İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri – TƏHLİL

  22 Avqust 2019    Oxunub : 1757
 İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri – TƏHLİL
(Mövzu ilə bağlı birinci yazını buradan oxuya bilərsiniz)

Suriyada Bəşər Əsədin tərəfdarları Rusiya hərbi aviasiyasının dəstəyi ilə Türkiyənin nəzarətində olan Suriyanın İdlib əyalətinə doğru irəliləyirlər. Suriya hökumətinə bağlı olan informasiya mənbələri İdlib istiqamətində ciddi irəlililəyişin olduğunu barədə xəbərlər yayırlar.

Hadisələrin bu tip inkişafı son məqamda Rusiya ilə Türkiyə arasında maraqların toqquşmasına gətirib çıxara bilər. Məsələnin böyüməsi Türkiyə tərəfdən ABŞ başda olmaqla, Avroatlantik Alyansın, Rusiya tərəfdən isə İranın açıq qarşıdurması ilə nəticələnə bilər. O zaman Rusiyanın bunu anlayaraq belə bir riskli addim atmasının səbəbi nədir?

Təbii ki, əsas səbəb Moskvanın Amerika və Avropadan hansısa dividend əldə etmək istəyidir. Bu siyasət ənənəvi olaraq Kreml tərəfindən istifadə olunur. Təsadüfi deyil ki, həm Suriya, həm də Ukraynanın Dombas əyalətində gərginləşmə Vladimir Putinin Fransaya səfəri ərəfəsində baş verdi. Rusiyanın Krımı ilhaqından sonra, Amerika və Avropa Birliyi tərəfindən Moskvaya qarşı ciddi siyasi-iqtisadi təzyiq vasitələri işə salındı. Məsələn, Rusiya Böyük Səkkizlikdən kənarlaşdırıldı, ölkənin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasından xaric olundu, Moskvaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq olunmağa başlandı.

Fransa hazırda Qərblə Rusiya arasında vasitəçi rolunu oynayır. Putinlə Makronun görüşü də, tərəflər arasında ortaq nöqtələrin tapılmasına hesablanıb. AŞ PA-nın iclaslarında iştirak etmək hüququndan məhrum edilmiş Rusiya bu ilin iyun ayında məhz Fransanın sədrliyi dövründə yenidən Assambleyanın işində iştirak etmək hüququnu bərpa etdi. Fransa prezidenti Rusiyalı həmkarı ilə görüşü zamanı Moskva ilə AB arasında bir sıra analşılmazlıqların olduğunu bir daha vurğulayıb. Avropa liderləri anlayırlar ki, Suriyada hökumət qüvvələrinin üstünlük qazanması növbəti daha böyük miqrant axını ilə nəticələnə bilər. Buna görə Rusiya ilə razılığa getməyə məcburdurlar.

Başqa bir tərəfdən, bu ayın əvvəlində Ukraynada vəziyyətin gərginləşməsi, toqquşmalar nəticəsində 4 ukraynalı əsgərin ölməsi Qərb üçün əlavə siqnaldır. Ukrayna prezidenti Zelenskinin atəşkəsin təmin olunması və uzunmüddətli sülhə nail olunması üçün hadisədən dərhal sonra Putinlə əlaqə saxlaması, “Normand formatı”nda dövlət rəhbərlərini təcili toplamaq cəhdləri uğursuzluqla nəticələndi. Aydındır ki, Moskva üçün əsas hədəf Ukraynanın narahat olub onu danışıqlara səsləməsi deyil, Avropanın bu məsələdə Kremldən kömək ummasına nail olmaqdır.

Beləliklə, Makronun vasitəçiliyi ilə Qərblə danışıqlara başlayan Putinin əlində iki əsas təzyiq vasitəsi var – Suriya və Ukrayna. Təbii ki, Rusiyanın bu iki məsələdə güzəştə getməsinin müqabilində irəli sürəcək tələbləri də az deyil. Bu konteksdə İranın maraqlarının da gözləniləcəyini demək olar. İrana qarşı son vaxtlar iqtisadi sanksiyaların sərtləşməsi və prezident Trampın Tehranı hərbi zərbəylə hədələməsi diqqətdən kənarda qalmamalıdır. Trampın Rusiyanın “Böyük Səkkizliyə” qaytarılmasına etiraz etmədiyini bildirməsi Vaşinqtonun artıq Kreml ilə danışıqlara və öz tərəfindən güzəştlərə getməyə hazır olduğuna işarədir.

Avropa Birliyi ilə Rusiyanın münasibtlərinin bərpasına Avropa Komissiyası və Avropa Şurasının rəhbərliyində bu ilin payızında baş tutacaq dəyişikliklər müsbət təsir göstərə bilər. Rusiya bundan əvvəl dəfələrlə Avropa Birliyi ilə dialoqun bərpasına hazır olduğunu bildirsə də, bu cəhdləri uğursuz olmuşdu. AB-də təyin olunacaq yeni rəhbərlərlə dialoqun qurulmasında Fransanın fəal vasitəçilik edəcəyini əminliklə demək olar.

Bununla yanaşı, diqqətdən qaçırılmamalı bir məqam qalır. Bu, təbii ki, Rusiya-Türkiyə münasibətləridir. Fərz edək ki, Suriyadakı gərginlik Rusiyanın Qərb qarşısında dividend qazanmasınmasında rol oynadı, ancaq bu, hələ Türkiyənin razı qalması anlamına gəlmir. Türkiyənin maraqlarına zərbə endirilməsinin müqabilinin ödənilməsinin ağır olduğunu Moskva anlamamış deyil. Məhz bu səbəbdən ehtimal etmək olar ki, bir sıra məqamlarda Ankara ilə Moskva əvvəlcədən əldə olunmuş razılığa əsasən addım atırlar. Çünki İdlibdə gərginliyin artması bir tərəfdən də, Türkiyənin Amerika və Avropanın gözündə çəkisini göstərən faktordur. Ankara Suriyada təkbaşına qüvvələr balansının saxlanılmasını təmin edir və Qərb bunu nəzərə almalıdır. Odur ki, İdlibdəki insidentdən qarşıduran hər iki tərəfin uduşlu çıxacağını gözləmək olar.

Tofiq Vahid
Azvision.az üçün

Teqlər: Suriya   Rusiya   Türkiyə   Geosiyasət