Manat ucuzlaşa bilərmi? Yaxud, “S&P”-nin proqnozu niyə absurddur? - TƏHLİL

      Manat ucuzlaşa bilərmi?    Yaxud, “S&P”-nin proqnozu niyə absurddur? -    TƏHLİL
  29 Yanvar 2019    Oxunub:6573
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizə dair proqnozunda manatın ABŞ dollarına münasibətdə bu ildən başlayaraq ucuzlaşacağını bildirib. Belə ki, 2019-cu ildə 1 dollara görə orta məzənnə 1,79 manat, 2020-ci ildə 1,87 manat, 2021-ci ildə isə 1,97 manat proqnoz edilib.
Agentliyin bunu nəyə əsasən irəli sürdüyünü qeyd edə bilməsəm də, açıqlamada "...Əgər, neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək",- deyilməsindən aydın olur ki, ucuzlaşmanın neftin qiymətinin dünya bazarında baş verəcək tendensiyası ilə əlaqədar ortaya çıxacağı gözlənilir.

Sual yaranır ki, ölkəmizin valyuta bazarı məgər 2021-ci ilədək də neftin ixrac qiymətindən asılı olacaqmı? Digər sual isə odur ki, neftin dünya bazarlarında qiymətinin heç 1 həftə sonra belə, necə olacağını müəyyən etmək mümkün olmadığı halda, “S&P Global Ratings” hardan bilir ki, məsələn, gələn il neftin orta qiyməti necə olacaq? Və üçüncü sual: ölkəmizin valyuta bazarı yaxın 3 il ərzində yenə sərbəst şəkildə deyil, inzibati yolla tənzimlənəcəkmi?

Bəri başdan qeyd edim ki, adı çəkilən qurumun proqnozu absurddur. 2021-ci ilin sonunadək manat 1 ABŞ dollarına görə 2 manata yaxın və ya bundan da çox ola, yaxud, indiki kimi - yəni 1,70 səviyyəsində də qala bilər. Sadəcə olaraq, 1,70-dən aşağı bahalaşan deyil. Dəqiq olan yalnız budur.

Yəni bahalaşsa, yalnız dollar bahalaşacaq, manat yox... Buna keçən il ərzində real zəmin mövcud olsa da, inzibati yolla imkan verilmədi və verilməyəcək də. Söhbət, hökumətdən, konkret olaraq, Mərkəzi Bankdan (AMB) gedir. Bir ara maliyyə naziri Samir Şərifovun da milli valyutanın, yəni manatın son dərəcə möhkəm olmasının Azərbaycan üçün faydalı olmadığı barədə söylədiyi fikir kəskin ajiotaj ilə qarşılandı ki, guya, nazir bununla növbəti devalvasiya barədə anons vermiş oldu. Halbuki, maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı deyildi. Sadəcə olaraq, S.Şərifov xatırlatdı ki, manat bir az da möhkəmlənərsə, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz başa gəlir.

Sözüm bunda deyil. Bəli, keçən il, yəni 2018-ci il ərzində ölkənin valyuta bazarında dollara tələbat yüksək olub ki, nəticədə təklif sarıdan yeganə "oyunçu" kimi çıxış edən Neft Fondu (ARDNF) tərəfindən yanvar-dekabr ayları ərzində hərraclarda bütövlükdə 6 460,4 milyon dollar satıldı ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 862,3 milyon dollar və ya 79,55% çox edib.

2017-ci il ərzində ARDNF 3 598,1 milyon dollar satmışdı. Artımın əsas səbəblərindən biri kimi idxalın genişlənməsi çıxış etdisə də, ikinci səbəb ölkə iqtisadiyyatında, onun bir sıra sferalarında müəyyən aktivlik elementlərinin müşahidə olunması hesab edilirdi. Belə ki,iqtisadiyyatın bu və ya digər sektorunda cüzi də olsa canlanma yaranırsa, bu, həmişə ölkədə xarici valyutaya olan tələbatı artıran amillərdən biri kimi çıxış edir. Yəni, əhalinin gəlirləri faktoru burada heç də rol oynamırdı: vətəndaşların əlində keçən il elə böyük həcmdə sərbəst manat vəsaiti yox idi ki, kütləvi şəkildə dollara dəyişməklə valyuta satışının artmasına zəmin yaratsınlar.

Bu il isə manat möhkəmlənməyə meyilli olacaq. Hansı ki, keçən il də yuxarıda qeyd olunanlara rəğmən, əslində, belə idi. Belə ki, dollara tələbatın artmasına baxmayaraq, manatın bahalaşmasını şərtləndirən amillər daha güclü idi. Odur ki, hökumət bu il də daha çox manatın bahalaşmasının qarşısını almaqla məşğul olacaq, nəinki ucuzlaşmasından sığortalanmaqla. Çünki tədiyyə balansında, ticarət saldosundakı mövcud vəziyyət manatın bahalaşmasına daha çox şərait yaradır.

Ümumiyyətlə, nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meyilli olacaq. Əgər 50 dollardan aşağı düşərsə, məzənnəni saxlamaq çətinləşəcək. Belə bir ehtimal isə hələ yoxdur.

Sözümü ona gətirirəm ki, “S&P Global Ratings” kimi qurumlar sırf neftə görə manatın məzənnəsi haqda ildən artıq müddət üçün proqnoz verə bilməzlər. Bu, kökündən səhv yanaşmadır. Bundan ötrü, iqtisadiyyatın bütün sektorlarında mövcud vəziyyət və görülən işlər nəzərdən keçirilməli, təhlil olunmalıdır.

Bəli, təkrar edirəm, manatın ucuzlaşması üçün real olaraq ən böyük təhlükə neftin qiyməti 50 dollardan aşağı düşəcəyi təqdirdə yaranacaq. Yalnız bu halda manatın ucuzlaşmasına yönəlik təzyiqlər güclənəcək. Lakin belə olduğu təqdirdə də, hökumət müəyyən müddət ərzində məzənnəni saxlamağa çalışacaq. Neftin qiyməti 40 dollardan aşağı həddə düşərsə, hökumət məzənnəni 3 aydan artıq saxlaya bilməyəcək.

Ancaq nəzərə almalıyıq ki, qeyri-neft sektorumuz artır və bu sahədən ixrac getdikcə genişlənir. Və Azərbaycanın valyuta gəlirləri üzrə mənbələr tədricən, şaxələnmək üzrə işartı göstərir. Düzdür, bu, hələ vaxt aparacaq. Ancaq, ona qədər ARDNF və AMB tandeminin valyuta bazarında "oyunu" makroiqtisadi sabitliyi istənilən halda ümumən qoruyub saxlamağa imkan verəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Manat   Dollar   Neft  





Xəbər lenti