ABŞ-İran yaxınlaşmasının səbəbləri – TƏHLİL

ABŞ-İran yaxınlaşmasının səbəbləri – TƏHLİL
  26 Dekabr 2013    Oxunub:2676
Sahil İsgəndərov, siyasətşünas

1967-ci ildə ABŞ Dövlət Katibi, respublikaçılar partiyasının təmsilçisi Henri Kissincerin müəllifi olduğu geosiyasi konfiqurasiyanın konturları 2010-cu ilin sonlarına, yəni ilk “ərəb baharı”na qədər bəzi dəyişikliklərə məruz qalmaqla öz mövcudluğunu qoruyub saxlamışdı. Son bir neçə ildə isə bu konfiqurasiya artıq Vaşinqtonun özü tərəfindən elə köklü deformasiyaya uğradılmağa başladı ki, hətta onun ən yaxın müttəfiqlərində belə çaşqnlığa gətirib çıxarır.


Heç şübhəsiz ki, hamı üçün ən gözlənilməz sürpriz Vaşinqtonun son aylarda İranla münasibətlərin normallaşdırılması kursu götürməsidir. Amma gəlin, bu məqamda ABŞ-ı yaradanlardan birinin Amerikanın xarici siyasətinin əsas prinsipini ən aydın şəkildə göstərən ifadəsini xatırlayaq: “Biz kimisə ona bağlanacaq dərəcədə sevməməli, kiməsə əbədi düşmən olacaq dərəcədə nifrət bəsləməməliyik”. Bu ifadə Amerikanın yalnız və yalnız milli maraqlardan çıxış etdiyinin sübutudur. Bu kontekstdə Vaşinqton-Tehran münasibətlərindəki isinmə sağlam düşüncəyə tam uyğun gəlir.

Mərkəzçi zümrədən olan Həsən Ruhaninin İran prezidenti seçilməsini bu istiqamətdə ilk addım saymaq olar. İslam respublikasının xarici işlər naziri postuna Vaşinqtonla İrana qarşı sanksiyaların yumşaldılması istiqamətində danışıqların aparılmasında böyük təcrübə sahibi olan Cavad Zərifin təyin olunması isə Tehranın konstruktiv əhvalının göstəricisi kimi qəbul edilib. Qeyd edək ki, Cavad Zərif İranın sabiq prezidenti, qalmaqallı islahatçı kimi tanınan Məhəmməd Hatəmiyə də yaxın şəxsdir.

Bundan başqa, Ruhaninin sentyabrın sonlarında BMT Baş Assambleyasındakı ilk çıxışı da Vaşinqtona siqnal kimi sayılır. İran prezidentinin müsbət məqamlarla zəngin çıxışı Amerikanın qurumdakı nümayəndə heyəti tərəfindən diqqətlə dinlənilmişdi. Məhz sadalanan məqamlardan sonra Vaşinqton islam respublikası ilə onun nüvə proqramına dair danışıqlarda ritorikasını dəyişdi. Tehran da, öz növbəsində, ədəbiyyatda senzuranın azaldılması istiqamətində addımlar atır, insan haqlarının müdafiəsi sahəsində mümkün islahatlara dair müzakirələr aparır, hətta ölkədə ölüm hökmünün ləğvinin, “Amerikaya ölüm” şüarının qadağan olunmasının mümkünlüyü bildirilir. Bu səbəbdən, ABŞ Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin etirazına rəğmən, İranla münasibətləri qaydaya salmaq siyasətindən imtina etməyi düşünmür. Ağ Evin bu cəhdləri bir sıra tarixi və geosiyasi amillərlə əlaqələndirilir.

Birincisi, Amerika-İran əlaqələrinin dərin tarixi kökləri var. 1979-cu ildə İranda baş vermiş islam inqilabınadək ABŞ-ın Yaxın Şərqdəki ənənəvi müttəfiqlərindən biri məhz Tehran olub. İranın İsraillə münasibətləri də həmin inqilabdan sonra pozulub. Yeri gəlmişkən, ABŞ-la Səudiyyə Ərəbistanı arasında müttəfiqlik Ağ Ev tərəfindən məcburi atılmış addımdır. Vaşinqtonun İranda baş vermiş inqilabdan sonra atdığı bu addım hələ də bir çox ekspertlər tərəfindən qeyri-təbii hesab olunur.

İkincisi, Vaşinqtonun bəzi ərəb ölkələrində islam demokratiyası modeli qurmaq cəhdləri radikal islamçı qüvvələrin ön plana çıxması, islamın sünni məzhəbinin güclənməsilə nəticələnib. Nəticədə, müəyyən balansın qorunub saxlanılması məqsədilə şiə İranının xeyrinə bəzi addımların atılması qərarına gəlinib. Vaşinqtonun Tehranla yaxınlaşmasının Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran-Rusiya tandemini dağıtmaq məqsədi güddüyü də istisna olunmur.

Üçüncüsü, ABŞ-ın xarici siyasətində əsas prinsip dünyanın hər hansı regionunda ayrı-ayrı dövlətlərin, o cümlədən müttəfiq ölkələrin dominatlığına imkan verilməməsidir. Yaxın Şərqdə yaşanan son hadisələr fonunda isə bəzi ölkələrdə "ərəb baharı"nı maliyyələşdirən Səudiyyə Ərəbistanı tədricən siyasi çəkiyə minib, nəinki ərəb dünyasının, bütünlükdə islam dünyasının lideri mövqeyinə iddia etməyə başlayıb.

