Gələn il dollar ucuzlaşacaq – TƏHLİL

Gələn il dollar ucuzlaşacaq – TƏHLİL
  20 Dekabr 2017    Oxunub:13177
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən ötən həftə keçirilən, bu il üçün sonuncu iclasda faiz artımına getmək haqda qəbul edilən qərar heç bir rezenons doğurmadı. Qabaqcadan gözlənildiyi kimi, baza faiz dərəcəsi yenə 0,25% yüksəldilərək, 1,25%-dən 1,5%-ə çatdırıldı. Və bu, FES-in həm də Canet Yellen xanımın qurumun rəhbəri qismində sonuncu iclası oldu. Çünki onun fəaliyyət müddəti başa çatır.
Bu il mart ayında 0,75-dən 1%-ə, iyunda 1%-dən 1,25%-ə yüksəldilməklə daha 2 belə qərar qəbul olunmuşdu. Bundan əvvəl isə 2015 və 2016-cı ilin dekabrlarında faiz dərəcələri artırılmışdı. Hər biri də 0,25% səviyyəsində.

Ancaq məsələ bundadır ki, 2015 və 2016-cı illərin dekabr aylarındakından fərqli olaraq, cari ildəki qərarlar dolların məzənnəsinin yüksəlməsilə nəticələnmədi, əksinə, sözügedən valyuta dünyanın bir sıra aparıcı valyutalarına münasibətdə ucuzlaşdı.

Ümumiyyətlə, bütövlükdə il ərzində ABŞ dolları öz dəyərini itirmə tendensiyası nümayiş etdirib. Özü də bəzi aylarda daha güclü şəkildə. Konkret olaraq Amerika valyutası bu il dünyanın aparıcı valyutalarına nisbətdə 7%-dən çox dəyərdən düşüb. Bu da 2007-ci ildən bəri ən yüksək nəticədir.

Dolların dünyanın bir sıra aparıcı valyutalarına münasibətdə ucuzlaşmasına səbəb FES-in bir-birinin ardınca faiz artımına getdikdən sonra, valyutanın dəyərinin möhkəmlənməsi prosesinin dayanmasında özünün də maraqlı olması idi. Çünki dolların həddindən artıq möhkəmlənməsi Amerika mallarını bahalaşdırır ki, bu da iqtisadi artıma istər-istəməz əngəl törətmək təhlükəsi yaradır. Faiz artımı isə bilavasitə iqtisadi artım, inflyasiya, işsizlik problemlərinin maksimum həlli kimi məsələlərə bağlıdır.

Amma dolların dəyərdən düşməsinin əsas səbəbi heç də bu deyil. Amerika valyutası həm də aid olduğu ölkə iqtisadiyyatında inkişaf meyillərinin davam etməsinə, o cümlədən, FES tərəfindən sərt monetar siyasətin yürüdülməsinə baxmayaraq, 2018-ci il ərzində də ucuzlaşma nümayiş etdirəcək. Yəni, bu, indidən aydın görünür. Belə ki, bunu şərtləndirən bir sıra məqamlar var. Bunlardan biri də Avropada və bir sıra inkişaf etməkdə olan ölkələrdə müşahidə edilən iqtisadi artım və o cümlədən bazarlarda müvafiq canlanmadır ki, bu da istər-istəməz avronu, yuanı və yeni möhkəmləndirir.



Təsadüfi deyildir ki, xarici ekspertlər avronun 10.7% bahalaşacağını və 1.30 ABŞ dollarına qədər dəyərə minəcəyini proqnozlaşdırırlar. Bu, çox ciddi rəqəmdir. Elə cari ilin özündə FES bununla üçüncü dəfədir faiz artımına getsə də treyderlər tərəfindən dollarların satılaraq xüsusən, Avropa ilə Yaponiya valyutalarını alındığı diqqətdən yayınmayıb. Çünki 2018-ci ildə ən çox bunlarda artım olacaq.

Bundan əlavə, FES tərəfindən növbəti ildə faiz artımlarının davam etdiriləciyi və və bu barədə azı 3 dəfə, yəni builki qədər qərar qəbul olunacağı haqda bəyanatlar səslənsə də, 2018-də heç də bunun da baş verməyəcəyi qənaəti mövcuddur. Gələn il cəmi bir dəfə faiz artımına gedilsə, böyük şeydir. Ümumiyyətlə, ekspertlər bu fikirdədirlər ki, 2020-ci ilədək faiz dərəcəsi ən çox 2%-dək yüksəldilə bilər. Yəni, Federal Sistem bundan sonra uzunmüddətli monetar pauza götürməyə məcbur olacaq. Çünki statistik rəqəmlərə rəğmən, ABŞ iqtisadiyyatında yaxın perespektiv üçün işlər heç də yaxşı görünmür. Faiz dərəcəsi artırılarsa, əlavə buxov yaranacaq. Trampın vergi islahatına gəldikdə isə, bunun 2018-ci ilin yalnız ilk yarısında dolların dəyərinə müsbət təsir edəcəyi söylənilir.

Ümumiyyətlə, analitiklərin fikrincə, gələn ilin sonunadək ABŞ valyutası dünyanın 16 ən çox işlənilən valyutasından 13-nə nisbətdə dəyərini itirəcək. Çünki dünya iqtisadiyyatı ABŞ, Avropa Birliyi, Çin, Yaponiya və inkişaf etməkdə olan ölkələrin “çiynində” dayanır ki, bunların arasında çox sıx əlaqə və bağlılıq mövcuddur. Bu əlaqə və bağlılıq həm də bir “balans” yaradır. Ancaq, mərkəzi sütun rolunu isə ABŞ iqtisadiyyatı yerinə yetirir: ABŞ-da tənəzzül yarandıqda qlobal iqtisadiyyatda ciddi böhran təşəkkül tapır, artım həddindən artıq geniş xarakter daşıdıqda isə yenə çətin vəziyyət ortaya çıxır.

Məlum olduğu kimi, ABŞ iqtisadiyyatı sonuncu dəfə 2008-2009-cü illərdə tənəzzüllə üzləşmişdi. Bu zaman qlobal maliyyə və iqtisadi böhran yaranmışdı. Sonrakı illərdə Amerika iqtisadiyyatında tənəzzül tədricən aradan qalxmağa başladı və hazırda ABŞ iqtisadiyyatı qeyd etdiyimiz kimi inkişafdadır. Bu ölkədə iqtisadi artım olduğu zaman isə dollar möhkəmlənir. Bu da qlobal miqyasda bir sıra strateji məhsulları ucuzlaşdırır. Və bu sırada xam neft və enerji daşıyıcıları məhsulları ilk yerdə gəlir.

Həmin məhsulların ucuzlaşması isə gəlirləri bundan asılı ölkələrin iqtisadi vəziyyətlərini pisləşdirir. Azərbaycan da bu sıraya daxildir. Çünki, ötən əsrin sonuna yaxın xarici investisiyaların neft və qaz sektoruna cəlb olunması nəticəsində ölkə iqtisadiyyatı istər-istəməz birtərəfli istiqamətdə inkişaf edib. Bu gün ölkədə təxminən 4,8 milyon nəfər əmək qabiliyyətli insan var ki, bunun da 80 min nəfərə yaxını neft sektorunda çalışır.

Odur ki, 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən Azərbaycan da əziyyət çəkdi. Belə ki, dövlət gəlirləri xam neft satışından əldə olunduğundan 4 dəfədən çox azaldı. Ancaq bir çox neft ölkəsindən fərqli olaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlandı və valyuta ehtiyatlarımız böyük itkiyə məruz qalmadı. 2017-ci ildə iqtisadiyyatda bərpa meyilləri başlanmışdır. Gələn il artımın da bərpası üçün hər cür şərait olacaq. Qalır, yaranacaq əlverişli vəziyyətdən istifadə etmək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Dollar   #Valyuta  





Xəbər lenti