Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? – TƏHLİL

Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? – TƏHLİL
  19 Sentyabr 2018    Oxunub:24564
ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan 200 milyard dollar məbləğində mallara 10% həcmində yeni rüsumlar tətbiq edəcəyi ilə bağlı bəyanatı son vaxtlar tezliklə yetişəcəyi söylənilən qlobal böhranın artıq qapıda olduğu görüntüsü yaradıb. Sentyabrın 24-dən qüvvəyə minəcək bu qərarın dünya üzrə növbəti maliyyə ilindən özünü göstərməyə başlayacağı gözlənilir.
Əslində böhran mesajları çoxdan verilir. Xatırladım ki, hələ bu ilin mart ayında ABŞ-ın fond birjalarında baş verən çöküşün növbəti qlobal böhranın yaxınlaşmaqda olduğuna aid işarə sayıla biləcəyini yazmışdım. O baxımdan ki, dünya iqtisadiyyatında müəyyən müddətdən bir böhranlı vəziyyətlərin ortaya çıxması labüd sayılır. Hansı ki, bu, müxtəlif formalarda özünü büruzə verə bilir. Lakin istənilən halda, hər şey inkişaf etmiş ölkələrdə və yaxud onlar arasında münasibətlərdən başlayır. Söhbət həm siyasi, həm və iqtisadi münasibətlərdən gedir. Bu zaman ABŞ birinci yerdə gəlir.

Ümumiyyətlə, sözügedən ölkədə yürüdülən proteksionist siyasət ilk gündən narahatlıq doğurur. Düzdür, proteksionizm milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönələn bir siyasətdir. Və bu, xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyəti, qeyri-tarif maneələri tətbiq etməklə həyata keçirilir.

Lakin Birləşmiş Ştatlar kimi bir ölkədə bu cür siyasətin tətbiqi bütün dünya iqtisadiyyatı üçün ciddi təhdid törədir. Belə ki, beynəlxalq ticarət müharibəsindən irili-xırdalı bütün ölkələr zərər çəkə, istehsal tormozlana, işsizlik arta, artım azala bilər. Nəticədə strateji məhsulların qiymətləri düşər.



Bəli, qeyd etdiyim kimi, bu ilin sentyabrın 24-dən Çindən ABŞ-a idxal olunan 200 milyard dollar məbləğində mallara 10% həcmində yeni rüsumlar tətbiq olunacaq ki, 2019-cu ilin əvvəlindən isə rüsum 10%-dən 25%-ə qaldırılacaq. Çin tərəfi cavab tədbirləri gördüyü təqdirdə isə, 267 milyard dollar həcmində yeni rüsumlar planlaşdırılır.

Sual olunur ki, doğrudanmı, böhran qapıdadır?! Və bizi, yəni bilavasitə Azərbaycanımızı nə gözləyir? Xatırladım ki, ABŞ-ın bir az əvvəl avtomobil idxalıyla bağlı Avropa ilə də ticarət müharibəsinə münasibətdə yazmışdım ki, sözügedən mübahisə sərhədlərimizdən uzaq olsa da, iqtisadiyyatda zəncirvari əlaqələr geniş olduğundan “dağıntılar altında” qala bilərik... Odur ki, qeyri-neftimizi daha sürətlə inkişaf etməliyik.

Yeri gəlmişkən, böhranlar haqda dəqiq proqnozlar söyləyən biri kimi tanınan məşhur iqtisadçı Nouriel Roubini də real olaraq üzdə olan 10 mühüm səbəbə görə qlobal böhranın 2020-ci ildə özünü göstərəcəyini deyib. O qeyd edib ki, ABŞ-da böyük büdcə kəsiri, Çinin yumuşaq maliyyə - kredit siyasəti və Avropanın monetar təşviqləri davam etdirməsi kimi məsələlər, 2020-ci ildə böyük maliyyə böhranına səbəb olacaq.

Ancaq, mənim fikrim başqadır. Bəli, dünya iqtisadiyyatının inkişaf tarixinə diqqət yetirsək, o cümlədən aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə və mərhələlərinə nəzər salsaq, müəyyən dövrdən bir böhran vəziyyətinin üzə çıxdığı həqiqətdir. Bu, həmişə belə olub.

Məsələn, ABŞ sonuncu dəfə 2008-2009-cu illərdə böhranla üzləşmişdi. Və bu, bütün dünyaya yayılmışdı. Həmin böhrandan sonra ABŞ iqtisadiyyatı inkişafdadır. Yüksək iqtisadi artım müşahidə olunur. Bir ara dollar buna görə çox sürətlə bahalaşırdı. Məhz, sözügedən iqtisadi artıma görədir ki, Amerikanın mərkəzi bankı sayılan FES faiz artımlarına gedir. Halbuki, böhran illərində o, təqribən, 0 faiz həddində idi. İndi 2% civarındadır.

Eyni zamanda, Avropa Birliyi ölkələri də, xüsusən də onun lokomotivi sayılan Almaniyada da iqtisadi inkişaf templəri yaxşı vəziyyətdədir. Halbuki, əvvəl vəziyyət qeyri-qənaətbəxş idi. O cümlədən, Çin iqtisadiyyatı da durğun vəziyyətdən çıxmış kimi görünür bir müddətdir.

Lakin bütün bunlarla da bərabər, rəqabət şəraiti də getdikcə, kəskinləşməkdədir. İnkişaf varsa, təbii ki, rəqabət də olmalıdır. Deməli, ortada əslində, qeyri-adi heç nə baş vermir. Ancaq belə bir şərait isə istər-istəməz qarşıda yeni bir böhran yetişdirir. Və bu böhran istənilən vaxt öz kəskinliyi ilə üzə çıxa bilər. Və bunun səbəbini heç cür proqnozlaşdırmaq olmaz və ümumiyyətlə, bu, düzgün də deyil.

Roubinin sadaladığı maliyyə böhranının 10 səbəbindən hər biri elə indinin özündə də böhranı baş verdirə bilər. Və yaxud da, elə bir səbəb ola bilər ki, bu, tam başqa bir xüsusiyyət kəsb edər. Yəni, bunu dəqiq söyləmək çətindir.

O ki qaldı Azərbaycana, biz kiçik ölkəyik... Qlobal böhran bizi dərhal vurmasa da, dalğanın təsiri gələcək. Yəni, bundan qurtulmağımız qeyri-mümkündür. Bizim üçün əsas olan budur ki, ölkəmizin gəlir mənbələrinin sayını artıraq, başqa sözlə desəm, bu sahədə şaxələndirilmiş vəziyyətə nail olaq. Buna qısa müddət ərzində çatmalıyıq.

Yeri gəlmişkən, ölkəmiz xatırladım ki, 2-3 il öncə də böhranla üzləşmişdi. Və bunun səbəbi heç də qlobal böhran olmamışdı. Sadəcə olaraq, neftin qiyməti 40 dollara və ondan da aşağı düşməklə, dərhal makroiqtisadi dayanıqlığımızı itirmək təhlükəsiylə üzləşdik.

Belə hallardan isə təəsssüf ki, hələ tam sığortalı deyilik. Və bizim üçün də əsas problem də məhz budur. Dünyada qlobal maliyyə və iqtisadi böhranın nə vaxt yetişəcəyi yox!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Qlobal-Böhran  





Xəbər lenti