Pul sizdən, öldürmək bizdən: Dünyada özəl ordulardan istifadə getdikcə artır – TƏHLİL

Pul sizdən, öldürmək bizdən: Dünyada özəl ordulardan istifadə getdikcə artır – TƏHLİL
  06 Dekabr 2017    Oxunub:23962
Münaqişə bölgələrində dövlətlərin orduları ilə yanaşı, özəl hərbi şirkətlər də geniş fəaliyyət göstərirlər. Hazırda dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən 90 özəl hərbi şirkət mövcuddur. Onların illik gəlirləri 100 milyard dollar təşkil edir.
Əsasən gəlir əldə etmək məqsədilə yaradılmış bu şirkətlər müharibə, kütləvi iğtişaşlar zamanı sifarişçi ölkələrə maddi-texniki dəstək, peşəkar xidmət, strateji planlaşdırma, kəşfiyyat məlumatlarının toplanılması və təhlili, hücum strategiyası və taktikası, əməliyyatların həyata keçirilməsi, məsləhətlərin verilməsi, münaqişə bölgələrində döyüş əməliyyatlarlının aparılması, müdafiə xəttinin yaradılması, habelə, sülhün qorunmasında istiqamətlərində kömək edirlər. Onlar hazırda öz fəaliyyətlərini qanuniləşdirməyə çalışırlar.

Bu cür şirkətlərin təklif etdiyi xidmət sahələri əsasən 5-6 tipə bölünür: Təhlükəsizlik (insanların və obyektlərin mühafizəsi, minaların təmizlənməsi, dənizdə mühafizə), təlim kursları (sıravi əsgərlərdən tutmuş, pilotlaradək), silah və texnikaya xidmət göstərilməsi, tibbi yardım. Lakin bu fəaliyyət növlərindən başqa, özəl hərbi şirkətlərdən dövlət çevrilişləri, sifarişli qətllər, hakimiyyətin güc yolu ilə ələ keçirilməsində geniş istifadə olunduğu bildirilir. Belə şirkətlərin beynəlxalq silah bazarına çıxışı və ən müasir silahları əldə etmək imkanları da mövcuddur.

Özəl hərbi şirkətlərin xidmətlərindən ən çox istifadə edən ölkə ABŞ-dır. Onun xaricdə həyata keçirdiyi bütün hərbi əməliyyatlarda özəl şirkətlərin əməkdaşları iştirak edirlər. Onlar Latın Amerikası ölkələrində ABŞ xüsusi xidmət orqanlarının göstərişi ilə narkotik qaçaqmalçılarına qarşı mübarizə aparır, Əbu-Dabidə kral ailəsini mühafizə edirlər.



Vaxtilə İraqda yerli əhaliyə işgəncə verilməsi və öldürülməsi bu şirkətlərin nüfuzuna ciddi xələl gətirmişdi. Bununla belə, ABŞ hazırda Əfqanıstanda diplomatların mühafizəsi, koalisiya qüvvələrinə təlim keçilməsi və kəşfiyyat məqsədilə özəl şirkətlərin xidmətlərindən istifadəyə davam edir. Hətta onların Pentaqon və MKİ ilə müqayisədə daha çevik və üstün təcrübəyə malik olduğu bildirilir.

1990-cı ildən yaradılmağa başlayan həmin şirkətlər hazırda iri transmilli korporasiyalara çevriliblər. Məsələn, “DynCorp International” şirkətinin müxtəlif istiqamətlərdə işləyən 24 min əməkdaşı var. Özəl hərbi şirkətlər daha çox anqlo-sakson ölkələrində mövcuddur. Bununla yanaşı, fransızlar və skandinaviyalılar, türklər, çinlilər, ruslar da həmin bazarda geniş fəaliyyət göstərirlər. Müxtəlif ölkələrin həqiqi hərbi xidmətdən tərxis olunmuş vətəndaşları muzdlu hərbçi kimi münaqişə bölgələrində, o cümlədən, İraq, Əfqanıstan, Yəmən, Suriyada vuruşurlar. İraqda 120 min koalisiya əsgəri ilə yanaşı, eyni sayda muzdlular da olublar. Afrikada muzdlu orduların hazırlanmasında Amerika və Fransa arasında xüsusilə böyük rəqabət var. ABŞ Qanada, Fransa isə Çad, Mavritaniya və Fil Dişi Sahilində muzdluların hazırlanması ilə məşğuldur.

Özəl hərbi şirkətlər üçün hərbi kadrların hazırlanması imic və maliyyə nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bunun üçün tələb olunan maliyyəni bir çox dövlətlər özləri şirkətlər üçün təmin edirlər. Lakin hazırda dünyada maliyyə böhranının artması səbəbindən dövlətlərin büdcəsində kəsirlərin yaranması ilə əlaqədar nüfuzlu ölkələr BMT, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s. təşkilatların maliyyə imkanlarından istifadə edirlər.



Rusiyada fəaliyyət göstərən özəl təhlükəsizlik qüvvələrindən siyasi baxımdan həssas məsələlərdə istifadə olunur. Onların ABŞ-ın “Blackwater” şirkətinin nümunəsində yaradılıblar. Prezident V.Putin özəl hərbi şirkətləri “dövlətin birbaşa müdaxiləsi olmadan milli maraqların müdafiəsinin etibarlı vasitəsi” adlandırmışdı. Dövlətə məxsus silahlı qüvvələrdən siyasi və hüquqi baxımından yararlanmaq mümkün olmayanda özəl hərbi şirkətlərdən istifadə edilməsi məqsədəuyğun sayılır. Bu cür şirkətlərin yaradılması Ukrayna böhranından sonra xüsusilə əhəmiyyət kəsb etməyə başlayıb. Hazırda Ukraynada özəl hərbi şirkətlərin xidmətlərindən istifadə edən Rusiya bunu ABŞ-ın eyni addımı ilə əsaslandırır.

Liviyada müharibə başlayanda Rusiyanın özəl hərbi şirkətləri Qəddafinin hakimiyyətdə qalması üçün ona yardım etmişdilər. Hazırda onların xidmətlərindən Suriyada da geniş istifadə olunur. Çünki əsgərliyə gəlmiş gənclərin Suriyada öldürülməsi ictimai rəydə narazılıq doğura bilər, biznes isə başqa məsələdir.

Yəməndə İrana qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi 10 ölkədən ibarət koalisiyada 10 min nəfərdən artıq, əsasən Afrikadan olan muzdlular vuruşublar. Onlar əsasən Sudan, Somali, Efiopiya, Eritreya, Nigeriya, Seneqal və Mavritaniyadan gələnlərdir.



Afrikada islamçılarla qarşıdurmada Fransa Seneqaldan muzdlular “ixrac” edir. Somalidən olan muzdlulara Birləşmiş Ərəb Əmirliklərinin zabitləri təlim keçirlər. Sudan və Qətər göndərdikləri muzdlulara görə hər biri ayrılıqda Səudiyyə Ərəbistanından 1 milyard, Mavritaniya isə 850 milyon dollar alıblar. Səudiyyə Ərəbistanı Seneqalın iqtisadi inkişafına yatırım etmək və orada məsçidlər tikməyi öz üzərinə götürüb.

Kolumbiya da münaqişə bölgələrinə muzdlular göndərir. Onlarla bağlanmış 3 aylıq müqaviləyə əsasən maaşdan əlavə, hər həftə 1000 ABŞ dolları məvacib alırlar. Bundan başqa, sağ qalmış kolumbiyalılara Dubay vətəndaşlığı vəd edilib. Məlumatlara görə, muzdluların münaqişə bölgələrinə gətirilməsi ilə bəzi şirkətlər yarıleqal və qnunsuz yollarla məşğul olurlar. Muzdla vuruşmaq istəyən şəxslərin özləri müharibə gedən ərazilərə yollanmaq üçün qaçaqmalçılara pul verirlər.

Dövlətlə özəl hərbi şirkətlər arasında mübahisə isə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məsələn, Cənubi Afrikadan olan muzdlular Anqola və Syerra-Leoneyə gələrək, onlara vəd edilmiş pulun əvəzində dağ-mədən sənayesindən pay əldə ediblər. Bu, dünyanın bəzi bölgələrində ölkələrin təbii ehtiyatların hərbçilərin əlinə keçməsi təhlükəsini yaradır.



ABŞ analitiklərinin hesablamalarına görə, 1965-ci ildən bəri dövlətlərarası münaqişələr azalıb, dövlətdaxili qarşıdurmalar isə 3 dəfə artıb. Nəticədə son 15 ildə dövlətlər, QHT-lər və korporasiyalar özəl hərbi şirkətlərin xidmətlərindən yararlanmağa başlayıblar. Onlardan neft yataqlarının, humanitar missiyaların, səfirliklərin, hərbi bazaların qorunması, partizan və qiyamçılarla mübarizə məqsədilə istifadə edirlər.

Lakin özəl hərbi şirkətlər bəzən dövlətlərin nəzarətindən çıxaraq, müstəqil fəaliyyət göstərməyə, sifarişçilərin qeyri-qanuni tapşırıqlarını yerinə yetirməyə daha çox meyl göstərirlər. Bu isə olduqca təhlükəli haldır.

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Hərb   #Özəl-ordu  





Xəbər lenti