İnflyasiya birrəqəmli səviyyəyə enməlidir – TƏHLİL

  17 Noyabr 2017    Oxunub : 1255
İnflyasiya birrəqəmli səviyyəyə enməlidir – TƏHLİL

Ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələ ki tempin azalmaq istəyində olmadığını nümayiş etdirir. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2% səviyyəsində artım nümayiş etdirib.

Göründüyü kimi, temp aşağı düşmür. Və bunda ən çox ərzaq məhsulları böyük rol oynayırlar. Yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı tendensiya deyil. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən, sözsüz, bizim üçün daha böyük çətinliklər yaradır.

Yanvar-avqust aylarının yekununa görə inflyasiya 14% təşkil edirdi. Özü də dövriyyədə nağd manat kütləsinin qıt olduğu bir məqamda. Yəni, ölkədə sərt pul-kredit siyasətinin həyata keçirildiyi dövrdə. Deməli, qiymətlər intensiv yolla yüksəlir. Bunun bir neçə səbəbi var. Birincisi, payız mövsümündə qiymətlər adətən, artmağa meyilli olur. İkincisi, əvvəlki şərhlərimdə də yazmışam ki, son dövrdə ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə qalxmasında məhz idxal məhsullarının böyük rolu olub. Yəni, idxal inflyasiyasının...

Üçüncüsü, yuxarıda rəqəmlərdən də aydın görürük və əvvəllər də belə idi ki, bizdə ən çox bahalaşan ərzaq məhsullarıdır. Ərzaq isə dünya üzrə də ucuzlaşmaq və yaxud sabit qalmaq meylində deyil. Belə ki, bu məhsullar hər yerdə ardıcıl templə bahalaşmaqdadır.

Dördüncüsü isə, Azərbaycanda əhalinin gəlirlərinin artım tempində artıq, bir müddətdir bərpa prosesinin başlanması meyli müşahidə edilir ki, bu da bir az əvvəl “böyük itkilərə” məruz qalmış ticarət şəbəkələrinə və bir sıra iş adamlarına “qiymətlərlə manevr” etmək imkanı yaradır.

Yeri gəlmişkən, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsi ilə müqayisədə 2,1% yüksək olaraq 28,0 milyard manat olub. Ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarındın göstəricilərindən uyğun olaraq 1,5 və 2,8% çox olub. Bax, bu, daha çox əvvəlki abzasda qeyd olunanın nəticəsidir...

Bu siyahını bir az da uzatmaq olar, amma əsas amillər bunlar olduğundan, ehtiyac yoxdur. Digər məsələ də var: kərə yağı ən zəruri qida məhsullarındandır, bu səbəbdən, onun sürətlə bahalaşması əhalidə haqlı narazılıq yaratmışdı. Müzakirələrdə əsas mövzulardan biri isə ondan ibarət idi ki, kərə yağının qiymətinin bahalaşması səbəbi Gömrük Komitəsinin yığım rüsumunu artırmasıdır. Həqiqətən də, ötən ildən fərqli olaraq, bu il ölkəyə idxal olunan kərə yağı məhsulunun 1 kiloqrama görə yığımı cuzi artırılmışdı. Ancaq iqtisadiyyatın müvafiq qanunlarına əsasən, dünyada qiymət artımı baş verərsə, bu hal xaricdən gətirilən məhsulların qiymətinə təsir göstərməlidir. Daxili bazarda kərə yağının satış qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalması idi. Ot və yem məhsulları bahalaşdığından, fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı artıb. Yağın həcmi azalıb, maya dəyəri yüksəlib. Eyni zamanda, analoji vəziyyət dünyada da yaşanır.

Bununla belə, ölkəyə idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldıldı. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişiklik etdi. Beləliklə də, sahibkarlar ümumi dəyərin 15%-i həcmində gömruk rüsumu verirdilərsə, 5% həcmində verəcəklər. Rüsumun azaldılmasının qiymətə böyük təsiri olmasa da, stabil qalmasını təmin edəcək. Ən azından kərə yağının qiyməti sürətlə qalxmayacaq.

Paradoksal vəziyyət o idi ki, bu ildən kərə yağı və bir sıra ərzaq məhsulları üçün idxal rüsum artırılmışdı ki, bu da daxili istehsalı qorumaq məqsədi ilə edilmişdi. Amma elə ərzaq məhsulları var ki, daxili bazarda tələbatı ödəmədiyi üçün bu siyasət özünü doğrultmur və belə olan halda, idxal rüsumunun azaldılması zərurəti meydana çıxır.

Yəni, bu cür məsələlər də nəzərə alınmalıdır. Belə ki, bu, idxal inflyasiyasının təsirini gücləndirən amildir.

Son olaraq: hökumətin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 13,2% təşkil edəcək ki, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən isə, 2018-ci ildə orta illik inflyasiya 6,1, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq. Hər halda, inflyasiya birrəqəmli səviyyəyə enməlidir.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: #İnflyasiya