Yeni əsrin təhdidi: “Hibrid müharibə” nədir – TƏHLİL

  10 Oktyabr 2017    Oxunub : 1782
Yeni əsrin təhdidi: “Hibrid müharibə” nədir – TƏHLİL

Müharibələrin tarixi elə bəşəriyyət qədər qədim olsa da, XXI əsrdə ona bir çox yeni çalarlar əlavə olunub. Buna əsas səbəb elm və texnologiyaların sürətli inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin bir çox sahələr kimi hərb sənətinə də sirayət etməsidir. İnformasiya texnologiyaları əsrində aparılan müharibələr həm də informasiya məkanını əhatə edir. Məhz virtual müharibələr yeni terminin – “hibrid müharibə” anlayışının meydana gəlməsinə səbəb olub.

Son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən gərgin hadisələr, xüsusilə Ukrayna və Suriya ətrafında yaranmış böhranla əlaqədar “hibrid müharibə” terminologiyası siyasətçilərin nitqlərində, konseptual sənədlərdə öz əksini tapıb. Beynəlxalq siyasətdə qarşıdurmanın iki əsas güc mərkəzi - həm Qərb, xüsusilə, ABŞ, həm də Rusiya Federasiyası milli təhlükəsizliyə dair sənədlərdə artıq bu termindən rəsmi surətdə istifadə edirlər. Məsələn, Rusiya Federasiyasının 2014-cü il dekabrın 26-da qəbul olunan yeni hərbi doktrinasında bu ölkəyə qarşı aparılan və ya aparıla biləcək hibrid müharibəsi əsas təhdidlərdən biri kimi göstərilib.

Hibrid müharibəsi taktikası nəzəriyyələrini Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı 2013-cü ildən etibarən daha fəal şəkildə araşdırmağa başlayıb. Baş Qərargahın rəisi Valeri Gerasimov müasir müharibələrin aparılması üsullarını təsvir edib. Bəzi rusiyalı alimlərin fikrincə, hazırda Rusiyaya qarşı aparılan hibrid müharibə iqtisadi, informasiya, mənəvi sahələrə nüfuz etməkdədir. Qərbin apardığı hibrid müharibə tərəflərin informasiya-psixoloji qarşıdurması olmaqla, informasiya məkanında başlayır, daha sonra ictimai rəyə psixoloji təsir göstərməklə davam edir. Bunun ardınca siyasi aksiyalar, xaos, “rəngli” inqilablar baş verir. Əgər bütün bunlar nəticə vermirsə, o halda Ukraynada olduğu kimi özündə hibrid müharibəsinin əlamətlərini ehtiva edən vətəndaş müharibəsi başlayır.

Analitiklər gələcək müharibələrin məhz hibrid müharibə olacağını proqnozlaşdırırlar. ABŞ hərbi texnoloqları xüsusilə, İraq və Əfqanıstan ərazisində bəzi dövlətlərin və terror təşkilatlarının koalisiya üzvlərinə qarşı latent (gizli) texnologiyalardan istifadə etməklə hibrid müharibə aparmasından narahatlıqlarını ifadə ediblər. Məhz bu məqsədlə, ABŞ öz yurisdiksayasına daxil olan Quam adaları və Puerto-Rikoda yerli və federal hüquq-mühafizə orqanları üçün terrorçu və qiyamçı qruplaşmalara qarşı təlimlər həyata keçirir.

ABŞ Dəniz Piyadalarının keçmiş zabiti, hazırda isə Pentaqonun elmi əməkdaşı Frenk Hofman “hibrid müharibə” anlayışını siyasi məqsədlərə nail olmaq üçün düşmənin bir anda silahların mürəkkəb kombinasiyası, partizan müharibəsi, terrorçuluq və döyüş meydanında cinayətkar davranışları əhatə edən fəaliyyətinin məcmusu kimi təsvir edir. Hibrid müharibəsi konsepsiyasının əsas müəlliflərindən olan F.Hofmanın fikrincə, bu müharibədə qalib gəlmək üçün ordu, KİV, qurban ölkənin QHT-lərindən istifadə etmək, lazım gələrsə, cinayətkar dəstələrin rəhbərlərini ələ almaq siyasi qətllər və terror aktları da törətmək də olar.



