Pepinov əslində kim idi? - İşgəncələrə məruz qalan, güllələnən nazir (FOTOLAR, VİDEO)

Pepinov əslində kim idi? - İşgəncələrə məruz qalan, güllələnən nazir (FOTOLAR, VİDEO)
  07 Mart 2018    Oxunub:42583
Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında pay sahibi olan tarixi şəxsiyyətlərdən biri Əhməd bəy Pepinov olub. O, Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik naziri kimi adını tarixin qızıl səhifələrinə yazdırıb.
Parlamentin fəaliyyətində yaxından iştirak edən Əhməd bəy bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış edib, bir sıra qanun layihələrinin hazırlanmasında bilavasitə iştirak edib. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf edib.



***
Əhməd bəy Pepinov 1893–cü ildə Gürcüstanın Axalsıxın Bolacur kəndində anadan olub. 3 qardaş, 2 bacı olublar. Anaları erkən yaşında vəfat edib. Bu səbəbdən 5 uşaqla tək qalan ata Ömər bəy yenidən evlənməli olub. Uşaqların üzünə bəxt onda gülür ki, ikinci anaları çox yaxşı qadın olur, öz qızı Büllurla onlar arasında heç bir fərq qoymur.

Hələ anasının sağlığında dayısı maarifpərvər ziyalı Ömər Faiq Nemanzadə ağır xəstə olan bacısının yükünü müəyyən qədər yüngülləşdirmək məqsədilə balaca Əhmədi himayəsinə götürür və onun bundan sonrakı taleyi dayısı ilə bağlanır.

1900-cu ildə Ömər Faiq Şamaxıya dərs deməyə gedəndə balaca Əhmədi də özü ilə aparır. Orada ona əlifbanı, hesabı, ərəb və fars dillərini öyrədir. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ zamanı ölümlə üz-üzə gələn Əhmədin bəxti gətirir. Ömər Faiqin həyat yoldaşı onu uçuan evin kərpicləri altından sağ çıxarır.


(Əhməd bəy (soldan ikinci) dostları ilə istirahətdə. 12 dekabr 1929)

Ömər Faiq Əhmədin qardaşları Məmmədi və Zəkini də Qori Müəllimlər Seminariyasında oxutdurur. Amma sevimli Əhmədini isə gözündən uzağa buraxmır. Onu Tiflisdəki “Zadəganlar” gimnaziyasına düzəldir. Və özü Tiflisdə olmadığı vaxtlarda bacısı oğlunu ən yaxın sirdaşına - Mirzə Cəlilə tapşırır. Əhməd onlarda qalır.

Ailənin əsl soyadı Ömərbəyov olub. 1917-ci ildə Gürcüstanda əhalinin siyahıya alınması keçirilir və ümumi say 3 milyondan artıq olur. Ümumi sayın içində azərbaycanlıların sayını azaltmaq üçün min hoqqadan çıxırılar. Buna görə də azərbaycanlılara özlərinin xəbəri olmadan gürcü familiyası yazır və ya elə dəyişirlər ki, üzdən gürcü soyadı olmasa da, Azərbaycan soyadına bənzəmir. Siyahıya alınmanın nəticəsində Ömərbəyov dönüb Pepinov olur.

1912-ci ildə Əhməd bəy eyni vaxtda Moskva universitetinin iki fakültəsinə - hüquq və iqtisadiyyata daxil olur. O, Moskvaya gedəndə türk, rus, gürcü dilləri ilə bərabər fransız və əski yunancanı da bilirdi.

Əhməd Pepinovun qızı Sevda Pepinova: “Atam mənimlə əsasən rus dilində danışırdı. Ürək sözü olanda isə ya azərbaycanca, ya da türkcə danışırdı. Atamın dili 1918-ci ildə Bakıya gələndən sonra azərbaycanlaşmışdı. Onacan türk dilində danışırdı. Engelsi, Marksı almanca orjinaldan oxuyurdu. Xədicə nənəm deyirdi ki, fransızcası da gözəldir. Çünki nənəm fransızcanı gözəl bilirdi və hərdən atamla bu dildə danışırdı”.


(Sevda Pepinova)

Moskvada tələbə Pepinovun vaxtaşırı göndərdiyi məqalələr “Axalkalakili Əhməd Cevdet” imzasıyla “Açıq söz”də yer alırdı. O, tələbələr arasında geniş iş aparan “Azərbaycan həmyerlilər cəmiyyəti”nin rəhbərlərindən idi.

1917-ci ildə fevral burjua inqilabı baş verəndə Əhməd bəy hələ Moskvadaydı və Tiflisə həmin il təhsilini bitirib qayıdanda buralarda inqilabın ciddi əks-sədalarıyla qarşılaşdı. Və siyasət onu özünə çəkdi.

Həmin vaxtlardan başlanan, 12 il ərzində davam edən siyasətin və dövlətçi fəaliyyətlərinin nəticəsi idi ki, 30-cu ilin 8 dekabr gecəsində KQB onun dalınca gəlmişdi...

***
1917-ci ildən Hümmət Sosial- Demokrat Təşkilatının üzvü olan Əhməd bəy sağ hümmətçi idi. Marksizmi mükəmməl bilirdi. 1918-ci ildə Zaqafqaziya Seymində təsdiqlənən Müsəlman Fraksiyasında Müsəlman sosialist blokuna daxil edilmiş, həmin il yaranan Azərbaycan parlamentinə məhz həmin blokun təqdimatı ilə irəli çəkilmişdi.

1931-ci il iyulun 6-da Əhməd Pepinovun istintaqa ifadəsi: “Parlamentin baş katibi və millət vəkili olduğum vaxtlarda mən eyni zamanda partiyada da işimi aparır, mitinqlərdə, fəhlə-kəndli yığıncaqlarında çıxışlar edirdim. 1919-cu ildə Bakıda ingilislərə qarşı fəhlə nümayişinin təşkilatçılarından biri olmuşam.

1919-cu ilin dekabrında parlamentdə hökumətin yeni tərkibinin yaranması haqqında iki həftə çəkən danışıqlardan sonra yeni yarancaq kabinetə mənim də daxil olmağım barədə sosialist fraksiyasında irəli sürülən təklifə 3 dəfə etiraz etməyimə baxmayaraq, partiya məni Əmək və Ziraət naziri kimi hökumətə qatılmağa vadar etdi. Boyun qaçırmağım isə onunla əlaqədar idi ki, müsavatçılar parlamentdə ”Fəhlə qanunvericiliyi“ və “Aqrar islahatının” keçirilməsinə mane olurdular. Müsavat partiyası bizim fraksiyanın qəti tələbə ilə bu məsələlərin məclisi –məbusanda keçiriləcəyini vəd edəndən sonra mən nazir vəzifəsini aparmağa razılıq verdim. 1920-ci ildə isə hazırladığım torpaq islahatı haqqında qanuna baxmaq istəmədikləri üçün 1920-ci ilin martında hökumətdən getdim. Bununla da yeni hökumət böhranı başlandı”.


(Soldan: Əhməd bəy, Sevda xanım, Yunis Mirzəbəyov, Afət xanım, Zəki bəy; Yuxarı sıra : Büllur xanım, Məmməd bəy, Nəzirə xanım)

***
Əhməd bəy parlamentdəki ilk görüşlərindən sədr müavini Həsən bəy Ağayevin ürəyinə yatmışdı. Həsən bəy həyat yoldaşı Xədicə xanıma onun haqqında "Bizə Tiflisdən bir cavan oğlan gəlib, çox qabiliyyətli, savadlıdır” demişdi. Onda Həsən bəy haradan bilərdi ki, vəfatından bir neçə il sonra şəninə tərif dediyi bu oğlan onun böyük qızı Xurşidə elçi düçəcək...

Həsən bəyin sağlığında onun evində baş verən ziyafətlərdə, ziyalı məclislərində Əhməd bəy də dəvətlilər sırasında olurdu. Xədicə xanım onu yaxşı tanıyırdı və ailədə Əhməd bəyə qarşı böyük rəğbət var idi. Eyni zamanda bu, o vaxtlar idi ki, hər adam Həsən bəyin ailəsi ilə əlaqə saxlamağa ürək eləmirdi. Əhməd bəyin isə bu ailə ilə qohumluq istəyi onun cəsarətindən xəbər verirdi. Əhməd bəylə Xurşid xanım 1924-cü ildə evlənirlər, bir il sonra isə qızları Sevda xanım dünyaya gəlir.


(Xurşid xanım və Əhməd bəy Pepinov)

Sevda Pepinova: "Mən atamı bir insan kimi nənəmin danışdıqlarından tanıyıram. Nənəm atamı olduqca çox istəyirdi. Deyərdi ki, atam yalnız anama yaxşı ər olmayıb, həm də anamın bacıları Gülruxa, Nəzakətə də atalıq edib. Tutalım, anama palto tikdirirmişsə, qızları da aparıb onlara palto sifariş verirmiş. Həftədə bir-iki dəfə nənəmi yoluxurmuş. Nənə deyərdi ki, Əhməd bəy məndən bir dəfə soruşmadı ki, nə lazımdır?. İçəri girən kimi şkafı açırdı, ora-bura baxırdı ki, görsün nə çatışmır. Hamısına göz gəzdirəndən sonra hal-əhval tutub gedirdi. Bir də görürdün düyü, yağ, şəkər, ət göndərib. Nənəm deyirdi ki, mən ona heç vaxt nədən ötrüsə ağız açmamışam, özü məni qabaqlayıb, imkan verməyib ki, ehtiyac hiss edək” .


(Xurşid xanım)

***
Bakının işğalı ətərəfində Əhməd bəy paytaxtda deyildi. O, digər millət vəkili Rəhim bəy Vəkilovla birgə Şimali Qafaza yola düşəndə 11-ci Ordu hələ Samur körpüsünün şimal tərəfində dayanmışdı. Əhməd bəyin məqsədi Rusiya ilə danışıqlar aparmaq, Qarabağdakı qoşun hissələrimizin müdafiəsiz paytaxta qayıdanədək Qırmızı ordunun həmləsini ləngitmək idi. Danışıqlara Əhməd bəyin göndərilməsi məqsədliydi. O, Serqo Orcenikidze ilə 1919-cu ilin iyunundan Bakıdakı antiingilis mitinqindən tanış idi.

Serqo Əhməd bəyə Moskva ilə danışacağını bildirir. Ancaq nəticə uğurlu olmur. 28 apreldə Bakı işğal olunur. Serqo Əhməd bəy Bakıya qayıtmamış onun haqqında zəmanətli teleqram göndərir ki, Pepinovdan muğayat olsunlar və ondan dəyərli kadr kimi istifadə etsinlər. Elə bu zəmanət teleqramı Əhməd bəyin qanının arasına girir...

O, Əhməd bəy həbs olunandan sonra gürcü sadiqliyini qoruyub saxlayır. Əhməd bəyə görə yanına getmiş bacısı Kəbirəyə “Arxayın gedin, yaxşı olacaq” deyir. Və Serqonun Bakıya bircə telefon zəngi Əhməd bəyin vəziyyətini büsbütün dəyişir.


(Əhməd bəy, Kəbirə xanım və həyat yoldaşı Cəbrayıl Cavadov Alma-Atada)

Əhməd bəyə sovet dövründə ilk verilən məmur vəzifəsi Xarici İşlər Komissarlığında olmuşdu. 1920-ci ilin mayın 24-də informasiya şöbəsinə kargüzar göndərmişdilər. Oradan sonra isə Əmək Komissarlığında çalışmışdı. Onu daha sonra İctimai Təminat Komissarlığına keçirmişdilər, qaçqınlar məsələsi ilə məşğul olurdu. 1922- ci ildə isə onu Xalq Maarif Komissarlığına göndərirlər. Kollegiya üzvü olur və həbs olunanadək burada işləyir. Azərbaycan təhsilinin, maarifinin sonralar qazandığı böyük uğurlarda Əhməd bəyin danılmaz payı var. Ən kiçik nümunə kimi deyə bilərik ki, latın qrafikası əsasında Azərbaycan əlifbasının ilk variantının yaradıcılarından biri Pepinov olmuşdu.

