Niyə Bərzani məsud olmadı – TƏHLİL

  01 Noyabr 2017    Oxunub : 8513
Niyə Bərzani məsud olmadı – TƏHLİL

Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Bərzaninin istefası “Qordi düyünü”nə çevrilmiş kürd məsələsinin həlli olmasa da, problemin həllində dönüş yarada bilər. Əslində Bərzani 2015-ci ildən bu yana həmin vəzifəni qeyri-legitim olaraq tuturdu.O, 2005-ci ildən 2013-cü ilədək iki müddətə həmin vəzifəyə seçilmişdi. Həmin il artıq seçilmək hüququ başa çatmışdı və tərəfdarları yerli parlamentdə “19-cu maddə” adlı sənəd qəbul edərək, prezident seçkilərinin iki il müddətinə, yəni 2015-ci ilədək təxirə salınmasına nail olmuşdular. 2015-ci ildən indiyədək isə vəzifədə qalmağı legitim deyildi.

Əslində Bərzani səlahiyyət müddətinin çoxdan başa çatdığını nəzərə alaraq, qalmaqallı referenduma getməklə vaxt udmaq, müstəqil dövlət yaradaraq onun prezidenti kimi vəzifəsini əlində saxlamaq istəyirdi. Çünki qaliblərin mühakimə olunmayaçağına əmin idi. Lakin yenildi və bunun nəticələri ilə hesablaşmalı oldu.

Başlatdığı referendum avantürasının uğursuzluqla yekunlaşması, İŞİD-lə mübarizədə az qala “odda yanmaz, suda batmaz” obrazında təqdim edilən peşmərgənin İraq ordusu və “Həşdi Şabi” tərəfindən Kərkükdə darmadağın edilməsi, əhali arasında nüfuzunun aşağı düşməsi, böyük dövlətlərlə yaranan gərginlik onun siyasi karyerasının sonu oldu. Bundan sonra fəaliyyətinə peşmərgə kimi davam edəcəyini açıqlayıb.

Bərzani maraqları tamamilə əks olan böyük dövlətlərin arasındakı ziddiyyətlərdən faydalanmaqla, onların hamısı ilə eyni zamanda razılığa gəlib Kürdüstan qurmaq istədi və bu, ona bağışlanmadı. Bərzani ABŞ-ın liderliyindəki koalisiya güclərilə birlikdə İŞİD-ə qarşı vuruşmuşdu, sıx hərbi və ticarət əlaqəsi saxladığı Türkiyə və İraqın mərkəzi hakimiyyətilə normal münasibətlər saxlayırdı. Bütün bunların ona müstəqil dövlət yaratmaqda kömək edəcəyinə ümid bəsləyirdi. Lakin mühüm bir amil – Rusiyanın “Rosneft” və “Qazprom” şirkətlərilə müqavilə bağlaması bir anda onun bütün keçmiş müttəfiqlərini düşmənə çevirdi. ABŞ-ın kürdləri məhz bu səbədən tək qoyduğu bildirilir.

“Rosneft” Kərkük-Ceyhan boru xəttinin 60 faizinə sahib olmaq üçün kürd muxtariyyətı ilə 1,8 milyard dollarlıq razılaşma imzalayıb. Rusiyanın bölgədəki hərbi üstünlüyü ona buradakı enerji mübarizəsində də üstünlük qazandırır. Rusiya İraqın şimalında gücünü artırdığı üçün ABŞ cənuba doğru çəkilmək məcburiyyətində qalıb. Məhz bu səbəbdən “Exxon Mobile” Süleymaniyyədəki 6 layihənin 3-dən imtina etməli olub. Əvəzində şirkət Bəsrə körfəzi və İran sərhədindəki neft quyularına maraq göstərməyə başlayıb. ABŞ-ın dövlət katibi Tillersonun bu vəzifəyə təyin olunmazdan əvvəl məhz həmin şirkətin İdarə Heyətinin rəhbəri olduğu da sirr deyil.

Rusiya, ABŞ, İngiltərə, İran, İraq, İsrail, Çin, Türkiyə və eləcə də kürdlər Kərkük nefti uğrunda mübarizə aparırılar. Şəhərin strateji mövqeyi qədər, burada olan neft quyuları da böyük güclərin əsas hədəfidir. Lakin güc balansı hələ tam müəyyənləşməmiş kürdlərin peşmərgəyə arxalanıb, Kərkük neftini Rusiya ilə birgə istismara çalışması ümumiyyətlə, Kürdüstanın müstəqilliyi məsələsinin müvvəqqəti də olsa, gündəmdən cıxmasına və Bərzaninin məğlubiyyətinə gətirib çıxardı.



Bərzanini əlində iki böyük güc var idi: peşmərgə və Kərkük nefti. Birinin itirilməsi o birinin də zəifləməsinə səbəb oldu və nəticədə mübarizəni İranİraq qazandılar. Ərazi bütövlüyü məsələsindən dolayı onların bir-birilə ümumi dil tapması daha çox mümkündür, nəinki kürdlərlə. Bundan ən çox zərər görən isə İsrail oldu. Çünki Kərkük neftini kürdlər indiyədək İsrailə çox ucuz qiymətə satırdılar. Lakin ABŞ və Rusiyanın İraqın şimalında kürd dövləti qurmasına qəti şəkildə qarşı çıxması İsrailin də geri çəkilməsinə səbəb oldu.

Qeyd edək ki, İraq hökumətilə kürdlər arasında neft məsələsində narazılıq hələ 2014-cü ildə başlamışdı. Kürdlər hesab edirdi ki, Bağdad onların neftdən gələn payını vermir və buna görə də İŞİD-in hücumlarından istifadə edib, Kərkük neftini tamamilə öz nəzarətlərinə almışdılar. Bu neft qaçaq yolla İsrail vasitəsilə gəmidən-gəmiyə yüklənərək Malta sahillərinə qədər gedib çıxırdı. Lakin gündə 500 min barrel neft ixrac olunsa da, bir çox dövlətlər onu almaqdan imtina edirdilər, çünki İraq kürdlərdən qanunsuz neft alan ölkələri beynəlxalq məhkəmə ilə hədələyirdi. Yeri gəlmişkən, İraqın Neft Nazirliyi bəyan edib ki, Kərkükdə gündə bir milyon barrel neft çıxarmağı planlaşdırılır. İraqın ümumi neft ehtiyatının 12 faizinin burada yerləşdiyi nəzərə alınarsa, samballı rəqəmlər ortaya çıxar.

“Rosneft” Kərkük əməliyyatından iki gün sonra İraq Kürdüstanın ilə yeni kontrakt imzaladıqlarını bəyan edib və bununla da bölgədən çəkilməyəcəyinə işarə vurub. İraqın Neft Nazirliyi isə Bağdadın razılığı olmadan İraqın bir bölgəsi ilə müqavilə bağlanılmasını Rusiya tərəfindən olkənin suverenliyinə hörmətsizlik və beynəlxalq hüququn kobudcasına pozulması adlandırıb. Lakin İraq hökumətinin Rusiyanı və digər maraqlı dövlətləri buradan uzaqlaşdırması gözlənilmir, çünki olkə investisiyalara ehtiyac duyduğundan, həm Rusiya, həm Qərb şirkətlərinin mərkəzi İraq hökuməti ilə anlaşaraq, fəaliyyətinə davam edəcəyi daha inandırıcı görünür. Rusiya isə bəyan edib ki, Kərkük neftini Türkiyə vasitəsilə Qara dənizə çıxarmaq planı var. Türkiyənin bütün təhdidlərinə rəğmən, Ankaranın kürd muxtariyyatından gələn neft xəttini bağlamaması və Rusiya ilə son dövrlərdə yaxınlaşmasının əsas səbəblərindən biri budur.

Bağdadın Kərkük neftinin istismarı hüquqlarını ilk olaraq BP-yə verməsi gözlənilir. Yüz il əvvəl olduğu kimi, Orta Şərqdə yenə də neft mübarizəsi və bu mübarizənin yekun qalibi ingilislər oldu.



Nəzakət Məmmədova
AzVision.az üçün

Teqlər: #Kərkük   #Neft   #Kürdüstan   #Bərzani   #Rosneft