Yeni Bakı Ticarət Limanı bizə nə verəcək? – TƏHLİL

Yeni Bakı Ticarət Limanı bizə nə verəcək? – TƏHLİL
  17 May 2018    Oxunub:5789
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi nəzərdə tutulduğu vaxtda, yəni bu ilin birinci yarısı başa çatmamış istifadəyə verildi. Bu, keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttiinin gerçəkləşməsindən sonra ikinci mühüm hadisədir. Ancaq BTQ dəmir yolu xəttinin açılmasından sonra bu Limanın da istifadəyə verilməsi ölkəmizi regional ticarət və tranzit qovşağına çevirəcək zəncirin ən mühüm həlqəsinin işə düşməsi demək oldu.
Məlum olduğu kimi, BTQ dəmir yolu xəttinin tikintisi 10 ilə yaxın vaxt apardı. Çünki bir çox ölkələr onun rentabelliyinə inanmırdılar. Buna görə də onun tikintisinin ağırlığı iştirakçı ölkələrin, əsasən də Azərbaycanın üzərinə düşdü. Amma tikinti başa çatdıqdan sonra məlum oldu ki, marşrutun mühüm əhəmiyyəti var.

504 kilometri ölkəmizin ərazisindən keçən, ümumi uzunluğu isə 850 kilometrə bərabər olan BTQ-nın reallaşmasına yalnız, bilavasitə dəxli olan 3 ölkə, yəni Azərbaycan, Türkiyə və Gürcüstan vəsait qoydu, başqa heç bir ölkə layihəyə pul buraxmadı, sərmayə yatırmadı. Halbuki, BTQ dəmiryolu xətti tarixi İpək Yolunun bərpası demək idi. Yəni, bunun bir tərkib hissəsidir. Bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri istifadə edəcəklər...

Ancaq qeyd etdiyim kimi, BTQ-nın reallaşdırılması mümkün sayılmırdı, texniki imkanlar və maliyyə vəsaiti mənbələri yox dərəcəsində hesab edilirdi. Əlbəttə, layihəyə kənar dövlətlər də maraq göstərsə və ciddiyə alsaydılar, 10 il uzanmazdı. İndi bəlkə, çoxdan istifadədə idi. Ancaq təəssüf, başda ABŞ da olmaqla buna dəstək vermədilər. Halbuki, hazırda hamısı alqış edir. Çünki əhəmiyyətini bilir və görürlər. BTQ dəmir yolunun tikintisi başa çatdıqdan sonra Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi necə gərək olduğuna şahiddirlər.

Ancaq ən mühümü heç şübhəsiz, Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi idi. Bu Liman Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanıdır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni, adı çəkilən Liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsi - mərkəzi sayılacaq.

Xatırladım ki, Liman Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanıb. 2010-cu ilin noyabrında təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı və bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, tikinti nəzərdə tutulduğu vaxtda, hətta bir az tez başa çatdı. Çünki, dövlət başçımız tərindən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixdə Sərəncam da imzalandı. Buna əsasən, Kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edildi. Və bu istiqamətdə dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlandı. Bu Planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejiminə keçildi. Nəticədə tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilməklə işlərin dinamikasının əvvəlki dövrlə müqayisədə 5 dəfə artmasına nail olundu.

Kompleksin Ələt qəsəbəsində tikilməsi də təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Təkrar edirəm, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı artıq, fəaliyyətə başlayıb. Burada yüz min konteynerin daşınması nəzərdə tutulur. Ancaq bu, son deyil. Əgər, böyük tələbat olarsa, Ələt Limanı genişləndiriləcək. Bunun üçün bütün imkanlar və texniki imkanlar var.

Ümumiyyətlə, söhbət, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin əslində, hələ birinci fazasının başa çatdığından gedir. İkinci mərhələnin reallaşdırılacağı nəticəsində isə Limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq. Çünki, Azərbaycan bu işlərə boş yerə önəm vermir. Və nəqliyyat sektoruna neçə illərdir səbəbsiz yerə külli məbləğdə sərmayə qoymur.

Son 15 ildə ölkədə 15 min kilometrə yaxın avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün ölkəmizin çox böyük yük təyyarəsi parkı var, 20-yə yaxın iri yük təyyarəsi mövcuddur.

Azərbaycanın Xəzər dənizində 270 gəmidən ibarət böyük dəniz donanması var. Hansı ki, yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Bir neçə il bundan qabaq böyük gəmiqayırma zavodu tikildi. Burada bütün növ gəmilər istehsal edilir. Yeri gəlmişkən, Xəzərdə yükdaşımalar artarsa, zavod daha böyük güclə işləyəcək.

Sözün qısası, Azərbaycan bu günədək təşəbbüskarı olduğu heç bir irimiqyaslı layihənin icrasından nə maddi, nə də digər iqtisadi və siyasi baxımdan “üzü qara” çıxmayıb. Qeyd edim ki, BTQ layihəsinə 10 ildə 650 milyon ABŞ dollarına yaxın vəsait xərcləmişik. Sözügedən yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton və daha sonra isə bir az da böyük həcmdə yüklərin daşınacağı nəzərdə tutulur.

Bu gün uzaq Çindən Avropaya və onun ən ucqar nöqtəsi olan Londona dəmir yolu var. Azərbaycanın tranzit imkanları böyük rəqabətqabiliyyətlilik vəd edir. Həm qısa məsafə, həm də mümkün aşağı tariflərin tədbiq olunacağı baxımdan...

Bundan əlavə, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaranması istiqamətində də addımlar atır. Ölkəmiz ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər artıq tamamlanmış və bu sahədə bütün infrastruktur faktiki hazır sayılır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də alternativ dəhlizlərlə müqayisədə vaxt və tranzit xərcləri baxımdan rəqabətqabiliyyətli sayılır. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək və bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti demək olacaq. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun xeyrini əyani gördükcə isə, qeyd olunan rəqəm daha artacaq.

Beləliklə də, son dövrlərdə ölkəmizin nəqliyyat infrastukturunun modernləşdirilməsi və genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi sahəsində atılan addımlar və görülən işlər bizi, regional tranzit mərkəzinə çevrilməyimiz istəyinə demək olar ki, artıq, çatdırıb.

Lakin düşünürəm ki, Azərbaycan bundan sonra da gərgin işləməlidir. Belə ki, elə bir əlverişli tarif siyasəti yürüdülməlidir ki, ətraf dövlətlərdə, sahibkarlarda Azərbaycan üzərindən keçən marşrutlardan istifadəyə əlavə stimul yaransın. Bunun üçün isə marşrut boyunca yerləşən ölkələrlə sıx işləmək, düzgün və rentabelli tarif siyasəti müəyyənləşdirmək tələb olunur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti