Atamızın cibinə görə bölmüşdülər bizi sinif otaqlarında – ŞEİRLƏR

Atamızın cibinə görə bölmüşdülər bizi sinif otaqlarında – ŞEİRLƏR
  18 Dekabr 2013    Oxunub:1540
AzVision.az gənc və istedadlı şair Emin Pirinin şeirlərini oxucularına təqdim edir.
Baş daşları utandırdı məni

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.

Bu yaşıma görə
şəhidlər xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.

məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.

can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.


MƏLƏKLƏRƏ ATILAN MƏRMILƏR...


Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.

Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.

şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında
biri özündə qalmışdı ananın...


itkin qoluna yalvarıb,
itkin balasını tapşırırdı, ana:
“yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört”.

Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.

bu dağılmış şəhərin
hər daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.
ancaq bala vermirdi
daşlar...
on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.


Çətin keçib uşaqlığım

Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.

Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də həyatımızın
ən böyük inqilabı.

Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!

Hindu olmasaq da,
Atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...



Abort stolunda yalvaran körpə

Cənnət anaların ayağı altındadı
deyən qadın
bətnində doğratdığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı.

Burda Hippokrat andına,
körpə qanı axıdaraq
and içirlər.

Kimlərinsə
ömür boyu arzuladığı
körpə səsi
cərrah bıçağıyla kəsilir...

Şeytan boylanır
ağ xalatlı pəncərədən
gözləri bərəlib
dizləri əsir
ürəyi dözmür baxmağa.
qadın dözür ancaq
Və baxır..

Öz fəryadından tutulan qulaqları
eşidə bilmir
bətnindəki körpənin
“yaşamaq istəyirəm” hayqırtısını.
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.

Küncə atılmış
körpə bədəni
əllərini açıb göyə
“mən təsliməm, ana,
yetər bu işgəncə! “-
deyib yalvarır.




Can borcu

Gəl,
döy qapımı...
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm...
doyunca ağladım səni.

Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.




Allahın zarafatı

Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini.
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən
içindən Allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
Deyə!

Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.

75 yaşında döyülə qapın-
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...

Qoşulub İblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!



Tanrı səni qorusun, Allah!

Sabahın xeyir, Allah!
yuxuda səni görmüşəm
bir az narahat qalmışam
orda həyatın necədi?
sözün necə,
keçirmi
mələklər arasında?!
ancaq...
mələklərin də
can alıb can satır
sənin adından,
səndən yuxarı uçurlar
sənin altında...
Uşaq vaxtı böyüklərdən
soruşardım yerini
deyərdilər göydəsən.
baxardım göyə
bulud da göydə
sən də.
göydən lopa-lopa
qar yağır,
yağış yağır
bəs niyə Allah yağmır?!
bir uşaq arzusuna
yağış kimi yağ
səninlə islanım başdan ayağa
mən başdan ayağa sən olum, Allah!

Buralarda deyirlər ki
sən yoxsan
nə dedim inanmadılar
istədim yerini deyəm
qorxdum
baxmazlar Allahsan
qıyarlar sənə də
lap yolundan çıxardıb
Allahsız edərlər Səni.
qorxma
səninçün dua edəcəm:
Tanrı
səni qorusun, Allah!



MƏMMƏD İSMAYILA

Daha qapı döymür ağacdələnlər,
Yorulub dimdiyi, dişi bir ildir.
Ömrü cox çəkməz e... bu qandalın da,-
Çırpır Prometey daşı bir ildir.

Altda ilan yatan bu otu-layı
Qaldırdın,
üstünə yeridi ayı.
Adam öldürənə medal havayı,
Görüb dinməyənin işi bir ildir.

Haqq batır dünyanın nahaq üzündə,
Çör-çöplər gur çayın axar üzündə.
Bağlı qapıların arxa üzündə
Özün kefə tutub naşı bir ildir.

Bir şah fərman verir, biri qol çəkir,
Qollu kağızların yükün el çəkir.
Varlının yayı da ildə il çəkir
Lüt-üryan yetimin qışı bir ildir.

Savalanda yatan belin əydisə,
Baba Dərvişə də xəta dəydisə...
Qırx gün çəkməliydi bu hər nəydisə...
Qırxı çoxdan keçib yaşı bir ildir.



İTİRİLMİŞ ƏLLƏR


Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.

Indi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin сəbhədə itirdiyi əlləri.



SAĞ QALAN VARMI?!...

Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.

hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.

soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun atıram sobaya” ...

Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!


AYAĞIM ÖZÜMDƏN QEYRƏTLI ÇIXDI

çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.

Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.

…O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?!

cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!

danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.


Teqlər:





Xəbər lenti