***
Əhməd bəy 1930-cu ilin dekabrın 8-də KQB tərəfindən saxlanılır. Ona "1012" saylı orderi göstərib, "bizimlə getməlisən" deyirlər. Pepinovu və onunla eyni vaxtda həbsxanaya atılmış daha 52 nəfəri mərkəzləri Parisdə, Türkiyə və İranda yerləşən gizli, əksinqilabi, antisovet Azərbaycan Milli Mərkəzi adlı təşkilatla bağlılıqda suçlayırlar. 53 nəfərin içində Əhməd bəy ən cavanlarından idi. Dustaq götürüləndə 37 yaşı vardı. Tək Əhməd Pepinov nə mərkəzin işi ilə bağlı deyilənləri boynuna alıb, nə də yoldaşları haqqında artıq bir söz deyib. Sona qədər işgəncələrin qarşısında duruş gətirib.

KQB xəbərdar idi ki, Əhməd bəy Bakıdakı sabiq Türiyə konsulu Məmduh Şövkət bəylə yaxın dost olub. Məmduh Şövkət Bakıda işlədiyi müddətdə müsavatçıların bütün gizli fəaliyyətlərindən xəbərdarmış, Məhəmməd Əmin Rəsulzadə ilə buradakı gizli Mərkəzi Komitə arasında rabitəni təmin edirmiş. Çekistlərin, həmçinin Bakıda işləmiş digər Türkiyə konsulu Fərid bəylə də onun əlaqlərinin olmasından xəbərdar olub.

Əhməd bəylə əlaqədar məxfi qovluqda xaricdəki kəşfiyyatın göndərdiyi belə bir məlumat da vardı ki, o, hazırda Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin sağ əli olan Mirzəbala Məmmədzadənin də nə vaxtsa Türkiyəyə qaçmasına yardımçı olub.


(Məmməd bəy, Əhməd bəy, Zəki bəy)

“Azərbaycan Milli Mərkəzinin üst qatında” “Türk Millətinin İstiqlaliyyəti” partiyası da varmış. Mərkəz Türkiyədən alınmış tövsiyyə əsasında formalaşdırılmışdı. Məqsəd həmin mərhələdə Azərbaycandakı antisovet hərəkata rəhbərliyi tədricən ələ alan, gələcəkdə isə müstəqilliyini bərpa edəcək məmləkətdə hakim partiya funkisyasını daşımaq idi. Azərbaycan Milli Mərkəzinin işi üzrə həbs olunanlardan biri Tağıyevin nəvəsi Zeynal Tağıyev idi.

O, istintaq zamanı Pepinovdan fərqli olaraq hər şeyi açıq-aşkar danışmışdı: “Türk Millətinin İstiqlaliyyəti” partiyasını kütləvi bir təşkilata çevirmək qərarı qəbul edildikdən sonra ad məsələsi həll edildi. Mərkəzi komitənin bu məsələyə həsr olunmuş iclası 1928-ci ilin aprelində, mayında keçirilmişdi. İclas Əhməd bəyin evində keçirildi. Rza Şabanov partiyanın "Türk Millətinin İstiqlaliyyəti” adlanması təklifinin Tiflisdən Məmməd Həsən Hacınskinin ismarış göndərdiyini bildirdi”.

1931-ci ildə Mərkəzin işi ilə bağlı tutulanlardan biri cümhurriyət nazirlərimizdən olan Məmməd Həsən Hacinski idi. O, dekabrın 31-də Tiflisdə həbs edilmişdi. Və sovetin onu cəzalandırmasına imkan verməmiş, kamerada özün asmışdı. Mərkəzin planına görə o, Azərbaycan mustəqillik qazanandan sonra Nazirlər Şurasının sədri olacaqdı...

Təbii ki, SSRİ bütün bunları Əhməd bəyə bağışlamazdı. 1931-ci ilin sentyabrın 30-da Baş Siyasi İdarə ona ən ağır cəzanı- güləllənmə əmrini verir. Ancaq 1932-ci ildə onun haqqında hökm dəyişir, əvvəlcə 10 il həbs, daha sonra isə müddəti tutulduğu gündən sayılmaqla 5 illik sürgünlə əvəz edilir.

***
Bir zamanlar Bakı Karamel Fabrikinin yerində həbsxana vardı və Əhməd Pepinov il yarım orada yatır. Türmənin birinci mərtəbəsindəki kamerada saxlanılırdı. Dördücü pəncərə onunki idi. Pepinov içəridən çölün hansı hissəsinin göründüyünü Xədicə xanıma çatdırmışdı. Xədicə xanım da həftədə bir dəfə bacısı Zeynəbgilə getməyi bəhanə edib 6 yaşlı nəvəsi Sevda ilə həbsxananın qarşısındakı küçədən keçərdi. Əhməd bəyin pəncərəsindən görünən hissəyə çatanda Sevdanın ayaqqabısının bağı "açılardı". Nənə isə bir neçə dəqiqə ləngiyib onu bağlayardı. Sonra da ləng- ləng qızın üst-başına əl gəzdirərdi. Hər şeyi səbrlə edərdi ki, heç olmasa Əhməd bəy qızını görsün. Ata öz balasıyla belə görüşərdi.


(Xədicə Ağayeva və nəvəsi Sevda Pepinova)

Onlara 3-4 aydan bir görüş verərdilər. Görüşə bacıları və Xədicə xanım balaca Sevda ilə birgə gələrmiş. Görüş zamanı onların danışıqlarını diqqətdə saxlamaq üçün erməni nəzarətçilər olurmuş. Nənəsi, bibisi çox istəyirmiş ki, nəzarətçi uzaqlaşsın və Əhməd bəy qızı ilə tək qasın. Bəlkə bu yolla o, qızının cibinə məktub qoya bilər. Amma nəzarətçi buna imkan vermirmiş. Belə görüşlərdən birində erməni müstəntiq Sevda ilə atasının danışığını dinləyir ki, Sevda atasına Cəmo bəy Hacinskinin onun ad gününə bağışladığı bilərziyin qırıldığını və Nəzirə bibisinin yenidən sapa düzəcəyini deyir. Nəzirə xanım evə qayıtmamış müstəntiq çekistləri evə göndərir, həmin bilərziyi və digər qiymətli zinət əşyalarını evdən götürürlər...

KQB divarları arasındakı işgəncələr Əhməd bəyi elə hala salır ki, o, artıq ürəyin genişlənməsi, əllərin ekzeması, işias (oturaq əsəbin iltihabı ) və burunun hipertrofik iltihabından əziyyət çəkirdi. Gör, vəziyyət nə dərəcədə pis olur ki, o, həbs müddətinin 9 ayını xəstəxanada keçirir.

***
Əhməd bəy 1930-cu ilin dekbarın 8-də gecə saat 1-də Əzizbəyov küçəsindəki mənzilindən aparılandan 3 gün keçməmiş arvadı ilə qızını da bu evdən çıxarırlar. Hər şeyi müsadirə edirlər. Nələri vardısa, həmin mənzilə köçən KQB müstəntiqi Xoren Qriqoryana qalır. Xurşid xanım məcbur qalıb qızı Sevda ilə birgə anasının yanına köçür. Əhməd bəy Bakıda həbsxanada olarkən qaynanası Xədicə xanıma demişdi: "Xurşidə deyin, məndən boşanmaq haqqında ərizə versin. Çünki tutulanların çoxunun ailəsini sıxışdırırlar. Mənim adım üstündə olmasın. Ziyan gətirə bilər. İstəsə, ərə də gedə bilər”.