Dördüncüsü, İran regional dövlət hesab olunsa da, o, hətta Amerika qitəsində də baş verənlərə təsir göstərməyə çalışır, Latın Amerikası ölkələrində antivaşinqton əhvalını dəstəkləyir. Bu səbəbdən, Vaşinqtonun bu yolla Tehranın Latın Amerikası dövlətlərinə təsir imkanlarını zəiflətməyə çalışması da mümkündür. Yəni bu yerdə Birləşmiş Ştatlar bir prinsiplə hərəkət edir: “Hadisələrin inkişafına mane ola bilmirsənsə, ona nəzarət etməyə çalış”.

Beşincisi, ABŞ-ın Yaxın Şərqdəki maraqlarının təmini nöqteyi-nəzərindən, İran nəhəng həcmdə enerji daşıyıcılarına malik bu re-gionda Vaşinqton üçün Səudiyyə Ərəbistanından daha əhəmiyyətli rol oynaya bilər. İran bu göstəricilərinə görə nəinki ön sıralardan birini tutur, o, həm də Xəzər və Mərkəzi Asiya regionlarından enerji daşıyıcılarının daşınması üçün çox əlverişli dəhlizdir. ABŞ-la İran arasında sıx müttəfiqlik münasibətləri qurularsa, Moskvanın hər imkanda əngəlləməyə çalışdığı transxəzər enerji layihələrinə ehtiyac qalmır.

Bundan başqa, bu halda Tehranın Pekinlə əməkdaşlığı minimuma düşəcək və nəticədə, Rusiyanın Mərkəzi Asiyadan enerji daşıyıcılarının nəqlinin monopoliyaya götürülməsi baxımından mövqeləri zəifləyəcək. Üstəlik, geosiyasi baxımdan Moskvanın MDB məkanındakı layihələri ciddi şübhə altına düşəcək, son illər Mərkəzi Asiya və Xəzər regionuna təsir imkanlarını ciddi şəkildə artırmış Çinin mövqelərinə ciddi zərbə dəyəcək.

Birləşmiş Ştatlar İran vasitəsilə Cənubi Qafqazda geosiyasi nüfuzunu ciddi şəkildə möhkəmləndirə, Tehranla İrəvan arasındakı yaxın münasibətlərdən istifadə etməklə, Ermənistanı Moskvanın nəzarətindən çıxara bilər. Hər halda, Qərbin sonda Ermənistanın Moskvanın geosiyasi nüfuz dairəsindən çıxarılmasını nəzərdə tutan planı - Ermənistan-Türkiyə sərhədinin açılması təşəbbüsünün iflasa uğradığı məlumdur.

Ümumi planda isə bu prosesə Vaşinqton-Pekin və Vaşinqton-Moskva qarşıdurması prizmasından baxmaq lazımdır. Məşhur amerikalı ekspert Z.Bjezinski Vaşinqtonla Tehran arasında müttəfiq münasibətlərinin qurulmasının vacibliyini dəfələrlə bəyan edib. O, bunun ABŞ-ın böyük həcmdə ənənəvi enerji daşıyıcıları ehtiyatına malik Xəzər hövzəsi və Mərkəzi Asiya regionundakı maraqları baxımından vacib olduğu qənaətindədir. Z.Bjezinski Rusiyanın Çin və İranla koalisiya qurmasından qaçmaq üçün Vaşinqtonu Pekin və Tehranda eyni vaxtda antaqonizm yaradacaq dərəcədə qeyri-uzaqgörən olmamağa çağırıb.

Hazırda beynəlxalq arenada Rusiya ilə Çinin nüfuzunun artması, onların ŞƏT çərçivəsində əməkdaşlığı Birləşmiş Ştatları narahat edən əsas məsələlərdən biridir. Üstəlik, ABŞ-ın çoxdankı müttəfiqi olan Pakistanla münasibətlərinin pisləşməsi, İslamabad-Pekin tandeminin yaranması Vaşinqtonun Tehranla münasibətləri normallaşdırmaq cəhdlərini tam anlaşılan edir. Məsələ ondadır ki, Pakistan Hindistanla qarşıdurmada geosiyasi dəstəyi ənənəvi müttəfiqi olan ABŞ-dan yox, Çindən alıb. Bundan başqa, Vaşinqton hələ 1-2 il əvvəl “Əl-Qaidə” ilə mübarizə məqsədilə Pakistana girməyi planlaşdırdıqda Pekin buna kifayət qədər sərt reaksiya vermişdi: “ABŞ Pakistana girərsə, qarşısında Çini görəcək”. Pekinin bu bəyanatı Ağ Evin alovunu əməlli-başlı söndürmüşdü. Beləliklə, İslamabad üçün Çin-Pakistan tandemi əsl prioritetə çevrilib.

İndi Vaşinqtonun əsas məqsədi Təl-Əvivi Tehranla yaxınlaşmanın vacibliyinə inandırmaqdır: ABŞ müttəfiqin inandırmalıdır ki, İranla yaxınlaşma nəinki İsrail üçün heç bir təhlükə yaratmır, üstəlik, o, bütünlükdə Yaxın Şərqdə təhlükəsizliyin təmininə müsbət təsir göstərə bilər. Amma görünən odur ki, Vaşinqton, hələ ki, bunu bacarmır.


Teqlər:





Xəbər lenti