190 manatın ortaya çıxardığı həqiqətlər – TƏHLİL

  22 Aprel 2020    Oxunub : 20371
 190 manatın ortaya çıxardığı həqiqətlər – TƏHLİL
Koronavirusla bağlı hökumətin əhalinin sosial müdafiəsinə dair dəstək paketində ən çox səs-küy yaradan işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin - 190 manatın verilməsi oldu. Sanki, ölkə üzrə bütün vətəndaşların dərdi elə 190 manat, yəni aylıq yaşayış minimumu həcmində imiş...
Ümumiyyətlə, 190 manat həm müsbət, həm də mənfi mənada çox həqiqətləri üzə çıxardı. Bir daha bəlli oldu ki, dövlətdən bir "tük" də olsa, qoparmağa çalışanlarımız da çoxdur, dövlətin gözündən kənarda qalanlarımız da. Birincilər adamda acı hisslər doğursa da, ikinci təəssüfləndirici faktordur. İçimizdə "utanmasan oynamağa nə var ki" məsəlinə uyğun olanlarımız da var, utandığından və yaxud da savadsızlığından səsini çıxarmağa çəkinən, yaşadığı cəmiyyətdə statusunun əslində nədən ibarət olduğunu bilməyən və bununla maraqlanmayanlarımız da... Sonunculara dövlət nə etsin?!

Artıq 260 min nəfərdən çox vətəndaş üçün ödəniş edilib və bu məqsədlə 50 milyon manatdan yuxarı vəsait köçürülüb. Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramı 3 dəfə artırılaraq, ümumən 600 min şəxsi əhatə edəcək. Özü də 2 ay ərzində. Aprelin 9-dan başlanan proses gün ərzində 25-30 min nəfərə ödənişin çatdırılması ilə yekunlaşır ki, mayın ilk ongünlüyünün sonunadək 600 min insanın demək olar, hamısı sözügedən 190 manatını ala biləcək.

Məsələ bundadır ki, 190 manat müvəqqəti tədbirdir və "yaranın üzərinə tənzif qoymaq" kimi bir şeydir. Başqa sözlə desəm, 190 manatı alanın işsizlik problemi həll olunmur. Bunu dövlət və hökumət bilir, vətəndaşın da nəzərə alması vacibdir. Belə ki, hər kəs öz potensialı çərçivəsində iqtisadiyyatın bu və ya digər sahəsində dövlətin yaratdığı imkan çərçivəsində məşğul olmaq barədə düşünməli və yaxud da heç olmasa, işsiz kimi qeydə alınmalı, qeyri-rəsmi məşğulluğa mübtəla olaraq, uçotdan kənarda qalmamalı, dövlət “yardım edirəm” deyən kimi, dərhal ortada peyda olmamalıdır.

Bəli, iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri məşğulluğun artması, işsizlik səviyyəsinin getdikcə azalması və ümumiyyətlə, maksimum aşağı rəqəmlər təşkil etməsidir. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır, sosial siyasətin məğzini təşkil edir. Ancaq bu, asan məsələ deyil. Əhalinin sayının artması ilə işçi qüvvəsinin də kəmiyyətcə, yəni say etibarilə çoxalması, iqtisadiyyatın isə keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbini qarşılamaq uzlaşdırılması çox çətin məsələlərdir. Və bunun nə qədər çətin vəzifə olduğunu Azərbaycan dövləti və hökuməti bəlkə də, daha yaxşı bilir.

Bununla belə, ölkəmizdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsini gücləndirmək, əmək bazarını təkmilləşdirmək, əmək ehtiyatlarını keyfiyyətcə yaxşılaşdırmaq və rəqabət qabiliyyətliliyi artırmaq, iqtisadi fəallığı yüksəltmək üçün əlverişli şərait yaratmaq məqsədilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilib və keçirilir. Bəli, o da düzdür ki, yeni iş yerlərinin açılması ilə bağlı mövcud statistika ilə reallıq bəzən üst-üstə düşmür. Xüsusən də o səbəbdən ki, bayaq qeyd etdiyim kimi, əhalinin sayının artması ilə yeni iş yerlərinə tələbat artır.

Ümumiyyətlə, Azərbaycan demoqrafik baxımdan son 10 ildə sürətlə inkişaf edib. 2006–2017-ci illərdə ölkədə əhalinin orta illik artım sürəti 1,3%-ə yaxın idi. Bu da Avropa ölkələri sırasında yüksək göstəricilərdəndir. Ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələməkdə idi. Yeri gəlmişkən, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, yeni iş yerlərinin açılması standart xarakter daşımır. Belə ki, ABŞ kimi ölkədə 1 ay ərzində hökumət tərəfdən irəli sürülən proqnozla reallıq çox vaxt üst-üstə düşmür - ya az, ya da çox olur.

Bundan əlavə, yeni açılan iş yerlərinin daimi və müvəqqəti olması söhbəti də var. Ümumiyyətlə, bir cəhəti də qeyd edim ki, işsizliyi tam olaraq aradan götürmək mümkün deyil. Sadəcə, məşğulluğun təminində əsas hədəf və başlıca məqsəd ondan ibarətdir ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşdirilsin. Bizdə hər il əmək bazarına 100 min nəfər işçi qüvvəsi daxil olur. Onları işlə təmin etmək üçün 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər yeni işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi, iqtisadi artım daimi xarakter daşımalıdır.

Hər il 100 min işçini müvafiq iş yerlərilə təmin etmək çox çətin vəzifədir. Odur ki, ilk növbədə, işsizlərə dair dəqiq uçot olmalıdır. Bunun üçün də təkrar edirəm ki, işsiz olan hər kəs heç olmasa, işsiz kimi qeydə alınmalı, qeyri-rəsmi məşğul olaraq qeydiyyatdan kənarda qalmamalıdır.
Statistikaya diqqət yetirək: 2020-ci il fevral ayının 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub. Yanvar ayında isə ölkədə işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. Aylıq müqayisədə fevralda işsizlərin sayı 4,9 min nəfər və yaxud 6 faiz artıb.

İşsiz və ya, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə dəstək mexanizmi isə Nazirlər Kabinetinin qərarı ilə aprelin 7-də təsdiq olunub və ödənişlərə yuxarıda qeyd etdiyim kimi, aprelin 9-dan başlanıb. Birdəfəlik ödəmə proqramı üzrə 190 manat 600 min nəfərə veriləcək. Sual edirəm ki, ölkədə işsizlik səviyyəsi lap koronavirusu da nəzərə alsaq, fevral ilə martda 6 dəfədən çox arta bilərmi? Xeyr. Demək, işsizlərin çoxu uçotda deyilmiş.

Bir məqama da toxunum. Bəli, 190 manat üzə çıxartdı ki, həqiqi işsizlərin sayı çoxdur. Bütövlükdə koronavirusla bağlı dövlətin və hökumətin iqtisadiyyata və əhalinin sosial müdafiəsinə dair dəstək paketi həm də onu üzə çıxartdı ki, bizdə həqiqi işləyənlərin - məşğul olanlarımızın da sayı çoxdur. Belə ki, dövlətin sahibkarlara dəstək göstərəcəyi bəlli olduqdan sonra əmək müqavilələrinin sayı aprelin 1-dən bəri 80 min artıb. Belə çıxır ki, koronavirus olmasa idi, nə işləyənimiz bəlli idi, nə işsiz olanımız...


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: İşsizlik   Məşğulluq   Sosial-dəstək