Ağrılı “exit”: Niyə Londonla Brüssel normal “boşana” bilmirlər? - TƏHLİL

      Ağrılı “exit”:    Niyə Londonla Brüssel normal “boşana” bilmirlər? -    TƏHLİL
  02 Sentyabr 2019    Oxunub:5168
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq istəyi artıq üç ildir uzanır. Keçmiş baş nazir Tereza Meyin Brüssellə bu məsələdə razılığa gələ bilməməsi onun hökumətin rəhbərliyindən istefası ilə nəticələndi. Bu postda Tereza Meyi əvəzləyən, “breksit” prosesində sərt addımların tərəfdarı kimi tanınan Boris Conson Britaniyanın bu ilin 31 oktyabr tarixində AB-ni tərk edəcəklərini bildirib. O, qeyd edib ki, həmin müddətə qədər AB ilə müvafiq razılaşma əldə olunarsa, “boşanma” razılıq əsasında baş tutacaq, əgər razılaşma əldə olunmasa, Britaniya birtərəfli qaydada qurumu tərk edəcək.
Bir sıra təhlilçilər Consonun 31 oktyabrla bağlı bəyanatını siyasi blef kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, London bu yolla Brüsseldən daha az müddətə öz maraqlarına uyğun razılaşma ilə ayrılmaq istəyir. Lakin Britaniya kraliçası II Yelizavetanın baş nazirin parlamentin fəaliyyətinin müvəqqəti dayandırılması təklifinə mübət cavab verməsi Londonun Brüssellə yolları ayırmaqda qərarlı olduğunu bir daha nümayiş etdirdi.

Parlamentin müvəqqəti də olsa, fəaliyyətinin dayandırılması Boris Consonun “breksit”lə bağlı addımlar atmasına qarşı çıxa biləcək mümkün baryerləri aradan qaldırdı. Bu addımın Britaniyanın demokratik ənənələrinə zidd olması barədə nə qədər iddialar irəli sürülsə də, dövlət başçısı II Yelizavetanın qərarı göstərir ki, kraliça özü də ölkəsinin Avropa Birliyindən çıxmasında maraqlıdır. Baxmayaraq ki, Britaniyada ictimai rəydə məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Fikir ayrılıqlarının əsas səbəbi ilk növbədə yarana biləcək iqtisadi problemlərlə bağlıdır. Britaniya əhalinin tələbatını ödəyən ərzaq məhsullarının 50 faizini xaricdən idxal edir ki, bunun da 60 faizi Avropa Birliyinin payına düşür. Faktiki olaraq, vahid Avropa bazarından çıxmaq Britaniyanın ərzaq təhlükəsizliyini zərbə altında qoyur.

Ölkənin ixracının 44, idxalının isə 53 faizi AB-nin payına düşür ki, “Breksit”dən sonra AB-yə üzv ölkələrlə ayrı-ayrılıqda ticari müqavilələr imzalansa belə, bu göstəricini təmin etmək mümkün olmaya bilər. Hətta Britaniya AB ölkələri ilə sərbəst ticarət hüququ əldə etsə də, London gömrük öhdəliklərindən azad ola bilməyəcək. Britaniyanı Avropa ilə bağlayan La Manş boğazındakı Duvr limanından hər gün 10 mindən artıq ağır tonnajlı yük maşınları keçir. Gömrük xidməti bərpa olunacağı halda, hər bir yük maşınının yoxlanılmasına 4 dəqiqə vaxt sərf olunsa, tıxacın uzunlğu 50 km.-ə çata bilər. Xatırlatmaq yerinə düşər ki, İsveç və Norveç sərhədlərində hər bir yük maşınının yoxlanılması orta hesabla 20 dəqiqə vaxt aparır.

Hazırda Britaniya AB-nin vahid iqtisadi məkanına daxil olduğundan, malların, xidmətlərin, kapitalın və insanların hərəkətinə məhdudiyyət qoyulmur. Ancaq bununla belə, vahid məkan daxilində bütün üzv ölkələrin riayət etməli olduğu AB standartları var ki, hətta xarici ticari razılaşmalar belə, bu qaydalara uyğun hazırlanmalıdır. Britaniyanın narazı qaldığı məqam məhz xarici əlaqələrdə üzləşdiyi məhdudiyyətlərdir. Britaniya sərhədlərini AB vətəndaşları üzünə bağlamaq, öz kapitalının, mal və xidmətlərinin isə əksinə, AB məkanında məhdudiyyətsiz hərəkətini təmin etmək istəyir. Həmçinin, London xarici ticarət siyasətdə AB-dən asılılığı aradan qaldırmaq niyyətindədir. Britaniyanın “keykizm” adlanan bu siyasəti Brüssellə London arasında “breksit” barədə razılaşmanın əldə olunmamasının əsas səbəbidir.

Digər tərəfdən, London Avropanın maliyyə paytaxtı kimi hər zaman xarici investorlar üçün cəlbedici olub. Məhz bu səbəbdən, dünyanın aparıcı maliyyə qurumları və bankları Avropa Birliyindəki mərkəzi ofislərini məhz Britaniyanın paytaxtında açmağa üstünlük verirlər. Britaniyanın tək maliyyə sektoru ölkə bücəsinə ildə 75 milyard funt strenq gəlir gətirir ki, bu da, büdcənin 1/10 hissəsini təşkil edir. Maliyyə sektorunda çalışanlar işləyən əhalinin 3.4 faizini təşkil etsələr də, onların əmək haqqından tutulan vergi ölkə üzrə əmək haqqından tutulan verginin 11 faizini təşkil edir. Britaniyanın AB-ni tərk etməsi beynəlxalq və xarici maliyyə qurumlarının yerlərini dəyişmələrinə səbəb olacaq ki, bu da son nəticədə ölkənin maliyyə sektoruna ciddi zərbədir.

Avropa Birliyi ilə ayrılıq Britaniyanın siyasi sabitliyi ilə yanaşı, ərazi bütövlüyünü də zərbə altında qoyur. Söhbət Şimali İrlandiyanın müstəqil İrlandiya ilə birləşmə meyillərindən gedir. Belə ki, müstəqil İrlandiya AB-nin üzvüdür və Britaniyanın tərkib hissəsi olan Şimali İrlandiya ilə aralarında sərhəd mövcud deyil. Hər iki İrlandiya arasında insanlar, mallar, xidmətlər və kapitalın hərəkətinə məhdudiyyət qoyulmayıb. Britaniyanın Avropa Birliyindən çıxması yenidən irlandlar arasında sərhədin bərpasını labüd edir ki, bu da nəticədə Şimali İrlandiyada müstəqillik tərəfdarı olan radikal qüvvələrin baş qaldırmasına gətirib çıxara bilər.

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Britaniya   AB   Breksit  





Xəbər lenti