Divə gedən yolda cırtdanların davası

Divə gedən yolda cırtdanların davası
  14 May 2018    Oxunub:7754
ABŞ Konqresindəki dinləmələrdən sonra müxalifətin iki radikal qanadı bir-birinə elə amansız zərbələr, söz şillələri, qapazları, təpikləri vururlar ki, iqtidara meyilli medianın bütün yazdıqlarını cəmləsək, bunun heç 10 faizi qədər olmaz. Bir yanda Emin Milli, “mühacirlər” və Xədicə İsmayıl, o biri yanda isə Əli Kərimli, Cəmil Həsənli öz başlarının dəstəsilə bir-birlərinə yağlanmamış ittiham pazları keçirməklə məşğuldurlar.
İdeloji döyüşlər zamanı iqtidar tərəfindən ölkədəki radikial müxaliftə çox zərbələr endirilib, amma ABŞ Konqresi kimi yüksək tribunadan hələ o bostana daş atılmamışdı. Konqres tribunasından Milli Şuranın mitinqlərini kim “uğursuz” adlandırası idi? Bunu Emin Milli etdi, özü də kifayət qədər ağır şəkildə. Faktik olaraq, Azərbaycan hakimiyyətinin ölkədəki radikal müxalifət haqqında dedikləri Helsinki Komitəsində təkrarlandı.

Emin Milli öz adaşına – Milli Şuraya və onu sədri Cəmil Həsənliyə qarşı çox amansız idi. Onu hətta debatdan qaçmaq ittihamına qədər kiçiltdi. Hərçənd, bunun məhz cığal zərbə oduğu aydındır: Cəmil Həsənli Emin Milli ilə debatdan niyə qaçmalıdır axı? Bu arada Meydan TV-nin qaplarının Milli Şuranın üzünə xeyli dərəcədə bağlanması (bunu Cəmil Həsənli öz yazdığı statusda bildirib) da onu göstərir ki, iki düşərgə faktiki müharibə vəziyyətindədir.

Qarşıdurma özünü “siyasi məhbus” siyahılarında da göstərir. Xaricdəki və daxildəki radikalların “siyasi məhbus” deyə çəkdikləri adlar qətiyyən üst-üstə düşmürlər. Məsələn, Emin Milli Konqresdə “İlqar Məmmədovun, İlkin Rüstəmzadənin, Qiyasın, Bayramın, Orduxanın polisdə saxlanılan iki yaş yarımlıq bacısı qızının” adlarını çəksə də, AXC-nin “siyasi məhbus” saydığı və hər mitinqdə şəkillərini qaldırdığı adamları (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi) heç xatırlatmadı da! Bu, Konqres tribunasından Azərbaycandakı radikal düşərgəyə açıq-aşkar orta barmaq göstərmək idi... Maraqlısı odur ki, barmağı göstərənin özü də qatı radikaldır. Elə isə, nə baş verir?!

Gəlin, baş verənlərə ad qoymağa çalışaq.

Vəziyyətin mahiyyəti budur ki, radikal qrup iki düşərgəyə ayrılıb: daxildəkilər və xaricdəkilər (“mühacirlər”). Və bu iki qrupun arasında amansız müharibə başlayıb. Bu müharibədə hələ ki “mühacirlər” hücumdadırlar, daxildəkilər isə küncə sıxışdırılmış siçovul qəzəbilə müdafiə olunmağa çalşırlar. “Mühacirlər”in nifrəti və aqressiyası o qədər yüksəkdir ki, onlar hətta iqtidar ideoloqlarının daxili radikallar haqqında fikirlərindən belə, məmnuniyyətlə istifadə etməyə hazırdırlar və edirlər də. Faktiki olaraq, yaranan mənzərə budur ki, Milli Şuraya münasibətldə Emin Milli və “Meydan TV” elə iqtidar mediası ilə eyni mövqedən çıxış edirlər. Sadəcə, daha amansızcasına...

Qəribə gələn, bilirsinizmi, nədir? Bu müharibə əslində siyasi psixologiyadakı davranış şablonlarını darmadağın edir. Çünki həm daxildəki, həm də xaricdəki radikallar eyni dərəcədə marginal, cəmiyyətdə eyni dərəcədə təklənmiş və ideoloji müstəvidə eyni dərəcədə hücum altında olan qruplardırlar. Qarşılarında isə çox böyük bir Qüvvə var. Bu vəziyyətdə məntiqlə, onların birləşməsi, eyni mövqedən çıxış etmələri və ən azı bir müddət ortaq hədəflərinə doğru birgə getmələri lazım idi. Fəqət tam əksini görürük... Niyə?!

Təsəvvür edin ki, iki Cırtdan bir Divin üstünə gedirlər. Yolun yarısında dayanıb, özləri bir-birlərini xışmalamağa başlayırlar, Div isə maraqla durub baxır ki, “görəsən nə oldu, axı bunlar, deyəsən, birlikdə mənim üstümə gəlirdilər...”

Olan isə budur: Hazırda, dediyimiz kimi, iki radikal düşərgə var – biri xaricdə, biri daxildə. Onlardan biri o birinin boğazına şərikdir. Və hər ikisi öz payının daha çox olmasına çalışır. Əli Kərimli bunun üçün heç bir siyasi ehtiyac və sosial sifariş olmadığı halda, mitinqlər keçirir. Adi halda həmin mitinqlər zəif də alınsa, Emin Milli onlara “güclü” deyəcəkdi, çünki iqtidarın pisləndiyi hər iş onun üçün yaxşıdır. Amma indiki vəziyyətdə situasiya fərqlidir və “Meydan TV”-nin rəhbəri belə hesab edir ki, həmin mitinqlərə xərclənən pullar ondan çıxıb, daha doğrusu, ona girməyib. Buna görə də, mitinqləri və onun təşkilatçılarını yox edib, divara vurur.

İndiki halda daxildəki və xaricdəki radikallar bir ərin saxladığı iki arvad kimidirlər - hər ikisi gözünü eyni cibə dikib. Buna görə də, həmin cibin uğrunda bir-birinin saçını yolmağa, üzünü cırmağa hazırdırlar. Yolur və cırırlar da! Hələ ki, arvadlardan birinin cibin sahibinə yaxınlaşmaq, nəvaziş göstərmək və sözünü qulağına pıçıldamaq imkanları daha çoxdur. Buna görə, üstünlük də onun tərəfində görünür. Amma iki arvad saxlayan kişilər adətən hiyləgər olurlar, bu səbəbdən, vəziyyət dəyişə də bilər.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Emin-Milli   Milli-Şura   radikallar   Mühacirlər  





Xəbər lenti