Pakistan niyə İrana əl uzatdı? – TƏHLİL

Pakistan niyə İrana əl uzatdı? – TƏHLİL
  13 Mart 2013    Oxunub:2176
ABŞ və Avropanın İrana iqtisadi sanksiyalar tətbiq etməsi əsasən bu ölkənin energetika sektoruna mənfi təsir göstərir. Əsas gəlirlərini neft və təbii qazın satışından əldə edən İran, yaranmış vəziyyətdən çıxış yolları aramağa məcburdur.

İrandan Pakistana qaz kəmərinin çəkilişi hər iki dövlət üçün problemlərin həlli yolu ola bilər. Ciddi enerji çatışmazlığından əziyyət çəkən İslamabad üçün “Sülh” adı verilmiş İran-Pakistan qaz kəməri ən sərfəli və digər mənbələrə nisbətən daha ucuz başa gələcək “mavi yanacaq” mənbəyidir. Ehtiyac içində olan İran üçün isə gəlir mənbəyi Pakistan kimi regional güc mərkəzi və nüvə silahına malik dövlətin onunla həmrəy olduğu görüntüsünün yaradılması və bununla da özünü İsrailin hədələrindən sığortalamaq imkanıdır.

Amerika təbii ki, bu layihəyə qarşı çıxıb və İslamabada təklif edib ki, TAPİ adlanan və Türkmənistan qazını Əfqanıstana, oradan Pakistana, Pakistandan isə Hindistana nəql edəcək layihəyə qoşulsun. Amerikanı başa düşmək çətin deyil. Belə ki, Vaşinqton İran-Pakistan yaxınlaşmasının yarada biləcəyi əlavə əngəllərlə yanaşı, Tehranın sanksiyalar çərçivəsindən çıxmasını da istəmir. Bundan əlavə, TAPİ layihəsi Rusiyanın ənənəvi təsir dairəsində olan Mərkəzi Asiya və Orta Şərqin nisbətən müstəqilləşməsinə şərait yaradacaq. Belə ki, Türkmənistan qazını Rusiyanın vasitəçiliyi olmadan sata biləcək, Əfqanıstan marşruta qoşulmaqla iqtisadi “dalan”dan çıxacaq, Hindistan ilə Pakistanın iqtisadi əməkdaşlığı isə illərdir uzanan Kəşmir problemi ətrafında tərəflərin biri-birinə qarşı etimadının artmasına gətirib çıxara bilər. Hindistanın Pakistan və digər ölkələrlə əməkdaşlığa başlaması onun geosiyasi anlamda Rusiya ilə tərəfdaşlığını zəiflədə bilər.

Lakin bütün bunlara baxmayaraq, Amerikanın regionda illərdir əsas tərəfdaşı hesab olunan Pakistan İrandan qaz kəmərinin çəkilişinə razılıq verdi. Hətta hər iki ölkə prezidenti “Sülh” kəmərinin təməlini də atdılar.

Pakistanın dəyişkən xarici siyasi xətt yürütməsi ölkə daxilindəki qeyri-sabit siyasi vəziyyətlə əlaqədardır. Pakistanın siyasi hakimiyyəti ilə ölkə daxilində güclü mövqeyə malik hərbi qüvvələrin rəhbərliyi arasında ciddi ziddiyyət mövcuddur. Hərbçilər Pərviz Müşərrəfin hakimiyyəti illərində adət etdikləri üstün mövqelərindən asanlıqla imtina etmək istəmirlər. Odur ki, hər vəchlə siyasi hakimiyyətin işinə əngəllər yaratmaqla yenidən hərbi rejimin qurulmasına, yaxud hərbi qüvvələrin nümayəndəsinin hakimiyyətə gəlişinə çalışırlar. Bu cəhdlər eyni zamanda Vaşinqton üçün mesaj xarakteri daşıyır ki, Pakistanda hərbçılərin hakimiyyətə qayıdışına maneə yaratmasın.

Pakistanı idarə edən prezident Asif Əli Zərdari və baş nazir Raca Pərviz Əşrəf külli miqdarda rüşvət almaqda ittiham olunurlar. Pərviz Əşrəfdən öncəki hökümət rəhbəri Yusuf Rza Gilani də korrupsiyada ittiham olunduğu üçün istefa verməyə məcbur olmuşdu. Rüşvət qalmaqalları isə enerji layihələri ilə bağlıdır. Belə ki, baş nazirin Pakistanın enerji təminatını yaxşılaşdırmaq üçün ayrılan vəsaitləri mənimsədiyi və Londonda daşınmaz əmlak aldığı iddia olunur.

Beləliklə, hazırda Pakistanda ictimayi fikir hakimiyyət əleyhinə olmaqla bərabər, anti-amerikan çalarları da alıb. Amerika hərbçilərinin Əfqanıstanla sərhəddə talibanlara qarşı hərbi əməliyyatlar aparması və nəticədə pakistanlı əsgərlərin ölməsi ciddi narazılığa səbəb olmuşdu.

Pakistanda bu ilin may ayında növbəti parlament seçkilərinin keçiriləcəyini nəzərə alarsaq, hökümətin xalqın etimadını qazanmaq üçün çox az vaxtının qaldığını demək mümkündür. Xatırladaq ki, Pakistanda prezident və baş naziri parlamentin üzvləri seçirlər. Etimadı qazanmaq üçün isə gözə görünən enerji layihəsi reallaşdırılmalı və bu zaman Amerika ilə əməkdaşlığa yol verilməməlidir. Təbii ki, ən ideal çıxış yolu “Sülh” layihəsinə qoşulmaqdır.
Əgər Pakistanın hökümət rəhbərlərinə qarşı irəli sürülən rüşvət ittihamları doğrudursa İranın bu layihə üçün əlavə qeyri-legal ödənişlər ödəməyə hazır olduğu da istisna edilməməlidir. Hər halda Rusiya ilə İran arasındakı müqavilələrin imzalanması zamanı rüşvət faktorunun rol oynaması barədə dəfələrlə informasiyalar yayılıb.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti