“Sosial şəbəkələrə əsaslanıb, seçkini pisləmək olmaz” - Zəfər Nəvaz Caspal (VİDEO)

   “Sosial şəbəkələrə əsaslanıb, seçkini pisləmək olmaz”  -   Zəfər Nəvaz Caspal (VİDEO)
  11 Fevral 2020    Oxunub:6429
Bu gün biz Azərbaycanda seçki prosesini müşahidə edən müşahidəçilərlə söhbət edəcək, onların seçkilərlə bağlı fikirlərini öyrənəcəyik. Azvision.az-ın qonağı Pakistanın Kaydi Azam Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Zəfər Nəvaz Caspaldır.
- Seçki prosesini ümumilikdə necə qiymətləndirirsiniz?

- Peşəkar komanda dünən baş tutan və hazırlıqları həftələrdir davam edən seçkiləri müvafiq qaydalara uyğun olaraq həyata keçirdi. Dünən müşahidə etdiyimiz məntəqələrdə gördük ki, seçicilər gəlir və səs verirlər. Seçki məhz bu formada olmalıdır. Bu səbəbdən, qaydalara uyğun keçirildiyini deyə bilərəm.

- Siz başqa ölkələrdə müşahidə etdiyiniz seçki prosesi ilə Azərbaycanı müqayisə edəndə necə bir mənzərə alınır?

- Müşahidə apardığım Qərb ölkələri, Pakistan və Özbəkistanla Azərbaycanı müqayisə etsək, sizin geridə qaldığınızı deyə bilmərik. Ölkənin siyasi sisteminin formalaşması 30 ildən az bir müddətdə baş tutub. Təbii ki, ölkə siyasi sistemini, eləcə də, demokratiyanı inkişaf etdirməkdə davam edir.



- Azərbaycanda seçkini müşahidə edən xarici müşahidəçilər sanki iki düşərgəyə bölünüblər: Bəziləri razılıq və məmnunluğunu ifadə edir, digərləri isə əksinə, seçkiyə neqativ münasibət göstərirlər. Sizcə, buna səbəb nədir?

- Müşahidəçilər vəziyyəti tənqidi şəkildə analiz etməlidirlər. Qərbdən gələn müşahidəçilər vəziyyəti öz ölkələrinə uyğun analiz edirlər. Siyasi sistemlər, siyasi mədəniyyətlər arasında fərqi görmək lazımdır. Siyasi mədəniyyət təkamül edir, lakin bir gecədə dəyişə bilməz. Tənqidçilər adətən, öz dəyər və baxış bucaqlarına əsaslanaraq, fikir bildirirlər. Onlar bu sistemin Azərbaycana məxsus olduğunu anlamalı və buna uyğun olaraq, vəziyyəti dərk etməlidirlər. Onların tənqidi məntiqi baxımdan düzgün olsa belə, özündə bir qərəz daşıyır. Onlar bu ölkənin siyasi sisteminə öz arzularına uyğun olaraq nəzər yetirirlər. Bu sistem onların ölkəsindəkilə eyni olmağa məcbur deyil. Bu səbəbdən Amerikanın Orta Şərqdə yürütdüyü siyasət baş tutmadı. Eyni zamanda, Mərkəzi Asiyada da uğursuz “rəngli inqilablar” gördük. Azərbaycan və onun qonşularının özlərinə məxsus siyasi sistemləri, strukturu, siyasi və dini mədəniyyətləri var. Bütün bunlar nəzərə alınaraq, seçkilərlə bağlı fikir deyilsə, hər şey qaydasında olacaq.
Bəziləri seçici fəallığının az olduğunu deyirlər. Amma siz Amerika və ya Britaniyada keçirilən seçkilərə nəzər salsanız, görərsiniz ki, heç orada da seçici fəallığı yüksək deyildi. Mən bir məntəqədə 18 namizədin olduğunu gördüm. Əgər 18 namizəd varsa, bu, o deməkdir ki, onlar sistemə güvənib, namizədliklərini irəli sürüblər. İstəsək, orada düzəldilməsi lazım olan kiçik səhvlər tapa bilərik, amma bu, xalqın siyasi mədəniyyətin təkamülü prosesindən geri qalması demək deyil. Seçki də bu təkamülün bir hissəsidir.

- Digər maraqlı bir məsələ ilə bağlı da sizin fikrinizi öyrənmək istərdim. Xarici müşahidəçilərin çoxu seçkilər barədə müsbət rəy versələr də, yerli əhali sosial şəbəkədə çox aqressiv münasibət göstərirdi. Buna səbəb nə ola bilər?

- Sosial media ilə bağlı deyə bilərəm ki, o, dezinformasiya ilə də doludur. Burada təkcə ekspertlər yox, istənilən şəxs məlumat yaya bilər. Əgər kimsə sosial mediada yayılan məlumata əsaslanıb iddia irəli sürürsə, bu, eitibarlı sayılamamalıdır. Amma bu sahədə kifayət qədər təcrübəyə malik olan və seçkiləri müşahidə edən pakistanlı deputatlar, tədqiqatçılar mətbuat konfransında seçkilərdən razılıqlarını ifadə etdilər. Onlar həm müxtəlif ölkələrdə qazandıqları təcrübə, həm də apardıqları tədqiqatlara dayanaraq, öz fikirlərini ifadə ediblər.

Digər məsələ budur ki, tənqid edən insanlar bu siyasi sistemi anlamırlar. Azərbaycan 30 il öncə müstəqilliyini qazanan bir ölkədir və Türkiyə, Pakistan kimi dövlətlər burada nəyin baş veridyini dərk edirlər. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan birinci, Türkiyə isə ikinici ölkədir. Bu baxımdan, biz bu dövlət barədə yetərincə məlumata sahibik. Və burada olan problemlərdən də xəbərdarıq. Bütün bunlar Avropa dövlətləri üçün qəbuledilməz ola bilər. Əgər kimsə seçki məntəqəsində baş verən sui-istifadə hallarından, davalardan danışırsa, anlamalıdır ki, bu, təbii prosesdir.

- Bir nəzəri sual vermək istərdim. Təbii ki, hər kəs seçkinin daha yaxşı keçirilməsini istəyir. Bizdə hamı bunu dövlətdən tələb edir. Sizcə, seçkilərin daha yaxşı və demokratik keçirilməsi məsuliyyəti təkcə dövlətinmi boynuna düşür, yoxsa burada cəmiyyət də rolu olmalıdır?

- Bu, çox maraqlı məqamdır. Hökumət yalnız seçkini elan və prosesi təşkil edə bilər. Səsvermədə iştirak isə vətəndaş cəmiyyətin məsuliyyətidir. Bu səbəbdən, mən siyasi mədəniyyət amilini önə çəkmək istəyirəm. Azərbaycan bir zamanlar keçmiş Sovet birliyinin tərkib hissəsi olub. O zaman siyasi mədəniyyət subyektiv xarakter daşıyırdı. Bu mədəniyyətin izləri yaşlı nəsillə gənc nəslin səsvermədə iştirakında da fərq yaradır. Səsvermə prosesində iştirakın rayonlarda daha az, şəhərlərdə daha çox olduğunu görə bilərik. Bu fərqlərin aradan qalxması bir qədər zaman alacaq. Seçki prosesinin davam etməsi onun inkişafına və insanların məsuliyyətinin artmasına gətirib çıxaracaq. Amerikada prezident və konqres seçkilərində də bəzən səsvermədə iştirakın zəif olduğunu görürük. İnsanlar səs vermək əvəzinə, futbol oynamağı üstün tuturlar. Bu, çox təbii prosesdir. Lakin əlbəttə ki, daha çox insan seçkilərdə iştirak edərsə, bu, daha çox problemlərin həllinə gətirib çıxaracaq.

- Azərbaycanda və Pakistanda seçki prosesləri arasında olan oxşarlıq və fərqlər nələrdir?

- Seçki məntəqələrinə baş çəkəndə gördüm ki, burada proses daha yaxşı təşkil edilir. Səsvermə zamanı demək olar ki, hər şey eynidir - seçici siyahıları, seçicilərin barmaqlarına görünməz mürəkkəblərin vurulması, gizli şəkildə səsvermə və s. Fərq bundan ibarətdir ki, Pakistanda seçki kampaniyası çox böyük keçirilir, külli miqdarda vəsait sərf olunur, böyük bannerlər çap edilir... Lakin Bakıda mən heç bir böyük banner görmədim. Yəni seçki prosesi tamamilə oxşar olsa da, seçki kampaniyası tam fərqlidir.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Seçki-2020  





Xəbər lenti