OPEK qızılı qaralmağa qoymadı - TƏHLİL

 OPEK qızılı qaralmağa qoymadı -  TƏHLİL
  08 Dekabr 2018    Oxunub:21081
Bu həftə neftin son vaxtlardakı qiymət dəyişikliyi ilə bağlı fikirlərə, ehtimallara və spekulyasiyalara nəhayət, nöqtə qoyuldu. Neft istehsal edən ölkələrin birliyi OPEK neçə vaxtdır ki, maraqla gözlənilən Vyana sammiti zamanı hasilatı azaltmaq barədə qərar qəbul etdi.
Əslində OPEK+ ölkələri arasında bu məsələ ilə bağlı prinsipial razılaşma dekabrın əvvəllərində əldə olunmuşdu. Lakin hasilatın məhz nə qədər azaldılacağı və ayrı-ayrı ölkələrin payı ilə bağlı müzakirələr uzanırdı.

Nəhayət, Vyana görüşündə razılaşma əldə olundu: OPEK ölkələri neft hasilatını oktyabr ayında olana nəzərən, sutkada 1.2 milyon, kartelə daxil olmayan ixracatçılar isə 400 min barrel azaldacaqlar. ABŞ-ın sanksiyalar hədəsi ilə üz-üzə qalan İran anlaşmaya qoşulmadı. Rusiya isə qərarı dəstəkləsə də, hələ ki, konkret rəqəm açıqlamayıb. Mütəxəssislər bu rəqəmin təxminən 200 barrel ətrafında olacağını gözləyirlər.

Hazırda neft bazarında qəribə və paradoksal vəziyyət var. Bütün hasilatçı ölkələr və o cümlədən də, Rusiya, əlbəttə ki, qiymətin qalxmasında maraqlıdırlar. Amma digər tərəfdən, qiymət çox qalxanda ABŞ şist neft hasilatını artırır və bazara girərək, yeni konkyunktura yaradır. Vyana sammiti gedə-gedə ABŞ prezidenti Donald Trampın Tvitterdə “Dünyaya bahalı neft lazım deyil” yazması da bundan xəbər verirdi.

Ona görə də, elə bir həssas qiymət aralığı tapılmalıdır ki, bazarda bütün tərəfləri qane edən balans gözlənilsin. OPEK-in qərarı açıqlanan kimi “Brent” markalı neftin hər barrelinin qiymətinin 63 dollara sıçraması göstərdi ki, tarazlı qiymət bu həddən yuxarıda olmalıdır.

OPEK-in qərarı açıqlanandan sonra ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Outkirk bunu pisləyərək, bəyan etdi ki, Vaşinqton qərara mənfi yanaşır, çünki qiyməti bazar qüvvələri özləri müəyyən etməlidirlər. Halbuki, başqa vaxtlarda məhz ABŞ-ın özü imkan vermir ki, neftin qiymətini bazar qüvvələri – yəni tələb və təklif müəyyənləşdirsin.

OPEK+ ölkələrinin qərarından sonra, əksər ekspertlər gələn ilin birinci yarısında, yəni sazişin qüvvədə olduğu müddət ərzində neftin orta qiymətlərinin 70 dollar ətrafında dalğalanacağını düşünürlər. Bu, dünya iqtisadiyyatının normal inkişaf tempinin saxlanması üçün indiki vəziyyətdə optimal qiymət sayıla bilər.

Belə qiymət Azərbaycana da sərf edir, çünki gələn il üçün ölkənin büdcəsində neftin bir barrelinin qiyməti 60 dollardan hesablanıb. Ona görə, Azərbaycan da hasilatın azaldılması qərarını dəstəkləyib və özü də qoşulub. Belə ki, oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan bunu təxminən 20 min barrel azaldacaq. Yəni yeni ildən başlayaraq, ölkəmiz gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır.

OPEK-in qərarına siyasi baxımdan da kifayət qədər ciddi hadisə kimi yanaşmaq lazımdır. Belə ki, kartel bu addımı atmaqla ABŞ-ın əlində oyuncaq olmadığını göstərə bildi. Rusiya mediası OPEK-in verdiyi qərara Vladimir Putinin də böyük təsirinin olduğunu iddia edir. Demək, dünyanın təkqütblü olmadığı artıq OPEK-in daxilində də öz nəticəsini göstərməyə başlayıb.

Tariyel Həsənov
Azvision.az



Teqlər: OPEK   Neft  





Xəbər lenti