(Xurşid xanım və qızı Sevda Pepinova)

Xurşid xanım boşanmış, Əhməd bəyin Xalq Maarif Komissarlığında katibi olan Bahadur Eyvazova ərə getmişdi. Onların qızı Sevda Pepinovanı isə o vaxtdan nənəsi Xədicə saxlamışdı. Beləliklə, ana balaya, bala da anaya həsrət qalmışdı. 7 yaşlı Sevda "xalq düşməni"nin qızı olduğuna görə Bahadur Xurşidə doğma balasının onlara gəlib -getməyinə icazə vermirdi... Son saatlarında Xurşid həmişə Sevda xanıma: "Bağışla məni, Sevda, bağışla məni” deyirmiş...

Əhməd bəyə 30 cu illərdə Türkiyədən gələn bir dostu buralarda vəziyyətin getdikcə pisləşəcəyini, gec-tez tutulacağını deyibmiş. Məsləhət görüb ki, ailəsini götürüb Bolacur yolu ilə Türkiyəyə keçsin. Əhməd bəy razılaşmayıb. Deyib: "Axı niyə qaçmalıyam ki? Mənim nə təqsirim var ki?”.

Sonralar qaynanasına etiraf edirmiş ki, gərək onda gedərdim, getsəydim, ailə də dağılmazdı. Xədicə xanım isə həmişə Əhməd bəyin tərəfində olurmuş. Qızını ərə getdiyinə görə qınayarmış. Xurşid isə anasının dannağı qarşısında ağlayarmış.


(Sevda xanım)

***
Əhməd bəy həbsinin qalan müddətini Ulyanovsk şəhərinə sürgünə göndərilməklə keçirir. Ulyanovskada işləyən zaman qızına yazırmış: “Səhər gedirəm işə, axşam qayıdıram və özüm özümlə şahmat oynayıram”.

Əhməd bəyin sürgünü 1935-ci ilin dekabrında bitir. Ona azadlıq haqqını verən zəruri sənədləri alanacan - aprel ayına kimi gözləməli olur. O, Bakıya birbaşa deyil, Moskvaya gedirr. Orada Serqo Orcanikidze və kiçik qardaşı Zəki bəylə görüşür. Serqo Əhməd bəyə məsləhət görür ki, Qazaxıstana gedib işləsin. Bakıya getməyinin qəti tərəfdarı olmur. Onun Bağırovdan uzaq qalmasını istəyir. 1936-cı ilin mayında Pepinov Bakıya gedir. O, bacısı Nəzirəgilə baş çəkdikdən sonra qızını görmək üçün Xədicənin evinə gedir. Tərslikdən Xurşid xanım da onlarda imiş.

Sevda Pepinova : “O səhnə indi də gözümün qabağındadır. Atam girdi içəri. Çox arıqlamışdı. Mən çaşdım. Anam stulda oturmuşdu. Elə quruyub qaldı. Çox pərt oldu. Atam birinci ona yaxınlaşıb əlindən öpdü. Sonra məni götürdü qucağına və gözləri yaşardı. Anam 10 dəqiqədən sonra çıxıb getdi”.

***
Bakıda olarkən Bağırov Əhməd bəyi NKVD-yə çağırtdırıb ona əməkdaşlıq təklif edir. Bildirir ki, patiyaya girsə, ona məsul vəzifə verərlər. Əhməd bəy bu barədə bacılarına deyibmiş. Bağırovdan canını qurtarmaq istəyən Pepinov 1936-cı ildə tələsik Alma-Ataya gedir. Orada ona XMK-də tikinti şöbəsində iqtisadi planlaşdırma sahəsi həvalə edlir. Ancaq Bakıda məşhur ziyalıların həbsinin sorağını alanda özünün sonrakı taleyi ilə bağlı şübhə yeri qalmır. Hiss edir ki, yaxın zamanlarda onun dalınca gələcəklər. O, Alma-Atadan Ulyanovska, oradan da Moskvaya gedir.

1937-ci ildə Moskvadan Bakıya xəbər göndərir ki, qızı Sevdanı sonuncu dəfə görmək istəyir. Sevdanı Əhməd bəyin qardaşı Zəki bəy Moskva ətrafında tutulmuş daçada atası ilə görüşdürür.

Sevda Pepinova: “Atamı görəndə elə sevindim ki, qucaqladı öpdü məni. 3 gün onunla qaldım. Sonra atam yoxa çıxdı. Əmim dedi ki, başqa yerə gedib, növbəti dəfə bir həftə sonra görüşəcəyik. Atamla axrıncı dəfə vağzalda görüşdük. Tutqun, bikef idi. Məni qucağına götürüb “qızım, Ulyanovska gedirəm, qismət olsa, yenə görüşərik, qismət olsa, gələn yay yenə gələrsən yanıma” dedi”.



Ancaq qismət olmur, Ulyanovskda onu gözləyirdilər... Dərhal həbs edilməsi ilə bağlı Azərbaycan NKVD-nin məktubu göndərilmişdi. Bakıya aparılan Əhməd bəyi işgəncə və zindan gözləyirdi. Onu yenə də əksinqilabçı, antisovet, millətçi təşkilatın rəhbəri olmaqda suçlayır, Əhməd bəy isə həmişə olduğu kimi bunu inkar edirdi. Bacısı Nəzirə 8 ay Əhməd bəyə bağlama aparır. 1938-ci ilin mayında isə onun bağlamasını qəbul etmirlər...



Hərdən bəzi məhbusları NKVD-dəki 100-cü otağa aparırmışlar. Bu otaq isə ölüm kamerası kimi bir şey idi. Bağırov özü ora gəlirmiş. Əhməd bəyi də elə həmin otaqda Bağırovla görüşdürürlər.

“Mən günahkar deyiləm, 1930-cu ildə istintaqdan heç nəyi gizlətməmişəm, mən həmişə namuslu olmuşam, namuslu olaraq da qalıram”,-deyən Pepinov Mircəfər Bağırovu necə hövsələdən çıxardırsa, o, Əhməd bəyi 1938-ci ilin iyul ayının 3-də güllələyir.

***


Xurşud Abdullayeva - Əhməd bəyin nəvəsi:“ Əhməd bəy Azərbaycanı gəzib kəndlərdən ən istedadlı 100 nəfər uşağı yığıb xaricə oxumağa göndərmişdi. Nəinki Əhməd bəyi, onun oxumağa göndərdiyi həmin 100 nəfər tələbəni də məhv etdilər. Qardaşları Zəki və Məmməd Pepinov kimi ziyalıları illərlə sürgünlərdə məhv etdilər. Heç bəraətlərini görmədilər. Əhməd bəyin qardaşı olmaqda, antisovetçi, casus olmaqda günahlandırdılar. Görün, necə ziyalıları məhv etdilər. Əhməd bəy altı, qardaşı Zəki bəy isə 12 dil bilirdi.


(Məmməd Pepinov)

1956-cı ildə bəraətlə əlaqədar Əhməd bəyin KQB arxivindəki cinayət işlərini araşdıran polkovnik Vasili Qriqoryeviç anama “siz atanızla fəxr edə bilərsiniz. Neçə illərdir ki, KQB-də işləyirəm, bunca mətin adama rast gəlməmişəm" demişdi. Onlara elə işgəncələr verirdilər ki, heç kim dözmürdü. Ancaq Əhməd bəy heç bir protokolu imzalamayıb. Halbuki, işgəncələrin ən pisini görmüşdü. Onun dırnaqlarını çıxarmışdılar. Əllərində bir dırnağı yox idi”.



Qeyd: Yazıda millət vəkili Rafael Hüseynovun "Millətin zərrəsi" kitabındakı faktlardan istifadə olunub.

Şahanə Rəhimli
Foto:Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Əhməd-bəy-Pepinov   Cümhuriyyət   100-il  





Xəbər lenti