Rus siyasətinin Qarabağ xətti – TƏHLİL

Rus siyasətinin Qarabağ xətti – TƏHLİL
  27 Sentyabr 2013    Oxunub:1352
Vladimir Putinin son aylarda Dağlıq Qarabağ tənzimlənməsi barədə söylədikləri və Bakıda imzalanmış sənədlərin bəzi maddələri də Rusiyanın Qarabağ tənzimlənməsinə yeni məzmun verməsinin göstəricisidir. Putinin Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyinin bəzi diqqətçəkən məqamlarını xüsusi vurğulamağı faydalı hesab edirik:
ı. ATƏT MQ həmsədr dövləti olan Rusiya ATƏT MQ-nin ümumi kursundan fərqli mövqe nümayiş etdirdi: siyasi vasitələrlə həll sülh danışıqları vasitəsilə həll prinsipindən fərqlidir və daha əhatəlidir;

ıı. Boykot, izolyasiya, müxtəlif şirnikləşdirici tədbirlər və məcburetmələr siyasi vasitələrin tərkib hissələridir. Dinc tənzimləmə bunları əhatə etmir;

ııı. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Nəqliyyat Nazirliyi arasında imzalanmış müqavilənin maddələrindən biri birgə axtarış-xilasetmə işlərini ehtiva edir. Azərbaycan işğal olunmuş əraziləri üzərində uçan təyyarənin və ya helikopterin ermənilər tərəfindən vurulmasını və ya hər hansısa bir səbəbdən qəzaya düşməsini modelləşdirsək, siyasi baxımdan vacib nəticə alınır. Azərbaycanın işğal olunmuş ərazilərində itkin düşmüş Azərbaycanın uçan aparatları iki ölkənin xilasediciləri tərəfindən birgə axtarılacaqdır. Azərbaycan və Rusiya fövqəladə hallar nazirləri arasındakı avqustun 13-də Bakı şəhərində imzalanmış müqavilə Azərbaycan Prezidenti tərəfindən təsdiqləndi.Müqavilənin imzalandıqdan cəmi bir neçə gün sonra Prezident tərəfindən təsdiqlənməsi diqqət çəkir.

“Rosneft”in regional fəaliyyəti bu kontekstdən heç də az maraq kəsb etmir. “Rosneft” Bakıda sıxılmış təbii qaz zavodu tikmək niyyətindədir. Sıxılmış təbii qaz zavodu hədsiz geniş, hətta Türkmənistan kontekstində də qəbul oluna bilər. İndiki kontekstdə maraqlı məqam orasındadır ki, Ermənistanın bütün avtonəqliyyat vasitələrinin 85%-i sıxılmış qazla işləyir. Azərbaycanda bu rəqəm dünya üzrə ən kiçik rəqəmlər sırasındadır. “Rosneft” Azərbaycanda sıxılmış qaz tikməklə onun məhsulunu Ermənistana sata bilər. Ermənistanın bütün qaz paylama şəbəkəsi Rusiyanın, xüsusilə “Rosneft”in monopoliyasındadır. Eləcə də “Rosneft” Azərbaycandakı neft payını emal edib, özünün Ermənistan ərazisindəki yanacaqdoldurma məntəqələrini təmin edə bilər. Bütün bunlar Qarabağ tənzimlənməsi olmadan mümkün deyil və Moskvada bunu bilirlər. V.Putinin üçüncü dövr prezidentliyinin ilk aylarında keçirdiyi mətbuat konfransında Qarabağ mövzusunda sual vermək istəyən Azərbaycan jurnalistlərinin onun kinayəsi ilə üzləşməsi İ.Əliyevin çox sərt addımlarına səbəb oldu. Bəlkə də İ.Əliyevin məsələyə reaksiyası Rusiyanın mövqeyinin ümumilikdə, xüsusən də Qarabağ tənzimlənməsində Azərbaycana tərəf dəyişməsində mühüm rol oynadı. V.Putinin Qarabağ tənzimlənməsinə gətirdiyi yeni məzmun yaxın zamanlarda praktiki nəticəyə səbəb ola bilər;

ıv.RF-in Azərbaycana ən müasir silahlar satması Qarabağ tənzimləməsinin yeni məzmununun vacib əlamətlərindəndir. Azərbaycan Gürcüstanla müharibə edə bilməz; İrana və Rusiyaya qarşı müharibə etməyə gücü çatmaz. Azərbaycan yalnız Ermənistanla müharibə edə bilər. Silahı satan Rusiya bunu çox gözəl bilir;

Rusiya-Azərbaycan yaxınlaşması risk baxımında da yeni məzmun yaradıb. Bu məzmun Rusiya-Azərbaycan münasibətləri irəlilədikcə özünü daha aydın göstərəcək. V.Putinin Azərbaycana səfəri konkret praktiki nəticə ortalığa qoymuşdu; İranın “S-300P” modifikasiyalı ZRK-ların “S-300V” (“Antey-2500”) modifikasiyalı ZRK-larla əvəzlənməsinə razılıq verməsi V.Putinin Bakıya səfərinin yaratdığı ilk effektdir; bunun başqa adı yoxdur. Belə uğur özündən qat-qat böyük təhlükə yaradır, lakin bizim diqqətimizi cəlb edən təhlükə RF-in daxili qüvvələrindən qaynaqlanır:

a) Rusiyanın xarici siyasəti ikisəslidir. Əksərən Kremlin apardığı siyasətlə Xarici İşlər Nazirliyinin apardığı siyasət fərqli olur;

b) RF Azərbaycan siyasətini Ermənistanla əlaqələndirib. Azərbaycanın Rusiya istiqamətində apardığı siyasət müstəqil olduğu halda, Rusiyanın Azərbaycan istiqamətində siyasəti müstəqil deyil. Rusiya Azərbaycanı cəzalandırmağa, Ermənistanı isə mükafatlandırmağa daha çox meyllidir. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referenduma Azərbaycan müsbət, Ermənistan isə mənfi cavab verdi. Referendumdan bir il keçməmiş rus qoşunlarının iştirakı ilə Xocalıda azərbaycanlıların soyqırımı törədildi;

c) Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarının böyük əksəriyyəti milliyyətcə ermənidir. 20-dən çox dövlətdə Rusiyanın səfiri erməni millətinin təmsilçisidir. Rusiyanın xarici işlər naziri S.Lavrovun atasının familiyası Kələntəryan olub. Bir neçə kişiyə ərə getmiş erməni anası “Lavrov” soyadlı rusa ərə getdikdən sonra övladlarının da soyadını əvəzləməyə nail olub. Rusiyanın Azərbaycandakı diplomatlarının böyük əksəriyyətində Azərbaycan sevgisi yoxdur. Əvəzində erməni sevgisi ilə rus sevgisi rəqabət apara bilər. O baxımdan Rusiya tərəfdən aparılan siyasətin icraçılarının müəyyənləşdirilməsi V.Putin ilə ayrıca müzakirə edilməlidir.

Hazırda Rusiya Suriya hadisələri ilə ciddi məşğuldur; burada uğur da əldə edə bilib. Lakin bu uğur hələ də ziddiyyətlidir. Rusiyanın Suriya siyasətinin ziddiyyətli olmasının əsas səbəblərindən biri erməni faktorudur;

- birincisi, Rusiya Suriya ermənilərini öz maraqlarına xidmət etdirə bilmədi. Suriya erməniləri müəyyən dövr neytral qaldıqdan sonra ABŞ-ın maraqlarına xidmət etdilər. Suriya ermənilərinin fəaliyyətini müqayisə etmək üçün predmet var. İraq ermənilərinin və onların başçısı, İraqdakı Erməni Yeparxiyasının rəhbəri A.Asaduryanın rəsmi Vaşinqtonla, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsilə apardığı oyunları yada salmaq kifayətdir;

- ikincisi, Suriya erməniləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirili inkar etdilər. Kirilin Yaxın Şərq regionuna səfəri zamanı pravoslav və ya katolik olmasından asılı olmayaraq bütün dini konfessiyaları başına yığa bildiyi halda, Suriyanın erməni icması həmin görüşdən imtina etdi;

- üçüncüsü, erməni mənşəli rus diplomatlarının ən çox cəmləşdiyi region Afrika və Ön Asiya regionudur.

Bu faktorlara dair rəsmi Moskvanın dəqiq, aydın və konkret mövqeyini əldə etdikdən sonra əminliklə qarşılıqlı maraq doğuran planları icra etmək olar.

Erməni mənşəli rus diplomatlarının Ermənistanın maraqlarına işləməsi ümumi şübhədən irəli gələn fikir deyildir. Bəzən dünyanın ən ucqar dövlətləri Ermənistana maraq göstərirlər. Bu marağı həmin ölkənin Rusiya səfirliyində işləyən erməni diplomatları yaradırlar. Antiazərbaycan təbliğatının böyük bir qismi erməni mənşəli Rusiya diplomatlarının hesabındadır. Getdikcə zəifləyən Ermənistanla getdikcə güclənən Azərbaycanın bərabər görünməsinin səbəbkarı da erməni mənşəli rus diplomatlarıdır. Ermənistanın Rusiya tərəfdən tam dəstəyə malik olması tezisinin müəllifi də erməni mənşəli rus diplomatlarıdır.

Lakin Moskva metrosunun partladılmasında iştirak edən ermənilərə, SSRİ-nin dağılmasında rolu olmuş Ermənistan və Dağlıq Qarabağ regionundakı ermənilərə, Ermənistanda rus dilinin və mədəniyyətinin təhqir olunmasına dair erməni mənşəli Rusiya diplomatlarının mövqeyinə rast gəlmədik. Mühüm məsələlərdən biri də müəyyən ekspertlərin Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdırmasında Rusiya Xarici İşlər Nazirliyinin ayrı-ayrı şəxslərinin iştirakıdır. Həmin ekspertlər məqsədyönlü şəkildə arxiv materialları ilə təmin olunurlar. Çar Rusiyasının İrandakı səfiri A.Qriboyedovun fəaliyyəti və həyatı tamamilə saxtalaşdırılıb. Diqqətçəkən məqam burasındadır ki, ermənilərin A.Qriboyedovdan başladıqları ənənə bu günə kimi davam etməkdədir. Ermənilər İran şahının ətrafı və İngiltərədəki İran səfirinin hazırladığı plan əsasında səfir A.Qriboyedovu öldürdülər. 1977-ci ildə Qərb xüsusi xidmət orqanlarının hazırladığı plan əsasında Moskva metrosu partladıldı. Həmin dövlətlərin hazırladıqları plan əsasında 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində SSRİ ərazisində ermənilər saxta pul hazırlamaqla, iqtisadi diversiya törətdilər. 1980-ci illərin sonlarından isə həmin dövlətlərin hazırladıqları ssenari əsasında SSRİ-ni dağıtdılar. Hətta Rusiyanın Azərbaycandakı diplomatları da hadisələrə bu kontekstdən münasibət bildirməyiblər. Erməni mənşəli rus diplomatları bu hadisələrə münasibət bildirsəydilər, çox yaxşı olardı.

Rusiya prezidentinin Azərbaycana səfər etməsi, Ermənistana öldürücü təsir göstərdi. Rəsmi Moskvanın ünvanına ən kəskin ifadələr səsləndi. Bu zaman əvvəldən mövcud olan antirusiyaçılıq öz rolunu oynadı.

Erməni siyasilərin fikrincə, V.Putinin Bakı səfərində Azərbaycanın ziyanına olan, lakin diqqətçəkən iki məqam var. Bunlar V.Putinin Şəhidlər Xiyabanını ziyarət etməməsi və “işğal” terminini inkar etməsidir:

- əvvəla, Azərbaycan V.Putindən “işğal” termini gözləmirdi. V.Putinin Dağlıq Qarabağla bağlı Bakıda verdiyi bəyanat və imzaladığı müqavilələrdəki bəzi maddələr reallaşarsa, Dağlıq Qarabağ yaxın vaxtlarda Azərbaycana qayıda bilər;

- ikincisi, V.Putin Şəhidlər Xiyabanında diz çökmüş ilk dünya lideridir. V.Putin ilk prezidentliyi dövründə də Qafqaza ilk səfərini Azərbaycana etdi. O zamankı səfərin ilk protokol qaydalarından biri Şəhidlər Xiyabanını ziyarət etmək idi. Heç kəsin gözləmədiyi halda V.Putin Şəhidlər Xiyabanında diz çökdü.

Putinin Azərbaycana səfəri zamanı prezident İ.Əliyev və ümummilli lider H.Əliyevin ünvanına səsləndirdikləri və Dərbəndin (məhz Dərbəndin) mərkəzi küçəsinə H.Əliyevin adını verməsi, İ.Əliyevin evinə qonaq getməsi bütün şübhələri alt-üst edir. Sadəcə XİN-in ermənibaş diplomatlarının V.Putinin Azərbaycana səfərinə belə töhfə verməsini istisna etmirik.

Azərbaycan olaraq Rusiya ilə münasibətlər qurarkən bir faktoru diqqətdən kənarda saxlamamalıyıq: Rusiyadakı bəzi qüvvələr, ermənilər, Azərbaycanın Rusiya ilə düşmən olmasında maraqlıdırlar. Yalnız Azərbaycanla Rusiyanın düşmənçiliyi şəraitində Ermənistan regionda “at oynada” bilər. Bu qüvvələr Azərbaycanın əleyhinə qoymağa həmişə arqument tapacaqlar. Bu təbiidir, çünki Azərbaycan müstəqil siyasət aparır. Rus düşüncəsində “Azərbaycanın (və bu qisimdən olan dövlətlərin) müstəqil siyasəti” kimi anlayışa yer yoxdur. Digər tərəfdən, Rus düşüncəsi hərbi mahiyyətli düşüncədir. Ermənistandakı 102-ci hərbi baza hətta Rusiyanın əleyhinə fəaliyyət göstərsə də, Rusiyanın ictimai-siyasi mühiti məhz hərbi baza faktoruna görə Ermənistanı doğma qəbul edir.

Sonuncusu və ən vacibi Azərbaycanın türkdilli dövlət olmasıdır. Türklərə qarşı nifrət Çar Rusiyası dövründə formalaşıb və Rusiyanın siyasi şüurunda bu gün də davam edir. Rusiya-Türkiyə əməkdaşlığının tarixi cəmi bir neçə ildir. Müstəqilliyimiz və türkdilli olmağımız Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsində marağı olmayanların arqumental bazalarının ən böyük mənbələridir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin Analitik Hesabatından
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti