Xəngəli sevən, nisyə mal götürən, bic “Serjik” – Onun azərbaycanlı iş yoldaşları danışır (FOTOLAR+VİDEO)

Xəngəli sevən, nisyə mal götürən, bic “Serjik”  – Onun azərbaycanlı iş yoldaşları danışır (FOTOLAR+VİDEO)
  27 Noyabr 2017    Oxunub:69552
Ermənistanın prezidenti Serj Sarkisyan bir neçə il Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol təşkilatında azərbaycanlılarla birikdə çalışıb. AzVision.az vaxtilə Sarkisyanla işləmiş azərbaycanlıları bir yerə toplayaraq, hamısı ilə həmsöhbət olub.
Onlardan biri - Zahid Abbasov 1957-ci ildə Şuşa şəhərində doğulub. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Vilayət komsomol komitəsində şöbə müdiri işləyərkən Serj Sarkisyan və Robert Köçəryan onun rəhbərlik etdiyi şöbədə çalışıblar. Zahid müəllim hazırda Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiridir.



- Ali təhsil aldıqdan sonra yenidən Şuşa şəhərinə qayıtdım və əmək fəaliyyətimə başladım. 1982-ci ilin yanvar və iyul aylarında o vaxtkı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Ulu Öndər Heydər Əliyev Şuşa şəhərinə səfər etmişdi. Həmin vaxtlarda mən Şuşadakı Rayon Komsomol Komitəsində katib işləyirdim. Ulu Öndərlə iki dəfə görüşmək mənə nəsib oldu. Birinci görüş zamanı məndən soruşdu ki, sən azərbaycanlısan? Demişdim “bəli”. Dedi ki, ali təhsilin var? Cavab verdim ki, bəli, ali təhsilliyəm. Partiyanın birinci katibi Geverkova tərəfə dönüb, dedi ki, “Bəs deyirsən, kadr yoxdur?”



Heydər Əliyev Şuşadan gedən gün - yəni 30 iyul 1982-ci ildə arxamca maşın gəldi və məni Vilayət Partiya Komitəsinə dəvət etdilər. Geverkov məni qəbul etdi. Dedi ki, biz Mərkəzi Komitənin birinci katibinin tapşırığına əsasən, gənc kadrlara qayğı göstərməliyik, bu gündən sən Vilayət Komsomol Komitəsində şöbə müdirisən. Soruşdu ki, evin var? Dedim bəli, Şuşada evim var. Soruşdu ki, ayrı problemin var? “Yox”,- dedim. Sonda isə məni təbrik etdi və dedi ki, “Bugündən işə başlaya bilərsən”.

İşə başlayanda ilk tanışlığım Serj Sarkisyanla oldu. Biz Sarkisyanla otaq yoldaşı idik. Mən Komsomol Komitəsinin müdiri oldum, o isə Vilayət Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri. Bir neçə il sonra ona bir az da diqqət göstərildi və Xankəndi Şəhər Komsomol Komitəsinə birinci katib təyin etdilər. İkinci katib Robert Koçaryan idi. Mən Vilayət Komsomol Komitəsində birbaşa bunların kuratoru idim. Yəni hər ikisi birbaşa mənim tabeliyim altında işləyirdilər. Gündəlik təmasda olurduq. Mən ona “Serjik” deyə müraciət edirdim.



“Azərbaycan dilini təmiz bilirdi”

Serjik Xankəndində erməni məktəbini bitirib, İrəvanda universitetin tarix fakultəsində təhsil almışdı. Robert Koçaryan isə Xankəndində 8 nömrəli rus məktəbini bitirib, Xarkovda Sənaye Universitetində təhsil almışdı. Robert Koçaryan heç erməni dilini bilmirdi. Yalnız rusca danışırdı. 1983-84-cü illərdə onun otağına keçəndə görürdüm ki, Koçaryan erməni dilini öyrənir. Deyirdim ki, bu dil sənin nəyinə lazımdır? Cavab verirdi ki, birdən lazım olar.



Bu minvalla məlum hadisələr başlayana kimi - yəni 1988-ci ilə qədər biz bir yerdə işləyəsi olduq. 1988-ci ildə hadisələr başlayan ərəfədə Serjiki Vilayət Partiya Komitəsinə təlimatçı vəzifəsinə gətirdilər. Daha sonra isə birinci katibin köməkçisi təyin edildi. Mən də Şuşaya Rayon Partiya Komitəsinə şöbə müdiri vəzifəsinə getdim.

- Serj Sarkisiyan necə insan idi?

- Yeyib-içən idi. Koçaryana nisbətən daha çox ektremist hərəkətlər edirdi. Azərbaycan dilini təmiz bilirdi, Bakıda çoxlu dostları vardı. Tez-tez zəngləşirdi.


(Serj Sarkisyanın anası Nora və atası Azat Sarkisyan)

- Serj Sarkisyanın atasının azərbaycanlı olduğunu deyirlər...

- Mən özüm də Serjikə həmişə deyirdim ki, sənin atan azərbaycanlıdır, adı da Azaddır. Onlar məcbur olub, “Azad” sözündəki “d” hərifini “t” kimi yazırdılar. Guya atasının adı Azatdır. Ermənilərdə “Azat” adı yoxdur. Deyirdim ki, Serjik, məhz buna görə sən Azərbaycan dilini təmiz bilirsən.



Bir məqamı da qeyd edim ki, Serjik mənimlə tək qalanda həmişə Azərbaycan dilində danışırdı. Bu da onun bic niyyətlərindən irəli gəlirdi. Guya Azərbaycanca danışmaqla şirinlik yaratmaq istəyirdi. O, Bakı ləhcəsində danışırdı, deyirdi ki, “Alə, necəsən?”



- Münasibətləriniz necə idi? Serjik Azərbaycan barədə nə düşünürdü?

- O vaxt gənclik dövrü idi. Serjiklə arada mübahisələrimz olurdu. Məsələn, mən “Neftçi” futbol klubuna azarkeşlik edirdim, o isə “Ararat”a. Deyirdim ki, Serjik, sən Azərbaycanın çiçəklənməsi uğurunda, Azərbaycanda sənayenin, idmanın inkişafı üçün bu kabinetdə oturub əməkhaqqı alırsan. Niyə axı “Neftçi”yə yox, “Ararat”a azarkeşlik edirsən?

Bir dəfə məni Mərkəzi Komitədən Laçın rayonuna yoxlama aparmağa göndərdilər. Laçında qonaq evində qalırdım. Həmin gün “Neftçi” ilə “Ararat” qarşılaşmışdı. “Neftçi” qalib gəldi. Mən Laçından bir günlük Xankəndinə qayıtdım. Komsomol Komitəsinin qapısının qarşısında dayandım. İçəri girənlərə, o cümlədən də Serjikə başsağlığı verdim ki, “Ararat” Neftçiyə uduzub...



- Serj Sarkisyan o vaxtlar hansı ektremist hərəkətlər edirdi ki?

- Həmin vaxtlar o, heç nə edə bilməzdi. Əgər hansısa yanlış hərəkətə yol versəydi, təpəsini oradaca əzərdim. Bəzən deyirdi ki, Ermənistanda universitetin tarix fakultəsində bilirsən, bizə nələri öyrədirdilər? Deyirdilər, adi bir dəmiri “Qızıləhmədi” almasının suyuna sal. Bir həftə onun içində saxla. Sonra çıxar, üstünə istədiyin sözləri yaz və topağa basdır. 40 gündən sonra heç bir elm adamı sübut edə bilməz ki, o dəmir nə vaxtdan yerin altında qalıb. Serjikə cavab verirdim ki, “Demək, sizə tarix öyrətmirlər, tarixi necə saxtalaşdırmaq yollarını öyrədirlər”.



Yadınızdadırsa onlar guya bir dəfə Ağdamda yerin altından “tiqranakert” tapdılar. O vaxtlar ancaq “Lider” telekanalı dünyaya yayımlanırdı. Mən efirə çıxıb dedim ki, “Yadındadır, Serjik, sən deyirdin ki, dəmiri qızıləhmədi almasının suyuna sal və torpağa basdır, sonra istədiyin sözü ora yaz. İndi siz o “tiqranakert”i özünüz basdırıb, sonra da çıxarmısınız...” Bundan sonra onlar daha heç vaxt “tiqranakert” sözünü dillərinə gətirməyiblər.

- Robert Koçaryanla münasibətiniz necə idi?

- Koçaryan rusdilli idi. İdmanla məşğul olurdu. Tədbirlərin hamısını o təşkil edirdi. Koçaryan birbaşa mənim tabeliyimdə işləyirdi. O, Şəhər Komsomol Təşkilatının ikinci katibi idi, mən isə Vilayət Komitəsində birbaşa ikinci katibləri kurasiya edirdim.


(Serj Sarkisyanın Xankəndində ata evi)

- Serjik və Robertin daha çox hansı xüsusiyyətli yadınızda qalıb?

- Serjik içən idi. Bir litr tut arağını qabağına qoyub, təkbaşına içirdi. Yeyib-içmək məclislərini çox sevirdi. Buna görə də dostları çox idi. Koçaryan isə çaxır içirdi.

“Onlar gizli təşkilat yaratmışdılar”

- O vaxt onlarda separatçılıq düşüncəsi var idimi?

- Bir məsələni qeyd edim. 1985-86-cı illərdə Serjik və Robert tez-tez İrəvana gedib-gəlirdilər. Bu səfərlərinin sayı durmadan artırdı. Elə bil, onlara İrəvanda xüsusi kurs keçirdilər. Biz bunu hiss edirdik. Cavanlıq idi, onlara hansı yolu göstərəsən, o istiqamətə də gedəcəkdilər. Serjiki də yolundan döndərmişdilər. Mən 1987-ci ildə Vilayət Partiya komitəsinə keçəndə Serjik tamamilə dəyişmişdi, əvvəlki Serjik deyildi. Onun özünə də hər dəfə deyirdim ki, tamamilə dəyişmisən, özündə deyilsən. Biz həftədə bir dəfə kənara çəkilirdik, bir yerdə otururduq, çörək yeyirdik. Amma 1987-ci ildə o, artıq başqa adam olmuşdu.



- Kimlər dəyişmişdi Serjiki?

- O, İrəvana tez-tez gedib-gəlirdi. Çox güman ki, onları İrəvanda təlimatlandırırdılar. Həmişə məni görəndə üstümə qaçan Serjik 1987-ci illərdə məni görəndə dönüb, qaçırdı. Mənimlə üz-üzə gəlmək istəmirdi.

- Bəs niyə onu şübhəli hərkətlərinə görə cəzalandırmırdınız?

- Mən o vaxt tək deyildim axı, birinci katib vardı, o da erməni idi. İndi həmin şəxs Dağlıq Qarabağda Aparat rəhbəridir. Demək olar, indi istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda vəzifə tutan insanların 90 faizi o vaxtkı Vilayət Komsomol Komitəsinin işçiləridirlər. Bir neçə il öncə mənə Xankəndi və Şuşaya səfər etmək qismət oldu. Orada gördüm ki, qondarma nazirlərin əksəriyyəti- “təhsil naziri”, “vergilər naziri”, “parlamentin sədri”, “baş nazir” bizim keçmiş aparatın işçiləridirlər. Təkcə Bako Saakyan ora daxil deyildi. (Bako Saakyanın kimliyi ilə bağlı ayrıca materialımız yayımlanıb: BURADAN oxuya bilərsiniz.


(İllər sonra Şuşaya səfər ediblər)

Mən Xankəndində olanda onların hamsı qaçıb gizləndi, heç biri üzə çıxmadı. Ancaq biz oradan İrəvana gedəsi olduq, orada Serj Sarkisyanla, daha sonra onların Milli Məclislərinin üzvləri, akademiklərilə görüşdük, nəhayət, birlikdə Azərbaycana gəldik.

O vaxtlar vilayət Komitəsində işləyən 100 nəfərdən cəmi 3-ü azərbaycanlı idi. Onlardan biri də mən idim. Qalan 97 nəfər erməni idi. Baxmayaraq ki, vilayədəki insanların 33 fazi azərbaycanlı idi. Həmişə bu məsələni qaldırırdım ki, 33 faiz azərbaycanlıdırsa, rəhbər vəzifədə işləyənlərin də 33 faizi azərbaycanlı olmalıdır. Amma buna riayət edən yox idi.


(İllər sonra yenidən Qarabağa səfər ediblər)

- Bir zaman işçiniz və dostunuz olan Serj Sarkisyana illər sonra baş tutan görüş zamanı nə dediniz?

- Dedim ki, Serjik, bu işə son qoymağın vaxtı çatıb. İnsanlar öz yerlərinə qayıdıb, orada yaşamağa davam etməlidirlər. O isə dedi ki, “Mən də bilirəm, insanlar qaytımalıdırlar. Gec-tez hamı öz yerinə qayıdacaq. Ancaq bu insaların yenidən bir yerdə yaşamaları üçün qarantlar olmalıdır. Biz də hazırda bunun üzərində işləyirik”.



-Serj Sarkisyan illər sonra sizi qarşısında görəndə nə etdi?

- İstədi ki, məni qucaqlasın, səmimi qarşılasın. Hətta mənə “Zahid can” dedi. Amma nə olsun?.. O, cinayətkardır.
Görüşümüz zamanı mən də ona “Serjik” dedim. Fasilədə erməni deputatlardan biri mənə yaxınlaşıb dedi ki, “O, bizim prezidentdir, “cənab prezident” deyə müraciət etsəniz, daha yaxşı olar. Dedim ki, görürsünüz o, mənim Serjik deməyimi qəbul edir, siz nədən narazısınız?”

- Onunla bağlı hansı xatirənizi bölüşə bilərsiniz?

- Gənclik vaxtlarımız idi. Bir yerdə işləyirdik. Mən hər gün səhər Şuşadan işə gəlirdim. Hər gecə də Şuşaya qayıdırdım. Serjik arada günorta fasiləsi zamanı məni evlərinə qonaq aparırdı. Mənim üçün “qurqut” bişitdirmişdi (erməni milli yeməyi). Heç bilmirdim ki, qurqut nədir. İlk dəfə qurqutu Serjikin evində yemişəm. Bəzən də sejikgil Şuşaya bizə xəngəl yeməyə gəlirdilər. Serjik yaman xəngəlyeyən idi. Şuşada bir yerdə oturub, xəngəl yeyirdik.



“Serjik tankın üstündə idi”

Azərbaycanın Prokorluğuna yazılı şəkildə bildirmişəm ki, Şuşaya hücum zamanı tankın üstündə gələnlərdən biri də məhz Serj Sarkisyan idi. Mən son günə qədər Şuşada olmuşam. Müharibə veteranıyam. 4 il Şuşada toprpaqlarımızın müdafiəsi uğrunda döyüşmüşəm. Şəhərin aşağı hissəsində “avtobaza” deyilən yerə ermənilər bir tank və BTR ilə girmişdilər. Həmin tankın üstündə dayananlardan biri də Serj Sarkisyan idi. Mən onu öz gözlərimlə gördüm. Xocalı Soyqrımın törədilməsində, Şuşanın işğal edilməsində onun çox böyük rolu var. O vaxt ingilis jurnalist Tomas De Vaal məndən müsahibə götürdü, sonra İrəvana gedib, həmin vaxt müdafiə naziri olan Serjiklə danışdı. Dedi ki, “siz iki yoldaş olmusunuz, bir yerdə işləmisiniz, bir süfrə arxsında çörək kəsmisiniz, bir-birinizin xeyir-şər məclislərində iştirak etmisiniz, amma bu gün Zahid qaçqın həyatı yaşayır, Bakı küçələrində qalıb, onun ev-eşiyini dağıtmısınız. Siz Serj Sarksiyan buna necə baxırsınız?” O isə jurnalistin sualına cavab olaraq demişdi ki, “Bizdə milli mənafe hər şeydən üstündür”.



- Siz döyüşlər zamanı heç onunla qarşılaşırdınızmı?

- Əgər onunla üzləşsəydim, öldürədim. İkimizdən birimiz ölməliydik. Amma üzləşmədik... Sadəcə, sonuncu gün onun tankın üstündə Şuşaya necə girməyini gördüm.

- Onun düşüncə tərzini necə dəyərləndirirsiniz?

- Ekstremist, qaniçən və cinayətkar.



- Son görüşünüz zamanı ona bir yerdə işləməyinizi, dostluğunuzu xatırlatdınızmı? Soruşdunuzmu ki, niyə bizi ev-eşiyimizdən didərgin saldınız?

- Onlar xəstədilər. Tarixə nəzər salsaq, görərik ki, hər 70-100 ildən bir onlar belə hərəkətlər edirlər. Ermənilərin heç vaxt yurdu olmayıb, köçəri yaşayıblar. Onlar Qarabağa köçürüləndə Xankəndində cəmi 168 ev tikilib onlar üçün.


(İllər sonra İrəvanda Serj Sarkisyanla rəsmi görüş olub)

Andrey Saxarov Şuşaya gələndə bizi bir yerə toplayıb dedi ki, guya 70 il Sovet hökuməti zamanı Azərbaycan ermənilərin hüquqlarını əllərindən alıb, nəticədə belə kasıb bir vilayət yaranıb. Komitənin sədri Volski də orada idi. Mən çıxış üçün söz istədim, sizə indi dediklərimi ona da dedim.

- İllər sonra Şuşada olarkən hansı hissləri keçirdiniz?

- Elə bil, o biri dünyanı görüb, qayıtdım. Sözlə təsəvvür edə bilmirəm. Sanki yuxuda idim. Şəkilləri çəkdim. Şuşada Bülbülün evində də oldum.



- Bizim vasitəmizlə Serjikə nə demək istərdiniz?

- Ona demək istəyirəm ki, Serjik Azatoviç, ziyanın yarısından da qayıtmaq xeyirdir. Onsuz da sən bu hadisələri törətmisən, cinayətkarsan, əlin qana batıb. O qanı heç vaxt yuya bilməzsən. Ancaq insanlara bir az təsəlli verə bilərsən. Bir şərtlə ki, insanlar öz ev-eşiklərinə, torpaqlarına qayıtsınlar. Əslər boyu biz bir yerdə yaşamışıq. Qonşu olmuşuq. Bu işə sən başlamısan, sən də son qoymalısan ki, gələcək nəsillər bizə söyməsinlər. Mənim bircə arzum var: Ölməmişdən öncə Şuşaya köçüm. Bilim ki, övladlarım orada yaşayacaqlar.

Mənim atam Cıdır düzündə, Mir Möhsün Nəvvabın qəbrinin yanında dəfn olunub. Ora gedəndə ilk olaraq qəbiristanlığa tərəf qaçdım ki, atamın məzarını ziyarət edim. Gördüm ki, atamın qəbri yoxdur. Serjikə də dedim ki, atam rəhmətə gedən zaman tabuta girənlərdən biri də sən idin. Bəs o qəbiri niyə dağırtmısınız? O, cavab verməyə söz tapmadı...



- Siz Şuşaya gedəkən öz evinizdə də oldunuzmu?

- Evim indi də orada qalıb. Amma içərisində erməni yaşayır. O vaxt mən evimdən heç nə çıxara bilmədim. Bəzi əşyalarımı yenidən orada gördüm. Evdə yaşayan erməni mənə dedi ki, “Çox sağ ol, evdə xeyli ərzaq var idi. Bir il biz bazara getmədik, həmin ərzaqları yedik”. O vaxt Şuşa blokadada idi, yağ, duz, qənd alıb, ehtiyat kimi saxlamışdıq.

Rəhmətlik atam mənə deyərdi ki, “Bala, o ermənilərin içərisində işləyirsən, amma heç vaxt onlarla çörək kəsmə, onlar daşnakıdılar”. Deyirdim ki, ata o dövr artıq geridə qalıb. Deyirdi ki, “Bala, erməni elə ermənidir, xain, qaniçən! Bu gün anlayıram ki, atam düz deyirmiş. Atam kiməsə ağır söz demək istəyəndə deyirdi ki, “sən daşnaksan”. Daşnak sözü onun üçün söyüş idi. Hətta mənim toyum olanda atam dedi ki, bir nəfər də daşnak toyda iştirak edə biməz. Sarkisyan da daxil olmaqla iş yerimdən heç bir ermənini toyuma dəvət etmədim. Serjik o vaxtlar artıq evlənmişdi. Sejikin bacanağı Surik Qirqoryanın toyunda iştirak etmişdim. İndi orada qondarma “parlament”in “sədri”dir.



- Bu yaxınlarda Sarkisyanın rəsmi görüşlər zamanı yatdığını əks etdirən video yayılmışdı... Əvvəllər də belə bivec idi?

- O, bir müqəvvadır, onu idarə edirlər. Şəkər xəstəsidir. O, bəlkə də geri çəkilmək istəyir. Amma çəkilə bilmir. Bilməz də.



“Ermənilər evimizə hücum etdi”

Vaxtilə Sarkisyanla bir yerdə işləmiş digər azərbaycanlı isə Nuridə Məmməd qızı Əliyevadır. O, 1955-ci ildə Xocalı şəhərində anadan olub. Xocalıda orta məktəbi bitirib. 1972-1976- cı illərdə Pedoqoji Universitetdə kimya fakültəsində ali təhsil alıb. Daha sonra yenidən Xocalıya qayıdıb. Təyinatla Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli məktəbədə on il kimya müəlliməsi kimi çalışıb.



- 1985-ci ildə mənə bir neçə vəzifəyə təyinat gəldi: Əsgəran rayonunun ikinci katibi, Vilayətin Həmkarlar İttifaqı rəhbərinin müavini və s. Amma həyat yoldaşım bu böyük vəzifələrdə işləməyimə icazə vermədi. Buna görə Şəhər Komsomol Komitəsinin 3-cü katibi olaraq fəaliyyətə başladım. Həmin vaxt Serj Sarkisyan Şəhər Komsomol Komitəsində birinci katib, Robert Koçaryan isə ikinci katib vəzifəsində çalışırdılar. Mən orada işlədiyim dörd il ərzində Sarkisyan birinci katib olub.



- O dövrdə Serj Sarkisyan necə bir insan idi?

- İşçilərinə qarşı həddindən artıq qəddar idi. Belə etməklə Şəhər Partiya Komitəsinin diqqətini çəkmək istəyirdi. Amma düşünürəm ki, Sarkisyanın arxasında kimsə olmasaydı, o, bu qədər qabağa gedə bilməzdi. Kimlərsə ona qabağa getməsi üçün yardım edirdilər. Bir müddət sonra o, Şəhər Partiya Komitəsinə şöbə müdiri təyin olundu. O vaxt Sahib Ələkbərov Azərbaycan Mərkəzi Gənclər Təşkilatının birinci katibi idi. Bizi vəzifələrə o təyin edirdi. Mənim vəzifəm bütün məktəblərin gənclər təşkilatları, Azərbaycan Pedoqoji Universitetinin gənclər təşkilatı, Tibb Texnikumunun 3-dən artıq gənclər quruplu ilə işləmək idi. Hər tədris ilinin sonunda - yəni mayın 25-də buraxılış gecəsi təşkil olunurdu. Həmin gün bütün təhsil ocaqlarının müəllim-şagird kollektivləri Xankəndində yerləşən parka toplaşardılar. Seçilən şagirdlərə tərifnamələr verirdik. Həmin tərifnamələrə layiq görülən şagirdlərin siyahısını mən birinci və ikinci katiblərə təqdim edirdim. 1-dən 10-a qədər nömrələnmiş məktəblər vardı. 3 və 8 nömrəli məktəblər rus, 4 nömrəli məktəb Azərbaycan, qalanları isə erməni məktəbləri idi. Təqdimat zamanı Sarkisyan həmin 4 nörməli Azərbaycan məktəbinin adını çəkmədən, 5 nömrəli məktəbin şagirdlərini təltif etməyə keçirdi. Azərbaycanlı şagirdləri ən sonda, sakit bir formada təltif edirdi. Onun bu hərəkəti məni çox qəzəbləndirirdi.



Oradakı Pionerlər evinin Vera Xaçaturayan adlı direktoru vardı. O, qatı millətçi idi. Atası vəfat edəndə biz ona başsağlığı vermək üçün Badara kəndinə getdik. Ermənilər hələ o vaxtlardan yas mərasimlərini zallarda keçirirdilər. Zalda minə yaxın kənd əhalisi vardı. Ermənilər yas mərasimində içki içirlər. Qurgen Qabrielyan ayağa qalxıb, belə bir sağlıq dedi ki, “Bu torpaq Ermənistanındır, biz Ermənistana bağlıyıq, kim Laçından köçüb burada ev alırsa, onların hamısını məhv edəcəyik”. Evə qayıdanda hər şeyi həyat yoldaşıma danışdım, o isə Dövlət Təhlükəsizlik Komitəsinin yaxşı tanıdığı rəsmisinə dedi. Sonralar biz başa düşdük ki, ermənilər “Krunk” adlanan bir cəmiyyət yaradıblar. Mənə elə gəlir, Serj Sarkisiyan başda olmaqla, Robert Koçaryan, şəhər partiya komitəsinin bütün işçiləri həmin cəmiyyətin üzvləri idilər. Ona görə də, heç bir tədbir görülmürdü. Düşünürəm ki, Komsomol təşkilatına üzvlüklə bağlı məktəblərdən yığılan pulların da böyük bir qisimini “Krunk”u saxlamağa sərf edirdilər.



Həmin vaxtlar orada vəzifədə olan azərbaycanlılar Zahid, Nahid, 4 nömrəli Azərbaycan məktəbinin direktoru Sabir müəllim və mən idim. Onların məqsədi bu idi ki, bütün azərbaycanlı kadrları vəzifədən çıxarsınlar, sonda isə desinlər ki, ümumiyyətlə, Xankəndində azərbaycanlı əhali yoxdur. Hər gün oturduğum kabinetə girib, məni təhqir edirdilər. 32 il mənimlə bir kabinetdə oturmuş Stella Arakeryan, Şagen Qaraginov adlı işçilər hər gün gəlib deyirdilər ki, siz azərbaycanlıları burada yaşamağa qoymayacağıq. Mitinqlər də artıq başlamışdı. Mənə deyirdilər ki, sizin hamınızı məhv edəcəyik, bu yerlərin hamısında ermənilər işləyəcəklər. Bunların hamısı Serj Sarkisyanın birbaşa göstərişilə edilirdi.



“Sumqayıt hadisələri” baş verəndən sonra bir gün gördüm ki, əllərində tüfəng, balta, dəhrə, yaba olan adamlar bizim evə tərəf gəlirlər. Tez uşaqları hamama salıb, qapını bağladım. Evdə bircə dənə ət baltamız vardı. Onu da əlimə götürüb, qapının arxasında durdum. Bizim məktəbin azərbaycanlı bir mühafizəçisi vardı, adı Rantik idi. O, ermənilərin qarşına çıxıb dedi ki, “Ayıb deyil? Bu insanlarla uzun illər qonşu olmusunuz, indi gedib onları öldürəcəksiniz?” Ermənilər də qışqırdılar ki, “Azərbaycanlılar niyə bizimkiləri Sumqayıtda öldürüblər? Biz də indi onları öldürməliyik”.

Rantik birtəhər onları geri qaytardı. Ermənilər qapımızdan uzaqlaşan kimi yoldaşıma zəng vurdum ki, tez gəl. Yoldaşım gəlib bizi Şuşada yaşayan bibisigilin evinə apardı. İki gündən sonra qayıdanda gördüm ki, yataq otağımızın pəncələrinin hamısı güllələnib. Bunların hamısı o vaxt birinci katib olan Serj Sarkisyanın göstərişilə edilirdi.



Şərhər Partiya Komitəsinin Asmik Mamikonyan adlı 3-cü katibi vardı. Bütün ideoloji şöbələri idarə edirdi, Serj Sarkisyan da birbaşa onlara tabe idi. Asmik Mamikonyan hadisələrin qızğın vaxtında tez-tez iclaslar keçirirdi, amma heç vaxt məni çağırmırdı. Əslində həmin iclasların hamısında mən iştirak etməli idim. Amma bir dəfə məcbur qalıb, məni də çağırdı. Komsomolun bütün işçilərinə rus dilində dedi ki, “Mitinqlərə gedən insanlara toxunmayın. Siz kənarda durun, icazə verin, erməni xalqı öz tələbini etsin”.


(Nuridə Əliyevagilin Xankəndindəki evi. Ermənilər dağıdıblar)

- Sarkisyanla heç söhbətləşirdinizmi?

- O, maskalanan bir insan idi. Özü heç kimə birbaşa təsir etmirdi. Başqalarının əli ilə işini görürdü. Bütün iclaslarda, qurultaylarda, konfranslarda deyirdi ki, məktəblərdə birinci növbədə beynəlmiləlçilik prinsiplərini yayın, bütün millətlər qardaşdır, bir yerdə yaşamalıdırlar. Bu gün Sarkisyandan soruşuram: Sənin o beynəlmiləliçilk prinsiplərin hara getdi?



“Ağlımıza gəlməzdi ki, bu oğlan bizə düşmən olar”

Sarkisyanla bir yerdə işləyən digər azərbaycanlı - Rasim İsa oğlu Hacıyev Xankəndinin Kosalar kəndində anadan olub. Nizami Gəncəvi adına 4 nömrəli Xankəndi orta məktəbində oxuyub. Bakıda Texniki Universietdə mühəndislik ixtisası üzrə ali təhsil alıb. 1972-ci ildə Dağlıq Qarabağda Vilayət Komsomol Komitəsində təlimatçı kimi işə başlayıb. 1974-1975-ci illərdə Şuşa Rayon Komsomol komitəsinin birinci katibi olub. 1975-ci ildə yenidən Dağlıq Qarabağ Vilayət Komsomol Komitəsinə ikinci katib vəzifəsinə seçilib.



- Serj Sarkisyan mən işlədiyim vaxtlarda Şəhər Komsomol Komitəsində təlimatçı idi. 1980-ci ildə mən Şuşa Rayonunda vəzifəyə gedəndən sonra Sarkisyan Şəhər Komsomol Komitəsinin birinci katibi olub. O dövrün ab-havası belə idi ki, azərbaycanlılar da, ermənilər də dost, qardaş kimi yaşayırdılar. Bütün komsomol işçiləri kimi mən də hesab edirdim ki, Serj Sarkisyan beynəlmiləlçidir, Azərbaycan vətəndaşıdır. Heç vaxt ağlımıza gətirə bilməzdik ki, 1988-ci ildə Ermənistanın Azərbayana qarşı torpaq iddiası qalxar. Orada bir qurup insanlar üzə çıxıb, Qarabağ torpağının Ermənistana veriməsini tələb edəndə mən çox təəccübləndim. Biz axı uzun müddət kirvəlikdən, dostluqdan danışırdq. Bir-birimizin evində çörək kəsmişik.



Xankəndində demək olar ki, tarixən ermənilər yaşamayıblar. 1978-ci ildə ermənilərin Qarabağa, Xankəndinə gəlişinin 150 illiyi münasibətilə heykəl də qoymuşdular. Bununla da ermənilər təsdiq etmişdilər ki, həmin torpaqlara sonradan gətiriliblər.

- Komsomol Komitəsində Serj Sarkisyanının işi nədən ibarət idi?

- O, təlimatçı idi, gənclərlə işləyirdi. O vaxtlar 45 min əhalisi olan Xankəndinin 15 min əhalisi azərbaycanlı idi. Sarkisyanın işi orada yaşayan müxtəlif xalqlar arasında beynəlmiləlçilik, dostluq, qardaşlıq hisslərini aşılmaq idi. Bizdən tələb olunurdu ki, beynəlmiləliçilik tərbiyəsinə diqqət ayıraq. Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Bir-birinin evlərinə qonaq gedirdilər. Biz ermənilərlə bir yerdə çörək kəsmişik, yas, toy mərasimlərində iştirak etmişik. İki millət birgə yaşayırdı. Azərbaycandan təcrid olunmaq axı onlara nə verdi? Mən bilirəm ki, bu gün orada yaşayan ermənilərin iqtisadi, sosial vəziyyətləri o vaxtkından qat-qat aşağıdır. Bəlkə də çoxu istərdilər ki, yenidən Azərbaycanla birgə yaşasınlar.



Milli Liderimiz Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü olanda ermənilər onun şəxsiyyətindən çəkinir, qorxurdular. Buna görə də onlar ayrılmaq məsələsini heç vaxt dilə gətirmirdilər. Heydər Əliyev vəzifədən gedəndən sonra bu məsələlər baş qaldırdı, bir növ ermənilərin əl-qolları açıldı. Bundan sonra ora müxtəlif yerlərdən millətçi ünsürlər gəldi. Gələnlərin arasında azərbaycanlıları sevməyələr çox idi. Hətta Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün “Krunk” adlandırılan təşkilat da yaradılmışdı.

- Niyə bir rəhbər kimi Sarkisyanın gizli gördüyü işlərlə maraqlanmırdınız, fəaliyyətinə nəzarət etmirdiniz?

- Orada komsomol işçiləri çox idi. Hər birinin işinə ayrıca nəzarət etmək mümkün deyildi. Onlar üzdə bir söz deyib, arxada başqa ilə məşğul olurlarmış. Sarkisyan da bir gənc idi. Mən işlədiyim vaxtlarda subay idi, sonralar ailə həyatı qurdu. Daha sonra onu Vilayət Partiya Komitəsində işə qəbul etdilər. İlk baxışdan xoş insan təsiri bağışlayırdı. Qarşılaşan zaman çox mehriban salam verirdi. Heç vaxt düşünməzdim ki, bir vaxt gələcək, bu oğlan bizə düşmən olacaq.

- O vaxt təlimatçı işləyən Serj Sarkisyanın maaşı nə qədər idi?
- Təlimatçı 200 rubl maaş alırdı. İndinin pulu ilə 180-200 manat olardı. Həmin maaş o dövür üçün pis deyildi.



- Serj Sarkisyanla yenidən görüşsəniz, ona nə deyərdiniz?

- Deyərdim ki, ay Serj Azatoviç, bu hadisələr sizə nə verdi? Bu hadisələrin fonunda siz böyüdünüz və Ermənistanın prezidenti oldunuz. Amma erməni xalqına nə verdiniz? Dağlıq Qarabağda yaşayan ermənilərin bugünkü vəziyyəti sizi qane edirmi? Səngərələrdə sizin və yaxud da bizim ölən əsgərlərimizin cavabını kim verməlidir? Niyə belə etdiniz? Azərbaycanın iqtisadi qüdrətindən siz də istifadə etsəydiniz, nə qədər böyük qazancınız ola bilərdi! Bu gün Azərbaycanın neft-qaz, dəmir yolları xəttləri sizdən yan keçir. İqtisadi təcrid şəraitindəsiniz. Xaricdən verilən ianələrə göz dikmisiniz. Bu, nə qədər davam edəcək? Azərbaycan gec-tez öz ərazi bütövüyünü bərapa edəcək. Serj Azatoviç, başa düş ki, bu düşmənçiyin sonu yoxdur. Biz yenə də oradakı erməni əsilli Azərbaycan vətəndaşlarını qəbul etməyə, onlara birgə yaşamağa hazırıq. Onların çoxunu siz bu bəlaya düçar etmisiniz. Gec-tez sülh olacaq. Ermənistan danışıqlara gedib, torpaqlarımızıdan geri çəkilməlidir.



“Sarkisyanın mənə borcu qalıb”

Uzun illər Xankəndində Universamın direktoru vəzifəsində çalışmış Kazımov Temirxan Daşdəmir oğlu isə deyir ki, onların borc dəftərində həm Serj Sarkisyanın, həm də Robert Koçaryanın adı vardı.

- Sarkisyanın sizə nə borcu qalıb?

- Onun mənə torpaq borcu var! Torpağımı qaytarısın geri!

- Sarkisyanı necə xarakterizə edərdiniz?

- Qatı millətçi idi. Savadlı idi. Həm də tülkü kimi bic. Nə qədər ki, o, Ermənistanın preizdentidir, Qarabağ münaqişəsi həll olmayacaq. Çünki bu münaqişənin baş verməsində birbaşa onun əli var. O, hakimiyyətdən gedəndən sonra bu münaqişə həllini tapacaq.

O vaxt Şuşada Vaqifin məqbərəsi açılanda Heydər Əliyev də gəlmişdi. Dəmir yolu boyunca ermənilər düzülüb, onun yolunu gözləyirdilər. Koçaryangil divarların üstünə çıxıb, yola baxırdılar ki, bəlkə Heydər Əliyevin uzaqdan da olsa, boyunu görələr... Ermənilər Heydər Əliyevdən çox qorxurdular.



Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video-Montaj: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Serj-Sarkisyan   Xankəndi   Şuşa  





Xəbər lenti