“Fars dilinin indiki İrana dəxli yoxdur” – Şərqşünas

“Fars dilinin indiki İrana dəxli yoxdur” – Şərqşünas
  25 Aprel 2018    Oxunub:9537
İİR-nın prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunusinin “Azərbaycanlılar türkcə danışan farsdır” sözləri bir sıra elm adamlarının etirazına səbəb olub. Şərqşünas-tədqiqatçı Əli Rzazadə bildirib ki, cənab Yunisinin bu iddiasının heç bir tarixi əsası yoxdur və həqiqətdən uzaqdır.
O, qeyd edib ki, əslində hazırda mövcud olan fars dili, “Dəri” farsı indiki Əfqanıstan və Tacikistan ərazilərində yaşayan tarixi millətlərə aiddir və indiki İranın ərazisində yaşayan millətlərə heç bir aidiyyəti yoxdur. Tarixə nəzər salanda görürük ki, “Pars / Peres” adlı bir arxaik mədəniyyət mövcud olub, lakin o mədəniyyətdən artıq əsər-əlamət qalmayıb, elə sözün özü kimi ərəbləşərək, “fars”a çevrilib. Həm də, bu mədəniyyətdə istifadə olunan dil, indiki fars dilindən çox uzaqdır.

İndi istifadə olunan fars dilinin 80 faizinə yaxın sözləri ərəb mənşəlidir. Hətta bəzi əcnəbi şərqşünaslar fars dilini ərəb dilinin bir şöbəsi hesab ediblər. Millət anlayışını nəzərə alsaq, belə qərara gəlmək olar ki, İran ərazisində fars adlı millət azlıq təşkil edib. Amma bu dildən müxtəlif dövrlərdə hakimiyyətdə olan sülalələr tərəfindən rəsmi dil kimi istifadə olunub. Məqsəd isə o olub ki, çoxsaylı, fərqli dillərə malik millətlər, həmin ortaq dildən istifadə edərək, bir-birlərini anlaya bilsin, yazıb-yaratsınlar.

Diqqəti çəkən məsələlərdən biri də budur ki, hazırda İran İslam Respublikasının vilayətlərindən birinin adı “Fars” vilayətidir. Buradan belə nəticə əldə etmək olur ki, sonralar ortaq dil kimi meydana gələn, fars dilində danışan azsaylı millət yalnız həmin vilayətə aiddir və bu dilin digər əyalətlərdə (ostanlar) yaşayan xalqlara heç bir aidiyyatı yoxdur.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırda İranda 2500 illik tarixə malik olduğu iddia olunan, “fars” adlandırılan bölgələr müxtəlif dillərdə danışırlar; şimal-qərb (ölkənin yaşayış olan ərazisinin böyük əksəriyyəti), şimali Xorasan, qaşqaylar, türkmənlər, Mərkəzi, İsfahan, Qəzvin, Əlburz, Tehran, Qum, Fars... vilayətlərinin çoxsaylı əhalisi Türk dilində, ölkənin qərb hissəsi kürd dilində və kürd dilinə fars dilindən daha yaxın olan lor dilində, ölkənin cənub-qərbində ərəb dilində, cənub-şərqində Bəluç dilində, şimal hissəsində isə Türk, Talış, Gilək və Mazəni dilində danışırlar. Əgər bu millətlərin hamısının kökü fars olubsa, hansı səbəbdən öz dillərini tərk edib, başqa dildə danışıblar?

Cənab Yunisinin qeyd etdiyi kimi, əgər türk milləti fars olub və sonradan türkləşibsə, onda səbəb nədir ki, İranın yarısından çoxunun toponimləri türk mənşəlidir? Keçən əsrin əvvəlindən başlayaraq, toponimlərin farslaşdırmasına baxmayaraq, indi də onların əksəriyyəti türk dilində qalmaqdadır. Yüzlərlə toponim dəyişdirilərək, fars dilinə çevrilib, halbuki, hamısı əslində türk mənşəli olub. Bu ərazidə bütün coğrafi məkanlar, o cümlədən, çaylar, dağlar, bulaqlar, meşələr və s. Türk dilində danışır. Hətta lal toponimlər də Türk dilində danışırlar.

Yunisinin dilə gətirdiyi “azəri” sözünə gəlincə, qeyd etmək lazımdır ki, bu söz keçən yüzildən bəri istifadə olunur. Azər adında millət olmadığı kimi, Azəri dili də yoxdur. Azərbaycanlıların dili Azərbaycan dili, məskəni isə Azərbaycandır. Bir millətə yeni ad verməklə onun tarixini dəyişdirmək mümkün deyil. Çox təəssüf edirik ki, bizim Türkiyə ərazisində yaşayan bəzi soydaşlarımız da bu sözdən davamlı istifadə edirlər, lakin bu, absurddur, türkdilli millətlərin arasında ayrılıq salmaq məqsədilə mətbuata da sirayət edib və bəzi media nümayəndələri fərqinə varmadan istifadə edirlər.

Bu gün farsların ən çox etibar etdiyi mənbə “Şahnamə”dir. Şahnamə haqqında bir neçə həqiqətə aydınlıq gətirmək lazımdır. Əvvəla, Firdovsinin “Şahnamə”si tarixi mənbə deyil, ədəbi əsərdir və öz janrında çox dəyərli bir külliyatdır. Amma “Şahnamə”də baş verənlərə nəzər salsaq, hadisələrin İranda deyil, indiki Əfqanstanda cərəyan etdiyinin şahidi oluruq. Hətta orada işlənən Zabulistan sözünün də indiki İran ərazisində yerləşən Zabul adlı şəhərə heç bir aidiyyəti yoxdur (bunun üçün Dehxoda ensiklopediyası, Vikipediya, müxtəlif tarixi əsərlərə müraciət etmək olar). Ən maraqlısı, aparılmış tədqiatlardan məlum olur ki, indiki İran Firdovsiyə o qədər yad olub ki, “Şahnamə”də yaratdığı Ağ Div obrazının məskənini Mazandaran hesab etmişdi.



Teqlər: İran   Fars-dili   Türk-dili  





Xəbər lenti