ABŞ Müdafiə Departamentinin strateji planlaşdırma sənədlərində ölkənin üzləşdiyi qeyri-dövlət və dövlətlər tərəfindən dəstəklənən subyektlərin Amerikanın milli təhlükəsizliyinə qarşı yaratdıqları əsas təhdidlər kimi bunlar göstərilir: kompüter şəbəkələri və peyk hücumları, yer-hava tipli raketlər, informasiya və mediya vasitəsilə manipulyasiya, kimyəvi, bioloji, radioaktiv, nüvə və yüksək dərəcəli partlama dərəcəsinə malik olan maddələr. ABŞ Konqresi bununla əlaqədar Baş Hesablama Ofisinə müraciət edərək, hibrid müharibə anlayışının Müdafiə Departamenti tərəfindən nə dərəcədə düzgün təsnif olunduğunu, bu növ müharibənin digərlərindən nə ilə fərqləndiyini aydınlaşdırmağı tələb edib.

Lakin qeyd etmək yerinə düşərdi ki, Müdafiə Departamenti ayrı-ayrı sənədlərdə “hibrid müharibə” terminindən istifadə etsə də, bu anlayışı öz doktrinasına daxil etməyib. ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı ənənəvi anlayışların əməliyyat şəraitini əks etdirmək üçün qənaətbəxş olmasını əsas gətirərək, hibrid müharibə terminindən istifadə etmir.

Hibrid müharibəsi adi, kiçik və kibermüharibəni birləşdirən hərb strategiyadır. Habelə, “hibrid müharibəsi” termini Qərbdə CBRN adlandırılan nüvə, bioloji və kimyəvi silah növləri, eləcə də əldəqayırma partlayıcı maddələr və informasiya müharibəsi vasitəsilə edilən hücumu ifadə etmək üçün də işlədilir. Münaqişələrə belə yanaşma müharibənin güclü və mürəkkəb növünə aid edilir.

Qərb mütəxəssislərindən ABŞ Dəniz Piyadaları Korpusunun zabiti Bill Nemettin fikrincə, bu, “müasir texnologiyaları və yeni səfərbərlik metodlarını birləşdirən partizan müharibəsinin müasir növüdür”.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Neytan Frayer hibrid müharibəsinin özündə ehtiva etdiyi təhdidləri bu qaydada müəyyənləşdirib: 1) ənənəvi; 2) qeyri-standart; 3) fəlakət həddində olan terrorçuluq; 4) və hərbi qüvvə baxımından üstünlüyə qarşı durmaq üçün texnologiyaların istifadə olunduğu dağıdıcı müharibələr.

ABŞ ordusunun polkovniki Cek Mak Kuen hibrid müharibəsini asimmetrik müharibədə əsas metod kimi qəbul edir. Onun fikrincə, bu cür müharibə 3 növ döyüş meydanında – münaqişə zonasının əhalisi, arxa cəbhənin əhalisi və beynəlxalq ictimaiyyət arasında aparıla bilər.

“Təsadüfi partizan” kitabının müəllifi Devid Kilkallen isə qeyd edir ki, hibrid müharibə - müasir münaqişələrin ifadə olunması üçün işlədilən ən yaxşı tərifdir. Onun fikrincə, bu termin partizan və vətəndaş müharibələrinin birləşməsini, habelə qiyam və terrorçuluğu özündə ehtiva edir.

ABŞ Hərbi-Dəniz Qüvvələri katibinin müavini Robert Orton Vork isə iddia edir ki, düşmən qoşunları mülki əhali arasında gizlənən “hibrid hərbi qulluqçular”dan istifadə edə bilər.
Rusiya üzrə mütəxəssis Keyr Cayls iddia edir ki, hibrid müharibə konsepsiyası yeni deyil. Caylsın fikrincə, onun yalnız bəzi aspektləri- məsələn, kiberhücumlar və sosial mediya formaca yeni ola bilər.

BBC-nin diplomatik məsələlər üzrə şərhçisi C.Markus isə hesab edir ki, Avropa siyasətçiləri Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi hərbi əməliyyat formalarının gələcəkdə öz ölkələrinə qarşı istifadə oluna biləcəyindən ehtiyat edirlər. Həmin siyasətçilər hərbi əməliyyatların bu yeni növünü hibrid müharibəsi adlandırırlar. Onların anlayışında hibrid müharibəsi öz iştirakını təkzib etməklə açıq və gizli hərbi tədbirlərin, habelə, təxribatların məcmusudur.



Hibrid müharibəsinə ən parlaq nümunələrdən biri 2006-cı ildə Hizbullahın Livanda apardığı müharibə zamanı fəaliyyətidir. Həmin münaqişə zamanı Hizbullah İsrail ordusunun hücumlarını gizli mövqelərdən və yeraltı tunellərdən istifadə etməklə dəf edə bilmişdi. Məhz bu metoddan istifadə nəticəsində İsrail Müdafiə Ordusu Hizbullah mövqelərinə iki həftə davam edən hücumlar zamanı Livan-İsrail sərhədboyu məntəqələrin heç birini ələ keçirə bilməmişdi. Qeyd etmək yerinə düşərdi ki, Vyetnam müharibəsi zamanı ABŞ ordusuna qarşı müharibə aparan Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi də bu taktikadan geniş istifadə etmişdi.

ABŞ-ın hibrid müharibə strategiyası işləyib-hazırlamasından əlavə, həm də ondan dünyanın bir sıra ölkələrinə qarşı istifadə etməsi faktı dünyanın bir sıra analitiklərinin başlıca müzakirə mövzularından biridir. Belə ki, Qərb təhlilçilərinin fikrincə, Meksika və Kolumbiyada Vaşinqtondan asılı hökumətləri daimi gərginlikdə saxlamaq üçün ABŞ narkokartellərdən istifadə edir. Liviya və Suriyada isə ABŞ eyni məqsədlə terror qruplarını himayə edir. Gürcüstan və Ukraynada “rəngli” inqilabların həyata keçirilməsi üçün diplomatiya, QHT və informasiya resurslarından istifadə edib. Hazırda eyni ssenarinin Ermənistanda tətbiq olunmasına hazırlıq gedir.

Ukrayna hadisələri fonunda yaranmış Rusiya – Qərb qarşıdurmasında tərəflər biri digərini ona qarşı hibrid müharibəsi aparmaqda ittiham edirlər. Hibrid müharibəsinin əsas ön cəbhəsi kimi isə informasiya müharibəsi göstərilir. Qərb hərbi-siyasi dairələri xüsusilə, Krımın ilhaq edilməsindən sonra Rusiyanı hibrid müharibəsi taktikası həyata keçirməkdə ittiham etməyə başlamışlar.

Rusiyapərəst analitiklər Rusiyaya qarşı hibrid müharibəsi aparılmasını əslində ABŞ-ın öz geosiyasi rəqibini zəiflətmək üçün bir vasitə hesab edirlər. Bununla da, ABŞ Soyuq müharibə dövrünün reallıqlarından birdəfəlik uzaqlaşmaq, beynəlxalq münasibətlər sisteminin birqütblü olmasını, dünyanın vahid güc mərkəzindən idarə edildiyini isbat etməyə çalışır. Lakin ən əsas məqsəd Rusiyanın Böyük Avrasiya (Avropa-Rusiya-Asiya) layihəsinə sədd çəkmək, Ukraynanı həmin planda mümükün körpü rolunu oynamaqdan məhrum etməkdir. Bu ölkənin parçalanması və zəifləməsi Rusiyanı gələcəkdə Ukrayna kimi güclü müttəfiqin ərazisini əldə etməyə imkan verməmək məqsədi daşıyır. Hələ 150 il əvvəl Rusiya imperiyasının parçalamaq üçün “Ukrayna Rusiya deyil”! devizi altında başlayan hərəkat bu gün başqa formada, hibrid müharibəsi metodları və strategiyası ilə davam edir.

Bəzi analitiklər hesab edirlər ki, hibrid müharibəsi konsepsiyası yeni deyil və NATO-ya qarşı Rusiya tərəfindən yeni, böyük təhlükə kimi səciyyələndirməklə, əslində problemin real mahiyyəti təhlükəli dərəcədə şişirdilmiş olur. Rusiya hazırda öz güclülüyündən deyil, zəifliyindən çıxış edir.

Lakin bir zamanlar sovet blokuna və Varşava Paktına daxil olmuş Polşa, habelə, Baltikyanı respublikalar Moskvanın istənilən yolla məqsədinə nail olmağa hazır olduğunu bildikləri üçün daha çox təşviş içərisindədirlər. Onlar V.Putinin Ukraynaya qarşı apardığı hibrid müharibəsinin nə vaxtsa onlara qarşı da yönələ biləcəyindən olduqca narahatdırlar.



Praktiki nöqteyi-nəzərdən NATO Rusiyanın Ukraynaya qarşı bu müharibəsinə məhdud, lakin vaxtında cavab verə bilib. Belə ki, Alyans ölkələri təcili olaraq Baltikyanı ölkələrin hava məkanının qorunmasının gücləndirib, Şərqi Avropada hərbi təlimlər başlanılıb. Məsələn, Britaniya tankları Polşadakı manevrlərdə iştirak ediblər. 2013-cü ilin aprel ayında sonuncu ABŞ tankı Almaniyanı tərk etsə də, 2014-cü ilin yanvar ayında onlar yenidən bu ölkəyə qayıdıblar. ABŞ-ın Avropadakı Qüvvələrinin Komandanlığı bəyan edib ki, onların bir hissəsi Şərqi Avropada yerləşdiriləcək.

Rusiyanın hibrid müharibə aparmasına cavab olaraq NATO habelə, çevik qüvvələrin yaradılması tədbirləri paketi - “Fəaliyyət hazırlığı planı” hazırlayıb. Prosesin cari ilin ortalarınadək yekunlaşdırılması nəzərdə tutulur. NATO ölkələri Ukraynanın müdafiə qabiliyyətinin artırılması üçün müəyyən işlər həyata keçirməkdədir. Lakin Ukraynanın birnaşa silahlandırılması məsələsinə daha ehtiyatala yanaşır. Təcrübəli qərb diplomatlarının bir qismi isə belə hesab edir ki, Rusiyanın bütün bu məsələlərə yanaşmasının mahiyyətində NATO-nun güclü tərəflərini – Alyans üzvləri arasında həmrəylik və qarşılıqlı anlaşmanı zərbə altına qoymaq planı dayanır. Onlar Putinin apardığı hibrid müharibəsinin təhlükəli mahiyyətini bunda görürlər. Moskva eyni zamanda, ciddi cavab tədbirlərindən yayınmaq üçün öz addımlarını diqqətlə götür-qoy edir. NATO isə getdikcə ciddiləşən təhlükələrə adekvat cavab verməyə çalışır.

Bu günlərdə Britaniya mətbuatı Rusiyanın Qərbə qarşı uğurlu hibrid müharibəsi apardığını, Qərbin isə aciz olduğunu iddia edir. Güman edilir ki, yaxın zamanlarda Moskva bir neçə Avropa ölkəsində xaos yaratmaqla öz nüfuzunu daha da artıra bilər. NATO Sovet İttifaqının mövcud olduğu zamanlardakı qarşıdurmaya hazırlaşsa da, Rusiya daha müdrik addım ataraq siyasətçilərlə dil tapmağa üstünlük verir. Məsələn, əgər Rusiya Aralıq dənizində baza əldə etmək üçün Kiprə hücum etsəydi, NATO üzvləri təşkilat nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq təcavüzkara qarşı hərbi əməliyyatlara başlayardı. Lakin Moskva Kiprə 2,5 milyard avro məbləğində səhm verməklə Rusiya gəmilərinin yerləşdirilməsinə dair razılıq əldə etdi.

İngiltərə mətbuatı eyni zamanda, yaxın vaxtlarda Rusiyanın təhriki ilə Baltikyanı respublikalarda, xüsusilə Latviyada iğtişaşların başlamasını mümkün hesab edir. Belə ki, ölkədə Moskvadan maliyyə dəstəyi alan və yaxşı təşkilatlanmış rusdilli əhalinin sıxışdırıldıqlarını bəhanə edərək Rusiyadan yardım istəməsi mümkün görünür. Rusiyadan enerji asılılığında olan Avropanın isə hadisələrin bu məcrada inkişafına hazır olmadığı bildirlir.

Bütün bu sadalananlar fonunda ümid etmək olar ki, qarşılıqlı iqtisadi və enerji maraqları geosiyasi və hərbi qarşıdurmadan daha üstün mövqedə olacaq və Qərblə Rusiya arasında hazırda qızğın şəkildə aparılan hibrid müharibəsinin səngiməsinə gətirib çıxaracaq.

Nəzakət Məmmədova
AzVision.az üçün

Teqlər: #Hərb   #Hibrid-Müharibə