Yanğınla üzə çıxanlar – TƏHLİL

  29 Mart 2019    Oxunub : 14758
 Yanğınla üzə çıxanlar – TƏHLİL
... “Diqlas” da söndürüldü, onun ətrafında qızışdırılan ehtiraslar da. Həm də, açığı, bunlardan ikincisi daha peşəkar və ustalıqla edildi. Çünki ehtirasları qızışdırmağa çalışanlar da işə möhkəm girişmişdilər. Gəlin, prosesin hansı mərhələlərdən keçərək inkişaf etdiyinə bir də yaxşı-yaxşı baxaq.
1.

Biz son illərdə müxtəlif ticarət obyektlərində yanğınların şahidi olmuşuq, amma “Diqlas” miqyasına görə onların hamısını geridə qoydu. Xoşbəxtlikdən, insan təlafatı baş verməyib, yoxsa daha ağır faciə olardı.

Niyə belə alındı? Ona görə ki, indiyə qədərki bədbəxt hadisələrdən lazım olan nəticələr çıxarılmayıb. Böyük bir ticarət mərkəzinin yanğından mühafizəsi daha etibarlı təşkil oluna bilərdi və olunmalıydı da; olunmayıbsa, buna görə məsuliyyət daşıyası şəxslər var. Hamıdan qabaq da Ticarət Mərkəzinin rəhbərliyi özü bunda maraqlı olmalı idi. Amma yox: bizim sahibkarlar ancaq qısa vaxtda götürəcəkləri qazancı düşünürlər, uzunmüddətli perspektivi fikirləşmək, təhlükəsiz, dayanıqlı iş qurmaq isə onların “biznes təfəkkürünə” yaddır. Çünki çox təəssüf ki, bu mənada hələ də alverçidən sahibkar mərhələsinə keçə bilməmişik.

Hər halda, bu faciədə konkret kimin nə günahının olması Prezidentin şəxsi nəzarətinə götürdüyü istintaq zamanı aydınlaşacaq və suçlular da cəzalarını alacaqlar.

2.

Günahkar kimdirsə, səbəb nədirsə də, ya zəlzələdən, ya vəlvələdən hadisə baş verib və xeyli insana böyük maddi ziyan dəyib. Açıq danışaq: Onlara yardım etmək dövlətin borcu deyildi. Şamaxıda zəlzələdən evləri dağılan insanlar başqa, Ticarət Mərkəzində malları yanan sahibkarla isə tamam ayrı kateqoriyadırlar. Hər şeydən əvvəl, “Diqlas”da dükan işlədən insanlara heç bir halda “imkansız” demək olmaz, ikincisi, xətər onların bizneslərinə toxunub, dövlət isə vətəndaşların həyatına və təhlükəsizliyinə görə məsuliyyət daşıyır, biznesinə görə yox. Sahibkarın əsas məqsədi qazanc götürməkdir və vaxtında zəhmət çəkib, həmin qazancın bir hissəsini öz biznesinin gələcəyinin təminatına, işinin sabitliyinə yönəltməli idi. Yəni əvvəla, biznesi sığortalamaq lazım idi, bu, bütün dünyada belədir. Dövlət özəl biznesin yükünü çəkə bilməz, çəkməməlidir də.

3.

Bəli, bu vəziyyətdə heç bir müdaxilə etməsəydi, dövləti qınamaq olmazdı. Amma dövlət və onun başçısı birbaşa borcu, öhdəliyi olmadığı halda, yenə də sahibkarın yanında oldusa, bu, əvvəla, onun böyüklüyüdür. İkincisi, Prezident İlham Əliyevin hadisəyə həsr olunmuş müşavirədə açıq şəkildə dediyi kimi, sahibkara dəstək vermək, onu gücləndirmək Azərbaycanın dövlət siyasətidir. İndiyə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit vermiş hökumətin belə bir problem zamanı onları tək buraxması ən azından yürüdülən siyasətin ümumi ruhuna, dövlət-sahibkar münasibətlərinin fəlsəfəsinə yaraşmazdı. Dövlət bu faciəli məqamda əlini sahibkarın çiyninə qoymaqla yürütdüyü siyasətin formaca bütöv, məzmunca tam olduğunu göstərdi.



Azərbaycanda sahibkarlar sinfi (orta təbəqə) yeni-yeni formalaşır, buna görə də, hələ ki, həssas məqamlarda dəstək olmaq lazımdır. Bu halda dövlət onlara “sərt nəzarətçi” yox, “qayğıkeş böyük” üzünü göstərdi, yanlarında oldu ki, qurduqları işi davam etdirə bilsinlər. Çünki hər bir sahibkarın biznesi eyni zamanda iş yerləri deməkdir, hər sahibkarın iflası isə neçə insanın işsiz qalması anlamına gəlir. Dövlət başçısı məsələlərə həm də bu aspektdən yanaşır – sosial məsuliyyəti ilk sırada qoyaraq!

4.

Hadisə bir də onu göstərdi ki, xüsusi dəstə sanki pusquda duraraq, dərhal dövlətə qarşı istifadə etmək, sosial şəbəkədə əks-təbliğata başlamaq üçün hansısa bədbəxtçiliyin baş verməsini gözləyir. Bu virtual goreşənlər bütün fəlakətlərdə ancaq dövləti günahkar görür və əhalini ona qarşı kökləməyə çalışırlar. Fəlakət baş verən gün və onun səhərisi nələr uydurulmadı, nələr yazılmadı? Əli Kərimli isə hətta səhərin açılmasını da gözləmədən, gecə ilə mitinq təyin etdi. Məqsəd yanğından zərər görmüş şəxslərin, onların yaxınlarının gərgin emosional vəziyyətin faydalanaraq, bu kəsimin hesabına öz aksiyasına gələnlərin sayını artırmaq idi. Bu, artıq mənəviyyatsızlığın apogeyidir: Fəlakət baş verib, insanlara ziyan dəyib, sən isə onların faciəsindən özünə siyasi qazanc düzəltmək istəyirsən! Görəsən, dünyanın hansısa ölkəsində belə hal mümkündürmü: Ticarət Mərkəzi yansın və “müxalifət partiyasının” “lideri” dərhal bundan mitinq keçirmək üçün istifadə etməyə çalışsın? Təsəvvürə gətirmək olmur.

Ən anormalı odur ki, bu dəstə əvvəlcə hökuməti sahibkarlara yardım etmədiyinə görə pisləməyə başlamışdı. Amma məlum olanda ki, elə deyil, hakimiyyət ziyana uğramış insanlara yardım göstərəcək, valı tərsinə fırladıb, bu dəfə " dövlət niyə biznesmenə pul verməlidir?! " ritorikası və ironiyası ilə kampaniyaya başladılar. Yəni dövlət sahibkara kömək etsə də pisdir, etməsə də; maraqlıdır, bu halda üçüncü bir variant da varmı ki, dövlət bu məxluqatın xoşuna gəlmək üçün onu seçəydi?

5.


Bütün bunlardan hansı nəticələr çıxarılmalıdır?
Nə baş verirsə-versin, dövlət hər zaman vətəndaşının yanında olacaq. İlk növbədə də Prezidentin simasında.
Amma bütün səviyyələrdə işləri də elə qurmaq lazımdır ki, həmi o “nələrsə” baş verməsin. Təbii fəlakətlərdən fərqli olaraq, bu cür hadisələrin qarşısı alına bilinər və alınmalıdır da. Belə işlərdə hər kəs məsuliyyətini dərk etməlidir. Axı söhbət heç də təkcə puldan, maddiyyatdan getmir. Həmin yanğında kimsə həyatını da itirə bilərdi ki, bunu artıq heç bir yardımla geri qaytarmaq mümkün deyil. Xoşbəxtlikdən, bu dəfə olmayıb, amma gələn dəfələrdə də olmayacağına heç kim zəmanət verə bilməz.
Sahibkarlar da bu hadisədən dərs götürüb, əmlaklarını sığortalatmaq mədəniyyətinə yiyələnməlidirlər ki, ölkədə sığorta bazarı aktivləşsin.
Radikallar isə başda Əli Kərimli olmaqla, heç vaxt düzəlməyəcəklər. Onlar həmişə dövlətə qarşı təbliğat aparmaq üçün bayquş kimi növbəti faciəni gözləyəcəklər.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Diqlas