Koronaböhran: İqtisadiyyatımızı necə qoruya bilərik? – TƏHLİL

      Koronaböhran:    İqtisadiyyatımızı necə qoruya bilərik? –    TƏHLİL
  27 Mart 2020    Oxunub:12051
Koronavirusun iqtisadiyyata vurduğu və vurmaqda olduğu zərərləri, bir tərəfdən də neftin dünya bazarlarındakı ucuzluğunun yaratdığı təsirləri aradan qaldırmaq, daha dəqiq desəm, bütün bunlardan sığortalanmaq məqsədilə mövcud valyuta və maliyyə ehtiyatlarından istifadə getdikcə, zərurətə çevrilir. Bu, onsuz da qaçılmaz xarakter daşıyırdı. Çünki hazırkı böhran bütövlükdə dünya iqtisadiyyatı üçün nə 2008-2009, nə də 2014-2016-cı illərdəki böranlarla müqayisəyə gələ bilməz. Bunu bir sıra beynəlxalq maliyyə, ticarət və iqtisadi qurumların rəhbərləri də bəyan edirlər. Ümumdünya Ticarət Təşkilatının rəhbəri bildirib ki, budəfəki iqtisadi tənəzzül və iş yerlərinin itirilməsi 2008-ci ildəkindən daha pis olacaq.
Xatırladım ki, 2014-2016-cı illərdə təkcə neftin qiymətinin düşməsi nəticəsində ölkəmizin Mərkəzi Bankı (AMB) rəsmi valyuta ehtiyatlarından 11 milyard ABŞ dollar məbləğində vəsait itirdi. Bu vəsait ancaq valyuta bazarında müvafiq tənzimləməyə sərf olunmuşdu. Başqa sözlə desəm, iqtisadiyyatda hər hansı bir sahənin inkişafına dəstək üçün getmədi. İndiki vəziyyət isə tam başqadır. Belə ki, koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərlərin nəticələrindən sığortalanmaq üçün özəl sektor, xüsusən də turizm, mehmanxana, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və sair sahələrdə fəailiyyət göstərən sahibkarlar dövlət və hökumətdən dəstək almalı və müvafiq kömək görməlidilər. İlk növbədə o səbəbdən ki, bu sferada çalışanlar ən azı üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək üçün heç olmasa gəlirlərinin bir qismindən də olsa, məhrum olmalı deyillər. Adları çəkilən sektorlarda muzdla çalışanlar işləmədikləri müddətdə əməkhaqlarını almalıdırlar. Bunlar, çox mühüm və vacib məsələlərdir.

Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdırlar. Ümumiyyətlə, bizdə hüquqları ən çox tapdalanılan məhz özəl sektordakılardır ki, istənilən böhran həmişə ilk olaraq, bilavasitə onları vurur. Koronavirusun da iqtisadi qurbanları əsasən özəl sektorda çalışanlardır. Odur ki, dövlət məhz onların arxasında durmalıdır! Amma necə və hansı mexanizm əsasında?!

Hazırda dünyanın istər inkişaf etmiş, istərsə də etməkdə olan ölkələri tərəfindən COVİD-19 fonunda iqtisadiyyatların stimullaşdırılması tədbirləri həyata keçirilməkdədir. Müvafiq dəstək üçün milyardlarla vəsait ayrılır. Hindistan 22,6 milyard ABŞ dolları, Birləşmiş Ştatlar 2 trilyon dollar və s. ayırıblar. Bütün bunlar ondan irəli gəlir ki, ölkələrin mərkəzi banklarının ucuz pul-kredit siyasəti yürütmək imkanı və effektliyi tükənib. ABŞ-da FES özü təkcə mart ayında biri növbədənkənar olmaqla iki dəfə endirim edib. Və uçot dərəcəsi 0 dərəcəyə kimi aşağı salınıb. Adı çəkilən qurum sonuncu dəfə bu səviyyədə uçot dərəcəsinə 2008-ci ildə sahib olmuşdu.

Ölkəmizdə AMB-in bir ara ardıcıl olaraq mərkəzi kreditlər üzrə faiz dərəcəsini aşağı salmasına rəğmən, bu imkan tükənib. Sonuncu dəfə başqa əlac olmadığından, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlandı. Çünki neftin dəyərdən düşməsinə görə 2014-2016-cı illərdə böhranla əlaqədar olaraq pik nöqtəyə qədər bahalaşdırılan pul-kredit siyasətini ucuzlaşdırma limiti valyuta bazarına təzyiqlərin yenə bərpa olunacağı qorxusu fonunda bitmişdi. İndi tədricən, dövriyyədə izafi nəğd pul kütləsinin strelizasiya tədbirlərinə zərurət yaranır ki, tədiyyə balansında vəziyyət hələ müsbət xarakter daşısa da, neftin qiyməti aşağı qalmaqda davam edərsə, uçot dərəcəsi əksinə, yüksəldilməli olacaq.

Odur ki, bizdə də iqtisadiyyata ayrıca olaraq maliyyə dəstəyi göstərmək tələb olunur. Dövlət başçımızın bu mənada, koronavirus pandemiyasının, bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı sərəncam çox əhəmiyyətlidir.

Məlumdur ki, sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Lakin əsas, bu deyil Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Bundan əlavə, vergi və gömrük xəttilə keçən il dövlət büdcəsinə 1 milyard manatdan çox, bu ilin son 2 ayı ərzində isə əlavə 250 milyon manat vəsait daxil olub.

Dövlət başçısı İlham Əliyev son müsahibələrindən birində qeyd edib: "Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq".

İndi əsas odur ki, bundan iqtisadiyyata dəstək üçün hansı mexanizm əsasında istifadə olunacaq və stimullaşdırıcı tədbirlər məqsədilə iqtisadiyyatın bilavasitə məhz hansı sektorlarında işgüzar fəallığa dəstək göstərmək üçün addımlar atılacaq.
Ölkə iqtisadiyyatına koronavirusun vurduğu və vurmaqda davam etdiyi zərərləri, o cümlədən, neftin ucuzlaşmasının yaratdığı təsirləri aradan qaldırmaq, bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətləndirilərsə, heç 1 milyard ABŞ dollarına da ehtiyac yoxdur. Vacib olan odur ki, vəsait düzgün istiqamət üzrə xərclənsin.

Zərər dəyən sahələr bəllidir. Hesab edirəm ki, böhranın zərbə vurduğu sahələr üzrə birincisi, işçilərin aylıq əmək haqqlarının ödənilməsinin qayğısına qalınmalı, ikincisi, sahibkarların aylıq kredit və ipoteka ödənişləri üzrə 3 aylıq moratorium qoyulmalı və başqa növ güzəştlər edilməli, üçüncüsü, turizm, mehmanxana, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və sair sahələrində fəailiyyət göstərən sahibkarlar üçün II rüb ərzində müvafiq vergi tətili elan olunmalı, dördüncüsü, idxal və ixrac əməliyyatları ilə məşğul olan işgüzar fəaliyyətlə məşğul hüquqi və fiziki şəxslərə gömrük rüsumları sahəsində ciddi güzəştlər edilməli, beşincisi isə, xırda və orta kənd təsərrüfatı məhsulları istehsalçılarına qarşıdakı 3 ay əzində hər ay üzrə subsidiya verilməlidir. Əks təqdirdə, ikinci rübdən sonra bəzi makroiqtisadi göstəricilər üzrə ən azı sabitliyi saxlamaq mümkün olmayacaq.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Koronovirus   İqtisadiyyat  





Xəbər lenti