Terrora dəstək verən xüsusi xidmət – DOSYE

   Terrora dəstək verən xüsusi xidmət –    DOSYE
  27 Yanvar 2020    Oxunub:10305
1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın sərəncamı ilə ER SSR DTK-nın bazasında Milli Təhlükəsizlik Dövlət İdarəsi yaradıldı. Onun kəşfiyyat, əks-kəşfiyyat, terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, istintaq strukturları vardı. Amma 1999-cu il oktyabr ayının 27-də Ermənistan Parlamentində baş verən hadisə ölkənin xüsusi xidmət orqanının səmərəliliyini ciddi şübhə altına saldı.
Ermənistan xüsusi xidmət orqanları iki əsas rəqibə - Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət göstərir. Ermənistan kəşfiyyatı Rusiyanın güclü təsiri altındadır. Ermənistan ərazisində RF-in radioelektron kəşfiyyat bazası mövcuddur. RF-nin təsiri altında olan bir sıra digər keçmiş Sovet Respublikalarında (məsələn, Belarus, Tacikistan və s.) olduğu kimi, bu ölkədə də xüsusi xidmət orqanlarında əsaslı islahatlar aparılmayıb.

Azərbaycana qarşı Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi terror fəaliyyətində Milli Təhlükəsizlik Xidməti (MTX) və hərbi kəşfiyyat orqanları iştirak edirlər. MTX Dağlıq Qarabağda fəaliyyət göstərən (“Erməni Milli Ordusu”, “Yerkpa”, “Qisasçılar”) və xaricdəki erməni diasporunun terror təşkilatları (ASALA, ARA, “Gülimyan”, “Kommandos”) ilə yaxından əməkdaşlıq edir. Avropa, Amerika və Asiyadakı erməni diaspor təşkilatlarından istifadə etməklə Ermənistan təhlükəsizlik orqanları özünün xarici rezidenturalarını qura bilib.

Ermənistanın xüsusi xidmət orqanları, xaricdəki rezidenturaları və erməni diasporunun nümayəndələri mafiya təşkilatları, transmilli mütəşəkkil cinayətkar qruplar, terror təşkilatları ilə sıx əlaqə saxlayır. Məsələn, 1995-ci ildə Çexiyanın xüsusi xidmət orqanları Ermənistan kəşfiyyat orqanının dörd əməkdaşını narkomafiya ilə əlaqədə şübhəli bilərək, həbs etmişdi. Livanda isə Ermənistan təhlükəsizlik orqanları İnterpol xətti ilə axtarışda olan ASALA terror təşkilatlarının başçıları ilə əlaqədə ittiham olunmuşdu.

1996-cı ildə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi yaradılmış və Daxili İşlər Nazirliyi ilə birləşdirilmişdi. Bu qəribə hibrid uzun çəkmədi və 2002-ci il dekabr ayının 19-da Milli Təhlükəsizlik Nazirliyi Ermənistan Hökuməti yanında Milli Təhlükəsizlik Xidmətinə çevrildi. Ermənistan MTX daxilində Kəşfiyyat, Əks-Kəşfiyyat, Hərbi Əks-Kəşfiyyat, Konstitusiya Quruluşunun Mühafizəsi və Terrorçuluqla Mübarizə Baş İdarələri var. Habelə Yerevan şəhər, Regional, Xüsusi Əməliyyatlar, Əməliyyat-Texniki, Radio Əks-Kəşfiyyat, Xarici Əlaqələr, Təsərrüfat və Sərhəd Qoşunları MTX-ya daxildir.

Ermənistan xüsusi xidmət orqanlarının MDB-də ən yaxın tərəfdaşı Rusiya və Belarusdur. ER Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təhsil müəssisələrində hazırlıq keçirlər. Belarus Respublikasının Milli Təhlükəsizlik İnstitutu da Ermənistan xüsusi xidmət orqanları əməkdaşlarının hazırlanmasında və təkmilləşməsində əsas yer tutur.



Erməni terrorçuluğu hələ 1970-ci illərdə, SSRİ-nin mövcud olduğu dövrlərdə geniş yayılmışdı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin illik hesabatlarında daim Ermənistan SSR-in adı erməni terrorçularının fəaliyyətinə dəstək verən respublika kimi qeyd edilirdi.
Məsələn, 1977-ci il yanvar ayının 8-də Moskvada üç partlayış baş vermişdi. Nəticədə yeddi nəfər ölmüş, otuz yeddi nəfər yaralanmışdı. Terrorçular təxribat üçün ən uyğun zamanı seçmişdilər. Belə ki, hadisədən iki həftə əvvəl SSRİ KP MK-nın Baş katibi Leonid Brejnevin yetmiş illik təntənəli yubiley mərasimi keçirilmişdi. Moskvaya xarici ölkə nümayəndələrinin gəlişi ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Milis və DTK gücləndirlimiş iş rejimində işləyirdilər. Yubiley tədbiri və yeni ildən sonra isə şəhərə sakitlik çökmüş və terrorçular bundan, habelə şənbə günü səbəbindən şəhərdə çoxlu insanların olmasından istifadə etmişdilər.

Sonuncu dəfə SSRİ-də buna bənzər hadisə əlli il əvvəl, 1927-ci ilin 6 iyul tarixində baş verdiyi üçün erməni terrorçularının partlayışlar törətməsi paytaxtda sadə insanlar arasında və Kremlin özündə əsl şok yaratmışdı. Brejnev dərhal DTK sədri Yuri Andropov və daxili işlər naziri Nikolay Şelokovla əlaqə saxlayaraq, ən qısa zamanda cinayətkarları tapmağı tapşırır. Bundan sonra yanvar ayının 9-da bazar günü olmasına baxmayaraq SSRİ DTK və DİN-də təcili müşavirə keçirilir, cinayətkarların axtarılıb-tapılması üçün DTK, DİN və SSRİ Baş Prokurorluğunun ən yaxşı mütəxəssisləri bu işə cəlb edilirlər.

Hüquq-mühafizə orqanları terror aktı zamanı istifadə olunmuş əldəqayırma partlayıcı maddələrin Yerevan şəhərində hazırlandığını ehtimal edərək, “Moskva-Yerevan” qatarlarının bütün sərnişinlərini yoxlamadan keçirmiş və nəticədə iki terrorçunu - Akop Stepanyan ilə Zaven Baqdasaryanı həbs etməyə müvəffəq olmuşdular. Lakin Ermənistan SSR hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərində olduqca həvəssiz iştirak etmişdi. Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Karen Dəmirçiyan şəxsən istintaq qrupunun rəhbərinə zəng edərək, respublika ərazisində Moskvadan gələn müstəntiqlərin qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmasını tələb etmiş, əks halda şəxsən Brejnevə şikayət edəcəyilə hədələmişdi. Ermənistan SSR rəhbərliyinin addımına Ermənistan DTK-nın rəhbərliyi də dəstək verərək, terrorçuların bu respublikadan olduqlarını təkzib etməyə cəhd göstərmişdilər. İstintaq qrupunun tək ümidi şübhəli şəxslərin mənzillərində axtarış aparmaq, əşyayi-dəlillər tapılmazsa, tutulanları azadlığa buraxmaq idi. Çox çətinliklə də olsa, buna razılıq alınmış və müvafiq axtarışlar zamanı müttəhimlərin günahkar olduqlarını sübut edən təkzibolunmaz dəlil-sübutlar tapılmışdı.

Terror aktlarının ideya müəllifi erməni milli hərəkatının liderlərindən biri Stepan Zatikyan olmuşdu. Hələ Yerevan Politexnik İnstitutunda oxuyan zaman o, digər tələbələrlə bərabər gizli Ermənistan Milli Birlik Partiyası yaratmış və “Paros” (“Mayak”) qəzetini nəşr etməyə başlamışdılar. Həmin qəzetdə onlar müstəqil Ermənistanın yaradılmasını, Dağlıq Qarabağ və Naxçıvanı Ermənistana verməyi tələb edirdilər.

1964-cü ildə S.Zatikyan antisovet təbliğatı apardığı üçün həbs edilmişdi. Azadlığa çıxdıqdan sonra Moskvadakı terror aktlarını planlaşdırmaqda əli olan S.Zatikyan ən ağır cəzaya - güllələnməyə məhkum olunmuşdu.



Nəzakət Məmmədova
Azvision.az



Teqlər: Erməni-kəşfiyyatı  





Xəbər lenti