında isə daha çox onun Mirzə Cəlilə və “Molla Nəsrəddin” jurnalına qarşı şəxsi ədavəti dayanırdı.

Bundan təxminən bir il əvvəl - 1928 ildə “Molla Nəsrəddin” jurnalında “Tiryək” adlı bir felyeton dərc olunmuşdu. Felyetonda yazılanlar Respublikanın “Baş Allahsızı”nı çox qəzəbləndirmişdi: “Mübahisə məclislərinin birində məlun Allahsızlar cəmiyyətinin nümayəndəsi Dubinskidən mən bir “bicəngə” söz eşitdim: “Tiryək”. Həmin natiq sözünü o yerə gətirıb çıxardı ki, dünyada cəmi dinlər bir tiryəkə oxşayır...”.

Respublika partiya təşkilatındakı bəzi rəhbər işçilər də “Molla Nəsrəddin”in “Allahsızlar ittifaqı” haqqındakı satirik tənqidlərini, MK-yə məktublarını bəyənmədiklərinə görə Dubinskiyə havadarlıq edirdilər.
1929-cu ilin noyabrında “Kommunist” qəzetində “Molla Nəsrəddin” məcmuəsini islah etməli!” sərlövhəli kəskin müzakirələr başladı.
Müzakirələrin əsas mövzusu Dubinskinin fikirləri ilə üst-üstə düşürdü: Jurnal Allahsızlar İttifaqının orqanı olsun, dili dəyişdirilsin, onun ətrafına proletar yazıçılar cəlb olunsun...

1930-cu ilin fevralında Mirzə Cəlil bu məsələylə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə ərizə ilə müraciət etdi: “Ötən illər ərzində jurnal müxtəlif təqiblərə məruz qalıb: 1906-cı ildə çar hökumətinin qərarı ilə bağlanıb, 1921-ci ildə Təbrizdə şah hakimiyyəti tərəfindən 1-ci nömrəsi müsadirə olunub, özüm barədə Nəcəf ruhaniləri fitva veriblər... Bütün bunları nəzərə almaqla katiblikdən xahiş edirəm ki, Allahsızlığın təbliğatı üçün xüsusi orqan yaratmaqla mənə məcmuənin 25 illiyi tamam olunca “Molla Nəsrəddin”in nəşrini davam etdirməyə icazə verəsiniz”.

Nəticədə Dubinski və onun havadarları öz məqsədlərinə çatdılar. Mirzə Cəlil ağır xəstələndi və jurnalın nəşrini dayandırmalı oldu. Nəhayət ki, 1931-ci ildən “Molla Nəsrəddin” əvəzinə “Allahsız” junalını çıxarmağa başladılar.

Ancaq “Allahsız” jurnalı dizayn və məzmun cəhətdən çox solğun nəşr edilirdi və ateist sovet insanının tərbiyəsi, sosialist birgəyaşayış prinsiplərini təbliğ etdiyindən “Molla Nəsrəddin” ənənələrini yaşada bilməzdi. Ona görə də 1931-1933-cü illər ərzində nəşr olunan jurnal əhali arasında populyarlıq qazana bilmədi.

(Ardı burada)
(Şəkillərin davamı növbəti yazıda)




Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Foto


Teqlər: