Yeni Məclis: Seçilən məqamlar - TƏHLİL

      Yeni Məclis:    Seçilən məqamlar -    TƏHLİL
  11 Fevral 2020    Oxunub:4954
Beləcə, Azərbaycanın ən yeni tarixinin maraqlı seçkilərindən biri yaşandı və bitdi. Nə idi bu seçkini maraqlı edən? Əvvəla, dəyişiklik təşəbbüsünün parlamentin özündən gəlməsi. “Dəyişiklik” sözünü düzgün anlamaq lazımdır: Söhbət təkcə və ancaq tərkib dəyişikliyindən getmir. Tərkibi köklü dəyişərək, mahiyyəti saxlamaq da olar və əksinə, tərkibə müəyyən korrektələr etməklə, böyük mahiyyət dəyişikliyinə getmək mümkündür. Azərbaycanda ikinci yol seçildi, demək, yeni seçilən məclis MAHİYYƏTCƏ tamam başqa olacaq. Necə?
Mənəvi legitimlik

Bunu seçkiqabağı kampaniyanın gedişatından hiss etmək mümkün idi. İlk dəfə idi ki, namizədlər, xüsusilə də hakim partiyanı təmsil edənlər kampaniya zamanı sadə insanlarla bu qədər geniş və dərin ünsiyyət qururdular. Məqsəd buradan bəlli olurdu: Sadə xalqın dəstəyini daha çox alan, özünü mənəvi cəhətdən daha əmin hiss edən və daha hörmətli, müəyyən mənada da daha legitim tərkib formalaşdırmaq. Söhbət ondan gedir ki, son illərdə sosial mediada deputatlara qarşı aparılan kampaniyalar nəticəsində əvvəlki tərkibin mənəvi legitimliyinə cəmiyyətdə müəyyən şübhələr yaranmış ola bilərdi. Bu seçki həmin şübhələrə aydınlıq gətirməli idi. Ona görə də, köhnə deputatlar-yeni namizədlər özlərinə olan münasibəti dəqiqləşdirmək üçün layk/komment halqasının üstündən adlayıb, birbaşa sadə xalqın ayağına getdilər.

“Tunel baxışı” və onun fəsadları

Söhbətin bu yerində mütləq seçkinin ikinci vacib cəhətindən danışmalıyıq: Əvvəllər Azərbaycanda heç vaxt heç bir seçki sosial medianın təsirinə bu dərəcədə məruz qalmamışdı. Söhbət sosial şəbəkədə təbliğatın aparılmasından yox, bilavasitə sosial şəbəkə fiqurlarının seçkidə kütləvi iştirakından gedir. Bu, seçkinin feysbukda görünən mənzərəsində ciddi təhriflər yaradırdı. Çünki hər insana elə gəlirdi ki, onun şəxsən izlədiyi fiqur daha aktivdir, daha populyardır, buna görə də qalib gəlməlidir, mənzərəni tam olaraq isə heç kim görmürdü. Axı məhdud sayda peşəkar təhlilçiləri çıxmaqla, heç kim sosial şəbəkədəki spektri tam izləmir. Belədə, siz seçkiyə ancaq öz izlədiyiniz namizədin sosial hesabı prizmasından baxmış olursunuz. Bu bucaqdan görünən mənzərə reallıqdan xeyli fərqlənir. Seçkidən dərhal sonra sosial şəbəkədə müşahidə olunan pərişanlıq məhz bu təhrif olunmuş reallığın nəticəsi idi. Seçicilər arasında normal (offlayn) rəy sorğuları keçirilməmişdi, virtual aləmdən kənarda heç kim onların rəyini öyrənməmişdi. Buna görə də, bütün dəyərləndirmələr reallıqla üst-üstə düşməyən virtuallığa əsaslandığından, sonda belə təəssürat yarandı ki, nəticələr obyektiv deyil; əslində isə nəticələr feysbukda yaradılan gözləntilərdən fərqlənirdi, bu isə tamam ayrı şeydir. Bir blogger feysbukda özünün oynadığı seqmentdə istədiyi görüntünü yarada bilər, amma bunun real seçicinin düşüncəsinə nə qədər təsir etdiyi son dərəcə mübahisəlidir. Dasha doğrusu, artıq mübahisəli deyil.

“İslahat” sözünü səhv anlayanlar

Pərişanlığın və postseçki aqressiyasının başqa bir səbəbi ondadır ki, bəziləri “islahat” sözünü yanlış anlayaraq, ucdantutma hamının parlamentə düşə biləcəyi kimi başa düşmüşdülər. Buna görə də çoxları həvəslənmiş, irimiqyaslı yanlış gözləntilər yaranmışdı. Məqamı yetişib, həmin gözləntilər şar kimi partlayanda yerində aqressiya buludu formalaşdı. Halbuku, heç kim deməmişdi ki, “islahat” deyəndə parlamenti bloger məclisinə çevirmək nəzərdə tutulur.

İlin cavabı

Bu seçki başqa bir vacib suala da cavab verdi: “Bloger”, “siyasi fəal” kimi “statuslar” sosial şəbəkədən kənarda, ölkənin real siyasət məkanında hansısa çəkiyə malikdirlərmi? Məlum oldu ki, xeyr: Sosial şəbəkənin qəhrəmanları və antipodları real siyasət müstəvisində qarşılaşanda tamam ayrı vəziyyət yarana bilir.

Hüquqi problemi siyasiləşdirmək cəhdləri

Üçüncüsü, məhz sosial şəbəkənin prosesə iri miqyasda qarışması nəticəsində baş vermiş neqativ hallar daha çox görünürdü. Halbuki, istənilən seçkidə qüsurların olması normaldır, əgər MSK onları dansa, faktları görməzliyə vursa, bu, ciddi neqativ hal sayılmalı idi və məhz o vaxt SİYASİLƏŞDİRİLƏ bilərdi. Amma MSK pozuntu faktlarına olduqca həssas yanaşaraq, hamısının nəzərə alınacağını və günahkarların cəzalandırılacağını bəyan etdi. Seçkidə saxtakarlığa yol vermək – qanun pozuntusudur; hakimiyyəti ittiham edənlər həmin qanun pozuntusunu hüquq müstəvisindən çıxararaq, siyasət müstəvisinə keçirmək istəyirlər. Amma MSK göstərdi ki, xeyr, problem elə özünün baş verdiyi müstəvidə - hüquq sferasında da həll olunmalıdır və olunacaq.

Məhəlli təxribatlar

Dördüncüsü, bəlli oldu ki, ayrı-ayrı maraq qrupları real həyatda da qarşıdurmalar yaratmağa, əhalini namizədlərə qarşı təhrik etməyə, görüşləri pozmağa cəhdlər göstərsələr belə, son nəticədə bunlar məhəllə miqyaslı qara-qışqırıqdan o tərəfə keçmir. Bu məsələdə hüquq-mühafizə orqanlarının çox incə işini də qeyd etmək lazımdır: Onlar faktik olaraq prosesə qarışmır, amma baş verənləri nəzarətdən çıxmağa da qoymurdular. Hər kəs görürdü ki, bəli, etiraz etmək azadlığı var, eyni zamanda, hər kəs o azadlığın sərhədlərini də hiss edirdi.

Boykotçuların iflası

Seçkiyə o qədər çox namizəd qatılmışdı ki, onu boykot edənlər sadəcə, ofsaydda qaldılar. Hələ dünyada heç bir boykot bu qədər mənasız və lazımsız görünməmişdi. Boykotu seçməklə radikal müxalifət göstərdi ki, cəmiyyətin nəbzini tuta bilmirlər və bu, onların ən böyük problemidir. Nəinki real həyatda, hətta əsas fəaliyyət meydanları olan feysbukda belə, onların boykot taktikasının hətta ən xəfif təsiri belə, hiss olunmadı.

Bütün bunlar nə üçün idi?

Bütün bunlardan sonra, qayıdaq əvvəldəki suala: Yeni seçilmiş məclis mahiyyətcə (formaca yox!) əvvəlkindən nə ilə fərqlənəcək?

Bu, artıq mənəvi nöqteyi-nəzərdən daha legitim bir heyət olduğu üçün, cəmiyyətin maraqlarını daha əsaslı şəkildə əks etdirə biləcək. İslahatlar dərinləşdikcə müəyyən məqamlarda gözlənilən ciddi dəyişikliklərə cəmiyyətin münasibətini əks etməyə yüksək mənəvi-siyasi haqqı olan bir Məclis var ortada. Bu, islahatların, dəyişmələrin daha çevik getməsini və tələb olunan məqamlarda xalqın Yeni Məclis vasitəsilə ifadə olunan rəyi ilə təsdilənməsini təmin edəcək.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Seçki-2020  





Xəbər lenti