Kataloniya və Kvebekə yasaq olan niyə Qarabağ üçün icazəli olmalıdır?!

   Kataloniya və Kvebekə yasaq olan niyə Qarabağ üçün icazəli olmalıdır?!
  08 Mart 2019    Oxunub:10384
Ermənistanın Baş naziri N.Paşinyan Brüsselə bu günlərdə həyata keçirdiyi səfər çərçivəsində verdiyi müsahibədə bəyan edib ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun olduğunu tanımasını gözləyir. Bir müddət öncə isə Ermənistan parlamentinin artıq sabiq vitse-spikeri Eduard Şarmazanov yerli mətbuata Dağlıq Qarabağ ilə Kürdüstan və Kataloniya arasında paralel aparılmasının düzgün olmadığını bildirmişdi. Bu, Azərbaycan rəsmisinin bu üç məsələ ilə bağlı beynəlxalq birliyin eyni mövqe nümayiş etdirməsinin zəruriliyi barədə fikirlərinə reaksiya idi.

E.Şarmazanov bu üç məsələnin tamamilə fərqli olduğunu və onlar arasında paralel aparılmasının savadsızlıq və cahillik olduğunu bildirib. O daha sonra əlavə edib: “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi tam qanunidir. O, SSRİ Konstitusiyası və beynəlxalq hüquq normalarına uyğundur. Uzun müddət bundan öncə Dağlıq Qarabağ digər 15 müttəfiq respublika kimi SSRİ Konstitusiyasına uyğun olaraq öz müqəddəratını təyin etmək hüququndan istifadə etmişdir” .


Eduard Şarmazanov

Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi məsələsi münaqişə başlandığı andan gündəmə gətirilən məsələdir. Hələ 1988-ci il 12 iyulda Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti qəbul etdiyi qərarda qeyd edirdi ki, “...millətlərin öz müqəddəratını təyin etməsi kimi Lenin prinsipinin ardıcıl olaraq həyata keçirilməsi zərurətindən çıxış edərək DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxmasını elan edirik”.

Münaqişə ilə bağlı mövqe ifadə edən beynəlxalq təşkilatlar da bir sıra hallarda münaqişənin həlli üçün əsas tutulmalı olan prinsiplər sırasında ərazi bütövlüyü ilə yanaşı, öz müqəddəratını təyin etmə prinsipinə istinad edirlər.

Lakin bu iddialar nə qədər əsaslıdır? Beynəlxalq hüquqa görə Dağlıq Qarabağın erməni əhalisinin həqiqətən də öz müqəddəratını təyin etmək, bununla da Azərbaycandan ayrılmaq hüququ varmı?   

İlk növbədə vurğulamaq lazımdır ki, beynəlxalq hüquqa əsasən öz müqəddəratını təyin etmək hüququnun subyekti xalqdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 1-ci maddəsinə əsasən “ bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquqa görə onlar sərbəst şəkildə siyasi statuslarını müəyyən edə və iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilərlər”.

Beynəlxalq hüquqda “xalq” anlayışı dəqiq müəyyən edilməsə də, hüquqi baxımdan Dağlıq Qarabağın erməni əhalisinin “xalq” olub-olmadığını müəyyən etmək üçün 1991-ci il 27 avqustda Avropa Birliyi tərəfindən Yuqoslaviya üzrə çağırılmış sülh konfransı ilə birgə yaradılmış Arbitraj Komitəsinin 2 saylı rəyi maraq doğurur (Bu Komitə onun sədri, Fransa Konstitusiya Məhkəməsinin prezidenti Robert Badinterin adı ilə Badinter Komitəsi də adlanır. Komitəyə Badinterdən başqa Almaniya və İtaliya Konstitusiya Məhkəmələrinin, Belçika Arbitraj Məhkəməsinin və İspaniya Konstitusiya Tribunalının prezidentləri daxil idi).


Fransa Konstitusiya Məhkəməsinin sabiq prezidenti Robert Badinter

Beləliklə, 1991-ci il 20 noyabrda Yuqoslaviya üzrə Konfransın sədri Lord Karrinqton (Lord Carrington) Arbitraj Komitəsinin sədrinə müraciət edərək Serbiya Respublikası tərəfindən verilmiş belə bir sorğu ilə bağlı rəy verməyi xahiş etmişdir:

“Xorvatiya və Bosniya-Herseqovinanın serb əhalisi Yuqoslaviyaya daxil olan xalqlardan biri kimi öz müqəddəratını təyin etmək hüququna malikdirmi?”

Qeyd olunmalıdır ki, bu sorğunun verildiyi zaman Xorvatiyada təxminən 581 000 (ölkə əhalisinin 12,2 faizi), Bosniya və Herseqovinada isə 1,3 milyondan çox (ölkə əhalisinin 31,2 faizi) serb yaşayırdı (müqayisə üçün qeyd edək ki, münaqişə başlayan zaman Dağlıq Qarabağın erməni əhalisi ümumi Azərbaycan əhalisinin 2 faizindən az hissəsini təşkil edirdi).

Komitə müəyyən etmişdir ki, Bosniya-Herseqovina və Xorvatiyanın serb əhalisinə beynəlxalq konvensiyalarda azlıqlar üçün nəzərdə tutulmuş bütün hüquqlar verilməlidir. Respublikalar bu azlıqlar və etnik qrupların üzvlərinin beynəlxalq hüquqla tanınmış insan hüquqları və əsas azadlıqlarını, o cümlədən münasib olduğu halda, vətəndaşlığını seçmək hüququnu təmin etməlidir.

Başqa sözlə, Badinter Komitəsi Dağlıq Qarabağın erməni əhalisi ilə analoji vəziyyətdə olan Bosniya-Herseqovina və Xorvatiyanın serb əhalisinin yalnız azlıq kimi hüquqlara malik olduğunu, ən yaxşı halda, tərəflər bu barədə razılığa gələrsə, yaşadığı ərazidə qalmaqla başqa ölkənin vətəndaşlığını seçmək hüququ əldə edə biləcəyini qət etmişdir.

Lakin, bir anlıq bu məsələni kənara qoyaq və fərz edək ki, Dağlıq Qarabağın erməni əhalisi “xalq” statusuna malikdir.

Beynəlxalq hüquq yalnız 3 halda xalqların dövlətdən ayrılmaqla öz müqəddəratını təyin etmək hüququnu qəbul edir: müstəmləkə və ya xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etməsi; konstitusiya əsasən öz müqəddəratını təyin etmə və remedial öz müqəddəratını təyin etmə.

Beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə ilk olaraq müstəmləkə xalqların metropoliyadan ayrılmaq hüququ kimi təşəkkül tapmışdır. Ümumiyyətlə, öz müqəddəratını təyin etmək hüququ bu günə qədər yalnız müstəmləkə xalqları tərəfindən uğurla həyata keçirilmişdir. Bu hüquq bu gün də mübahisə doğurmur. Lakin Dağlıq Qarabağ məsələsinə bu halın heç bir aidiyyəti yoxdur. Azərbaycan ilə Dağlıq Qarabağın münasibəti təbii ki, metropoliya-koloniya münasibəti olmamışdır.

İkinci hal Konstitusiya ilə nəzərdə tutulan hallarda xalqın öz müqəddəratını təyin etməsidir. SSRİ-nin 1977-ci il tarixli Konstitusiyasının (1990-cı il 26 dekabr redaksiyası) 72-ci maddəsinə görə SSRİ tərkibindən azad şəkildə çıxmaq hüququ yalnız müttəfiq respublikalara məxsus idi. Konstitusiyanın muxtar vilayətlərlə bağlı 11-ci fəslində isə vilayətin ayrılmaq hüququ barədə heç bir müddəa yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, Konstitusiyanın 78-ci maddəsinə görə müttəfiq respublikanın sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməzdi.


Azərbaycan SSR-nin 1978-ci il 21 aprel tarixli Konstitusiyası da Dağlıq Qarabağ Muxtar Vilayətinin ayrılmaq hüququ barədə müddəaya malik deyildi.

Beləliklə, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycandan ayrılması SSRİ, həmçinin Azərbaycan SSR Konstitusiyası əsasında da mümkün deyildi.     

Və nəhayət, üçüncü hal remedial öz müqəddəratını təyin etmədir. Hələ də mübahisə doğuran bu konsepsiyaya görə remedial öz müqəddəratını təyin etmə o zaman həyata keçirilir ki, xalq ölkə daxilində öz hüquqlarını lazımı səviyyədə həyata keçirməkdən məhrum edilsin, repressiyalara məruz qalsın və ya dövlətdə təmsilçilik imkanlarına malik olmasın.

Remedial öz müqəddəratını təyin etməyə çalışan subyektlərdən biri Kanadanın Kvebek vilayəti olmuşdur. Kanadanın on üç vilayətindən biri olan və hazırda 8 milyondan çox əhaliyə malik Kvebek hökuməti 1980-ci və 1995-ci illərdə müstəqillik referendumu keçirmişdir. Buna cavab olaraq Kanada hökuməti ölkənin Ali Məhkəməsinə sorğu ilə müraciət edərək Kvebek vilayətinin birtərəfli qaydada Kanadadan ayrıla bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirməyi xahiş etmişdir.

İşə baxan Kanadanın Ali Məhkəməsi 1998-ci il 20 avqust tarixli qərarında qeyd edirdi ki, Kvebek xalqı ayrılmaqla öz müqəddəratını təyin edə bilməz. Belə ki, o, fiziki mövcudluğuna və ya bütövlüyünə hücumların, yaxud da əsas hüquqlarının kütləvi şəkildə pozulmasının qurbanı olmayıb. Onların hökumətin idarəçiliyində iştirakına maneə də mövcud olmayıb. Kvebek əhalisi qanunvericilik, icra və məhkəmə orqanlarında təmsil olunub. Başqa sözlə, Kanada xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipinə uyğun davranan və öz ərazisində yaşayan bütün xalqların təmsil olunduğu hökumətə malik suveren və müstəqil dövlətdir.


Kanada Ali Məhkəməsi qət etmişdir ki, beynəlxalq hüquqa görə ayrılmaqla öz müqəddəratını təyin etmə hüququ yalnız xalqların xarici hərbi işğal altında olduğu vəziyyətlərdə və ya xalqın siyasi, iqtisadi, sosial və mədəni inkişafını həyata keçirməsi üçün dövlət idarəçiliyində iştirak etməsinə əhəmiyyətli maneçilik törədildiyi hallarda yerinə yetirilə bilər. Bütün bu hallarda sözü gedən xalq ayrılmaqla öz müqəddəratını təyin edə bilər, belə ki, bu vəziyyətlərdə onun daxildə öz müqəddəratını təyin etmək imkanlarına maneçilik törədilmiş olur. Bu müstəsna hallar hazırkı şərtlər daxilində Kvebekə münasibətdə tətbiq oluna bilməz. Belə ki, nə Kvebek vilayətinin əhalisi, hətta “xalq” hesab edilsə belə, nə onu təmsil edən orqanlar – Kvebekin qanunverici orqanı olan Milli Assambleya və ya hökumət - beynəlxalq hüquqa görə birtərəfli qaydada Kanadadan ayrılmaq hüququna malik deyil.

Kanada Ali Məhkəməsinin qərarında qeyd olunur ki, beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmək hüququnun mövcud suveren dövlətlərin sərhədləri hüdudunda və həmin dövlətlərin ərazi bütövlüyünün qorunması ilə həyata keçirilməsi nəzərdə tutulur. Yalnız bunun mümkün olmadığı (yuxarıda qeyd olunan-red.) müstəsna hallarda ayrılmaq hüququndan söhbət gedə bilər.

Kanada Ali Məhkəməsinin bu mövqeyi hələ 1970-ci ildə qəbul edilmiş “Beynəlxalq hüququn prinsipləri haqqında” bəyannamədə də əks olunmuşdur. Bəyannamədə qeyd edilir ki, “öz müqəddəratını təyin etmə prinsipi suveren və müstəqil dövlətlərin suveren vahidliyinin və ya ərazi bütövlüyünün tam və ya qismən pozulmasına, yaxud da parçalanmasına gətirib çıxaran istənilən hərəkətə icazə verən və ya onları həvəsləndirən norma kimi təfsir edilməməlidir. Bir şərtlə ki, bu dövlətlər xalqların bərabərhüquqluğu və öz müqəddəratını təyin etmə prinsipinə əməl etməklə fəaliyyət göstərsinlər və bunun da nəticəsində bu əraziyə daxil olan bütün xalqları irqindən, dinə etiqadından və ya dərisinin rəngindən asılı olmayaraq təmsil edən hökumətə malik olsunlar”.

Yeri gəlmişkən, münaqişəyə qədər Dağlıq Qarabağın erməni əhalisi də dövlət idarəçiliyində, xüsusilə Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial, iqtisadi və mədəni idarəçiliyində heç bir maneə olmadan iştirak etmiş, ayrı-seçkiliyin və ya əsas hüquqlarının kütləvi şəkildə pozulmasının qurbanı olmamışdır. Vilayətin rəhbəri vəzifəsini bir qayda olaraq erməni mənşəli şəxslər tuturdu. Vilayətdə bütün yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətinə malik olan Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 1987-ci il 21 iyunda seçilmiş 150 deputatdan 116-sı, yəni 77,3 faizi erməni mənşəli şəxslər olmuşdur. Vilayət Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində müavin səviyyəsində təmsil olunurdu. Vilayətdə əhalinin 30 faizindən artığını azərbaycanlılar təşkil etsələr də, onlar vəzifələrin yalnız 3-4 faizini tuturdular, digər vəzifələr isə erməni mənşəli şəxslər tərəfindən tutulmuşdu. Başqa sözlə, Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəçiliyi demək olar ki, tam şəkildə erməni əhalinin əlində idi. Müstəqil Ermənistanın 3 prezidentindən ikisi,  R.Koçaryan və S.Sarqsyan da, vaxtilə Dağlıq Qarabağda müxtəlif vəzifələr tutmuşlar. Bununla yanaşı, Azərbaycanın erməni əhalisi ölkənin qanunvericilik, icra və məhkəmə orqanlarında da təmsil olunurdular.  

Remedial öz müqəddəratını təyin etmə çərçivəsində öz dövlətini yaratmağa nail olmuş nümunə kimi Kosovonu göstərmək olar. Lakin Kosovo Dağlıq Qarabağ üçün presedent rolunda çıxış edə bilməz, bunun da səbəbi iki vəziyyətin bir-birindən köklü surətdə fərqlənməsidir. Bu fərqi görmək üçün hər iki münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə baxmaq kifayətdir.

Kosovo ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 1160 (1998), 1199 (1998), 1203 (1998), 1239 (1999) və 1244 (1999) saylı qətnamələrdə Yuqoslaviya Federativ Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Kosovoda aşırı və fərq qoymadan güc tətbiqi, həmçinin Kosovo əhalisinə qarşı edilən zorakılıq  pislənilir, bu güc tətbiqi nəticəsində Kosovoda insan hüquqları ilə bağlı yaranmış humanitar fəlakətdən, çox sayda insanın qonşu dövlətlərə qaçmasından ciddi narahatlıq ifadə olunur, belə bir vəziyyətin yaranması üçün bütün məsuliyyət Yuqoslaviya Federativ Respublikasının üzərinə qoyulur, bu vəziyyətin regionda sülh və təhlükəsizlik üçün təhlükə yaratdığı qeyd edilir, Yuqoslaviya Federativ Respublikasından Kosovoda dinc əhaliyə qarşı repressiyalara və zorakılığa son qoymaq, onlarla pis rəftar etmiş şəxsləri məsuliyyətə cəlb etmək, bütün hərbi, polis və yarımhərbi qüvvələri Kosovodan çıxarmaq tələb olunur.

Lakin Kosovodan fərqli olaraq Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə (822, 853, 874 və 884) Azərbaycan Respublikasının Dağlıq Qarabağın erməni əhalisinə qarşı zorakılıq və repressiya etməsi barəsində bir cümlə belə yoxdur. Tamamilə əksinə. Qətnamələrdə zərərçəkmiş tərəf qismində məhz Azərbaycan tərəfi göstərilir, Azərbaycan torpaqlarının işğal olunmasından və bunun nəticəsində insanların məcburi köçkün vəziyyətinə düşməsindən ciddi narahatçılıq ifadə olunur. Beləliklə, Kosovodan fərqli olaraq Dağlıq Qarabağın remedial öz müqəddəratını təyin etməsi üçün “repressiyaya məruz qalmaq” kimi əsas da olmamışdır. 

Qeyd edək ki, Kosovo ilə bağlı BMT Beynəlxalq Məhkəməsinin 2010-cu il tarixli məşvərətçi rəyinə görə qanunsuz olaraq güc tətbiq etməklə və ya beynəlxalq hüququn xüsusilə imperativ xarakterli (jus cogens) normalarını kobud surətdə pozmaqla müstəqilliyini elan etmə qanunsuz hesab edilir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrindən də göründüyü kimi Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etməsi” Azərbaycan əhalisinə qarşı zor tətbiq edilməsi, çox sayda insanın yaşamaq, qeyri-insani davranışa məruz qalmamaq, mülkiyyət və s. kimi fundamental hüquqlarından məhrum edilməsi ilə müşayiət olunmuşdur ki, bu da, erməni əhalinin birtərəfli qaydada müstəqillik elan etməsinin beynəlxalq hüquqazidd hərəkət kimi qimətləndirilməsinə əsas verir. 

Burada yuxarıda istinad etdiyimiz Badinter Komitəsinin daha bir rəyini xatırlatmaq yerinə düşər. Bu, Komitənin Serbiya Respublikası tərəfindən verilmiş - “Xorvatiya və Serbiya, Bosniya-Herseqovina və Serbiya arasındakı daxili sərhədlər beynəlxalq ümumi hüquqi mənada sərhədlər hesab oluna bilərmi?” - sorğusuna cavabdır.  

Komitə bildirmişdir ki, vəziyyətin necə olmasından asılı olmayaraq, əgər maraqlı dövlətlər başqa hal barədə razılığa gəlməmişlərsə, öz müqəddəratını təyin etmə prinsipi müstəqillik əldə olunan zaman mövcud olan sərhədlərin dəyişilməsinə səbəb olmamalıdır (uti possidetis yuris).

Komitə daha sonra qeyd etmişdir ki, Xorvatiya və Serbiya, Bosniya-Herseqovina və Serbiya arasındakı sərhədlər, həmçinin digər mümkün qonşu dövlətlərin  sərhədləri onların azad şəkildə ifadə etdikləri razılıq olmadan dəyişdirilə bilməz. Başqa bir razılıq əldə olunmamışdırsa, əvvəllər mövcud olan sərhədlər beynəlxalq hüquqla qorunan sərhədlərə çevrilir. Bu nəticə ərazi status quo-ya hörmət edilməsi, xüsusilə uti possidetis prinsipindən irəli gəlir. İlkin olaraq Amerika və Afrikada dekolonizasiya məsələlərinin həllində tətbiq edilmiş uti possidetis prinsipi bu gün, BMT Beynəlxalq Məhkəməsinin Burkina Faso ilə Mali arasında sərhəd mübahisəsi ilə bağlı 1986-cı il 22 dekabrda qəbul etdiyi qərarda təsbit olunduğu kimi ümumi prinsip olaraq  tanınmışmışdır.

Beynəlxalq adət hüququnun bu norması SSRİ-nin dağılması zamanı sərhədlərlə bağlı yaranmış vəziyyətə də tətbiq olunur. SSRİ-nin mövcudluğuna son verən zaman müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi barədə heç bir razılıq olmadığı üçün, SSRİ daxilində onların malik olduğu sərhədlər müstəqillik əldə etdikdən sonra hüquqi cəhətdən dəyişilməz olaraq qalmışdır.

Göründüyü kimi beynəlxalq hüquq Dağlıq Qarabağın erməni əhalisinin öz dövlətini yaratmaq və ya istənilən başqa formada Azərbaycandan ayrılaraq öz müqəddəratını təyin etmək hüququnu tanımır. Bu mənada erməni əhalinin belə bir “hüquqa” malik olması barədə müxtəlif dairələr, o cümlədən bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən fikirlər hər hansı beynəlxalq hüquqi əsası olmayan iddiadan başqa bir şey deyil. 

Sonda BMT Baş katibi olmuş Butros Qalinin belə bir fikrini xatırlamaq yerinə düşər - əgər hər bir etnik, dini və ya linqvist qrup dövlətçilik tələb edərsə, o zaman ərazilərin bölünməsinin sonu olmayacaq.

İlyas Quliyev
Azvision.az üçün




Teqlər: Beynəlxalq-hüquq  





Xəbər lenti