Türkiyə Aralıq hövzəsində böyük planlar qurur – TƏHLİL

  11 Dekabr 2019    Oxunub : 3046
 Türkiyə Aralıq hövzəsində böyük planlar qurur – TƏHLİL
Ötən ayın sonlarında İstanbulda Türkiyə ilə Liviya arasında hərbi əməkdaşlıq haqqında razılaşma, həmçinin, dəniz zonalarının sərhədlərinin müəyyən edilməsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalandı. Yunanıstan və Misirin ciddi etirazlarına, Amerika və Rusiyanın məsələyə dair narahatçılıqlarına baxmayaraq, imzalanmış sənədlər Türkiyə parlamenti tərəfindən ratifikasiya olundu və prezident tərəfindən təsdiqləndi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Ankara beynəlxalq hüquqa uyğun olaraq, Aralıq dənizində öz hüquqlarını müdafiə etməyə hazırdır. Memoranduma əsasən, Türkiyə “ortaq xətt” prinsipinə uyğun olaraq, Aralıq dənizini ortadan bölür və sahilboyu ərazini özünün iqtisadi maraq zonası elan edir. Türkiyənin iqtisadi maraq zonasının Aralıq dənizinin qərbindəki son nöqtəsində Liviyanın dənizdəki iqtisadi ərazisi başlayır.

Əslində, “ortaq xətt” prinsipi Aralıq dənizinin cənubunda Türkiyə ilə qarşı-qarşı yerləşmiş Misir üçün heç də ədalətsiz bölgü hesab edilə bilməz. Ancaq bu zaman Misirin Yunanıstanla dəniz əlaqələri kəsilmiş olur. Söhbət ondan gedir ki, dənizin bölgüsü zamanı Türkiyə və Liviya Yunanıstanın Aralıq dənizində olan Krit, Rodos, Kerpe və Meis adalarının iqtisadi maraq zonalarının olmasını nəzərə tutmayıblar.

Rəsmi Afina bəyan edir ki, adaların dənizdəki ərazi hüquqlarının tanınmaması 1982-ci ildə imzalanmış Beynəlxalq Dəniz Razılaşmasına ziddir. Yunan Kipri də oxşar bəyanatla çıxış edib və məsələylə bağlı Haaqada yerləşən Beynəlxalq Məhkəməyə müraciət etmək fikrindədir. Türkiyə tərəfi isə bəyan edir ki, dənizdə iqtisadi zonanın müəyyən edilməsi dövlətin qitədəki əsas ərazisinə uyğun həyata keçirilir və adaların dənizdə sahilyanı iqtisadi zonaya iddia etməsi beynəlxalq hüquqa ziddir. Bundan əlavə, rəsmi Ankara Aralıq dənizi ölkələrinin hər birilə ikitərəfli razılığın əldə olunması ilə bağlı danışıqlara hazır olduğunu bildirib. Güman ki, NATO-nun Londonda keçirilən sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Misotakis arasında baş tutan görüşdə əsas müzakirə mövzusu məhz Aralıq Dənizinin bölüşüdürülməsi olub.

Türkiyənin hazırki məqamda Liviyanın yarısına nəzarət edən, dünya ölkələrinin yarısının qəbul etdiyi, tam yarısının isə tanımadığı hökumətinin başçısı Fahiz Sarac ilə dəniz sərhədləri barədə memorandumu tələsik imzalaması Ankaranın Aralıq dənizindəki enerji maraqları ilə bağlıdır. Söhbət Kipr adasının cənubunda yerləşən zəngin qaz yataqlarından gedir.

Belə ki, bu ilin əvvəlində Aralıq Dənizi sahili ölkələrinin energetika nazirləri Şərqi Aralıq Dənizi Qaz Forumunun yaradılması barədə razılaşma imzaladılar. Foruma yalnız Türkiyə dəvət olunmamışdı. 2019-cu ilin 20 mart tarixində isə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə ilkin olaraq 34.5 milyon avro vəsait ayrılıb. Layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. Ancaq Liviya ilə Türkiyə arasındakı memaranduma əsasən, qaz kəməri Türkiyənin iqtisadi zonasından çəkilməlidir və buna görə Şərqi Aralıq Dənizi Qaz Forumunun rəhbərləri Ankara ilə razılaşmalı olacaqlar.

Bu arada Şimali Kipr rəsmiləri Türkiyə ilə ada arasında qaz kamərinin çəkilməsi planları barədə məlumat veriblər. Bu, əslində Aralıq Dənizindən hasil olunacaq qazın Avropaya nəqli üçün alternativ marşrut təklifidir. Bu yolla Türkiyə bir tərəfdən Yunanıstanı layihədən kənarlaşdırmağa, Qüzey Kıbrısı beynəlxalq marşruta qoşmağa, əlavə gəlir əldə etməyə, həmiçinin, Avropanı özündən qaz asılılığına salmağa çalışır.

Təbii ki, məsələdə açar ölkə hesab edilən Liviya hökumətinin Türkiyə ilə bu razılaşmaya getməsi Ankaradan hərbi dəstək almaq istəyilə bağlıdır. 2011-ci ildə Liviya prezidenti Müəmmər Qəddafi devrilərək, qətlə yetirildikdən sonra ölkədə vahid hakimiyyət formalaşmayıb. Hazırda ölkənin paytaxt Tripoli də daxil olmaqla, böyük bir hissəsinə Fahiz Saracın başçılıq etdiyi hökumət qüvvələri, digər hissəsinə isə Xəlifə Həftərin qoşunları nəzarət edir. Tərəflər arasında mütəmadi olaraq qarşıdurmalar baş verir. Məhz belə bir məqamda Türkiyə ilə hərbi əməkdaşlıq barədə razılaşmanın imzalanması Fahiz Saracın nəhayət ki, vətəndaş müharibəsində üstünlük qazanmasına gətirib çıxara bilər. Artıq Fahiz Saracın başçılıq etdiyi hökumət qüvvələri strateji əhəmiyyətə malik Qaryan şəhərini Xəlifə Həftərin tərəfdarlarından ala biliblər. Maraqlıdır ki, BMT, Avropa Birliyi və ABŞ Liviyanın qanuni hakimiyyəti kimi Fahiz Saracın başçılıq etdiyi hökuməti tanıyırlar. Belə olan halda, nə ABŞ nə də Avropa Liviyadakı hökumətin qeyri-legitim olmasını əsas gətirib, Türkiyə ilə dəniz sərhədlərinin demarkasiyası barədə imzalanmış memoranduma qarşı çıxmamalıdırlar.

Tofiq Vahid
Azvision.az

Teqlər: