Yaşayış minimumu necə olmalıdır? – TƏHLİL

Yaşayış minimumu necə olmalıdır? – TƏHLİL
  30 Noyabr 2013    Oxunub:6352
Gələn il üçün ölkədə yaşayış minimumu səviyyəsinin 9 manat artırılması sosial istiqamətdə yürüdülən effektiv siyasətlə uzlaşmır. Cari ildə ölkədə yaşayış minimumu 116, o cümlədən, əmək qabiliyyətli əhali üçün 125, pensiyaçılar üçün 94, uşaqlar üçün 93 manat müəyyən edilmişdi ki, növbəti ildə 116-nı 125, 125-i 136, digər iki kateqoriya əhali üçün isə 94 ilə 93-ü eyni məbləğdə - 103 manat etmək nəzərdə tutulur.

125 manat məbləğ əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsini gücləndirmək baxımından dövlət büdcəsindən ödənilən maaş və pensiyaların artım tendensiyası sarıdan da əlverişli hədd sayılmır. Ona görə ki, yaşayış minimumu göstəricisi əhalinin sosial müdafiəsi daha yaxşı təşkil etmək baxımından büdcədən həyata keçirilən artım siyasəti ilə vahid mexanizm təşkil etməlidir.

Biz bunu minimum aylıq əməkhaqqı səviyyəsinə dair də yazmışdıq. Bu ilin sentyabr ayından ölkədə büdcədən maliyyələşən təşkilatlarda çalışan və dövlət qulluqçularından ibarət 700 min nəfərin Vahid Tarif Cədvəli ilə aylıq vəzifə maaşlarının səviyyəsi orta hesabla 10 % yüksəldilərkən minimum əməkhaqqı da 105 manata qaldırıldı. Sual yaranır ki, 105 manat minimum əməkhaqqı məbləği növbəti ildə ölkədə yaşayış minimumunun yuxarıda qeyd olunan rəqəmlərə bahəm, maaşların aşağı həddini təsbit etməkdən savayı nəyi ifadə edə bilər?
Təəssüf ki, heç nəyi ...

Ümumiyyətlə, yaşayış minimumu səviyyəsi minimum əməkhaqqı məbləğindən yüksəkdə dayandığı halda sonuncu əhalinin sosial müdafiəsinin təşkili baxımından nə məna daşıyır?

Ölkədə əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinin mühafizəsi və onun real olaraq ardıcıl artmasının təşkili baxımından isə yaşayış minimumu xüsusi diqqət tələb edir.
Maraqlıdır ki, hökumətin 2 il öncə nəzərdə tutduğu plana əsasən minimum aylıq əmək haqqı yaşayış minimumu səviyyəsiylə 2013-cü ildə bərabərləşməli idi: 2012-ci ildə 93,5 manat həddində saxlanmaqla, 2013-cü ildə 120,2-yə, 2014-cü ildə 127,7-yə, 2015-ci ildə isə 140 manata çatdırılmalı idi ki, yaşayış minimumu isə 2013-cü ildə adambaşına 120,2-yə, 2014-cü ildə 127,7-yə, 2015-ci ildə isə 135,1 manata qədər yüksəldilməli idi.

Digər rəqəmlərə gəldikdə: 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 130, 2014-cü ildə 138, 2015-cü ildə 146 manat, pensiyaçılar üçün 2013-cü ildə 101, 2014-cü ildə 107, 2015-cü ildə 114 manat, uşaqlar üçün 2013-cü ildə 99, 2014-cü ildə 106, 2015-cü ildə isə 112 manat təşkil etməli idi.

Göründüyü kimi minimum aylıq əməkhaqqı səviyyəsi yaşayış minimumunun adambaşına müəyyən edilən səviyyəsiylə hər ikisi 120,2 manat təşkil etməklə 2013-cü ildə bərabərləşməli və 2015-ci ildə onu üstələməli idi.

Digər bir məqam isə ondan ibarətdir ki, minimum istehlak səbətinin dəyəri dinamik olaraq dəyişir. Ölkədə əhalinin rifahını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək baxımından dövlət büdcəsindən artımlar həyata keçirildikcə istehlak bazarında alış-veriş genişlənir ki, bu da qiymətləri yüksəldir.

Məlumdur ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərdən ibarət normadır. Minimum istehlak səbətinin tərkibinə isə ərzaq, qeyri-ərzaq məhsulları və xidmət daxildir ki, bunların da hər birinə həyat üçün vacib, həmçinin zəruri sosial və mənəvi tələbatı ödəyən elementlər aiddir. Bunlar əhalinin 3 qrupu - əmək qabiliyyətli, pensiyaçılar və 14 yaşınadək olanlar üzrə müxtəlif cür bölünür ki, hər bir qrupun istehlak səbətinin tərkibi eyni elementlərdən ibarət olsa da, ölçü və çəki baxımından fərqlidir.

Qiymətlər yüksəldikcə minimum istehlak səbətinin dəyəri də dəyişdiyindən bu, onu istər-istəməz yaşayış minimumundan uzaqlaşdırır. Ona görə ki, qiymətlər və inflyasiya prosesi ölkədə fizioloji tələbatın ödənilməsi vəziyyətilə sıx əlaqədardır. Bizdə isə problem ondadır ki, minimum istehlak səbəti vaxtında nəzərdən keçirilmir: “Yaşayış minimumu haqqında” qanununa əsasən, ölkədə yaşayış minimumuna ildə bir dəfə - dövlət büdcəsiylə birgə baxılmalı oldugu halda, minimum istehlak səbətinin dəyəri 3 ildə bir müəyyən edilir. Halbuki minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları və xidmət istehlak bazarında qiymət dəyişikliyinə daha həssas və çevik cavab verir ki, bu da onun ümumi dəyər səviyyəsini müntəzəm olaraq nəzərdən keçirməyi tələb edir. Ona görə ki, qiymətlər və inflyasiya ölkədə fizioloji tələbatın təmin edilməsi vəziyyətini çox sürətlə dəyişir.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin (NK) 30 aprel 2009-cu il tarixli qərarına əsasən ölkədə minimum istehlak səbətinin tərkibi ona daxil bəzi məhsulların həcmi azaldılmaqla, digərləri kiçik səviyyədə olsa da artırılaraq dəyişdirildi. Eyni zamanda, yeni xidmət haqqı – internetdən istifadə də bura daxil edildi ki, bu da mühüm yenilik idi.

İnkişaf etmiş ölkələrdə minimum istehlak səbətinə isə daha çox element daxil edilir. Və bununla bahəm, onların hamısında yaşayış minimumu minimal istehlak səbətinin dəyərindən yenə yüksəkdə dayanır.

Odur ki, bizdə də yaşayış minimumu göstəricinə bu cür yanaşılmasa, ölkədə sosial istiqamətdə tam mənada effektiv siyasət yürütmək mümkün olmayacaq.

Bunun üçün isə minimum aylıq sosial ödənişləri onun səviyyəsinə çatdırmaqla minimum istehlak səbətinin dəyərini müntəzəm nəzərdən keçirmək tələb olunur ki, yaşayış minimumunu daima ondan yuxarı səviyyədə saxlamaq mümkün olsun.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti