Sevr müqaviləsi: Ermənilər onu boşuna sev(i)r – TARİXİ ARAŞDIRMA

  24 Aprel 2018    Oxunub : 3066
Sevr müqaviləsi: Ermənilər onu boşuna sev(i)r – TARİXİ ARAŞDIRMA
Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələbilə çıxış edən ermənilər iddia edirlər ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Vilsonun I Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və Türkiyə daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir.
Lakin ermənilərin bu iddiaları tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil. Gəlin, həmin müqavilələrə yenidən nəzər salaq.

1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri «Avropanın xəstə adamı» adlandırdıqları Osmanlı imperiyasını siyasi xəritədən tamamilə silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu, həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi.

1920-ci il avqust ayının 10-da on dörd dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə onun suverenliyini ləğv edirdi. Məlum olduğu kimi, bu zamanadək artıq Müttəfiq Dövlətlərlə Almaniya arasında Versal Sülh müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli Üçtərəfli Saziş imzaladılar ki, bu da Böyük Britaniyanın neft və kommersiya konsessiyalarını təsbit edir, Osmanlı İmperiyası ərazisindəki keçmiş alman müəssisələrinin üçtərəfli korporasiyalara çevrilməsini nəzərdə tuturdu.

15 aydan çox davam edən açıq danışıqlar Paris və London sülh konfranslarında davam etdirilərək, 1920-ci ilin aprel ayında San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildən Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M. K. Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna Müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.

Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il mart ayının 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edilmişdir. Ümumiyyətlə, ermənilərin daima istinad etdiyi Sevr müqaviləsi heç zaman Osmanlı parlamenti tərəfindən ratifikasiya olunmayıb və bu dövlət tərəfindən hüquqi sənəd kimi qəbul olunmayıb. İstiqlal savaşının gedişində Türkiyə tərəfi Sevr müqaviləsindən imtina edib və bu ölkənin milli maraqlarına uyğun olan Lozanna müqaviləsi imzalanıb.

ABŞ Senatı Vudro Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üstünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki rus-türk müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi.

Sevr müqaviləsinin şərtlərinə əsasən, Osmanlı dövləti Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Transiordaniya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini isə Ermənistana güzəştə getməyə məcbur oldu. Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin nəzarətində olsa da, müqavilənin müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövründə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmilliləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu.

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ prezidenti Vudro Vilsonun təklifinə əsasən, bölgədə Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni «Vilson Ermənistanı» adlandırırdılar. Tarix sübut edir ki, bu dövlət heç zaman tam müstəqil olmayıb, daim böyük dövlətlərin himayəsinə sığınaraq, onların aləti rolunda çıxış edib.

Sultan VI Məhəmməd müqavilənin şərtlərilə razılaşsa da, Ankarada yeni yaranmış Atatürk hökuməti ölkəni təslimçiliyə sürükləyən bu sənədin qəbulundan imtina etdi. Türk millətçi hökuməti həmin əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Kazım Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar.

Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə, ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər. Məhz Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız qüvvələrinə müqavimət göstərərək, 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsini, Fransa ilə Ankara anlaşmasını imzalayaraq, öz beynəlxalq mövqelərini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən, daha güclü mövqelərdən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi.

1922-ci ilin İttifaq müqaviləsindən sonra Sovet İttifaqının tərkib hissəsinə çevrilmiş Sovet Azərbaycanı, Sovet Gürcüstanı və Sovet Ermənistanı ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Qars müqaviləsinə əsasən, 1877-1978-ci illərdəki rus-türk müharibəsi zamanı Rusiya imperiyasının Osmanlı imperiyasından işğal yolu ilə əldə etdiyi ərazilərin əksəriyyəti Türkiyəyə qaytarılırdı. Müqavilə general Kazım Qarabəkir Paşa, Şərq cəbhəsi komandanı Vəli bəy, Səfir Memdu Şövkət bəy, Rus səfiri Yakov Qanetski, Azərbaycan dövlət nəzarəti naziri Behbud ağa Şahtaxtinski, Gürcüstanın hərbi və dəniz işləri naziri Şalva Eliava, xarici işlər və maliyyə işləri naziri Aleksandr Svanidze, Ermənistanın xarici işlər naziri Askanaz Mravyan tərəfindən imzalandı.

Müqaviləyə əsasən, Rusiya imperiyasının tərkibində olmuş Kutaisi qubernatorluğunun Batum rayonunun şimal hissəsi Batum liman şəhəri ilə birlikdə Türkiyə tərəfindən Sovet İttifaqına güzəştə gedilirdi, Artvin şəhəri ilə birlikdə cənub yarısını isə Türkiyə ilhaq edirdi. Şimal yarısının Sovet Gürcüstanının tərkibində Acarıstan Muxtar Sovet Sosialist Respublikasına çevrilərək muxtariyyət statusu əldə etməsi nəzərdə tutulurdu. Üstəlik, Batum limanı vasitəsilə Türkiyədən çıxarılan və ya bu ölkəyə gətirilən bütün mallar gömrük rüsumundan azad olunurdu.

Müqavilə Türkiyə və Ermənistanın yeni sərhədlərini Araz çayı vasitəsilə müəyyən edirdi. Sovetlər Rus imperiyasının Qars vilayətinin əksər hissələrini, o cümlədən Ağrı dağı, İğdır, Tuzluca, Qars, Ərdəhan, Otlu şəhərlərini, Çıldır gölünü Türkiyəyə verirdi. Müqavilə habelə, Azərbaycan SSR-in tərkibində Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi. Türkiyə və Rusiyanın Naxçıvanın statusunun qarantı olmaları barədə razılığa gəlindi.

London konfransının gedişində Devid Lloyd Corc Vudro Vulsonu Anadolunun və erməni diasporunun iddia etdiyi Türkiyənin qərb əyalətlərinin mandatını öz üzərinə götürməyə çağırdı. V. Vilson Kinq-Kreyn komissiyasını və general Ceyms Harbordu ermənilərin iddialarını araşdırmaq və bunun «Vilsonun 14 prinsipi» ilə nə dərəcədə uzlaşdığını aydınlaşmaq məqsədilə regiona göndərdi. Vilson prinsiplərinin 12-ci maddəsində deyilirdi: “Kinq-Kreyn Komissiyası erməni dövlətinin yaradılması və onun ABŞ-ın mandatına verilib-verilməməsi məsələlərini araşdıraraq belə bir nəticəyə gəldi ki, Osmanlı imperiyası tərəfindən təzyiqlərlə qarşılaşdıqları üçün ermənilər daha bu dövlətə inana bilməzlər”.

Komissiya habelə tövsiyə edirdi ki, Qafqaz kampaniyası zamanı ermənilərin əldə etdiyi müstəqilliyə beynəlxalq aləm hörmətlə yanaşmalı və müttəfiqlər (I Dünya müharibəsindən qalib çıxmış dövlətlər) bu müstəqilliyin qarantı rolunda çıxış etməlidirlər. Bu arqumentlər II Dünya müharibəsindən sonra İsrail dövlətinin yaradılması üçün göstərilən arqumentlərlə demək olar ki, eyni idi. Bölgəyə göndərilmiş digər bir missiyanın rəhbəri, general Harbord erməni əhalisinin yaşadığı ərazilərin parçalanmasına etiraz edərək, bunun gələcəkdə icmalararası müharibələr kimi bir sıra potensial problemlərə rəvac verəcəyini bildirmişdi. Erməni İnqilab Federasiyası erməni separatçı liderlərinin fikirlərini əsas gətirərək, iddia etmişdi ki, bu region bir daha yenidən Osmanlı imperiyasının bir hissəsi ola bilməz. Bu bəhanələr eynilə bu gün ermənilərin bir daha Azərbaycanın tərkibində, Dağlıq Qarabağda yaşaya bilməyəcəyi ilə bağlı əsassız iddialarla üst-üstə düşür. Necə deyərlər, tarix təkrar olunur!

Erməni separatçı qüvvələri Osmanlı imperiyasına məxsus Van əyaləti və onun ətrafındakı əraziləri 1915-ci ildən 1918-ci ilədək de-fakto nəzarət altında saxlamışdılar. Erməni İnqilab Federasiyası bu əraziləri işğal edərək, onu çar Rusiyasının süqutundan sonra yaranmış Ermənistan Demokratik Respublikasına birləşdirmək istəyirdi. Bu məqsədlə 1917-ci ildə 150.000 erməni Ərzurum, Bitlis, Muş və Van əyalətlərinə köçürüldü.

Bir sıra tarixçilər qeyd edirlər ki, Kinq-Kreyn Komissiyası vəziyyəti normal araşdırmamışdı. Əslində regionda daha dərin məsələlər var idi və onlar komissiyanın hazırladığı raportlarda öz əksini tapmamışdı.

Qalib dövlətlərdən ABŞ və Rusiya müqavilənin imzalanmasından kənarlaşdırılmışdı. Məlum olduğu kimi Rusiya 1918-ci ildə Osmanlı imperiyası ilə Brest-Litovsk müqaviləsini imzalamışdı və həmin müqavilənin şərtlərinə görə, həmçinin Vəzir Tələt Paşanın səyləri nəticəsində Osmanlı imperiyası 1877-78-ci illərdəki rus-türk müharibələri zamanı itirdiyi bir sıra əraziləri, o cümlədən Qars, Ərdəhan və Batumu Rusiyadan geri almağa müvəffəq olmuşdu.

Sevr müqaviləsini imzalayan qalib dövlətlərin məqsədi məlum idi. Onlar «Avropanın xəstə adamı» adlandırdıqları Osmanlı imperiyasını Avropadan sıxışdırıb çıxarmaq məqsədilə onu parçalamaq barədə hələ 1915-ci ildən başlayaraq 1919-cu il Paris sülh konfransınadək müzakirələr apararaq, müəyyən razılığa gəlmişdilər.

ABŞ hökuməti Senatın Ermənistan üzərində mandat əldə etməkdən imtina etməsindən sonra Osmanlı imperiyasının parçalanması prosesində iştirak etmək siyasətindən uzaqlaşdı. Lakin müqaviləni imzalayan digər dövlətlər Osmanlı imperiyasının bilavasitə nəzarət, maliyyə sahəsindəki qanunvericilik, Osmanlı Bankı üzərində nəzarət hüququ əldə etdilər. Habelə, müharibənin ilk ilində Tələt Paşa tərəfindən ləğv edilmiş kapitulyasiya rejimi 1914-cü ildən əvvəlki vəziyyətə qaytarıldı. İdxal və ixrac, seçki sisteminin yenidən təşkili məsələləri də müttəfiqlərin tam nəzarəti altına keçdi. İmperiya daxilindəki bütün millətlər proporsional təmsilçilik hüququ əldə etdilər. Ayrı-ayrı şəxslərin, malların, nəqliyyat vasitələrinin gömrük rüsumu ödəmədən Osmanlı imperiyası ərazisindən tranzit kimi istifadə edə bilməsi hüququ təsbit olundu. Antanta dövlətlərinin Maliyyə komissiyasının razılığı olmadan Osmanlı imperiyası gömrük və vergi sistemində hər hansı bir dəyişikliklər etmək, daxili və xarici borc əməliyyatları aparmaq hüququndan məhrum edilirdi.

Hərbi sahədə də müəyyən məhdudiyyətlər tətbiq edilirdi. Belə ki, Osmanlı ordusu 50.000 nəfərə qədər azaldılırdı. Bu dövlətə hərbi hava qüvvələri saxlamağa icazə verilmirdi, hərbi dəniz donanması isə maksimum 6 ədəd torpedo qayığından ibarət ola bilərdi. Sevr müqaviləsinin hərbi müddəalarının icrasına nəzarət etmək üçün Müttəfiqlərarası komissiya yaradılırdı. Müqavilənin 230-cu maddəsində deyilirdi: «1914-cü il avqust ayının 01-dək Osmanlı imperiyasının bir hissəsi hesab olunan ərazilərdə qırğınlar törətməkdə şübhəli bilinən şəxslər Müttəfiq dövlətlərə təhvil verilməlidir».

Osmanlı imperiyası böyük ərazi itkiləri ilə üzləşməli oldu. Sevr müqaviləsinin şərtlərinə görə, ölkə Fransa, Yunanıstan, İtaliya arasında təsir dairələrinə görə bölündü, İraq və Fələstin üzərində Böyük Britaniyanın mandat idarəçilik sistemi bərqərar oldu.

Rus-türk müharibəsindən sonra müstəqil Bolqarıstan dövlətinin yaradılması həmin dövrdə Osmanlı imperiyasının təbəələri olan ermənilərə Kiçik Asiyanın şərqində və Transqafqazda erməni dövləti yaratmaq iddialarına düşmək fürsəti verdi. Berlin müqaviləsinin bağlanmasından sonra “Hınçaq” və “Daşnak” kimi erməni terrorçu təşkilatları yaradıldı.

İstanbulun erməni yepiskopu erməni liberal-millətçilərin orqanı olan “MSAK” qəzetinə verdiyi müsahibədə demişdi: «Erməni məsələsinin həlli Şərqi Anadolu da daxil olmaqla bütün Ermənistanın tarixi taleyi sıx tellərlə bağlı olduğu Rusiyanın suverenliyi altında birləşməsidir. Ruslar nə qədər tez buraya gəlsələr, bizim üçün də bir o qədər yaxşıdır».

Daşnaksütyun partiyasının rəhbərlərindən biri, Ermənistanın ilk baş naziri olmuş şəxs 1923-cü ildə Buxarestdə partiya konqresindəki çıxışında etiraf etmişdir ki, onlar 1914-cü ilin payızında, Türkiyənin hələ I Dünya müharibəsinə daxil olmadığı bir vaxtda Transqafqazda erməni silahlı dəstələri yaradaraq bu ölkə ilə müharibəyə hazırlaşırdılar. Göründüyü kimi, çar Rusiyasının tərkibində olan bir regionda – Cənubi Qafqazda imperiya təbəələri olan ermənilərdən ibarət quldur dəstələrinin, müasir dillə desək, mütəşəkkil cinayətkar dəstələrin və terrorçu qruplaşmalarının yaradılması Rus imperiyasının Türkiyə ərazisində silahlı qarşıdurma yaratmaq, erməniləri isə bu işdə alət kimi istifadə etmək planlarının tərkib hissələrindən biri idi. II Dünya müharibəsindən sonra SSRİ müharibədən qalib çıxmış dövlət kimi öz beynəlxalq mövqelərinin möhkəmlənməsindən istifadə edərək, Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.

1945-ci ilin iyun ayında SSRİ-nin xarici işlər naziri V.Molotov Moskvadakı türk səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: O, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətlərə xələl gətirmək istəmirdi, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək fikrində deyildi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdılar.

Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İtttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. Hətta Sovet iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə yeni ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Trumen isə məsələnin başqa tərəflərə aidiyyəti olmasına əsaslanaraq, birtərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.



Nəzakət Məmmədova
AzVision.az

Teqlər: Sevr-müqaviləsi   tarix   Ermənistan   Osmanlı   Türkiyə